İradə Tuncay "Həqiqətə xidmətlərinə görə" mükafat aldı

 

   "Yol romanı" Mətbuat Şurası və Dialoq Avrasiya Platformasının Azərbaycan Nümayəndəliyinin seçdiyi əsər oldu

 

  Dünən Mətbuat Şurası və Dialoq Avrasiya Platformasının Azərbaycan Nümayəndəliyinin birgə təsis etdikləri "Həqiqətə xidmətlərinə görə" mükafatının növbəti təqdimat mərasimi keçirilib. Müəllifi olduğu "Yol romanı"nda türk dünyası ilə bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasına görə "Ədalət" qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay mükafatın sayca beşinci laureatı elan olunub.

   Mərasimi açan MŞ sədri Əflatun Amaşov "Həqiqətə xidmətlərinə görə"nin təsisi məqsədlərindən söhbət açıb. Mükafatın ömrünü-gününü jurnalistikaya, ümumiyyətlə söz sənətinə sərf edən şəxslərin əməyinin qiymətləndirilməsi üçün meydanda olduğunu deyən Şura sədri "Yol romanı"nı İ.Tuncayın dərin dünyagörüşünün, hadisə və prosesləri duymaq, görmək və özünəməxsus şəkildə oxucuya çatdırmaq məharətinin məhsulu adlandırıb. MŞ sədri əsəri jurnalistikamızda unudulmaqda olan "yol qeyd"ləri təqdimatının uğurlu nümunəsi sayıb. O, "Həqiqətə xidmətlərinə görə" mükafatını İ.Tuncaya təqdim edib.

   Dialoq Avrasiya Platformasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Mustafa Saatçı mükafata layiq görülən müəllifin əsərini dəyərləndirərkən deyib ki, müxtəlif şəxslər müxtəlif yerlərdə olurlar, cürbəcür hadisələrlə rastlaşırlar, amma onların heç də hamısı müşahidələrini bədiiləşdirmək bacarığında olmurlar. Bu xüsusiyyət dərin zəka və istedad sahiblərinə məxsusdur ki, İ.Tuncay ərsəyə gətirdiyi "Yol romanı"nda yaradıcı şəxs üçün zəruri olan bütün keyfiyyətləri, dəyərləri cəmləşdirə bilib.

   MŞ İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid İ.Tuncay yaradıcılığının bədii çalarlarla zənginliyini vurğulayaraq "Yol romanı"nda müəllifin hiss və duyğular aləminə bir növ, səyahət etdiyini bildirib, Azərbaycan söz sənətinin belə əsərlərə daim ehtiyac duyduğunu önə çəkib.

   "Yol romanı"ndakı hadisələrin cərəyan etdiyi yerlərdə müəlliflə birgə rastlaşdığı ayrı-ayrı məqamlardan söz açan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü Aqil Abbas həmin səfərlə bağlı fərqli səpkili yol qeydlərini qələmə almaq niyyətindən danışıb. Bunun çətinliyini ifadə edən A.Abbas fikrini belə əsaslandırıb ki, "Yol romanı"nın təsirinə düşmək istər-istəməz qaçılmazdır.

   MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızı bildirib ki, "Yol romanı"nda Azərbaycan, Türkiyə, İranGürcüstanla birgə eyni zamanda bu ölkələrin birləşdiyi bir region, tarix var. Ən əsası əsərdə yazıçı - İradə xanım var. "Yol romanı"nın gənc nəsil üçün yaradıcılıq örnəyi olduğunu deyən V.Mahirqızı İ.Tuncayın müəllifi olduğu sənət nümunəsini xarakterizə edərkən onu da bildirib ki, müəllif bundan sonra heçyazmasa belə, tarixdə qalacaq.

   Çıxış edənlərdən "Assa irada" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "525-ci qəzet"in redaktoru Yusif Rzayev, veteran jurnalist Məzahir Süleymanzadə, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Ədalət" qəzetinin əməkdaşı Ceyhun Musaoğlu, gənc yazar Qan Turalı və başqaları həm "Yol romanı"nın spesifik xüsusiyyətləri ilə bağlı fikirlərini bildiriblər, həm də İ.Tuncay yaradıcılığının özünəməxsus cəhətlərindən söhbət açıblar. Onlar dərin intellektual biliyə və nadir istedada sahib İradə xanımın təkcə gənc sənət adamları deyil, elə peşəkar jurnalistlərin özləri üçün də örnək olduğunu vurğulayıblar. Müəllifə qarşıdakı işlərində uğurlar arzulayıblar.

   Sonda çıxış edən İ.Tuncay "Yol romanı"nın təkcə bir səfər qeydi olub mənəvi anlam daşımadığını, eyni zamanda bütövlükdə özünün yaradıcılığı baxımından mühüm yer tutduğunu vurğulayıb. O, mərasim iştirakçılarının hər birinə təşəkkürünü bildirib.

  

 

    Gultəkin

 

    Ədalət.-2012.-14 iyun.-S.3.