Azərbaycanda
bədii tərcümənin vəziyyəti
Milli mədəniyyətlər
təkcə öz milli
ədəbiyyatı ilə deyil, həm də
dünya ədəbiyyatından qidalanaraq zənginləşir. Xalqların mənəvi
sərvətlərinin üzvi vəhdətini
yaratmaqda bədii tərcümə sənəti
olduqca böyük rol oynayır. Təsadüfi deyil
ki, tərcüməçiləri xalqlar arasında körpüsalanlar
adlandırırıq.
Çərkəz Qurbanlı, Vilayət
Hacıyev, Sabir Mustafa, Əlihəsən Şirvanlı, Yusif
Savalan, Həmid Arzulu, Natiq Səfərov və digər peşəkar
tərcüməçilərimizin tərcümə etdiyi əsərlər
xalqlar arasında salınan mədəni körpü hesab oluna
bilər. Məhz belə tərcümələr milli ədəbiyatı
zənginləşdirə bilər.
Haynrix Haynenin maraqlı bir fikri var:
"Orijinalın hərfini, hətta dəqiq fikrini
qrammatikanı öyrənib söz ehtiyatına malik olan hər
kəs tərcümə edə bilər. Lakin əsərin
ruhunu tərcümə etmək hər adamın işi
deyil". Bədii tərcümə sahəsində
günümüzdə bir çox problemlər və
çatışmayan cəhətlər var. Bədii tərcümənin
keyfiyyəti və hazırki durumu ilə bağlı, qələm
adamlarının və bu sahə ilə məşğul olan
insanların fikirlərini öyrəndik. Nəticə isə,
ürəkaçan deyil...
Şair-tərcüməçi Rəfael
Tağızadə Azərbaycanda bədii tərcümənin
səviyyəsini qaneedici saymır: "Azərbaycanda bədii
tərcümənin səviyyəsi qaneedici deyil. Tərcümələrin
çoxu həvəskarcasına aparılır. Xüsusi tərcümə
qrumunun olmaması (və ya fəaliyyətsizliyi) istənilən
adamın tərcümə ilə məşğul olmasına
gətirib çıxarır. Ona görə də nəticə
ürəkaçan olmur. Tərcüməyə demək olar
ki, pulun verilməməsi (verilənin də çox cüzi
olması) onun keyfiyyətinə təsir edən amillərdən
biridir. Amma, ya tərcümə keyfiyyətli edilməlidir, ya
da edilməməlidir. Təcrübəli tərcüməçilərə
müraciət demək olar ki, yox səviyyəsindədir. Bu
ya bir Mərkəzdən idarə olunmalıdır, ya da nəzarətdə
saxlanılmalıdır. Bu da tərcümə sahəsinin kiminsə
xüsusi nəzarətinə keçməsi kimi başa
düşülməməlidir. Çağdaş dünya ədəbiyyatının
Azərbaycan dilinə tərcümə olunmasına çox
böyük zərurət var. Hər bir sahədə
olduğu kimi bu sahədə də mütəxəssislərə
böyük ehtiyacın olduğu da hiss olunur. Təhsil
Nazirliyi və Univerisitetlər bu sahə üzrə
kadrların hazırlığına diqqəti
artırmalıdır."
Yapon dili üzrə mütəxəsis,
yapon, ingilis və rus dilləri üzrə tərcüməçi
Günel Əhmədova Azərbaycanda bədii tərcümə
sahəsinə marağın az olmamasından, qeyri-peşəkarlıqdan
narahatdır: "Azərbaycanda tərcümə sənətinə
ögey münasibət var. Bəzən xarici dildə
danışanlar kənardan baxanlarda qıcıq yaradır. Biz
bir az da tənbəl millətik. Yazmaq istəmirik, şifahi
nitqi sevirik. Bədii tərcümə isə, yazılı
peşə növüdür. Neçə gündür
saytlarda sovet dövründəki tərcümələrlə
bağlı müzakirələr gedir. Deyirlər ki, o
dövrdəki tərcümələrin çoxu
başdansovdu olub. Yaxşı qonorar alan tərcüməçilər
tez-tələsik tərcümə edirmiş. Pul qazanmaq istəyirik,
amma keyfiyyəti düşünmürük. Bunu hazırki məsələyə
bir qədər aid etmək olar. Çünki elə indi də
bir neçə nəşriyyat var ki, onları qazanmaq
maraqlandırır, yazının tərcümənin keyfiyyəti
deyil. Sadəcə, fərq bundadır ki, indi də tərcüməyə
qiymət verilmir. Laqeyidlik olsa da, bu məktəbin içində
yaxşı tərcüməçilər də yetişir. Yəni
proses gedir özü-özlüyündə. Digər bir tərəfdən,
nəşriyyatlar deyir ki, bizim tərcüməçiyə
yaxşı qonorar verməyə pulumuz yoxdur, kitablar
satılmır. Digər tərəfdən yaxşı qonorar
olmayan yerdə keyfiyyətdən danışmaq da
mümkün deyil. Burda məsələ qalır ancaq tərcüməçinin
vicdanına və istedadına. Mənə elə gəlir, bu
xəmir hələ çox su aparacaq. Deyirlər ki, guya bizim
tərcümə mərkəzimiz var. Hanı o mərkəz?
Bəs niyə eşitmirik ki, tərcüməçiləri
çağırıb demirlər "bax, sizə filan qədər
maaş, hansısa kitabı tərcümə edib gətirin"?"
Fəlsəfə Doktoru, şair Əhməd
Şahidov azərbaycan ədəbiyyatının tərcümə
edilib, dünyada tanıdılması prosesindən
narazıdır: "Azərbaycanda bədii tərcümə
sahəsi ilk baxışdan zəngin və maraqlı sahədir.
Çünki, uzun illər Azərbaycanda bu sahədə
çalışan dəyərli tərcüməçilərimiz
olub və indi də bu sahədə ciddi işlər
görülür,ciddi və maraqlı əsərlər tərcümə
edilir. Lakin bədii tərcümə iki sahədə olur:
xarici ədəbiyyatın Azərbaycan dilinə tərcümə
edilməsi və Azərbaycan ədəbiyyatının xarici
dillərə tərcümə edilməsi. Hər iki sahəyə
ayrı-ayrılıqda qiymət vermək lazımdır. Əvvəla
onu qeyd edim ki, xarici ədəbiyyatın Azərbaycan dilində
olan böyük bir qismi əsasən Sovet illərində tərcümə
edilən ədəbiyyatlardır ki, burada da Sovet
senzurasını açıq-aydın sezmək
mümkündür. Milli kimlik, özünüdərk ruhunda qələmə
alınmış xarici ədəbiyyatlara Azərbaycan dilində
çox az-az rast gəlinir. Lakin son illər bu sahədə də
müəyyən irəliləyişlər var. Artıq bizdə
də kitab bazarı deyilən bir sahə inkişaf edir ki, bu
proses də çox asta gedir. Artıq nəşriyyatlar
oxucuların tələbatlarını nəzərə alaraq,
xarici ədəbiyyatı özləri tərcümə edib
çap edir, elə özləri də satırlar. Bundan
başqa, ölkə başçısı İlham Əliyevin
dünya ədəbiyyatının klassik nümunələrinin
Azərbaycan dilinə tərcümə edilməsi ilə
bağlı bir-neçə il bundan əvvəl
imzaladığı sərəncam da bu sahədə
böyük təkana səbəb olub. Elə məzunu
olduğum Bakı Slavyan Universiteti də bu sahədə
böyük işlər görür. Bizim universitetin müəllim
və professorları dünya ədəbiyyatının ən
maraqlı və oxunaqlı nümunələrini Azərbaycan
dilinə tərcümə edirlər. Güman edirəm ki, bu
sahə bir-neçə ildən sonra daha da ürəkaçan
olacaq. Amma çox istərdim ki, bu işlər sistemli şəkildə
aparılsın. Təkcə klassik deyil, müasir ədəbiyyat
nümunələri də, xüsusən də poeziya nümunələri,
şeirlər də Azərbaycan dilinə tərcümə
edilsin. İkinci sahə isə Azərbaycan ədəbiyyatının
xarici dillərə tərcüməsi ilə
bağlıdır. Bu sahədə ciddi böhran
yaşanır desəm, yanılmaram. Bu gün Azərbaycan
klassiklərini dünya dillərinə tərcümə etmək
tək-tük rast gəlinən bir haldır. Dövlət bu
sahədə ciddi islahatlar aparsa, yaxşı olar. Amma
maraqlı cəhət ondan ibarətdir ki, ayrı-ayrı
yazarlar, xüsusən də imkanlı, vəzifəli
yazıçılar öz əsərlərini bir-neçə
dünya dillərinə tərcümə etməyə nail
olurlar. Burada rektorlar da var, böyük vəzifə sahibi olan
məmur yazıçılar da var. Həmin insanların bir əsəri
nəinki 5-6 xarici dillərə tərcümə edilir, hətta
tərcümə olunan dilin yayıldığı ölkədə
geniş təbliğ olunur, təqdimat mərasimləri
keçirilir. Bəs, o zaman Mikayıl Müşfiqi, Əhməd
Cavadı, Üzeyir Hacıbəyovu, Molla Pənah Vaqifi və
digər milli ruhda yazan klassiklərimizin əsərlərini
kim tərcümə edib dünyada tanıdacaq?! Məhz bu sahəyə
dövlət tərəfindən ciddi diqqət və dəstək
göstərilməlidir. Məhz bu insanlarla Azərbaycan ədəbiyyatı,
ölkəmiz dünyada tanınmalıdır. Mən tez-tez
xarici səfərlərdə oluram. Hər dəfə xaricə
getdiyimdə rus dilində, ingilis dilində Azərbaycan ədəbiyyatı
nümunələrini özümlə aparmaq problemi ilə
üzləşirəm. Kimin əsərini aparım ki, o
kitabı xaricilərə Azərbaycanın adından təqdim
edə bilim?! Tək-tük əsərlər olsa da, onlar da
kitab dükanlarında od bahasınadır. Əksinə,
düşünürəm ki, bu cür əsərlər
dövlət tərəfindən tərcümə edilməli
və çox ucuz qiymətə, hətta mən deyərdim
ki, pulsuz paylanılmalıdır. Bu yaxınlarda ölkəmiz
Eurovision mahnı yarışmasına ev sahibliyi etdi. Bu, bizim
üçün böyük şans idi ki, mədəniyyətimizi,
tariximizi və ədəbiyyatımızı avropalı
qonaqlara təqdim edə bilək. Məncə, bu fürsətdən
layiqincə yararlana bilmədik. Yalnız Bakımızın
gözoxşayan küçələrini, bina və
körpülərini göstərməklə
öyündük. Ədəbiyyatımız yaddan
çıxdı!"
Şair-tərcüməçi Rəbiqə
Nazimqızı həmkarlarına nisbətən nikbindir:
"Son illər tərcümə sahəsində xeyli iş
görülüb, həm klassik ədəbiyyatdan, həm də
çağdaş dünyanın ən çox oxuduğu
yazarların yaradıcılığından tərcümələr
olunub. Təqdirəlayiq haldır ki, artıq tərcüməçilər
ikinci dilin vasitəsilə deyil, birbaşa orijinaldan tərcümə
edirlər. Bu istiqamətdə xüsusən "Qanun" nəşriyyatının
və "Əli və Nino" kitab mağzaları şəbəkəsinin
fəaliyyəti nümunə ola bilər - "Qanun"da
müntəzəm bədii tərcümə əsərləri
nəşr olunur, "Əli və Nino" kitab şəbəkəsinin
köməyilə onu Bakının müxtəlif yerlərindən
almaq olur. Amma... Təəssüf ki, "amma"sız
keçinə bilmirik. Məsələ burasındadır ki,
yeni tərcümələrdə ciddi redaktə və korrektə
problemləri var. Tərcümə mətnlərində Azərbaycan
dilinin sintaktik konstruksiyası gözlənilmir, müəlliflər
özfəaliyyətə yol verirlər, xüsusən
qonşu - qardaş türk dilindən alınan və dilimizdə
vətəndaşlıq hüququ qazana bilməyən sözlərdən
gen-bol istifadə olunur, halbuki bu sözlərin, bir qayda olaraq,
dilimizdə ümumişlək qarşılığı var.
Yeri gəlmişkən, bəzən guya Azərbaycan dilinin
lüğət tərkibinin tərcümə
üçün o qədər də əlverişli
olmadığını söyləyirlər, amma istər bədii,
istərsə də qeyri-bədii mətnlərin tərcüməsi
ilə müntəzəm məşğul olan bir adam kimi deyə
bilərəm ki, tamamilə yanlış iddiadır - tərcüməyə
gəlməyən mətn yoxdur, öz dilinə yaxşı bələd
olmayan tərcüməçilər var. Yeri gəılmişkən,
bu yaxınlarda Seyfəddin Hüseynlinin tərcümə ilə
bağlı yazısında söylədiyim iradlardan bir
çoxunda - konkret nümunələrlə -
danışılıb. Fikrimcə, Seyfəddin bəyin
yazısı xeyli diqqət çəkə bilib və
ümid edirəm ki, onun və ümumiyyətlə, bizim
çaldığımız həyəcan təbili probelmin
aradan qaldırılmasına yardım edəcək. Əlbəttə,
yeni tərcümələrdəki kobud redaktə və korrektə
qüsurlarının obyektiv və subyektiv səbəbləri
var. Nəşriyyatlar tərcümə üçün
üçün müəlliflərə az zaman
tanıyır və tərcüməçi qısa müddət
ərzində daha çox qazanmaq istəyir - bir neçə əsəri
ard-arda, bəzən də paralel şəkildə tərcümə
edir. Üstəlik, nəşriyyatlarda peşəkar redaktor və
korrektorlar üçün ayrılan maaş az olduğundan,
bu sahədə ciddi kadr çatışmazlığı
var.
Mən bu günlərdə
mağazadan xeyli bədii tərcümə əsəri
aldım, amma üstünlüyu yeni tərcümə olunan əsərlər
deyil, Sovet dövründə tərcümə olunub, təkrar
nəşr olunan kitablara verdim, düzdür, onlarda fikir təhrif
oluna bilər, amma ən azından, dil qaydaları gözlənilir
ki, bu da mənim üçün olduqca vacibdir."
Professional Oxucu Liqasının rəhbəri
İbrahim Sel tərcüməçilərin
gördüyü işi yüksək qiymətləndirsə
də, problemlərin çoxluğunu da danmır: "Mənim
bütün tərcüməçilərə böyük
hörmətim var, çünki onların necə
böyük, müqəddəs bir iş gördüklərinin
fərqindəyəm. Bəziləri ilə hətta fikir
ayrılıqlarımız, mübahisələrimiz də
olur, yazar olsa iqnora atıram, amma tərcüməçidirsə
həmişə əlaqə trayektoryasını saxlamağa
çalışıram. Fikirlərini böyük maraqla dinləyirəm
və hörmətlə yanaşıram, axı bu cür
insanlardan özüm də çox şeylər öyrənirəm.
Ürəklərinin yağlarının əridərək
görün millət üçün necə böyük
işlər görürlər! Eşq olsun hamısına!
Namiq Şaman, Araz Gündüz, Sima Ənnağı,
Könül Səid kimi saytımızla əməkdaşlıq
edən gözəl tərcüməçilər var. O məsələnin
başqa tərəfi ki kim cəfəngiyyatla məşğuldur,
kim məsələnin xeyirli tərəfləri ilə. Məsələn,
dəfələrlə Araz müəllimə iradlarımı
bildirmişəm ki, Platonun fəlsəfi fikirləri
haqqında hansısa 3-cü dərəcəli
araşdırma heç kimçün maraqlı deyil. Deyirəm,
özünüz Rusiyada yaşayırsınız, orda
dünya səviyyəsində Tatyana Qraçeva, Duqin, professor
Stoleşnikov, Jdanov kimi yeni dühalar var ki, bizim bədbəxtlər
heç birini tanımırlar- onlar çevirin verin. Bizimkilərin
tanıdığı Umberto Eko, Markes və Orxan Pamuk kimi
nağılbazlardır (indi də Elif Şəfəqi
düha qayırıblar!). Ortada ciddi heç nə yoxdur. Bir
çox tərcüməçilərimizlə
polemikalarımız, hətta mübahisələrimiz olub ki,
iudey mənşəli 3-cü sort yazarları tərcümə
etməyin, nədi-nədi Nobel alıb! AYO tərcümə məktəbinə
dəyərli naxışlar vurub, di gəl ki, onların layihəsində
buraxılan Skirbeklə Gilyenin "Fəlsəfə
tarixi" cəfəngiyyatla dolu idi. Norveçdə təhsil
ölüdür, o ki qala filosofluq məktəbi ola! Bəzi
pozisiyaları saf-çürük edib tərcümə
strategiyamızı hazırlamalıyıq.
Bilirsən, mən çox istərdim
ki ortada olanlarımızı qoruyaq. Sovetdən bizə qalan
potensialın püxtələşdirdiyi gözəl tərcümə
bazamız var, çalışmaq lazımdır ki, itib getməsin.
Çünki gələcəkdə nə vaxtsa Avrasiya Birliyi
yarananda həmin tərcüməçilər hava və su
kimi lazım olacaq. Çünki hökmən lazım olacaq ki
rus dilindən orta və ali məktəb dərslikləri
dilimizə çevrilsin. Bilirsən ki, müasir təhsil dərsliklərimizlə
heç yerə gedib çıxa bilmərik, yeni quruluş
yeni sistemlər tələb edəcək. Təsəvvür
elə ki, artıq pedaqogikanı ali məktəblərdə əyalət
çobanının yazdığı dərslikdən
keçirlər, yerlibazlıq o qədər dəhşətli
forma alıb ki, universitet müəllimi hanısa digər elmi
avtoritetin kitabı barədə heç eşitmək belə
istəmir. Problemlər çoxdur, danışmaqla qurtaran
deyil. Əsas odur ki, baza var, demək heç də hər
şey itirilməyib."
Yazıçı Rövşən
Yerfi də bədii tərcümə sahəsindəki hərc-mərclikdən
narahatdır: "Bəzən mənim özümü də
köhnəlikdə günahlandırırlar.Amma bu bir həqiqətdir
ki, ötən əsrdə edilən tərcümələr
daha sanballı,daha keyfiyyətli idi.İndi edilən tərcümələr
arasında yaxşıları çoxdur, amma,pisləri də
az deyil.Doğrudur, mən bu sahədə mütəxəsis
deyiləm,ona görə də iradlardansa bu işin bir və
ya bir-neçə birləşmiş məkəzdən nəzarət
və idarə olunmasını arzulayardım.Belə olarsa tərcümənin
keyfiyyəti fərqli dərəcədə yüksələr.Kommersiya
marağına görə bu sahədə kor-təbiilik, hərc
mərclik yalnız ziyan gətirəcək."
Cəlil CAVANŞİR
Ədalət.-2012.-14 iyun.-S.5.