Fikrət Qocanın rəmzi obrazları

 

  Yeni nəslin mərd və mübariz şeiriyyətində mövcud hakim ideya və görüşlər, ictimai münasibətlər sistemi və siyasi quruluşun neqativ cəhətləri ilə yanaşı, eyni zamanda, xalqın müti vəziyyəti və zəbun haləti də rəmzlər arxasındakı dərdli həqiqətlərdə əks edərdi. Xüsusən ənənəvi və klassik rəmzlərdə xalqın məzlum qismətinin əks etdiyini hiss etmək çətin deyildi. Bu cəhətdən ən istedadlı və görkəmli altmışıncıların - Əli Kərimin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Fikrət Sadıqın, Fikrət Qocanın, Nəriman Həsənzadənin, Ələkbər Slahzadənin, Vaqif Səmədoğlunun, Abbas Abdullanın və başqalarının dərin fəlsəfi məna daşıyan rəmzi obrazları diqqəti cəlb edir.

   Fikrət Qoca da cəmiyyətin dərdlərinə və problemlərinə öz münasibətini həm açıq-aşkar, həm də fəlsəfi rəmzlər vasitəsi ilə ifadə etməyi bacaran qüdrətli sənətkarlarımızdan biridir. Böyük şairin bu mövzudakı yarım əsrlik axtarışları və onlarla dərin mənalı, emosional rəmzi obrazları belə deməyə əsas verir. İctimai ağrılara və dərdlərə həssas münasibət olmasaydı, məsələn, "Ərkəc" kimi oyaq şüurun və ayıq beyinin məhsulu olan bir lirik rəmz meydana çıxa bilməzdi: "Sallaqxanada bir ərkəc vardı, Ələ öyrəşmişdi; Yediyi kişmişdi". Sonra isə şair bu obraz haqqında aşağıdakı bilgi və informasiyanı da verməyi vacib sayır. Onun öz mühitində necə fərqləndiyi və seçildiyini də vurğulayır: "Dağ kəli kimi Buynuzları buruq-buruq, Özü də buruq, Zatıqırıq bir ərkəc vardı". Obrazın mənşəyi və həyat tərzi haqqındakı bu qısaca poetik təfərrüat və detallar onun mahiyyətini anlamağa kömək edir. Sonra isə müəllif ərkəcin fəaliyyət göstərdiyi meydanı və mühiti gözlərimiz önündə canlandırır: "Sallaqxana tilsimli bir dünya idi sağ qalan qoyunlar üçün. Neçə qoyun sürüsü girərdi ora hər gün. Dəstə çəkəndə həmin ərkəc, Sürü qayıtmazdı, ərkəc qayıdardı". Ərkəc sürülərə başçılıq etməkdən, onlara yeni-yeni vədlər verməkdən əsla usanmır. Hər dəfə də qoyunları aldatmağa, onları öz arxasınca aparmağa nail olur. Ərkəcin görkəmi və buynuzları sürüləri aldanmağa vadar edir: "Deyərdi: təzə yol öyrənmişəm, Bu dəfə dağ yamacına çıxdıq bəlkə". Ərkəc mənfi və mənfur bir rəmzdir. Cəmiyyətdəki şərin və yamanlığın konkret ifadəsidir. İnsan həyatının bütün dövrlərində ərkəclər olur və yaşayır. Amma cəmiyyət həyatının müəyyən mərhələlərində, ayrı-ayrı ictimai-siyasi proseslər əsnasında ərkəclər fəallaşır, ön plana çıxırlar. İnsan həyatının bəlkə də ən böyük tragediyaları məhz bu ərkəclərin fəallaşdığı və iş başında olduğu zamanlarda baş verir: "Sürünü çəkdi sallaqxanaya Qoyunlar elə bildi ki, birinci həlak oldu buruq. Sürü mələşdi: Ərkəc tək deyil, arxasında biz varıq. Qoyunlar nə qorxdu, nə də qayıdıb qaçdı. Ərkəc xəlvət qapıdan qaçıb Sürüyə görə bir ovuc kişmiş almışdı".

   Xalq şairi Fikrət Qocanın lirikasını 60-70-ci illərin poetik prosesi və ümumən, altmışıncıların yaradıcılığı kontekstində dəyərləndirərkən akademik Bəkir Nəbiyevin aşağıdakı analitik müşahidə və təhlillərinə diqqəti cəlb etmək məqsədə müvafiqdir: "Bu sözlərim bəlkə də bəzilərində rəğbət oyatmayacaq. Axı son illərdə cəmiyyətimizin həyatı üçün səciyyəvi hal olmuş ictimai, idealoji sarsıntılar və bütünlükdə yenidənqurma prosesi elə vəziyyət əmələ gətirmişdi ki, bir qisim şairlər nəinki şəxsiyyətə sitayiş illərində, hətta, ümumiyyətlə, 85-ci ilin baharınadək yazdıqları əsərlərin heç də hamısını bir daha nəşr etdirmək istəməzdilər. Bu, həmin şairlərimizin, bütünlükdə poeziyamızın qüsuru olmaqla yanaşı, həm də şəxsiyyətə sitayiş və durğunluq zamanlarının özləri ilə şərtlənən faciəsidir. Fikrət Qocanın şeirləri isə vaxtın, müasirliyin ötəri, keçici təsirlərinə məruz qalmayıb. Onun yaradıcılığının bu məziyyəti barədə danışmaq vacibdir. Məncə, bu məziyyəti yalnız şəxsi keyfiyyət kimi izah etmək doğru olmazdı. Burada Fikrətin poeziyaya gəldiyi dövrün dərslərinin, ədəbi-ictimai meyarlarının da rolu böyükdür. Məlumdur ki, F.Qoca 60-cı illər nəslinə mənsub şairdir. Bu nəsil bir çox cəhətdən, indiki təbirdən istifadə edib desək, 60-cı illərin yenidənqurması şəraitində formalaşmışdır. Həmin nəsil əvvəlki nəsillərin yaradıcılığının məruz qaldıqları çox sınaqlardan xəbərdar oldu və bu cəhət gənc şairləri poeziyanın vəzifəsi, xalq mənəviyyatının inkişafında yeri, rolu, sənətin taleyi barədə dərindən düşünməyə vadar etdi. F.Qocanın əksər şeirlərinin, poemalarının mövzusu və mətləbcə, ruhca köhnəlməməsinin bir səbəbi də, məncə, elə bu amillə bağlıdır" .

   Bir sıra altmışıncılar kimi Fikrət Qocanın yaradıcılığında da gerçəkliyin rəmzi ümumiləşmələri səviyyəsinə yüksəlmiş yadda qalan bədii nümunələr sırası mövcuddur. Bu şeirlərin hər biri ciddi fəlsəfi-rəmzi semantik yük daşıyır. İkinci tərəfdən isə şairin simvolik obrazları ilə yaşıdlarının bu yöndəki poetik rəmzləri arasında güclü oxşarlıq tapmaq da çətin deyil. Bu cəhətdən F.Qocanın poeziyasında, yuxarıda nəzərdən keçirdiyimiz "Ərkəc" şeirindən başqa, özünəməxsus bir silsilə olan "Pələng arzusu", "Küçük", "Tənha ağac", "Qoca fil", "Kəndirbazlar", "Gizlənpac", "Qoca ağaclar", "Quzu", "Balta səsi" və başqa şeirlərində öz nəsildaşları ilə həmahəng nöqtələr və səsləşmələr diqqəti cəlb edir. Bu mənada görkəmli şairimiz Fikrət Qoca da altmışıncıların həm özünəməxsus, həm də tipik nümayəndəsidir. Şairin adlarını xüsusi qeyd etdiyimiz məşhur rəmzi şeirlərinin oxşarlarını başqa qardaş və qonşu poeziyalarda da tapmaq mümkünlüyünü qeyd edərkən, biz bu xüsusiyyətin altmışıncıların mahiyyətini və fərdiyyətini vurğulayan bir keyfiyyət olduğunu söyləmək istəyirik. Ümumən, məşhur və böyük rəmzlərin zaman-zaman müxtəlif dünya xalqları poeziyasında yarandığını, genezis və poetik funksiyalarına görə beynəlmiləl səciyyə daşıdığını nəzərə alsaq, bu prosesin altmışıncıların yaradıcılığında da qabarıq surətdə meydana çıxmasını təbii saymaq olar. Bu nöqteyi-nəzərdən yalnız Fikrət Qocanın deyil, Əli Kərimin, Məmməd Arazın, Fikrət Sadıqın, Xəlil Rza Ulutürkün, Musa Yaqubun, Nəriman Həsənzadənin və başqa altmışıncıların lirikasındakı mühüm obraz və rəmzlərə başqa milli ədəbiyyatlardakı nəsildaşları yaradıcılığında da rast gəlinməsi hadisəsinə təbii yanaşmaq lazımdır. Bu fakt bir daha israrla onu göstərir və sübut edir ki, həqiqətən də keçmiş ittifaq ədəbi mühitində altmışıncıların yaradıcılığı böyük və möhtəşəm, çoxşahəli bir ədəbi prosesin tərki hissəsi kimi reallaşmışdır. Elə buradaca da altmışıncıların ilk lirikasında fəal və işlək poetik rəmzlərdən biri olan "Quzu" obrazına müraciət etmək kifayətdir. Azərbaycan poeziyasında da, özbək şeiriyyətində də bu motivə dəfələrlə müraciət olunmuşdur. Amma altmışıncıların poetik interpretasiyasında bu obrazın ifadəsi və təqdimatı daha emosional təsir bağışlayır. Burada məşhur özbək altmışıncılarından biri, Özbəkistanın xalq şairi Məhəmməd Əlinin bir sıra mühüm simvolik şeirlərini xatırlaya bilərik. Məsələn, Məhəmməd Əlinin "Quzu" (1965) şeirində belə bir poetik üsul seçilmişdir. Məlumdur ki, klassik poeziyada quzu obrazı, ələlxüsus da bu obrazın simvolik semantikası həmişə bakirəlik, günahsızlıq, acizlik və məsumluqla səciyyələnmişdir. Misal gətirdiyimiz bu şeirdə də quzu rəmzi özünün əzəli və ənənəvi anlamında işlənmişdir: "Yaşıl otlaq sakinisən, Qaça-qaça gəzirsən. Dünyada nə dərdlər var, Anlamırsan, bilmirsən... Başını əyib otlağa, Xırt-xırt edirsən daim, Anan sevib gözünü, Hey yalayar mülayim". Müəllif məsum və günahsız quzunun həyatının təhlükədə olduğundan narahatdır. Əgər quzunun yazıqlığı və köməksizliyi qəlbimizi sehrli şəkildə duyğulandırırsa, onun həyatını məhv etmək istəyənlərin yavuz niyyətləri, tamahkar və canavar xislətləri bizi qzəbləndirir. Məhəmməd Əlinin poetik təlqinində "Quzu" daha çox klassik və ənənəvi obraz kimi əyaniləşmişdir. Müəllif məşhur rəmzin mahiyyətini və poetik-tarixi funksiyasını dəyişməyi qarşısına məqsəd qoymamışdır: "Yaxınlıqda bir qoçaq, Hey sənə baxar bu an. Cibində soyuq bıçaq, Gözlərində bir qəzəb. Sənə baxıb gözləri, Qəzəbdən kor olaydı. Sənə yaxınlaşınca, Bıçağı da sınaydı". "Soyuq bıçaq" sahibinin "yaşıl otlaq sakini"nə yaman və yavuz niyyətlə baxması yaxın keçmişin amansız həqiqəti idi. Bu şeirdə milli tale üçün narahatlıq və nigarançılıq bariz şəkildə nəzərə çarpır. Qeyd etdiyimiz bu milli-estetik proses, yuxarıda qeyd etdiyimiz kimi, bir sıra qardaş ədəbiyyatlarda da öz əksini tapırdı. Eyni xarakterə və oxşar funksiyaya malik rəmzi obrazları 60-cı illərdə qüdrətli və coşğun ədəbi yüksəlişin iştirakçısı olan şairlərin əsərlərində də müşahidə etmək olar. Məsələn, bu cəhətdən, Azərbaycan altmışıncılarının yaradıcılığında da belə səciyyəvi obraza rast gəlirik. Xalq şairi Fikrət Qocanın "Quzu" (1963) şeiri də öz fəlsəfi-rəmzi mənaları ilə hardasa yuxarıdakı şeirlə səsləşir: "Bax gözlərimə mənim, Ulduzdur, dan ulduzu. Ulduzlar da vurğundur O mavi səmalara, Mən hara, səma hara? Mən bir quzuyam, quzu - Bacarıqsız, qanadsız. Yeməyim yerə bağlı, Heç bir əlim də yoxdu Amma ki, dörd ayaqlı". Amma ki, bu quzunu yuxarıdakı obrazın variantı və ya eyni mündəricəyə malik ekvivalenti hesab etmək düzgün olmazdı. F.Qocanın "Quzu"sunda məsumluq, təmizlik kimi mənəvi keyfiyyətlər acizlik və yazıqlıqla müşayiət olunmur:

  

   Ürəyimin yerində

   Bir pələng ürəyi var,

   Məni odlara salar.

  

   Aydın olur ki, F.Qocanın quzu rəmzi daha tragik taleyə malikdir. Bu adi quzu deyil, ona görə də, onun faciəsi də qeyri-adidir. Onun ürəyi ilə təbii mahiyyəti arasındakı kəskin ziddiyət obrazın faciəvi sonunu şərtləndirmişdir: "Çöllər aşmaq istəyir, Düzlər keçmək istəyir. Aslanlarla görüşmək, Pəncələşmək istəyir. Nərə çəkmək istəyir Başqa pələnglər kimi". Obrazın tragizmini bir tərəfdən xarici aləmdən gələn xətər və qorxu, ikinci tərəfdən isə daxili ziddiyyətlər - daxildən gələn əzab və vahimə daha da dərinləşdirir. Quzunun qurtuluş yolu və əlacı təsəvvür edilməzdir: "Rahat olmur sinəmdə Dəli küləklər kimi. Neyləyim? Bəs neyləyim? Dərdimi kimə deyim? Ələ düşsəm kəsərlər, Çölə düşsəm qurd yeyər". Gənc şairin rəmzi-fəlsəfi obrazı ictimai gerçəklikdən doğulduğu yadın məsələdir. Müəllif yığcam bir şeirdə öz dövrünün amansız ziddiyyətlərindən bir barəsində düşünməyə cəsarət etmişdir. Quzu ürəkli pələnglər olduğu kimi, şairin bədii kəşfi olan pələng ürəkli quzuların olması da milli faciə mənəzərələrinin miqyasını təsəvvür etməyə imkan verir: "Dünyada ən bədbəxti Xəbər alsalar əgər Siz nişan verin barı. Pələng ürəyi ilə Quzu doğulanları"

   Özbək altmışıncılarının parlaq nümayəndəsi Erkin Vahidovun "Aslan öyrədən" şeiri ilə də Fikrət Qocanın "Pələng arzusu" şeirlərini qısaca müqayisə etsək, fikrimiz aydınlaşar. Qeyd edək ki, pələng də, aslan da faciəvi rəmzlərdir. Onların taleyi faciəsində əsas rol oynamışdır. "Aslan öyrədən" şeirində böyük qüdrət və güc sahibinin acınacaqlı vəziyyəti təsirli şəkildə əks etdirilmişdir. Təlimçinin əlində tutduğu alovlu həlqədən aslan dəfələrlə keçir, öz sahibinin tələblərini yerinə yetirdiyinə görə tamaşaçılar onu alqışlayır. Bir vaxtlar heyvanlar dünyasının padşahı sayılan güc sahibi səhnədə oyunbazlıq etdiyinə görə sevilir. F.Qocanın "Pələng arzusu" şeirində də vəziyyət təxminən oxşardır. Amma "Pələng arzusu" şeirində tragizm daha kəskin və dərindir. Şeir belə başlanır: "Təlimçi pələngi eylədi oyuncaq. İşarə eləsən uzanacaq, atılacaq, dal ayaqları üstə qalxıb oynayacaq..." . Pələngin faciəsi elə bu tərcümeyi-haldan qaynaqlanır. Amma onların sonrakı taleyi fərqlidir. Çünki pələngin tərcümeyi-halı təlim meydançasında tamamlanmır: "Pələng oldu oyuncaq. Qaytarıb atdı cəngəlliyə, yaşa deyə. Gövdədə pələnglərdən yekə, səsdə pələnglərdən heybətli, dişləri iti, pəncəsi nəhəng pələng Meşənin şahı oldu. Pələnglərin pənahı oldu. Nərəsindən titrədi göy-yer heyvanlar nədi, yüz illik ağaclar titrədi tir-tir". Göründüyü kimi, pələng taleyinin dinamikasında ciddi fərqlər mövcuddur. Pələng obrazının faciəsində ikinci bir qat meydana çıxmışdır. Əgər onun tərcümeyi-halı başlandığı kimi də yekunlansaydı, onda biz aslanın qismətinə oxşayan bir tale ilə qarşılaşmış olardıq. Amma "Aslan öyrədən" şeirindəki rəmzi obrazdan fərqli olaraq "Pələng arzusu"nda obrazın taleyində güclü bir dönüş baş verir ki, bu da nəticədə surətin və ümumilikdə şeirin poetik-məntiqi vurğsunu dəyişir. Pələngin arzu etdiyi və təbii həyat tərzinə qayıdışı onu nəinki faciədən xilas etmir, əksinə, daha dəhşətli bir faciə ilə üz-üzə qoyur: "Amma ürəyini güvə kimi yedi bir qəm: nə ola təlimçini bir də görəm, işarə eləyə atılam, uzanam, dal ayaqlarım üstə qalxıb rəqs eləyəm". F.Qocanın rəmzi obrazları bir tərəfdən dərin psixoloji-rəmzi ovqatı ilə, ikinci tərəfdən isə obrazın daxili dramatizmi ilə daha çox diqqəti cəlb edir. İndicə nəzərdən keçirdiyimiz pələng rəmzinin E.Vahidovun "Aslan öyrədən" şeirindəki aslan obrazı ilə də müqayisəsi də bunu bir daha təsdiq edir.

   Beləliklə, yuxarıdakı təhlillərdən aşağıdakı mühüm nəticələrə gələ bilərik; poeziyada rəmzi obrazlar heç vaxt təsadüfən yaranmır. Xüsusən, cəfakeş və ağır şəraitdə yaşayan xalqların bədii yaradıcılığında poetik rəmzlər ağlın və təfəkkürün mürəkkəb oyunları kimi doğulmur. Əksinə, həyat və cəmiyyət haqqında açıq söyləmək mümkün olmayan həqiqətləri ifadə etməyin yeganə çarəsi, bəlkə də son əlacından biri kimi, bədii sözün həqiqətə sədaqət saxlaması prosesində sonuncu imkanı kimi reallaşır.

   Şair həyatdakı müəyyən nəsnə və hadisələri təsvir etməklə, özünün düşüncə və təəssüratlarını, insana və ictimai gerçəkliyə münasibətini bədiiləşdirməyə can atır. Yəni bədii yaradıcılıqda, xüsusən lirikada təsvir edilən hadisə və obyektin özü bilavasitə məqsəd deyil və o qədər də mühüm əhəmiyyət daşımır. Həqiqətən də süjetli lirik əsərlərdə, Hegelin söylədiyi kimi, təsvir edilən "vaqeənin özü deyil, əksinə onu əks etdirən qəlbin vəziyyətləri" daha mühümdür. Bu mənada görkəmli özbək altmışıncılarından Abdulla Aripovun bu yöndəki lirik əsərləri haqqında prof. Azad Şərəfiddinovun söylədiyi aşağıdakı mülahizələr də diqqətə layiqdir: "Poeziya da sənətin başqa növləri kimi obrazlı düşünmək deməkdir. A.Aripov lirikası həmişə parlaq, canlı, mənası geniş və dərin obrazlar əsasında şəkillənmişdir. Şair həyatı öyrənər və müşahidə edərkən minlərlə dürlü hadisələrin, hər cür vaqeələrin şahidi olur. Bunlar şairin yaddaşında izsiz itib getmir. Əksinə, onlar müxtəlif assosiasiyalar, yeni fikir və hisslər oyadır, həm də şairə həyat haqqında, insanın mahiyyəti barəsində mülahizə yürütməyə imkan verir. Abdulla Aripov yaradıcılığının cazibəsi bundadır ki, o özünə qədər başqa şairlər tərəfindən dəfələrlə qələmə alınan hadisələr və predmetlərdən də həqiqi poeziya qığılcımı çıxarmağı bacarır. Nəticədə bu hadisə və əşyalar bizim gözlərimiz qarşısında yeni keyfiyyətləri ilə görünür, bizi həyat haqqında dərindən düşünməyə dəvət edir". Alimin nöqteyi-nəzərinin özünəməxsus bədii təsdiqi kimi Abdulla Aripovun "Kəndirbaz" şeiri də diqqətimzi özünə çəkir. Şeirdə təsvir olunan vaqeə-mənzərənin əks-sədası uzun zaman qəlbinizi tərk etmir: "Buludlara yandaş, səma altında Kiprikdəki yaş tək durur kəndirbaz. Qılıncın tiyəsi tək kəndir üstündə Gözlərini yumub gedir kəndirbaz. Adamlar, adamlar, siz alqışlayın, Baxın o nə qədər çevik və cəsur. Bəsi biz, eh bəzi gözü açıqlar Heç gedə bilməyir geniş yolda da".

   "Kəndirbaz"dakı kontrast özgə tərzdədir. Burada əks qütblər - alçaqlıq və yüksəklikdir, başqa sözlə, "bulud"lara yandaş kəndirbaz və aşağıdakı "gözüaçıqlar", hətta dümdüz, geniş yolda da gedə bilməyənlərdir. Şair tamaşaçı "adamlar"ı kəndirbazın cəsarət və şücaətindən heyrətlənməyə səsləyir. Onların da - böyük yolda belə inamla gedə bilməyənlərin qəlbində mənəvi yüksəliş, zirvələrə can atmaq arzusu oyanmasını istəyir. Əgər Abdulla Aripovun ilk lirikasındakı "Yosun" və "Bulaq" obrazları həyatsevərlik, mübarizlik və yenilməzlik rəmzi kimi təsir edirsə, kəndirbaz həyatdakı qaliblərin, ucalığı sevənlərin timsalıdır. Eyni zamanda, bu poetik mətnləri dərindən təhlil edərkən, "Kəndirbaz"dakı "adamlar" ilə "Yosun"dakı "ağır daşlar", "Bulaq" dakı "adamlar" arasında mahiyyətən yaxınlıq və bənzərlik olduğunu görürük. Doğrudur, zahirən "Bulaq"dakı "adamlar" "Kəndirbaz" şeirində təsvirlənən kütləyə nisbətən bir qədər fəal duyulur. Oxucuya elə gəlir ki, yolundan azmış balaca bulağa kömək etmək istəyən "rəhmdil", "xeyrxah", "mərhəmətli" adamlarla "Kəndirbaz"dakı hissis, qəlbsiz, cəsarəti dəyərləndirməyi bacarmayan adamlar bir-birindən çox fərqlidir. Lakin göstərilən cəhətlər və əlamətlər daha çox xarici, görünən cizgilərdir, mahiyyətlə o qədər də əlaqəsi olmayan xüsusiyyətlərdir. Əslində onlar bir cür düşünən, eyni mənşədən və tayfadan olan, "qohum" obrazlardır. Zatən, özünə həyatda yol açmağı bacarmayan, öz gücünə inanıb müstəqil yaşamq əlindən gəlməyənlərlə həyatda qarşısına böyük məqsədlər qoymayanlar, uca zirvələri fəth etmək istəməyənlər, taleyin hökmünə boyun əyənlər arasında heç bir fərq yoxdur. Şair hər cür şəraitdə və mühitdə də öz mənliyini və mahiyyətini qorumağı bacaran qüdrətli fərdləri, parlaq güc və iradə sahibi olan insanları, yenilməz və qalib insan ruhunu tərənnüm edir.

   Xalq şairi Fikrət Qocanın "Kəndibazlar" şeirinin estetik pafosu da Abdulla Aripovun "Kəndirbaz" şeirinin poetik məna qatları ilə həmahəngdir. "Kəndirbazlar" obrazının səciyyəvi cəhətini də dəstədən fərqlilik, kütlədən ayrılmaq, öz mühitinin fövqündə durmaq kimi keyfiyyətlər təyin edir:

  

   Yer üzündə böyük bazar,

   bazarın da başı üstdə

   kəndir çəkir kəndirbazlar.

  

   Şeirin elə əvvəlindəcə müəllif öz sevimli obrazının səviyyəsini və dərəcəsini vurğulayır. Onların məkanı və mənzili ətrafdakılarla bir yerdə, bir sırada deyil. Şair ideyasının daşıyıcısı olan lirik subyekt - lirik "o", lirik "onlar" bazarın başı üstündə qərar tutmuşlar. Başqa sözlə, "onlar" bazarın, yəni dünyanın fövqündədirlər. Bəs "onlar"ın, şairin dərəcə və mərtəbəsini xüsusi vurğuladığı qövmün yüksəkliyini və yuxarılığını təmin edən hansı xüsusiyyətlərdir? Dəqiq və qısa poetik təriflərlə bu suala şeirdə mükəmməl cavab verilmişdir:

  

   Kəndirbazlar öz ömrünə gülənlərdi,

   Pul qazanıb girlənməyə gəlməyiblər,

   bu dünyaya zarafata gələnlərdi.

  

   Müəllif təkcə yuxarıdakıları deyil, aşağıdakıları da səciyyələndirməyi unutmur. Bu yuxarıdakılarla aşağıdakılar arasındakı fərqi - poetik kontrastı qabartmaq, daha da aydın nəzərə çarpdırmaq üçün çox vacibdir. Aşağıdakılar necə yaşayırlar? Nə ilə məşğuldurlar? Səhərdən axşamacan hər şeyin alındığı və satıldığı bu mənfur məkan, bu müdhiş mühit - bazar nə üçün kəndirbazları cəlb etmir? Şeir boyu müəllif məhz bu suala cavab verməyə can atır: "Aşağıda - böyük bazar, alma var ha, vicdan var ha... Armud var ha... ümid var ha... Hər kəs əlinə keçəni çəkib tökür bu bazara. Yuxarıda kəndirbazlar keçib gedir..." Bu şeirdə sanki dünyanın iki müxtəlif və bir-birinə zidd mərtəbəsindən söz açılır. Bu mərtəbələrdə eyni dillərdə danışan, amma arzu və amalları bir-birinə oxşamayan insanlar yaşayırlar. Onların yalnız qəlbləri və beyinləri deyil, yaşayış tərzi və həyat yolları da bir-birinə qətiyyən oxşamır. Aşağıdakılar iyrənc münasibətlərə və rəzalətlərə o qədərə öyrəşib, adət etmişlər ki, bir anlıq olsun belə gələcək - ölüm haqqında düşünmürlər, daha doğrusu, bu haqda fikirləşməyə özlərində güc və iradə tapa bilmirlər. Kəndirbazlar isə öz talelərini öz əlləri və ayaqları ilə yaradırlar. Onlar hər an gələcəklə - ölümlə üz-üzə, göz-gözədirlər: "Yuxarıda kəndirbazlar keçib gedir - sağı ölüm, solu ölüm, yolu kəndir. Elə ki biri sürüşdü - sağa düşdü, sola düşdü, Elə ki, biri sürüşdü, nə fərqi var, Kəndir boğazına keçdi, nə fərqi var..." Müəllif təsadüfən "nə fərqi var" deyə iki dəfə təkrar və təkid etmir. Çünki bu sürüşüb düşməyin əslində nə yuxarılar, nə də aşağılar üçün elə bir fərqi yoxdur. Çünki kəndirbazlar yoxluğu və varlığı, ölümü və həyatı əslində bir, bir-birinin davamı hesab edirlər. "Onlar" üçün ölüm də həyat qədər gözəl və ləzzətlidir. Aşağıdakılar üçün isə "fərq yoxluğunun" səbəbi odur ki, onlar öz dünyalarından bir saniyə olsun belə dışarı çıxa, qırağa boylana bilmirlər. Başqa dünyalar haqqında onların heç bir təsəvvürü və analayışı yoxdur. "Bazar xalqı" yüksəkliklər aləmindən, kəndirbazların mərtəbəsi və mənəviyyatından tam xəbərsizdirlər. Bu, şairin cəmiyyətə və öz mühitinə ünvanladığı ən sərt təpki, mənəvi üsyanıdır: "Aşağıda öz işində olacaqdır yenə bazar. Yenə, yenə yuxarıda taleyilə oynayacaq yeni-yeni kəndirbazlar". Amma bu pessimist şeir deyil. Aşağıdakılar öz dünyalarına kor-koranə bağlı olduqları, müdam artıb çoxaldıqları kimi, yuxarıdakılar da yıxılıb, ölüb qurtarmırlar. "Onlar"ın da sayı və səfləri seyrəlmir. Dünyada hər gün aşağılarda, künc-bucaqlarda, küçə və bazarlarda sürünmək üçün çoxlu-çoxlu adamlar doğulduğu tək, zirvələri və yüksəklikləri özləri üçün Vətən seçmiş təzə-təzə insanlar, yeni-yeni kəndirbazlar da doğulur.

   Fikrət Qocanın fəlsəfi fikirlər və mənalar aləminə dərindən nüfuz edən görkəmli ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev şairin bədii uğurlarını ümumiləşdirərək yazırdı: "Fikrət ağrılı problemlərdən danışmağı üstün tutan şairlərimizdəndir. Məsələn, vaxtıilə Azərbaycanın həqiqətən dilbər guşələrindən biri olan Samuxa və onun adı dillərə düşmüş qalın meşələrinə, bu meşələrin cüyür-cetranına, şirinə, pələnginə tutulan divan haqqında misralar adamı təlatümə gətirir. Kür üzərində elektrik stansiyası tikintisi ərərfəsində su altında qalıb əəbədilik qurban gedən meşənin faciəsinə, canlıların ah-naləsinə necə laqeyd qalmaq olar?! Bu qeyri-normal vəziyyəti doğuranlara qarşı F.Qoca ən müxtəlif ədəbi vasitələrdən istifadə edərək hücuma keçir. Ona-buna yarınıb-yaltaqlanmaqla baş girləyən, adamların taleyini aldığı ənamlara, təltiflərə qurban verən bəzi rəhbərlər və məmurlar sallaqxanada sürü qabağına düşüb soydaşlarını qırğına aparan, öz xəyanəti üçün ovuc-ovuc kişmiş yedizdirilən erkəcin timsalında kiçik bir şeirin hüdudları dairəsində ibrətamiz tərzdə ifşa edilirlər. Şairin qəti qənaətinə görə, insan ömrü ancaq böyük, nəcib, ülvi məqsədlər uğrunda sərf olunduqda bu sözün həqiqi mənasında insan ömrüdür" . Azərbaycan altmışıncılarının ən görkəmli nümayəndələrindən biri olan xalq şairi Fikrət Qocanın bütün yaradıcılığı, dərin fəlsəfi məzmun və mənalarla yoğrulmuş hikmətli şeirləri, insan mənzərələri və taleləri ilə zəngin poemaları böyük ədəbiyyatşünas alimin estetik düşüncə və qənaətlərini dolğunluğu ilə əks etdirir.

  

 

   Yaşar Qasımbəyli,   

   Azərbaycan Yazıçılar Birliyinin

   və Özbəkistan Yazıçılar İttifaqının

   üzvü, filologiya elmləri üzrə fəlsəfə

  doktoru

 

  Ədalət.-2012.-14 iyun.-S.6.