QUZANLIDAN
ÜZÜ AĞDAMA
Hamını
qovuşduran "Şikəstə"
Hər dəfə paytaxtdan
üzü Qarabağa səfər edəndə özümdən
asılı olmadan qəribə hisslər keçirirəm.
Loru dildə desəm, sanki qanadlanıram. Yolların
narahatlığı, uzaqlığı da gözümə
görünmür. Atalar demiş, "ürək istəyən
yerə ayaq yüyürək olar". Bu mənada yolun
narahatlığı, uzaqlığı həmin o hisslərin
içərisində əriyib itir. Yalnız ötən illərin
şirin xatirələri və bir də bu gün
görüşünə tələsdiyim torpaq, onun sakinləri
mənim üçün dünyanı əvəz edir.
Həmin gün bəlkə də çoxları üçün adi bir təqvim səhifəsi, adi bir zaman kəsiyi idi. Amma mən Quzanlıda, Ağdamın beş addımlığında olduğum o gün ərzində çox şeylərin şahidi oldum. Öncə vətənin gözəlliyi məni qoynuna çəkdig havası, suyu məni dincliyə qovuşdurdug ruhum təzələndi... duyğularım gün işığına bələndi. İnanın ki, burda hər şey paytaxtdakından çox-çox gözəl idi. Hava da, su da, təbiət də, mənzərə də, acgözlüklə gözlərimə köçürdüyüm yaşıllıqlar da, saysız gül-çiçəklər də və bir də adamlar da. Mənə elə gəldi ki, burdakı adamlar Bakıdakı mühitdən, Bakıdakı adamlardan xəbərsizdilər. Çünki o qədər səmimi, o qədər doğma bir şəkildə adama "xoş gəldin", "xoş gördük" deyirlər, ürəyin atlanır. Düşünürsən ki, bu adamlar səni gözləyirlərimş, sənin üçün qəribsəyiblər. Əslində isə bu səmimiyyət, bu doğmalıq bu adamların qanında, canındadı. Onlar sadə, adi, amma son dərəcədə insanlıqla zəngin bir ömür yaşayırlar. İçlərində paxıllığa, kin-küdurətə mənə elə gəlir ki, heç yer yoxdur. Daha doğrusu, o yeri heç saxlamayıblar da...
Bu, Quzanlıdakı möhtəşəm stadiondu. Tribunalar tamaşaçılarla, eləcə də bayram şənliyinə qatılmağa gəlmiş əsgərlərlə doludur. İnanın ki, tribunalarda oturmuş insanların üz-gözlərindən də, geyimlərindən də bayram sevinci tökülürdü. Adamlar doğrudan-doğruya bu şənliyə könüllü və həm də şənlənmək üçün toplaşmışdılar. Elə bu da onların içinin rahatlığından, mərasimə olan maraqlarından xəbər verirdi...
Budur,
dövlət himni səslənir. Sonra qarabağlıların,
bütövlükdə Azərbaycan musiqisevərlərin ruhunun ifadəçisi olan
"Qarabağ şikəstəsi"nin giriş notları səslənir. Meydana süvarilər Azərbaycan
bayrağını gətirirlər. Meydan
boyu əlində bayraq
Qarabağ atlarını çapanlar
yerlərini musiqiçilərə verirlər. Burda
bir anı xüsusi qeyd etməliyəm. Paytaxtda,
telekanallarda özlərini "ulduza" çevirənlər əgər orada müxtəlif xalq və
bəstəkar mahnılarını ifa edən
uşaqları izləsəydilər, yəqin ki,
bir də ekrana
çıxmazdılar. Təsəvvür edin ki, uşaqların, yəni
kənd musiqi məktəbinin şagirdlərinin
ifasında səslənən "Salamat qal, ana" mahnısı
təkcə xor kollektivinin
deyil, həm də onları hazırlayan
müəllimlərin istedadının bariz
göstəricisi oldu. Səslənən
bu mahnı tribunaların davamlı
alqışları ilə mükafatlandırıldı.
Bayram şənliyinin
iştirakçıları arasında Qarabağ bölgəsindən
olan tanınmış xanəndələr, ifaçılar da
var idi. Muğam sənətimizin böyük ustadı, xalq
artisti Arif Babayev, şöhrət ordenli, xalq artisti Mənsum
İbrahimov, əməkdar artist, segahın mahir
ifaçısı Cabir Abdullayev və digərləri özlərinin
ifaları ilə həmyerlilərini həm sevindirdilər, həm
də onlara bayram təbriklərini çatdırdılar. Onu
da əlavə edək ki, bayram şənliyinə paytaxtdan
çoxlu sayda digər ifaçılar da təşrif
buyurmuşdular. Qonaqpərvər ev
sahibləri onların da ifalarını
alqışlamağı unutmadılar.
Ağdam rayon icra hakimiyyətinin
başçısı Nizami Sadıqovun və rayon rəhbərliyinin
təmsilçiləri bütün tamaşaçılarla
birlikdə bayram şənliyini yaxından izləyir, həm də
bir-birindən gözəl ifaları hər kəslə birlikdə
alqışlayırdılar. Mən bu tədbirdə ən
çox ona sevindim ki, bayram şənliyinin sonunda bütün
tamaşaçılar, dinləyicilər ayağa qalxıb
sağ əlini ürəyinin üstünə qoyaraq sona qədər
"Qarabağ şikəstəsi"ni dinlədi. Bu təkcə
dinləmək deyildi, bu həm də Qarabağa doğru bir
çağırış idi. Ağdama, Şuşaya
qayıdışa bir ümid idi. Mən həqiqətən insanı
kövrəldən bu məqamın təşəbbüsçüsü
olan, yəni bayram şənliyinin məhz bu ovqatla başa
çatmasına ideya verən Nizami Sadıqovun
torpağına, dövlətinə, xalqına
bağlılığının bir daha şahidinə
çevrildim. Gördüm ki, bu gün Ağdamın beş
addımlığında qayıdış inamı ilə
yaşayan hər kəs həm də içində torpaq
sevgisini, dövlət, bayraq, millət sevgisini də
alovlandırır. Təbii ki, bütün bunların əsasında
təşkilatçılıq, rəhbərlik
bacarığı və bir də insanları yönəltmək
ustalığı dayanır. Məmləkətimizdə bu ənənənin
davamçıları sırasında Ağdam rayon rəhbərliyinin
də özünəməxsus yeri var. Bunu
görməmək mümkün deyil.
Bu da növbəti bir
gündü... bu günü də həsrətlə gözləmişdik...
o həsrətin çin olduğu günün şahidi olduq. Əvvəl
ekranda, sonra həyatda. İndi də onun doğulduğu torpaqda.
Ürəyimizin bir parçası olan Ağdamın
Quzanlısında... Yəqin bildiniz söhbət kimdən
gedir. Əgər bilmədinizsə, xatırladım...
Fariz Məmmədovun adını
boks azarkeşləri, idmanla maraqlananlar yaxşı
xatırlayırlar. Onun döyüşdüyü meydanlardan,
yəni rinqdən həmişə qalib ayrılması bizlərə
qürur verib, sevinc gətirib. Budəfə isə onun bizə
bəxş etdiyi sevincin həddi-hüdudu yox idi. Ona görə
də bu sevinci sözlə ifadə etmək
qeyri-mümkündü. Sadəcə onu yaşamaq, onu görmək,
onun aurasına düşmək lazımdır. Məhz həmin
aurada, həmin o sevincin içərisində Fariz Məmmədovun
necə bir qələbəyə imza atdığını dərk
edib, anlaya bilərik.
Bax dediyim həmin o gün
Quzanlıda qeyri-adi bir təmtəraq yaşanırdı. Ona
görə qeyri-adi deyirəm ki, Farizin bizə bəxş
etdiyi sevincin işığı, istisi hamını
bürümüşdü. Hamı bu işığın
içərisində bir anlıq dərdini, qəmini
unutmuşdu. Çünki Fariz verdiyi vədə, dediyi sözə
əməl etmişdir. Rinqdə ona meydan oxuyan, əslində
isə bizlərin hər birinə mesaj verən erməni
boksçusunu nakauta salmışdı. Onu təkcə
idmançı kimi yox, həm də Azərbaycanlı, həm
də Qarabağlı kimi diz çökdürmüş, ona
bu dünyanı unutdurmuşdur. Çünki Fariz qısa bir
məşqdən sonra qatıldığı bu yarışa
təkcə idmançı kimi yox, həm də Azərbaycanlı,
Qarabağlı kimi meydana çıxacağını,
yumruqlarını işə salacağını bəyan
etmişdi. Bu da gözlənilən an...
Quzanlıdakı o möhtəşəm
stadion Farizin şərəfinə bayraqlarla,
gül-çiçəklə bəzədilmiş, onu
alqışlayanların nəfəsi ilə daha da möhtəşəm
olmuşdu. Rayon rəhbərliyinin təşəbbüsü
ilə keçirilən bu görüş döyüş
bölgəsində hər kəsə bağışlanan
böyük bir ümid, böyük bir inam idi. Bu stadionda,
bütövlükdə bu görüşdə iştirak edən
hər kəs qalib gəlməyin
mümkünlüyünü və zəruriliyini
açıq-aşkar hiss edirdi. Bu inamı Fariz gətirmişdi,
Farizi isə doğulduğu torpağa bu möhtəşəm
görüşü tçəşkil edən rayon rəhbərliyi...
Bəli, bu gün bölgələrimizdə,
xüsusilə düşmələ üz-üzə olan ərazilərimizdə
bu cür tədbirlərin keçirilməsi son dərəcə
vacibdir. Bu, həm mənəvi, həm hərbi vətənpərvərlik
tərbiyəsidir, həm də layiq olanlara verilən qiymətdir.
Məhz Azərbaycan prezidenti İlham Əliyev cənablarının
hər bir dövlət məmurundan tələbi də elə
budu:
- İnsanların güzəranını
yaxşılaşdırmaq, həyat səviyyəsini yüksəltmək,
istirahət və məişətini qurmaqla
yardımçı olmaq!
Həmin günlərdə yaşananlar
Quzanlıda bütövlükdə bölgədə
yaşayan hər kəsin yönünü Ağdama səmtləmişdi.
Hər kəs "Qarabağ şikəstəsi" və hər
kəs "Fariz - Qələbə!" oxuya-oxuya,
hayqıra-hayqıra Ağdamın, bütövlükdə
Qarabağın işğaldan azad olunacağına inam ifadə
edirdi. Bu hər kəsi birləşdirən bir inam idi.
Əbülfət
MƏDƏTOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-14
iyun.-S.7.