"ATIMA
ARPA, ÖZÜMƏ ÇOLPA"
Sənədli
hekayə
Subyektivdi-obyektivdi, deyə bilmərəm,
mənim fikrimcə, bizim mətbuat hər sahədə
yazır, bircə polisdən başqa. Onları nədənsə
həmişə qara rəngdə göstərir. Görəsən
belədirmi? O sistemdə xidməti işini vicdanla, namusla icra
edən, xalqın hörmət və məhəbbətini
qazanan, heç olmasa, bircə nəfər də yoxdur? Gecə-gündüz
asayişi, əmin-amanlığı qoruyan o bir polis
işçisi haqqında söz açmaq olmaz? Yaddaş cədvəlimi
vərəqləyirəm və bir zamanlar yaxından
tanıdığım sahə müvəkkilinin obrazı
gözlərim önündə canlanır.
***
Əvvəlki dövrlərdə
"okro" adlanırdılar, sonralar, elə bu gün də
oldular sahə müvəkkili. Onların işi, xidməti vəzifəsi
müəyyən yaşayış zonalarında əhali ilə
təmasda olub, birgəyaşayış qaydalarını
pozanlara, əyri yollara düçar olmuşlarla mütəmadi
görüşlər keçirib, profilaktiki tədbirlər
görməkdi. Əgər hardasa oğurluq, cinayət törədilibsə,
ilk növbədə bundan təhkimçi - sahə müvəkkili
xəbər tutur. Hətta camaat arasında belə fikir
dolaşır: filankəsin inəyi oğurlanıbsa, demək
bunda "uçaskovu"nun əli var.
Bizim zonanın bəxti gətirmişdi.
Sahə müvəkkilimiz bacarıqlı, qabiliyyətli, tərbiyəli
bir şəxs idi: Ağdam rayonunun Əvətli kəndindən
olan Məmmədtağı Zeynal oğlu Məmmədov.
Camaatla qaynayıb-qarışmış, hamının, necə
deyərlər, hüsn-rəğbətini
qazanmışdı. Vəzifəsinə çox məsuliyyətlə
yanaşırdı: narazılıq, dava-dalaş yarananda, bəziləri
kimi ürəyində "görüm kimdən nə qopara
bilərəm" deyə sevinməzdi. Uşaqlara barmaq sirkələməzdi,
kiməsə, nəyisə bəhanə gətirib,
söyüş verməzdi. Kənd-kəsəyin
söz-söhbəti, dava-dalaşı elə kənddə
qalardı, gedib milis şöbəsinə çatmazdı.
Bütün toy-yas mərasimlərində iştirak edirdi o.
... Eşitmişdi yük
maşınında pambıqçıları tarlaya aparan iki
cavan sürücü bir-birləri ilə
ötüşürmüş...sədrlə
görüşdü, o sürücülər o marşrutdan
çıxarıldı. Üstəlik yük
maşınlarına oturacaqlar qoyuldu.
...Toy şənliyində
yeyib-içən gənclər yumruq davasına
çıxmışdılar. M.Məmmədov kənd Soveti
binasına topladı onları. Valideynlərlə birgə iki
saatlıq danışıqlardan sonra cavanlar
barışdılar, öpüşdülər.
...İki qız anası Gülsərən
xala qabağını kəsdi:
- Qurbanın olum, ay bala, 4 kisə
buğdamız var. qızlar istəyir aparıb onu üyüdə.
Mən qoymuram, ayıbdı, dəyirmana qız
uşağı getmir axı. Kömək elə mənə.
Elə o gün dəyirmançı ilə görüşdü.
Gülsərən arvadın buğdasını apardılar,
ununu gətirdilər.
Sahə müvəkkili ailəmizə
məhrəm adam idi. Tez-tez bizə gəlir, babamla, nənəmlə
söhbətləşir, köhnə kişilər,
olub-keçənlər yada salınırdı. O, babama "əmoğlu"
deyirdi. Bunun səbəbi o idi ki, nəsil-nəcabətimiz
Qarabağlı idi, bir zamanlar Ağdam rayonunun Əvətli kəndindən
köç eyləmişik Biləsuvara. İndi bizim rayonda
100-ə yaxın ailənin soykökü Əvətlidir. Nə
yaxşı ki, gənclər, uşaqlar yaşlı nəslin
öyüd-nəsihətini unutmayıblar hələ, Harda
olur-olsun görüşərkən zarafatla parolu bir-birlərinə
çatdırırlar: "necəsən, əyə Əvətli,
əyilmədi, götürdü getdi". Bəs unudulmayan, nəsillərdən-nəsillərə
ötürülən bu maraqlı lətifə, aforizm necə
yaranıb? Mən onu dilə gətirmək istəyirəm.
...May ayıdı, gecə
güclü yağış yağıb, yol-riz sel-sudu, balaca
gölməçələrdi. Günəş
çıxıb, əsl bahardı, havada xoş rahiyyə
var...Uzaqdan yaşlı bir kişi gəlir, "əhə, bu
əvətlidi", gəlin məzələnək,
sataşaq ona - deyə kənarda dayanan üç cavan
oğlan yolun quru yerinə onluq qızıl atıb, çəkilirlər
tut ağacının daldasına, güdürlər
qocanı. O gəlib keçir və heç aşağı əyilmir.
"Yəqin görmədi, yoxsa götürərdi".
Cavanlar ha axtarırlar, tapılmır onluq qızıl. Məəttəl
qalmalıdı, o aşağı əyilmədi, bəs necə
oldu qızıl, hə? Arxadan qaçıb çatırlar
kişiyə, yalvarıb-yaxarırlar ona:
- Əmi, sən Allah, görmədin
bizim pulumuzu
Kişi gülür:
- Bir də belə qələt eləməyin
bala. Əvətdiyə sataşanın anası ağlar qalar,
- deyib sol ayağını qaldırır
- Baxın bəlkə burdadı
Pa atonan, qocanın ağlına bax
ey! O, uzaqdan görüb qızılın
parıltısını və sol ayaqqabısını qəsdən
batırıb zıx-zımrığa, basıb pulun
üstünə, davam eləyib yoluna.
Cavanlar qızılı
götürür, and içirlər ki, bir də
sataşmayacaqlar əvətdiyə. Beləcə, şirin,
yadda qalan lətifə yaranıb: "Əvətdi əyilmə
di, götürdü getdi".
***
"Məhsul" rayon qəzetinin
şöbə müdiri işləyərkən sahə
müvəkkili M.Məmmədov yanıma gəldi. Dedi:
- Bacıoğlu, bir işə
düşmüşəm axı. Bəlkə əl yetirəsən
mənə?
- Noolub, dayı, kimsə xətrinə
dəyib?
- Yox, ay bala, Partizan (S.Vurğunun
"Partizan Babaş" şeirinin qəhrəmanı
Babaş Dadaşov uzun illər Puşkin - indiki Biləsuvar
rayonunun milis şöbə rəisi işləmişdir)
yanına çagırmışdı məni. Bakıya
göndərir. Sabah yox, birisi gün nazirlikdə iclas olacaq.
Sahə müvəkkillərinin ümumrespublika müşavirəsi.
Ora getməliyəm.
- Hə, lap yaxşı, dayı, sən
qabaqcıl işçisən də...Burda nə var kig
- Orası elədi, amma mən gərək
orada çıxış eləyəm. Əlimə iki vərəq
kağız veriblər, oxuyuram bir şey başa
düşmürəm.
Qabağına bir stəkan
çay qoyuram və ona verilən çıxışın
mətnini oxuyuram:
...Milis qədim yunan
sözüdü, silahlı qanun keşikçisi deməkdir.
...1917-ci il, Oktyabr sosialist inqilabı qalib gəlib. Silahdaşları V.İ.Lenini təbrik
edirlər. Vladimir İliç
deyir:
- İnqilabda
qalib gəlmək çətindir, onu əldə saxlamaq iki qat çətindir.
İndi neyləyək ki, bizim inqilab Paris kommunasının taleyini yaşamasın. Nə təklifiniz
var?
- M.Kalinin yol göstərir:
- Əlinə
silah alıb, çar imperiyasının
yuvasını dağıdan
sədaqətli bolşevikləri
fabrik-zavodların cavan
fəhlələrini bir
yerə cəmləyib
milis, drujina dəstələri yaradaq.
Qoy xalq saf, təmiz
güzgüyə bənzəyən
bu dəstələrdən
nümunə götürərək,
yeni həyata, yeni quruluşa inansın və bizim arxamızca getsin.
Təklif rəhbərin ağlına
batır və Ümumrusiya Fövqəladə
Hallar Komitəsi
(VÇK yaranır. V.İ.Leninin
tapşırığı ilə ona F.E.Dzerjinski
sədr təyin edilir
...F.E.Dzerjinski demişdir: "Çekistin
başı soyuq, ürəyi isti, əlləri təmiz olmalıdır".
VÇK sonralar NKVD-yə çevrilir. İllər keçir
və onun əsasInda DTK və
DİN təşkil olunur.
Mən düşünürəm: uzun,
bir cümləsi 35-40
sözdən ibarət
olan, tarixi kitablardan köçürülən
bu mətni dayım çətin oxuyacaq. Onu qınamalı da
deyil. Hansısa fikri, ideyanı
qəzet-jurnal üçün
yazarkən belə cümlələr işlətmək
mümkündür. Lakin iclas
çıxışının mətni başqa cür olmalıdır.
Özü ipucu verir mənə:
- Ötən il mənim
işimlə əlaqədar
məqalə yazmışdın
ha - "Qabaqlayıcı tədbirlər".
Bax, mənə eləsini hazırlag
Ona iki vərəqlik mətn yazdım: sadə, yığcam, hər biri uzaqbaşı
8-10 sözlü cümlələr.
Səhərisi görüşdük, oxudu, bəyəndi.
- Sənə yaxşı yol, dayı, - dedim, - qayıdanda yanıma gəl, qəzetə məqalə verərəm
Üç gündən sonra vədə xilaf çıxmadı, gəldi
mənim iş yerimə - qəzet redaksiyasına. Əhvalı yüksək idi,
gediş-gəlişindən məmnunluq, razılıq
duyulurdu. Təəssüratı, söhbəti özünə
də ləzzət edirdi. Qələmi aldım əlimə, o dedi, mən məqalə hazırlamaq məqsədilə qeydləri
birər-birər, ardıcılıqla
bloknotuma yazdım.
- Hə, bacıoğlu, sənin hazırladığın çıxışı,
nə deyəcəyimi
əzbərləmişdim...Müşavirə başladı.
Nazir Arif Nəzəroviç Heydərov
beş-on kəlmə
söz dedi, sonra nazir müavini
A.Səfixanov məruzə
elədi. Olan işlər, qabaqcıl, xidməti vəzifəsini
vicdanla icra edən sahə müvəkkilləri, axırda
qarşımızda duran
vəzifələr haqqında
danışdı. Çıxışlar qarmaqarışıq, heç
razılıq ifadə
edilməyən səviyyədə
bir-birini əvəzlədi.
Niyə belə oldu? Başa düşə bilmədim.
Ancaq görürdüm ki, nazir tez-tez başını
bulayır, yanındakılara
nəsə acıqlı
söz deyir. Gədəbəydən bir
nəfər dedi:
- Mən kənddən toyuq-cücə
oğurusunu gətirirəm
şöbəyə. Rəis pul
alıb buraxır.
Mən pis vəziyyətə düşürəm, heç
kəndə qayıtmaq
istəmirəm. Ordubaddan
gələn yoldaş
da şikayətləndi:
- Camaat bizə "it" deyir...Maaşımız azdır.
Masallı rayonundan gələn lap biabırçılıq elədi:
- Rəis məni çagırmışdı
yanına, deyir bazarda alver eləyənlərdən
pul yığ, gətir mənə
Mənə söz verildi.
Mən sənin hazırladığın mətni
oxdum, axırda da dedim:
- Yoldaş Heydərov, mənim zonamda ogru, bandit, xuliqan yoxdu, camaat hökumətə tabeçilik eləyir. Sağ olsunlar, kimin qapısına gedirəmsə, atıma arpa verir, özümə
çolpa. Hamıdan razıyam. Şöbədə başıma and içirlər,
mənə kömək
eləyirlər.
Hiss elədim ki, nazir
çıxışımdan razı qaldı. O biri
danışanlara astaca, xalaxətrin qalmasın əl çalərdı,
mənə hər iki əlini havaya qaldırıb, bərkdən,
şappıltıyla, ürəkdən əl çaldı və
sonra sağ tərəfində oturan birinci müavini, Sovet
İttafaqı qəhrəmanı Səlahəddin Kazımovun
qulağına nəsə pıçıldadı
"Nəsə
pıçıldadı"nın səsi-sorağı bir
aydan sonra məlum oldu. Məmmədtağı Məmmədov
xidməti vəzifəsinin icrasında fərqləndiyinə
görə "SSRİ milis əlaçısı"
medalına layiq görüldü. O, bu medalı qürurla,
iftixarla, əməyinə verilən qiymət kimi sinəsində
gəzdirirdi.
***
O zəhrimar xəstəlik
boğazından bərk yapışdı onun. Həkimlər,
dava-dərman köməyinə yetişmədi...İşdən
çıxıb getdi Əvətliyə - qohum-qardaşın
yanına və elə oradaca haqq dünyasına qovuşdu.
Xidmət elədiyi ərazilərdə vəzifəli, vəzifəsiz
hamı yas mərasimində iştirak eləyib, Ulu Tanrıdan
rəhmət dilədi ona. Müəllimlərə qoşulub
mən də getdim ora, Əfətliyə, qəbrini ziyarət
elədik. Molla yasin oxudu, sonra məktəb direktoru Rza Əhmədov
çıxış eləyib, həyatda arzusu, amalı
xeyirxahlıq, savab işlər olmuş, məktəblə
mütəmadi əlaqə saxlayıb, kollektivə əməli
köməklik göstərmiş sahə müvəkkilinə
"rahat yat gor evində, sən cənnəti-məkansan,
qardaşım" dedi. Doğrudan da bizim sahə müvəkkilimiz
var-dövlət əsiri olmayıbmış. İki
otaqlı, balaca evi varmış. İstəsəydi, iyrənc
yollarla pul qazanar, başqa paqon yoldaşları kimi ata-baba
yurdunda böyük imarət saldırardı.
Bu gün də 4 kəndin
yaşlı nəsli, elə cavanlar da Məmmədtağı
Məmmədovu xeyirxah əməlli, ləyaqətli bir insan
kimi xatırlayırlar.
Əlibala
Rəhimov
Ədalət.-2012.-15
iyun.-S.10.