Ana
dilinə sonsuz sevgi və qayğı nümunəsi
Son illər ölkəmizdə
bütün sahələrdə olduğu kimi dövlət
siyasətinin əsas prioritetlərindən biri olan elm sahəsində
də uğurlu islahatlar aparılmaqdadır. Bu islahatlar
elmi-texniki potensialın qorunub saxlanılması, yüksəkixtisaslı
kadrların hazırlanması, elmi işçilərin cəmiyyətdə
nüfuzunun artırılmasına xidmət edir:
Azərbaycan Respublikasının
Prezidentinin 2008-ci il 10 aprel tarixli Sərəncamına əsasən
Azərbaycan elmində islahatların aparılması ilə
bağlı Dövlət Komissiyası yaradılmış, həmin
komissiya tərəfindən respublikamızda 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya və həmin
strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı hazırlanmışdır.
Elmin inkişafı üzrə
Milli Strategiya və Dövlət Proqramının icrası ilə
bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun
2015-ci ilədək inkişaf konsepsiyası və fəaliyyət
proqramı hazırlanmış və AMEA Rəyasət Heyətinə
təqdim olunmuşdur.
"Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə dair Dövlət Proqramı
haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may
2012-ci il tarixli 2236 nömrəli sərəncamı və
bunun ardınca 29 may 2012-ci ildə verilmiş 2240 nömrəli
"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutunun maddi-texniki bazasının
gücləndirilməsi haqqında" növbəti sərəncam
Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan
dilinin inkişafına dövlət qayğısının
bariz nümunəsidir. Bu proqram Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
hazırlanmış Dövlət Proqramına
uyğunlaşdırılmışdır.
"Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında" Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamında Azərbaycan dilinin
tarixən keçdiyi inkişaf yolu təhlil olunur və
göstərilir ki, müasir Azərbaycan dili
xalqımızın mənəvi sərvəti , dünya azərbaycanlılarının
həmrəyliyinin sarsılmaz təməli, dövlət
müstəqilliyimizin başlıca rəmzlərindən
biridir. Xüsusi olaraq qeyd olunur ki, 1945-ci ildə Azərbaycan
Elmlər Akademiyası təşkil olunduqdan sonra, eləcə
də 1969-cu ildə müstəqil Dilçilik İnstitutunun
yaranması ilə Azərbaycan dilçiliyi sürətli
inkişaf yoluna qədəm qoymuşdur. Ümummilli lider Heydər
Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında 18 iyun 2001-ci il tarixli və "Azərbaycan
Respublikasında dövlət dili haqqında" Azərbaycan
Respublikası Qanunun tətbiq edilməsi barədə" 02 yanvar
2003-cü il tarixli fərmanları Azərbaycan dilinin
inkişafında yeni mərhələ olmuşdur. Bu müddət
ərzində bir çox işlər görülmüş, ədəbi
dilimizin fəaliyyət meydanı genişlənmiş,
latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklər,
elmi əsərlər, lüğətlər, bədii ədəbiyyat
nümunələri çap olunaraq xalqın istifadəsinə
verilmişdir. Bu uğurların qazanılmasında
ümummilli lider Heydər Əliyevin dil siyasətinin layiqli
davamçısı İlham Əliyevin "Azərbaycan Milli
Ensiklopediyasının nəşri haqqında" və
"Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi barədə"
12 yanvar 2004-cü il tarixli sərəncamlarının
böyük rolu olmuşdur
Bütün bu uğurlarla
yanaşı, ana dilimizin inkişafı ilə bağlı
görüləsi işlər hələ çoxdur və bu
sahədəki fəaliyyətimiz müasir qloballaşma
dövrünə uyğun şəkildə davam etdirilməlidir.
Prezident sərəncamında
dövlətçiliyimizin başlıca rəmzlərindən
olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət
qayğısının artırılmasını, ölkəmizdə
dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə
yaxşılaşdırılmasını təmin etmək məqsədi
ilə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və digər aidiyyətli qurumlara Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramının hazırlanması həvalə olunmuşdur.
Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətinin 01 iyun 2012-ci il
tarixli 98 nömrəli sərəncamı ilə Azərbaycan
Respublikasının məlum sərəncamının
icrasının təmini məqsədi ilə müxtəlif
mütəxəssislərdən ibarət işçi qrupun
yaradılması qərara alınmış, Dövlət
Proqramının hazırlanmasının prinsipləri göstərilmişdir
Proqramın məqsədi dövlətçiliyimizin
başlıca rəmzlərindən olan ana dilimizin istifadəsinə
və tədqiqinə dövlət qayğısının
artırılmasını, ölkəmizdə dilçilik sahəsində
vəziyyətin əsaslı surətdə
yaxşılaşdırılmasını, respublika
dilçilərinin dilçiliyin aparıcı istiqamətlərində
fundamental və tətbiqi tədqiqatçılarının
inkişafına yönəlmiş yaradıcılıq səylərinin
birləşdirilməsini, dilçiliyin müasir cəmiyyətin
aktual problemləri ilə əlaqələndirilməsini, Azərbaycan
dilini qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsini təmin etməkdir.
Proqramda aşağıdakı vəzifələrin
yerinə yetirilməsi nəzərdə tutulur
- Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsi və ölkədə dilçiliyin
inkişaf etdirilməsi mexanizmlərinin yaradılması
- dilçilik sahəsində
yüksəkixtisaslı kadrların hazırlanması sisteminin
təkmilləşdirilməsi;
- dünya elminin müasir
inkişaf meyillərini nəzərə almaqla elmi tədqiqatların
prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
- dünyanın aparıcı elmi
mərkəzləri ilə elmi əməkdaşlığın
inkişaf etdirilməsi;
- dilin fundamental inkişafı və
tədrisi məsələlərinin
uzlaşdırılması;
- dilçi alimlərin müasir
informasiya texnologiyalarından istifadəsi işlərinin
canlandırılması;
- dil tarixinin daha dərindən tədqiqini
təmin etmək məqsədi ilə qədim dillərin
öyrənilməsi;
Proqramın həyata keçirilməsi
ilə aşağıdakı nəticələrin əldə
olunması nəzərdə tutulur:
- Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsi və ölkədə dilçiliyin
inkişafı dövlət səviyyəsində təmin
olunacaq;
- dünya elminin müasir
inkişaf meyilləri nəzərə alınaraq AMEA-da və
respublikanın digər elmi müəssisələri və ali
məktəblərində aparılan fundamental və tətbiqi
tədqiqatların prioritet istiqamətləri müəyyənləşəcək;
- dilçiliyin inkişafı sahəsində
fəaliyyət göstərən elmi müəssisələrin
və qurumların maddi-texniki bazası möhkəmlənəcək;
- Azərbaycan dilinin istifadəsi və
inkişafı ilə bağlı qısa və uzunmüddətli
kompleks elmi proqramlar işlənib həyata keçiriləcək;
- dilçilik sahəsində
yüksəkixtisaslı kadrların hazırlanması
yaxşılaşacaq;
- dünyanın aparıcı olan
mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlıq
inkişaf etdiriləcək, dilçiliyin müxtəlif aktual
problemlərinə dair birgə tədbirlər keçiriləcək
- Azərbaycan dilinin dövlət
dili kimi inkişafı, tədrisi, lüğət
ehtiyatının qorunması, sözyaratma prosesinə nəzarətin
gücləndirilməsi, dilin təmizliyinin qorunması sahəsində
kompleks tədbirlər həyata keçəcək;
- dilin inkişafının təmin
edilməsini, ədəbi dil normalarının
qorunmasını təmin edən normativ-hüquqi qanunvericilik
bazası yaradılacaq;
- mətbuat orqanlarında, radio və
televiziya kanallarında ədəbi dil normalarının pozulma
hallarının qarşısının alınması
mexanizmləri müəyyənləşəcək;
- elmi-bədii və publisist əsərlərin
birbaşa yazıldığı dildən tərcüməsi,
eləcə də dublyaj filmlərinin tərcüməsi sahəsində
problemlərin aradan qaldırılması üçün
aparılacaq tədbirlər müəyyənləşəcək;
- küçə və
meydanlardakı reklamlarda, afişalarda, ictimai iaşə obyektlərində
ədəbi dil normalarının pozulmasının
qarşısının alınması yolları müəyyənləşəcək;
- dilçilik elminin prioritet istiqamətləri müəyyənləşəcək;
- qədim dünya dillərinin
öyrənilməsi sahəsində dönüş
yaradılacaq, müasir dünya dilçiliyinin nəzəri səviyyəsinə
uyğun elmi-tədqiqat işlərinin aparılması
gücləndiriləcək;
- Azərbaycan dilində internet
resursların, elektron və interaktiv dərsliklərin
yaradılması sahəsində işlər
canlandırılacaq;
- Azərbaycan dilini öyrənən
xaricilər və xarici dili öyrənmək istəyən azərbaycanlılar
üçün tədris vəsaitlərinin
hazırlanması təmin olunacaq;
Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
aşağıdakı maliyyə mənbələri
hesabına həyata keçiriləcəkdir:
- dövlət büdcəsində
müvafiq dövlət qurumlarının xərclər
smetasında elmi tədqiqatların aparılması
üçün nəzərdə tutulmuş vəsaitlər;
- Elmin İnkişaf Fondunun
ayırdığı vəsaitlər;
- büdcədənkənar vəsaitlər
(qrantlar, digər mənbələr);
- Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında" 23 may 2012-ci il tarixli
2236 nömrəli Sərəncamının icrası ilə əlaqədar
ölkəmizdə dilçilik elmi üzrə
araşdırmaların mərkəzi olan AMEA Nəsimi
adına Dilçilik İnstitutuna ayrılmış vəsait
hesabına
Proqramın icrası ilə
bağlı aşağıdakı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur:
- Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələbələrinə
uyğun istifadəsi və ölkədə dilçiliyin
inkişafı ilə bağlı aparılacaq elmi-tədqiqatların
azərbaycançılıq ideyasına, azərbaycançılıq
məfkurəsinə əsaslanmasının təmin
olunması;
- Dilçilik tədqiqatlarının
xalqımıza məxsus milli-mənəvi dəyərlərlə
əlaqələndirilməsi və azərbaycançılıq
məfkurəsi mövqeyindən araşdırılması;
- Dilçilikdə azərbaycançılıq
məfkurəsinin konseptual əsaslarının işlənilməsi;
- Milli-mənəvi dəyərlərin,
Azərbaycan mədəniyyəti və tarixinin dilçiliklə
əlaqəli şəkildə azərbaycançılıq
fəlsəfəsi əsasında
formalaşdırılması;
- Azərbaycan dilinin müasir
qloballaşma şəraitində Azərbaycan xalqının
bütövlüyünü qoruyan amil olması, dil və
dövlətçilik, dil və milli mədəniyyət, dil
və milli varlığımız və s. məsələlərin
dil tədqiqatlarında, Azərbaycan dilinin orta və ali məktəblərdə
tədrisi prosesində nəzərə alınması;
- Azərbaycan dilinin qorunması, tədrisi
təbliği, hərtərəfli inkişaf etdirilməsi ilə
bağlı Prezident Sərəncamları ilə tənzimlənən
dövlət dil siyasətinin əsas prinsiplərinin elmi-tədqiqat
planlarında və tədris proqramlarında əks
olunması;
- Dünyanın aparıcı elm mərkəzlərində
və təhsil müəssisələrində dilin öyrənilməsi
və tədrisi prosesinin vəziyyətinin təhlil edilməsi
və elmi-tədqiqat işlərinin
planlaşdırılmasında qabaqcıl təcrübədən
istifadə olunması;
- Nəzəri dilçiliyin
fundamental problemlərinin tədqiqi ilə bağlı
dünyanın aparıcı elm mərkəzləri ilə
işbirliyinin qurulması, birgə layihələrin həyata
keçirilməsi;
- Azərbaycan dilinə aid xarici
ölkə kitabxanalarında və əlyazma fondlarında olan
mənbələrin müəyyənləşdirilməsi və
tədqiqi ilə bağlı respublikada qədim dillər sahəsində
mütəxəssislərin yetişdirilməsi;
- Azərbaycan dilinin tarixi, qədim
yazılı abidələrin və ayrı-ayrı klassiklərinin
dilinin öyrənilməsi üçün dilçilərdən,
tarixçilərdən, ədəbiyyatçılardan və
s. mütəxəssislərdən ibarət yaradıcı
qrupların yaradılması;
- Azərbaycan dilinin dövlət
dili kimi inkişafı, dilin təmizliyinin qorunması, ədəbi
dilin normalarına əməl olunmaması, küçə və
meydanlardakı reklamlarda, ictimai iaşə obyektlərində
Azərbaycan dilinin ən adi leksik və qrammatik
qaydalarının pozulması hallarına operativ müdaxilə
məqsədi ilə qaynar xəttin yaradılması;
- Azərbaycan Respublikasında
Dövlət dili haqqında qanunun pozulmasına görə məsuliyyət
məsələlərinə baxılması üçün
dilçilərdən və hüquqşünaslardan ibarət
komissiyanın təşkil olunması;
- Azərbaycan Respublikasında
Dövlət dili haqqında qanunun pozulmasına görə məsuliyyəti
tənzimləyən normativ-hüquqi sənədlərin
hazırlanması və onların icra mexanizmi müəyyənləşdirilməsi
- Mətbuat orqanlarında, radio və
televiziya kanallarında ədəbi dil normalarının
pozulması hallarının qarşısının
alınması üçün dilçilərdən, mətbuat,
radio və televiziya işçilərindən ibarət
komissiya yaradılması;
- Elmi, bədii və publisist əsərlərin
birbaşa yazıldığı dildən tərcümə
edilməsi, Azərbaycan dilinə dublyaj edilən filmlərin tərcüməsinin
keyfiyyətinə nəzarət məqsədi ilə ekspert
komissiyası yaradılması və həmin komissiyanın
vaxtaşırı hesabatının dinlənilməsi;
- Dilçiliyə aid fundamental tədqiqatların,
çoxcildliklərin, tərcümə, terminoloji, tarixi,
dialektoloji, statistik və s. lüğətlərin
hazırlanması və nəşri ilə bağlı təkliflərin
verilməsi;
- Nəzəri dilçiliyin aktual
problemlərinə, mətn dilçiliyinə, koqnitologiyaya,
kompyuter dilçiliyinə, linqvostatistikaya, maşın tərcüməsi
məsələlərinə diqqətin artırılması;
- Dilçiliyin başqa elmlərlə
həmhüdud sahələrinin (fənlərarası əlaqələr)
sistemli tədqiqi, dilin fəlsəfi problemlərinin, sosiolinqvistika,
etnolinqvistika, psixolinqvistika, neyrolinqvistika, maşın tərcüməsi
sahəsində araşdırmaların genişləndirilməsi;
- Azərbaycan dilinin internet məkanında
işlənməsinin tətbiqi-linqvistik məsələləri,
Azərbaycan dili üçün tətbiqi-linqvistik
texnologiyaların hazırlanması;
- Azərbaycan dilini öyrənmək
istəyən xaricilər və xarici dili öyrənmək
istəyən azərbaycanlılar üçün müasir tələbələrə
cavab verən dərs vəsaitlərinin, elektron və interaktiv
dərsliklərin hazırlanması;
- Azərbaycan dilinin müasir vəziyyəti,
funksional qrammatika və üslubları, xüsusilə nitq mədəniyyəti
məsələlərinə günün tələbləri
səviyyəsində diqqətin artırılması,
Dilçilik İnstitutunda bu məsələləri
araşdıran və əlaqələndirən yeni
şöbənin açılması, "Nitq mədəniyyəti"
fənninin bütün ali məktəblərdə tədrisi,
"Nitq mədəniyyəti" bülleteninin nəşri;
- Azərbaycan dilinin dialekt və
şivələrinin (respublikada və respublikadankənar) tədqiqi
və sistemləşdirilməsi, dialektoloji ekspedisiyaların təşkili;
- Elmi-texniki terminologiyanın
linqvistik məsələlərinin araşdırılması,
ikidilli və çoxdilli (izahlı) terminoloji lüğətlərin
tərtibi işlərinin daha intensiv davam etdirilməsi, həmçinin
lüğətçilik sahəsində indiyədək
toplanmış materialların elektron bazasının
yaradılması;
- Azərbaycan onomastik vahidlərinin
tədqiqi, çeşidli onomastik izahlı lüğətlərin
tərtibi, kənd, qəsəbə, şəhər, rayon,
küçə, prospekt adlarının toplanması,
kataloqlaşdırılması, dəyişdirilmiş onomastik
vahidlərin tarixi adlarının qeydə alınması,
elektron bazasının yaradılması;
- Türk dillərinin fonetika,
leksika, qrammatika və frazeologiyasının müqayisəli tədqiqi
sahəsində işlərin intensivləşdirilməsi,
ortaq əlifba, ortaq terminologiya və ortaq ədəbi dillə
bağlı birgə layihələrin hazırlanması;
- Azərbaycan dilinin dünya dilləri
və Azərbaycanda yaşayan azsaylı xalqların dilləri
ilə qarşılıqlı əlaqələrinin tədqiqi,
bununla bağlı ikidilli müxtəsər lüğətlərin
hazırlanması;
- Azərbaycan dilinin internet məkanında
işlənməsinin nəzəri və praktik məsələlərinin
öyrənilməsi, müasir tələblərə cavab verən
elektron (audio, video) lüğətlərin hazırlanması,
Azərbaycan dilinin (izahlı, orfoqrafik, ikidilli və
çoxdilli tərcümə və terminoloji) lüğətlərinin
internet məkanında geniş istifadəsi üçün
axtarış sisteminin hazırlanması, lüğət tərkibinə
yeni daxil olmuş sözlərin təhlili və tənzimləməsi
məqsədi ilə elektron korpusun yaradılması;
- Azərbaycan dilini yeni öyrənənlər
üçün danışıq, sorğu, məlumat
kitabçalarının, lüğət-minimumların
hazırlanması, onların elektron versiyalarının
yaradılması.
Azərbaycan Respublikası
Prezidentinin hər iki Sərəncamı AMEA Nəsimi adına
Dilçilik İnstitutu, eləcə də bütün
dilçi alimlər qarşısında böyük vəzifələr
qoyur. Bu vəzifələri yerinə yetirmək bizim həm də
mənəvi borcumuzdur.
Məsud
Mahmudov,
AMEA
Nəsimi adına Dilçilik
İnstitutunun
elmi işlər üzrə direktor
müavini,
filologiya elmləri
doktoru,
professor
Ədalət.-2012.-25
iyun.-S.12.