Hamıya
məlum naməlum Axundzadə
Və
yaxud hekayəti-Mirzə Fətəli
dramaturqi-məşhur...
"Yuğ" Dövlət
Teatrı bir neçə gün öncə yeni
tamaşasını təqdim elədi. Premyerasının sonu
alqış səsləri və gül hədiyyələri
ilə bitən bu tamaşanın adı da olsun "Naməlum
Axundzadə".
Niyə məhz "Naməlum
Axundzadə", Axundzadənin məlum olmayan tərəfimi
var? Milli dramaturgiyamızın bünövrəsini qoyan Mizə
Fətəlinin əsərləri bu gün əksər
teatrlarımızın repertuarında yerini möhkəmləndirib.
"Yuğ"un birinci dramaturqumuzun yaradıcılığına
müraciəti səbəbsiz olmaz yəqin.
Bayramın olsun, Mirzə Fətəli!
Səbəb deyəndə ki... Səbəbdən
də böyük səbəb var. Məmləkətdə
"Sərgüzəşti-Mirzə Fətəli Axundzadə"
Milli Teatr Festivalı keçirilir. Bu teatr bayramı milli
dramaturgiyamızı yaradan, böyük mütəfəkkir
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr
olunub. Mədəniyyət və Turizm Nazirliyi ölkənin
teatr ictimaiyyətinin gücünü səfərbər edərək
dövlət başçısının bu əlamətdar
yubileyin təntənəli keçirilməsi ilə
bağlı imzaladığı sərəncama öz töhfəsini
verir. Söhbət Mirzə Fətəli kimi nəhəng
simadan gedirsə niyə də bayram olmasın?
Milli Teatr Festivalı çərçivəsində
21 dövlət teatrı 24 tamaşa hazırlayıb. Maraqlıdı
ki, paytaxtda və bölgələrdə fəaliyyət
göstərən kukla teatrları da Axundzadə yaradıcılığına
müraciət edib. Mirzə Fətəlinin yubileyinə həsr
olunan bu teatr bayramına Mingəçevirdə start verilib. Bəzi
teatrlarımız birinci dramaturqun əsərləri əsasında
hazırladıqları tamaşaları Mingəçevir
Dövlət Dram Teatrının səhnəsində
oynayıblar.
Bayramın ikinci mərhələsi
Bakıda davam etməkdədi.
Molla İbrahimxəlil, Məstəli
şah və Lənkəran xanının vəziri bir arada...
Ona görə də qayıdaq
Bakıya. "Yuğ" teatrına, kollektivin yeni
tamaşasına, "Naməlum Axundzadə" məsələsinə...
Deməli belə, öz
yaradıcılıq dəsti-xətti, özəl poetikası
olan "Yuğ" teatrında belə hesab edirlər ki, Mirzə
Fətəli Axundzadənin pyesləri müasir dövrdə
çağdaş teatr sənətinin yeni bədii-estetik
prinsipləri çərçivəsində səhnəyə
gətirilsə, bu, milli teatr sənəti üçün təkanverici
amil rolunu oynaya bilər. Özündə Avropa modelli
dramaturgiyanın tələb və şərtlərini, həmçinin
sakral arxetirik mənaları ehtiva edən Axundzadə pyesləri
XXI əsrdə də yeni teatr sənəti üçün ədəbi
əsas rolunu oymamağa qadirdi. Ona görə də
yaradıcı kollektiv birinci milli dramaturqumuzun pyeslərini fərqli
aspektdən səhnələşdirmək, Axundzadə irsinin
bu günə kimi aşkarlanmayan naməlum tərəflərini
işıqlandırmaq istəyib. Əcəb də edib!
"Naməlum Axundzadə"
tamaşasında müəllifin üç pyesindən-
"Hekayəti Molla İbrahimxəlil Kimyagər",
"Hekayəti Müsyo Jordan həkimi-nəbatat və Dərviş
Məstəli şah cadükini məşhur" və "Sərgüzəşti-Vəziri-Xani
Lənkəran"dan istifadə olunub.
Amma və lakin bu, sadəcə
dramaturqun adıçəkilən pyeslərindən
hansısa epizodları oynamaq anlamına gəlmir. Tamaşanın
yaradıcı heyəti üç pyesdəki ayrı-ayrı
hadisələri bir-biri ilə elə bağlayıb ki, sonda
tam bitkin bir "Naməlum Axundzadə" tamaşası
alınıb.
Yeknəsək həyatdan bezən
bir qrup insan məhrəm və qutsal məkana daxil olurlar. Onları
buxovlayan yasaqları pozaraq, özlərində yeni həyat
eşqini bərpa edir, könüllü surətdə yeni məsuliyyət
yükünün altına girirlər.
Yaradıcı qrup
tamaşaçılara belə bir mesaj verir- Ey insanlar, sizi
buxovlayan zəncirləri qırmaqdan usanmayın. O sizi yeni məhrəm
tellərlə həyata bağlayacaq.
Yazının bu yerində təbii
ki, gərək tamaşa müəlliflərinin adlarına yer
ayrılsın. Deməli belə, quruluşçu rejissor
Gümrah Ömər, quruluşçu rəssam Rəşid
Şerif. Yaddan çıxmamış onu da qeyd edək ki, Rəşid
Şerifin rəsmi titulu da var-əməkdar rəssam.
Tamaşanın musiqi
dizaynını Ramiq Mehdi hazırlayıb. Umay Həsənova və
Leyla Əliyeva geyim rəssamı kimi aktyorları geyindirməklə
məşğul olublar. Ər Toğrulla Aytən Məmmədova
quruluşçu rejissora asissentlik ediblər.
Adları sadalananlar hamısı səhnənin arxasında qalanlardı. Rejissorun fikirlərini tamaşaçıya çatdıran, "Yuğ"un bapbalaca səhnəsində böyük sənətkarlıq nümayiş etdirən aktyorların adları yazılmasınmı? Tamaşaçıya "Naməlum Axundzadə"ni bilavasitə təqdim edənlərin adları naməlum qalsınmı? Əlbəttə yox.
Elə isə
tanış olun. Tamaşada Axundu
əməkdar artist Fərhad İsrafilov, Mirzə Fətəlinin
yaratdığı ən məşhur obrazlardan
biri-Dərvişi əməkdar artist Məmməd
Səfa, Kimyagəri əməkdar artist Vidadi Həsənov, onun
Şəyirdini Hikmət Rəhimov oynayır. Əməkdar artist Sonaxanım Mikayılovanı Xatun, əməkdar artist Gülzar Qurbanovanı Xanım, Yaqut Paşazadəni Övrət, Zümrüd Bəxtiyarı Məşuqə
obrazlarında görəcəksiniz.
Mirzə Fətəli Axundzadənin
yazdığı "Kəmalüddövlə məktubları"ndakı
bir fikrə söykənən tamaşanın müəllifləri
belə hesab edirlər ki, bütün oğrular, yolkəsənlər,
qatillər... hamısı cəhənnəmə inanan
insanların arasından çıxır...
Bəs siz necə fikirləşirsiz?
Etibar
CƏBRAYILOĞLU
Ədalət.-2012.-15
iyun.-S.16.