Yaxşı ki, bu yurdun Bəxtiyarı var...

 

  Televizora baxırdım. Növbəti xəbər göstəriləndə ürəyim yerindən oynadı. Türkiyədə "Palmali" şirkətinin prezidenti Mübariz Məsimovun sifarişilə ərsəyə gəlmiş "Bəxtiyar Vahabzadə" gəmisinin suya salınmasına həsr olunmuş süjet göstərilirdi. Mən bütün qəlbimlə ekrana bağlanmışdım. Böyük şairin ömür-gün yoldaşı Dilarə xanım Vahabzadə və oğlu Azər Vahabzadə də burada idilər. Dilarə Vahabzadənin kövrək çıxışı ürəkləri riqqətə gətirdi. O, dedi: "Bəxtiyar öləndə mən elə bildim ki, arxamdan dağ uçdu... Bəxtiyar quruda yaşayırdı, quruda şöhrət qazanmışdı. Bu gün Bəxtiyarın ruhu sulara qarışır. Bundan sonra dənizlərdən-dənizlərə keçəcək, ruhu sularda da əbədiyyət qazanacaqdır".

   "Bəxtiyar Vahabzadə" gəmisi sulara yol aldı. Mənimsə qəlbimdə xoş duyğular dalğalandı. Ustadı 1955-ci ildən tanıyırdım, Universitetdə mənə dərs demişdi. Müəllim-tələbə ünsiyyətimiz qırılmaz dostluğa çevrilmişdi. Mən onun müdrik poeziyasının vurğunu idim. Radioda, televiziyada işlədiyim illərdə haqqında çox verilişlər hazırlamışdım. Mənim ssenarimlə iki sənədli film çəkilmişdi. Sonralar da ustad haqqında çox yazmışdım. Böyük sənətkarın sağlığında qələmə aldığım yazılardan biri... Bəxtiyar müəllim onu çox bəyənmiş, hətta mənə minnətdarlıq məktubu da yazmışdı.

   İstanbulda "Bəxtiyar Vahabzadə" gəmisinin suya salınmasını, dünya səyahətinə uğurla başlamasını görəndən sonra bir vaxtlar şair haqqında qələmə aldığım "Yaxşı ki, bu yurdun Bəxtiyarı var"... adlı düşüncə və təəssüratlarımı "Ədalət" qəzetinin hörmətli oxucularına təqdim etmək fikri keçdi ürəyimdən...

  

   Müəllif

 

   (əvvəli ötən şənbə sayımızda)

 

   O öz xalqını dəhşətli şokdan qurtarmaq, ardı-arası kəsilməyən telefon zənglərinə cavab vermək üçün televiziyaya üz tutmuşdu. Bərk həyəcanlıydı, "Əziz xalqım! - deyə sözə başladı. Qəhər boğdu onu... Birtəhər özünü ələ alıb, ürək kimi çırpınan kəlmələri bir-birinə qoşdu: - Keçirdiyiniz nigarançılığa görə, mənə olan bu sevgiyə görə sizə təşəkkürümü yetirmək üçün söz tapa bilmirəm. "Sağ olun!" deyirəm hamınıza, "Sağ ol!" deyirəm sənə, xalqım!"

   Onu hıçqırıq boğdu, sözünün dalını gətirə bilmədi. Ekran qarşısında olanlar da eyzən onun kimi göz yaşı içində idi. Bu sevincdən doğan bir göz yaşı idi.

   O dərdli-ələmli günlərdə şair ürəyinin qanı ilə "Şəhidlər" poemasını yazır, eyni zamanda "Şənbə gecəsinə gedən yol" adlı publisistik kitabı üzərində işləyirdi. Poemanın ilk misraları unudulmaz sənətkarımız Emin Sabitoğlunun bəstəsində və Zeynəb Xanlarovanın yanıqlı səsində xalq fəryadına, harayına çevrildi, şəhidlərin ölməz ruhuna qovuşub, Vətən göylərinə ucaldı...

   "Şəhidlər" poeması ədəbiyyatımızın azadlıq və qəhrəmanlıq mövzusunda yazılmış əsərləri sırasında bir abidəyə döndü və öz müəllifinin şöhrəti üstünə şöhrət gətirdi, adını yanıqlı ürəklərə həkk etdi.

   Bəxtiyar müəllim poemanın ilk fəsillərini televiziyaya təqdim etmişdi, istəyirdi ki, sözü isti-isti tamaşaçılara çatsın.  

   Veriliş efirə gedən gün teleşirkətin o zamankı sədri Qeysər Xəlilov daxili telefonla mənə zəng edib, bir az şübhəli-şübhəli:

   - Poemanı gətir, mən də oxumaq istəyirəm, - dedi.

   Apardım. Qovluğu gözucu vərəqlədi. Səhifələri çevirdikcə rəngi avazıyırdı. Səbri çatmadı axıra qədər oxumağa, əsəbi halda üstümə qışqırdı:

   - Bu nədir, bombanı qoymusan stolumun üstünə? Görmürsən qan-qan deyir Bəxtiyar?!

   O, odla su arasında qalmışdı: bir yandan yuxarılardan qorxur, bir yandan da Bəxtiyar müəllimdən keçə bilmirdi. Deyirdi:

   - Bəxtiyar mənim gənclik dostumdur. Niyə onunla məni düşmən edirsən? Sən özün qaytara bilmirdin bu əsəri? Axı, hamı bilir ki, yaxın dostsunuz. Bəxtiyar sənin sözündən çıxmaz. Məni niyə zülmə salırsan? Bu əsər efirə gedən kimi mənim atamı yandıracaqlar.

   Məsələ qəlizləşirdi... Zəng elədim. Bəxtiyar müəllim gəldi. Ayrı-ayrı bəndləri daradıq. Ancaq bu, "heç nə" demək idi. Hər söz, hər misra od püskürürdü. Onu ekranda görənlər deyirdilər: "Bəxtiyar kəfən geyinib çıxıb ora".

   O axşam milyon-milyon ürəyin dərinliyindən qopub gələn səslər birləşib xalq istəyinin nidasına çevrildi: "Ananın südü, bu torpağın çörəyi halal olsun sənə, şair!"

   Bəli, xalq öz mərd oğlunu, dönməz şairini qəlbinin var səsilə alqışladı. Yuxarı dairələr isə bir-birinə dəymişdi. Bərk qorxurdular ki, bu "bomba"nın səsi gedib Moskvaya çata bilər. Qeysər Xəlilova da möhkəmcə təpinmişdilər. O da fürsəti fövtə vermədi. Məni işdən - baş redaktor vəzifəsindən kənarlaşdırdı.

   Bu, Bəxtiyar müəllimi bərk mütəəssir eləmişdi. O, özünə yer tapa bilmirdi...

   ...Bəxtiyar Vahabzadə əqidə, məslək, amal şairidir, daim mübarizədə, döyüşdədir. Azərbaycan adının ucalığı, xalqımızın azadlıq eşqi, milli varlığımız, tariximiz, taleyimiz, dilimizin saflığı, mənəviyyatımız - bütün bu müqəddəs, əzəli, əbədi mövzular "Vətən əbədidir, gedəriyik biz" - deyən mütəfəkkir söz ustasının sənət palitrasında yeni bir ahənglə nəqşə-nəqşə gül açır, günəş rənginə boyanıb bərq vurur.

   Şair xalq! Şair xalqı ilə, xalq da şairi ilə böyükdür, əzəmətlidir, qüdrətlidir. Görün, deyir Bəxtiyar misraları:

 

   Şair - od qaynağı, şeir - güllədir,

   Barıtsız şeirə şeir deyilməz.

   Şairi olmayan bir xalq kütlədir,

   Amalsız bir kütlə xalq ola bilməz.

 

   Bəli, "od qaynağı"dır Bəxtiyar, hər şeiri bir güllə!

   ...Sinəsi söz çeşməsidir. Doymaq olmur söhbətlərindən. Hərdən misralar çiçəkləyir dodaqlarında, hərdən özünü unudur.

   - Çətin günlərim çox olub, - deyir, - ağrı-acılarım ondan da çox. Həmişə şeirlərimi ora-bura yozublar. "Gülüstan" poemasına görə başım qədər bəlalar çəkib? Bunu bir Allah bilir, bir mən. Yaman düşmüşdülər üstümə, gözümü açmağa qoymurdular. Həm maddi, həm mənəvi sıxıntılar içində boğulurdum

   Belə günlərin birində evdən çıxanda gördüm ki, qapımızın ağzında bir zənbil var - özü ərzaqla dolu. Ət-yağından, kartof-soğanından tutmuş göyərtisinəcən desən var idi içində. İstədim çıxıb gedəm işimin dalınca, uşaqlar gəldi gözümün qabağına. Elə bil kim isə qulağıma dedi: "Sizin üçün gətiriblər bu zənbili".

   Həftə tamamında bu bir təkrar olundu. Sonra yenə, yenə... Maraq məni boğurdu: "Görəsən kimdir bu xeyirxah adam?!"

   Axır ki, zənbili gətirən uşağı yaxaladım. Əziz dostum, unudulmaz aktyorumuz Həsənağa Salayevin oğlu idi. Sən demə, Həsənağa məni utandırmamaq üçün belə eləyirmiş...

   Zəng vurdum:

   - Bu xəcalətdir verirsən mənə? - dedim.

   - xəcalət, - dedi, - bəs dost dosta gündə gərəkdir?

   O hadisəni yada salanda həmişə kövrəlirəm.

   ...Araya sükut çökür. Handan-hana:

   - Dostların sırası yaman seyrəlir, - deyə köks ötürür. - Qənbər Hüseynli ilə gecə-gündüz bir yerdəydik, mahnılar yazırdıq. Bir dəfə necə oldusa, Stalindən söz düşdü. Ürəyimi boşaltdım, boşaltdım! Hisslər, emosiyalar soyuyanda varlığıma bir qara qorxu çökdü ki!.. Sübhəcən gözümü yuma bilmədim. Səksəkə içində düşünürdüm: "Bu dəqiqə gəlib aparacaqlar!".

    Sən demə, yazıq Qəmbər gözünü yummayıb o gecə. Mən ondan ehtiyat edirdim. Sən demə, o da məndən ehtiyat edirmiş... Beləcə ikimiz o dünyanı görüb qayıtdıq. Bu dəhşətli sarsıntılardan yarandı "İki qorxu" poeması

   Soruşuram:

   - Gündəlik yazırsınızmı?

   - Yazıram, - deyə fikirli-fikirli başını tərpədir. - 1953-cü ilin martından, Stalin ölən gündən

   - Niyə məhz o gündən?

   - O cəlladın dövründə başıma o qədər bəlalar gəlib ki!.. Neçə dəfə taleyim tükdən asılı olub. Ancaq bir xoşbəxtliyim var ki, ürəyimdən, qələmimdən, dostlardan xəyanət görməmişəm.

   - Bəs gündəliyi çap elətdirmək fikriniz yoxdur?

   - Niyə yoxdur, var, - deyir. - Artıq 700 səhifəsi kompüterdən çıxıb. Bu seçmələrdir. Orada elə intim məqamlar var ki, indi onu çap elətdirsəm, söz-söhbət yaradar. Qorxuram bəzi adamların xətrinə dəyəm.

   - Qələm sözünüzə baxırmı?

   - Ağzı nədir baxmasın, - deyə gülümsəyir. - Ömrümüz bir yerdə keçib. Yaşın bu çağında bir-birimizin xətrinə dəyə bilmərik ki?! ... Mən ilhamın da, qələmin fəhləsiyəm. Onlar da mənim qoşa qanadımdı. Heç birindən gileyim yoxdur.

   İndi əlimin altında bir pyesim var - "Rəqabət". Müasir mövzudadır. Çox mətləblərə toxunur. Yazıram, pozuram... Bu günlərdə Milli Teatra təqdim edəcəyəm. - Köksünü dərir: - Gərək qələm susmasın. Bu millət qarşısında yerdən göyəcən borcumuz var. Biz bu borcun altından heç vaxt çıxa bilmərik.

   Bu, onun yaralı yeridir. O özünü atanın, ananın, müəllimin, doğmaların, bir sözlə, hamının, hamının qarşısında borclu sayır.

   "Yadıma gəlmir ki, deyəm: kimsə borcludur mənə". Dilindən düşmür bu söz.

   Söhbətimiz axıb gedir. O, sualı-suala calayır: "Allah bizi niyə yaradır?" "Biz bu dünyaya üçün gəlirik?" "Bu gəlişin məramı, məqsədi nədir?"

   Başlayır yavaş-yavaş fikirlərini çözməyə:

   - Bütün bu sualların cavabında borc hissi dayanır: "Bu hiss öləndə ömrün, yaşamağın mənası da ölür. Borc hissi müqəddəs hissdir".

   Söhbətin bu yerində "Hamıya borcluyam" şerindən bu misraları yada salıram:

 

   Bu elin xeyrini, şərini görcək

   Həm yasa borcluyam, həm toya borclu.

   Vətənin ən adi vətəndaşı tək

   Hamıya borcluyam, hamıya borclu!

   O da şeirin son bəndini dilə gətirir:

   Harda gizlənmisən, ay Vətən oğlu?

   Vətənin başından duman, çən keçir.

   Millətə borcunu ödəmək yolu

   Vətənə, millətə sevgidən keçir.

  

   - Bu, ürəyimin həm nidası, həm çağırışı, həm harayıdır, - deyə dalğın baxışlarla üzümə baxır.

   - Bəxtiyar ürəyinə , onun nidasına da eşq olsun! - deyirəm.

 

   (ardı növbəti şənbə sayımızda)

 

 

   Nahid HACIZADƏ

 

  Ədalət.-2012.-15 iyun.-S.17.