İNKİŞAFIN
AZƏRBAYCAN MODELİ
Ağcabədi
Avropa şəhərləri ilə
müqayisə oluna bilər
Bu gün həyatın inkişaf
sürəti istər-istəməz bizi arxaya-dünənlə
bu günün təmas nöqtəsini tapmağa, əlaqələrin
tellərini yenidən yoxlamağa və bütövlükdə
keçmişdən gələcəyə boylanmağa vadar
edir. Biz dünəndən bu günə və sabaha
baxdıqca təbii ki, dünəni təkcə dəyərləndirmirik,
həm də dünənimizdə olanları yenidən
saf-çürük edib hardan hara gəldiyimizi,
inkişafımızı, uğurumuzu, çiçəklənən
arzularımızı yada salmaqla özümüzə bir yeni
dünya açır, onu daha da gözəl etmək
üçün ruh yüksəkliyi ilə, inamla, ilhamla qurub
yaradırıq...
Təbii ki, bizim 20 ildə
keçdiyimiz yolun kifayət qədər çətinlikləri,
problemləri olub. Bu çətinliklər və problemlər
xüsusilə döyüş bölgəsinə yaxın ərazilərdə
özünü göstəribdi. Bu da səbəbsiz deyil. Yəni
cəbhə xəttinə yaxın ərazidə qurub-yaratmaq
müəyyən məsələləri nəzərə
almaqdan keçir. Burada düşmənin təxribatı, eləcə
də qəfil hücum məqamları xüsusilə nəzərə
alınır. Elə etmək, elə qərarları gerçəkləşdirmək
lazım gəlir ki, bu, həm insanları ruhlandırsın,
onları torpağa daha çox bağlasın, həm də
düşmənin özünə də bütün mənalarda
göz dağına çevrilsin, Azərbaycan vətəndaşı
cəbhə xəttində yaşayıb-yaratmaqdan qürur
duysun, düşmən isə bizim bütün sahələrdə
qazandığımız nailiyyətləri özünün
gələcək məğlubiyyətinin ilk və
böyük zərbələri kimi qəbul etsin. Bax, bu mənada
cəbhə xəttində yerləşən Ağcabədi
rayonunun real durumu, real həyatı, real mənzərəsi
kifayət qədər sevindirici və ümidvericidir. Həmin
o göz oxşayan mənzərəni ifadə etmək, onu
olduğu kimi oxucuya çatdırmaq üçün çəkinmədən,
dayanıb gözləmədən həmin o inkişafın
ünvanına, gözəlliyin tərənnümçüsünə
doğru üz tuturam.
Beyləqandan keçib Ağcabədi
istiqamətində hərəkət etdiyim bu narahat yolun
Ağcabədi sərhəddinə çatıram. Necə deyərlər,
artıq rahat nəfəs almaq olar. Özü də təkcə
yolun rahatlığına görə yox, həm də yol boyu
salınmış yaşıllıqların, pöhrələnən
tinglərin gözə, könülə gətirdiyi xoş əhval-ruhiyyəni
də bu rahatlığa tərəddüdsüz əlavə
edəndə adamın ovqatı necə deyərlər, əməlli-başlı
durulur. Göz oxşayan səliqə- səhman
açığını deyim ki, gözlərimi elə dincəldir
ki, sanki qaranlıqdan işığa çıxır. Elə
bu işığın ucundan tutub rayon mərkəzinə
doğru irəliləyirəm. Ağcabədi şəhərinin
girişindən içəri daxil olanda yolun sağ və sol
tərəflərində sıralanmış sosial obyektlər,
ticarət və yanacaqdoldurma mərkəzləri
özünün gur lampaları ilə ətrafı əməlli-başlı
süd rənginə boyayıb. Çayxanalardan birinin
qarşısında maşından enirəm. Elə bu
çayxananın girişindəki bir-birindən fərqli
lampalar yadıma məşhur bir filmi salır. Həqiqətən
də gözəl gecədir, həqiqətən filmdə
deyildiyi kimi, mavi gecələrdi!!! Doğrudur, mən nə
Parisdə, nə də Avropanın keçmiş SSRİ
hüdudlarından kənardakı şəhərlərindən
heç birində olmamışam. Amma fəhmlə Ağcabədinin
bu mavi gecələrini ekrandan müşahidə etdiyim Parislə
müqayisə etməyə çalışıram.
Yadıma Badembadeni salıram. Ola bilsin ki, mənim bu müqayisəm
kimlər üçünsə mübahisəli
görünsün, amma dəxli yoxdur. Çünki yaxın
onillikləri xatırlayanda mənim etdiyim müqayisə
çox real və həqiqi görünür. Ən azı
Ağcabədiyə tez-tez gedib-gələn bu bölgənin
müstəqilliyimizin ilk illərindəki durumunu
müşahidə edən bir vətəndaş kimi mən tam
səmimiyyətimlə və əminliklə Ağcabədini
Avropanın şəhərləri ilə müqayisəmdə
özümü haqlı sayıram. Bu təkcə zahiri
gözəllik deyil, bu həm də daxili bir inkişafın, tərəqqinin
diqtəsidi. Yəni Ağcabədi kosmetik bir bəzənmə
yaşamır. O, özü özünü bəzəyə-bəzəyə
həm də iç dünyasının bəzəyini zənginləşdirir.
Bir zamanlar bərbad yolları,
acınacaqlı görkəmi ilə insanda nisgilli notlar yaradan
bu şəhərin açılmış təzə
güllər kimi göz, könül oxşaması məndə
xatirələri təzələyir. Yaddaşıma üz
tuturam və həmin o yaddaşın işığında
sovet dönəminin son illərini, Ağcabədidəki daxili
gərginliyi, ermənilərin Ağcabədi istiqamətindəki
hücumlarını, bu şəhərə pənah gətirən
soydaşlarımızın həyat şəraitini,
bütövlükdə həmin o illərin
ağrı-acısını kino lenti kimi seyr edir və
öz-özümə pıçıldayıram:
- Doğrudan da bugünkü
Ağcabədi təkcə bölgə yox, rayon mərkəzi
yox, həm də şəhərdi. Özü də
inkişaf edən və çiçəklənən bir
şəhər! Deməli, insan hər şeyə qadirdi.
İstəyi, arzusu olsa, səhranı da, bərbad əraziləri
də gülüstana çevirə bilər. Necə ki, bu
gün Ağcabədi faktiki olaraq ölkənin baş şəhərləri
ilə yarışa girib və bu yarışda da önə
çıxmaq, seçilmək imkanı qazanıb. Təbii
ki, bütün bunlar ağcabədililərin, bu torpağa
bağlı insanların, xüsusilə bu bölgəyə
canıyananlıqla, peşəkarlıqla, dövlətə və
xalqa sədaqətlə, ən vacibi isə ölkə
prezidenti cənab İlham Əliyevin tələb və
tapşırıqlarını, etimadını yüksək səviyyədə
doğruldan rayon icra hakimiyyətinin başçısı
Şahin Məmmədovun öz komandası ilə birlikdə
yorulmadan gördüyü işlərin gerçək
üzüdür. Bu gerçəklik
Ağcabədinin daxilindəki ocağın alovlanması,
işığın şölələnməsidir.
Ağcabədidə gecə gəzintisi mənə
xüsusilə zövq verir. Demək olar ki, bütün
küçələr al-əlvan işıqlara
bürünmüşdü. Şəhərin ən arxa planda
olan küçələrində belə yollar rahat,
işıqlı, səkilər təmirli, yol boyunca fəaliyyət
göstərən obyektlər isə tikinti və arxitektura
baxımından göz oxşayan və müasirg İnsan
üçün fəaliyyət şəraiti nə qədər
rahat olsa, onun ortaya qoyduğu nəticə də yüksək
olar. Yəni əlinə-ayağına dolaşan, sənə
problem yaradan olmasa, sən də öz işini könül
rahatlığı ilə, özü də səmərəli
bir şəkildə görə bilərsən. Bundan ailə
də, ətraf da, cəmiyyət də faydalanar. Bax, elə
Ağcabədidə həmsöhbət olduğum adi vətəndaşların
dilindən eşitdiyim sözlərin böyük əksəriyyəti
rayondakı işgüzar mühitlə,
qarşılıqlı anlaşma ilə icra
strukturlarının tələbkar və qərəzsiz fəaliyyəti
ilə. Xüsusilə icra başçısı Şahin Məmmədovun
adamları dinləmək, qayğı göstərmək,
onların müsbət işlərini qiymətləndirmək
peşəkarlığı da əldə edilən
bütün uğurların səbəblərindən biri kimi
dilə gətirilirdi. Bunu etiraf edən sadə adamlar bugünkü
Ağcabədinin bütün inkişafını, nailiyyətlərini
ölkə rəhbərlərinin və onun rayondakı təmsilçisinin
əməyi ilə bağlayırdılar.
Görülən işləri
konkret faktlarla dilə gətirən və özünü
Ağcabədi şəhərindəki məktəblərdən
birinin müəllimi kimi təqdim edən həmsöhbətim
mənim maraqlarımı bir az da cilaladı. Necə deyərlər,
onun dedikləri mənim üçün həm konkret rəqəmlər
və göstəricilər oldu, həm də
reallığın təqdimatı.
Həmsöhbətim bildirdi ki, bu
gün Ağcabədidə görülən işlərin
ümumi siyahısını kağıza köçürsək,
rəqəmlər öz-özlüyündə
sözünü deyə bilər. Özü də bu rəqəmlərin
arasında nə pafos, nə də kosmetika dayanmır. Ən
azı ona görə ki, bu gün deyilən, yazılan hər
bir sözün, faktın arxasında gerçəklik
dayanmayanda, o sabun köpüyü kimi dərhal əriyib gedir.
Sevindirici haldır ki, Ağcabədi gerçəkliyi
köklü-köməcli bir xan çinarı
xatırladır. O çinarın qol-qanadı, budaqları isə
görülən işlərdi. Bu mənada Ağcabədi
rayonunda 2010-ci illə müqayisədə 2011-ci ildə orta
aylıq əməkhaqqının 205,7 manat olması, 2729 yeni
iş yerinin açılması artıq görülən
işlərdən xəbər verir. Özü də
açılan iş yerlərinin böyük əksəriyyəti
mövsümü xarakter daşımır. Yəni işlə
təmin edilmiş insanlar elə sahələrdə
çalışırlar ki, bu sahələr kənd təsərrüfatı
ilə, sənaye ilə bağlıdır və daimidir. Yəni
2011-ci ilin may ayının 6-da Ağcabədi şəhərində
smeta dəyəri 10 milyon manatdan çox olan, sutkada istehsal
gücü 20 tondan artıq və 7 çeşiddə məhsul
istehsal edən Süd Emalı zavodu istifadəyə
verilmişdi. Elə həmin gün istehsal gücü sutkada
250 ton, smeta dəyərə 40 milyon manat olmaqla 22
çeşiddə məhsul istehsal edən Ağcabədi
Süd Məhsulları Kombinatı istifadəyə
verilmişdi. Hər iki müəssisənin
açılışında ölkə rəhbəri şəxsən
iştirak etmiş və burada məlum olmuşdu ki,
açılan müəssisələrdə 230 nəfərdən
artıq insan işlə təmin olunub.
Həmçinin Ağcabədidə
5000 ton tutumu olan Ağabəyli taxıl məhsullarının
təmizlənməsi və saxlanması anbarı,
Aşağı Avşar kəndində 1000 ton tutumu olan
soyuducu anbarı, Hinarxı qəsəbəsində
"Aqrolizinq" ASC, istehsal gücü 15 min ton olan Xocavənd
kəndindəki Ət Kəsmə Kombinatı, Ağabəyli
kəndində 3000 başlıq heyvandarlıq kompleksi, Rəcbərlər
kəndində 5000 tonluq soyuducu anbarının tikintisi
görülən işlərin adi bir siyahısı deyil. Çünki
Ağcabədidə 205 çarpayılıq xəstəxana
binasının, 4 mərtəbəli 36 mənzilli şəhid
ailələri və Qarabağ əlilləri
üçün binanın tikintisi, 14 min nəfər əhalinin
yaşadığı 5 yaşayış məntəqəsini
birləşdirən 24,5 kilometrlik Ağcabədi-Qaradolaq-Kəbirli
avtomobil yolunun əsaslı təmiri, Şahmat məktəbi,
Muğam evi, qaçqınlar üçün 5 mərtəbəli
on yaşayış binasının tikintisi, Heydər Əliyev
parkının salınması, şəhid məzarlığının
abadlaşdırılması Ağcabədinin inkişaf səviyyəsini
göstərən faktlardır.
Xatırlatmaq lazımdır ki,
Ağcabədidə aparılan abadlıq işlərinin
arxasında işıq, su, qaz, təmir-tikinti xüsusi yer
tutur. Yəni insanların təkcə müəyyən
problemləri deyil, bütövlükdə kompleks tədbirlər
əsasında həyatının bütün sahələrinin
yenidən qurulub müasir standartlar səviyyəsində
inkişaf etdirilməsi əsas məqsədlərdən
biridir. Buna görə də kanalizasiya xətlərindən
tutmuş, elektrik dirəklərinin təmiri, yenidən
qurulması, müasirləşdirilməsi, yeni transformator
ötürücülərinin ayrı-ayrı məhəllələrdə,
kəndlərdə qurulması günün gerçəkliyidir.
Bu gün Ağcabədidə hər
kəsin içməli su, suvarma suları, elektrik, qaz təminatı
ilə bağlı qarşılaşdığı problemlər
ötən illərlə müqayisədə xeyli
azalıbdır. Təbii ki, bir gündə və yaxud bir-iki
ilin içərisində bütün
çatışmazlıqları aradan qaldırmaq qeyri-
mümkündür. Ən azı ona görə ki, Azərbaycanın
bir güşəsi olan Ağcabədi cəbhə xəttində
yerləşməklə yanaşı, burada da sıradan
çıxan, zamanla uyğun gəlməyən və yaxud
artıq öz ömrünü başa vuran qurğular, obyektlər,
istehsal sahələri var. Bunlar yeniləri ilə əvəz
olunur və yaxud da onlardan imtina edilib yeniləri tikilib qurulur. Həmçinin
insanların tələbatı zamana görə, inkişaf edən
dünyaya görə bir az da artır, bir az da müasirləşir.
Təkcə təhsil, səhiyyə sahələrinə nəzər
yetirsək, söylədiklərimizin bir gerçəklik
olduğunu aydınca görmək olar. Əgər Ağcabədidə
2006-cı ildə ali məktəblərə 65 nəfər,
2010-cu ildə 173 nəfər qəbul olunmuşdusa, 2011-ci ildə
isə bu rəqəm 196 nəfər olmuşdu. Deməli, hər
il qəbul olunan şagirdlərin sayının artması təhsilin
keyfiyyətinin yüksəldilməsindən xəbər verir.
Ağcabədi idmançıları beynəlxalq
yarışlarda 19 medal və diploma layiq
görülmüş, elm, mədəniyyət sahəsində
çalışan insanları öz yaradıcılıq
uğurları ilə təkcə doğulduqları
torpağı deyil, bütövlükdə Azərbaycanı
şərəfləndirmişdilər. Burada bir məqamı
da xatırladım ki, bu gün Ağcabədi rayonunun sakinləri
könüllü olaraq ölkənin silahlı qüvvələrinə
yardım fonduna 376 min 438 manat vəsait
köçürmüşdülər. Necə deyərlər,
düşmənlə üz-üzə yaşayan ağcabədililər
bu xeyirxah təşəbbüsdən də geridə
qalmayıblar.
Bəli, bu gün bütün
regionlarda yeni iş yerlərinin açılması istiqamətində
müəyyən addımlar atılır. Bu işlərin
görülməsində təşəbbüskarlıq
missiyası daha çox rayon strukturlarının üzərinə
düşür. Bu mənada Ağcabədidə təkcə
dövlət sektorunun deyil, o cümlədən də kənd
təsərrüfatı rayonu olan bu bölgə
üçün xarakterik olan sahibkarlığın, fermer təsərrüfatının
genişləndirilməsi üçün də müvafiq
addımlar atılır. Məhz sahibkarlara göstərilən
qayğının nəticəsidir ki, Ağcabədidə
özəl sektor inkişaf edir, kənd təsərrüfatı
məhsullarının istehsalı və çeşidi
günbəgün çoxalır. Bu da öz növbəsində
sakinlərin büdcəsinin artımına, onların maddi
imkanlarının genişlənməsinə şərait
yaradır. Bunu hiss etmək üçün rayondakı
sosial-məişət obyektlərinə baş çəkməklə,
rayonda fəaliyyət göstərən iş adamları,
fermerlərlə həmsöhbət olmaq yəqin ki, kifayət
edər. Mən Ağcabədidə olarkən millət vəkili,
ağcabədililəri parlamentdə ləyaqətlə təmsil
edən Tahir Rzayevlə də həmsöhbət oldum. Onun bir
ziyalı, bir şair, bir ağcabədili kimi doğma yurdu
haqqında söylədikləri, qazanılan uğurlardan fərəh
duyduğunu aydınca hiss etdirirdi. Bu da təbiidir. Axı
yaxşı iş, yüksək nəticə həmişə
insanı üzüağ, başıuca edir. Elə Tahir
müəllimin söylədikləri də xüsusi olaraq,
rayon rəhbərliyinin sakinlərlə anlayışlı
münasibəti ilə əlaqəli dedikləri məni
öz təəssüratımda
yanılmadığımı bir daha təsdiqlədi.
Doğrudan da bu gün Ağcabədi
özünün çiçəklənən, inkişaf edən
və hər kəsə nümunə olacaq bir zamanını
yaşayır. Bu zamanın davamlı və hər kəsə
xoşbəxtlik gətirməsini biz də ürəkdən
arzu edirik. İnanırıq ki, elə məhz belə də
olacaqdır.
Əbülfət MƏDƏTOĞLU
Yazı Azərbaycan Respublikası
Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim edilir
Ədalət.-2012.-19 iyun.-S.6.