Türkiyədə
Azərbaycan Mədəniyyət Günləri
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Səfirliyimizin dəstəyi ilə 18-21 iyun tarixləri arasında, iki ölkənin mədəniyyət və turizm nazirlikləri arasında imzalanmış protokola əsasən Türkiyədə ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb.
Azərbaycan Respublikasının
Türkiyə səfirliyindən Trend-ə verilən məlumata
görə, Azərbaycan Mədəniyyət Günləri
çərçivəsində ilk olaraq bazar ertəsi Ankarada
"CerModern" incəsənət mərkəzində Azərbaycanın
rəsm və incəsənət əsərlərinin sərgisinin
açılış mərasimi olub. Tədbirdə Türkiyə
və Azərbaycanın mədəniyyət və turizm nazirləri
Ərtoğrul Günay və Əbülfəs Qarayev,
Türkiyə Respublikası müdafiə naziri İsmət
Yılmaz, çox sayda millət vəkili, Ankarada akkreditə
olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri
və təmsilçiləri, Türkiyə və Azərbaycanın
çox sayda elm, incəsənət və ictimai xadimləri,
ictimaiyyət, diaspor və KİV nümayəndələri
iştirak ediblər.
Türkiyə və Azərbaycanın
mədəniyyət və turizm nazirləri Ərtoğrul
Günay və Əbülfəs Qarayev, Türkiyə
Respublikası müdafiə naziri İsmət Yılmaz və
səfir Faiq Bağırov sərginin
açılışının rəmzi olan
qırmızı lenti kəsiblər.
Ardından açılış
nitqini həyata keçirən Türkiyə Respublikası mədəniyyət
və turizm naziri Ərtoğrul Günay bir millətin iki
dövləti arasında təşkil olunmuş bu kimi tədbirlərin
əhəmiyyətindən söz açıb və Azərbaycan
mədəniyyətinin əvəzolunmaz dəyərlərindən
bəhs edib.
Daha sonra Azərbaycan Respublikası
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
çıxış üçün kürsüyə dəvət
olunmuşdur. Nazir öz çıxışında iki
ölkə əlaqələrinin çoxşaxəliliyindən
bəhs edərək, mədəniyyət sahəsindəki əlaqələrin
daha da inkişaf etdiriləcəyini, Azərbaycanda da Türkiyə
mədəniyyət günlərinin təşkil
olunacağını və bütün bu addımlara
güclü dəstək verən hökumətimizin önəmli
siyasətinin olduğunu vurğulayıb.
Sərginin ardından tədbirlərin
ikinci hissəsi teatr salonunda konsert və Azərbaycan rəqslərinin
nümayişi ilə davam edib.
Qara Qarayev adına Azərbaycan
Dövlət kamera orkestri (bədii rəhbər və baş
dirijor xalq artisti Teymur Göyçayev), Dövlət rəqs
ansamblı (bədii rəhbər xalq artisti Afaq Məlikova),
solistlər - vokalçı, xalq artisti Samir Cəfərov, gənc
vokalçı Aygün Zeynalova, eləcə də muğam
ifaçıları, respublika müsabiqələri
laureatları Babək Niftəliyev və Arzu Əliyeva, Sahib
Paşazadənin rəhbərliyi ilə instrumental ansambl,
balaban ifaçısı Şirzad Fətəliyev, müğənni
Azərin və beynəlxalq müsabiqələr laureatı
Elvin Qəniyev konsertdə çıxış ediblər.
Sabah Türkdilli Ölkələrin
Mədəniyyət Təşkilatı TÜRKSOY-da Nizami Gəncəvinin
870 illiyi münasibətilə elmi konfrans, habelə rəsm,
xalça, milli geyim və xalq tətbiqi sənət nümunələrimizdən
ibarət sərgi də təşkil olunacaq. Daha sonra tədbirlər
İzmir şəhərində davam edəcək.
Ədalət.-2012.-20
iyun.-S.8.