Vətəndaş
oldun
(Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun müqəddəs ruhuna ehtiramla)
Səsin Vətən
dağlarında
əks-səda verdi
Səsinə səs verdi
Allahım!
Səsinə səs verdi
Vətən!
Səsinə səs verdi
Bayrağım!
Səsinə səs verdi
Torpağım!
Vətənə
can dedin
Addım səslərindən,
qaynar
nəfəsindən
Oyandı Vətən torpağı
Açdı sənə qucağın,
yandırdın
ocağın...
Qanınla yazdın adını
sızlayan
daşlara
...Göyərdi
daşlar
Sən vətənin
daşısan!
Mübariz adınla,
mübarizənlə,
ruhunla,
öz
ulu yolunla,
şöhrətinlə,
şanınla
canınla,
qanınla
Vətənin ömürlük
yoldaşısan!
Əfsanəvi,
əbədi
qəhrəmanlığınla,
Gizli, aşkar sevginlə,
Böyüyən
sevincinlə,
bölünən
kədərinlə
Sən Vətənin
qardaşısan!
O saf məhəbbətinlə,
pıçıltınla,
səsinlə, nəfəsinlə
oyaq
yuxularınla,
narahat
baxışlarınla,
kipriklərində
gəzdirdiyin
özündən
ağır yüklə
sinəndə
çırpınan
o sirli ürəklə
Sən Vətənin
sirdaşısan!
Nağıla,
əfsanəyə
dönən
döyüş
yolunla,
Körpüyə
dönmüş
qollarınla,
Qartala dönmüş
gözlərinlə,
Şimşək
kimi çaxan
sözlərinlə,
Yuyulmayan,
pozulmayan
qanınla
Sən Vətənin
yaddaşısan!
Vətən səninlə
öyünür,
Sinəsində
ürəyin
döyünür,
Vətən hər gün böyüyür!
Uşaqlar, böyüklər
Döyüşə
gedən hər əsgər
Sənə oxşamaq,
Səndən öyrənmək,
davamçın
olmaq,
zirvənə
qalxmaq
istəyir.
Qanına boyanmış,
Qanından göyərmiş
daşlardan
Körpülər
salmaq istəyi
Sən Vətənin
yurddaşısan!
Adınla,
əməlinlə
yolunla,
izinlə
andınla,
sözünlə
qəlbinlə,
gözünlə
ocağında
alışan
közünlə,
duruşunla,
baxışınla
tufanınla,
yağışınla
baharınla,
yazınla
kamanınla,
sazınla
qardaşınla,
bacınla
oğlunla,
qızınla
himninlə,
yazınla
Səndə bir Vətənsən!
Sən vətənin
adaşısan
Boyük türk ellərində,
doğma
Azərbaycanın
hər
qarış torpağında
hər
könüldə,
ürəkdə
hər
arzuda,
diləkdə
Sənin evin,
ocağın,
isti
bucağın var!
Sən Vətənə
göyərən,
közərən
daş
oldun
Sən Vətənə
yoldaş
oldun,
sirdaş
oldun,
qardaş
oldun!
Sən Vətənin
adaşı,
yoldaşı,
bir parçası
oldun!
Və sən
Vətəndaş oldun!
Sabir Abdinov
16.06.2012
Ədalət.-2012.-20
iyun.-S.6.