"Biz həddindən artıq tez
böyüdük"
Ayxan
Ayvaz: "Atam sadəlövhlüklə tarixin qiymət verəcəyinə
inanırdı"
Bu yaxınlarda mərhum
yazıçı Eyvaz Əlləzoğlunun
sağlığında çap olunmayan kitabı işıq
üzü görüb. "Qaraçöllü Qəzənfər"
adlı kitab müəllifin sayca dördüncü
kitabıdır. Kitabda müəllifin eyniadlı romanı yer
alıb. Xatırladaq ki, yazıçının
"Ölü yay", "Yatan dinozavrlar" və
"Odunçu geri qayıdır" nəsr kitabları
sağlığında çap olunmuşdu.Kitabın redaktoru
yazıçının oğlu, gənc yazar Ayxan Ayvazdır.
Gənc qələm dostumuzla mərhum
atası, yeni çap olunmuş kitab və ailələrinin
hal-hazırki durumu ilə bağlı söhbətləşdik.
-Əvvəlcə mərhum atan
Eyvaz Əlləzoğlunun yeni çap olunmuş kitabı
haqqında danışaq. Bu kitabın yazılması, nəşri,
ideyası və s.
-Atamın dediyinə görə,
bu romanı o 1994-cü ildən yazmağa başlayıb. Mən
ilk dəfə romanı oxuyanda ona irad tutdum ki, bu dili kim
başa düşəcək. Atam cavabında artıq ədəbi
dilin yorulub laxlandığını, insanları artıq bu
dillə heyrətləndirməyin mümkün
olmadığını dedi. Romanda bir sürücünün
baxışı ilə 90-cı illərdən bu günə
kimi həm Azərbaycanda, həm də qonşu ölkələrdəki
siyasi-ictimai hadisələr analiz edilir. Eləcə də fərqli
xalqların yaşam tərzi, adət-ənənələri,
Azərbaycanla müqayisəsi, həmçinin,
Gürcüstanda yaşayan insanların basqı altında
olması romanın əsas ideyasını təşkil edir.
Güman edirəm ki, yəni bu mənim fikrimdi, heç kimə
indidən hökm oxumuram. Ancaq oxucular tamamən fərqli bir
romanın şahidi olacaqlar. Ard-arda yazılan və haradasa eyni
dil, strukturu paylaşan romanlar bu əsərin yanında primitiv
görünür. Yəni, nə qədər eyni şeyləri
boğazdan yuxarı yazasan. Bu əsər həm də roman
janrında yazılanlardan kəskin fərqlərlə
seçilir. Məncə, ədəbiyyatı normal şəkildə
anlayan insan bu romanın necə dəyərli bir şey
olduğunu görəcək.
-
Kitabın çapına yardım edən oldumu?
- Bu romanın çap
olunmasına dəstək verən atamın dostu, bir yerdə
işlədikləri şəxs olub. O mənə zəng elədi
və atama görə nə edəcəyini deyəndə, mən
də dedim, gəlin bir əsərini çap eləyək,
yaddaş kimi qalsın. Kitabın girişində o adama təşəkkürümüzü
bildirmişik. Əslində, mənə elə gəlir ki,
kitab üçün görülən hər iş
alqışlanmalıdır. Kaş varlı adamlar bunu həmişə
diqqətdə saxlayaydılar.
-
Atanın çap olunmamış başqa əsərləri
varmı?
- Bəli, əlbəttə. Bir
xeyli hekayəsi və bir romanı var çap olunmamış.
İstəyirəm bu kitabın gəlirinə onları da
yavaş-yavaş nəşr etdirim.
-Səncə
atan sağlığında lazımi qiymət
almışdımı? Dostları hesab edir ki, Eyvaz Əlləzoğlu
sağlığında qiymətləndirilməmiş
adamdır. Ailənizin çətin şəraitdə
yaşadığını bilirdik. İndi necədir vəziyyət?
- Qiymət almadı deyəndə,
mən dəfələrlə atamla bu barədə
danışmışam. Hiss eləmişəm ki, bu atamın
heç marağında da deyildi. Çox qəribədi ki, o
heç vaxt iddiayla çıxış eləyən adam
olmayıb. Başqaları kimi özünü gözə
soxmaq, reklam etdirmək, hansısa tənqidçiyə
yarınıb haqqında resenziya yazdırmaq - bunlar atama yad
idi. Hətta arada mən deyirdim ki, ata, bu romanlarını bir
çıxart ortaya, göstər ki, sən də varsan, amma
elə bu söz olaraq qalırdı. Atam sadəlövhlüklə
tarixin qiymət verəcəyinə inanırdı.
Ailədəki vəziyyətə
gəlincə, biz üç uşaq bir yerdə, yataqxanada
qalırıq. Mən azdan-çoxdan qazanıram, bir də
sosial yardım alırıq. Əslində mən elə də
çox şey istəmirəm. Sadəcə heç kimə
möhtac olmadan yaşadığım üçün özümü
xoşbəxt hiss edirəm. Həyat əslində belə də
olmalıdır. Əvvəl uşaq idim, elə bilirdim hər
şey gözəlliklə doludur. Sonra anladım ki, həyatın
irəli sürdüyü, bizim özümüzü
anlamağımız üçün yaratdığı
situasiya elə belə də olmalıdır. Ona görə də
heç nəyə görə darılmıram. Bütün
olanlar mənim yaradıcılığıma yaxşı
şəkildə təsir edibsə, maddi sıxıntıya
görə qayğılanmağa dəyməz...
-
Bildiyim qədər qardaşın Oğuz da ədəbiyyatla
məşğuldur və eyni zamanda ali təhsildən
ayrıldığını eşitmişdim. Hal-hazırda necə
dolanırsınız?
- Oğuz 2008-ci ildən yazır. Düzü,
qardaşı kimi hələ onun yazdıqlarını ciddi ədəbiyyat
anlamında qiymətləndirməkdə çətinlik
çəkirəm. Ancaq yazmağına əngəl törətmirəm.
Hər-halda yazmaq cinayət-zad deyil! Pis işlərlə məşğul
olmaqdansa yazmaq yaxşıdır. Bu yaxınlarda da Nəsimi
Milli Ədəbiyyat müsabiqəsində xüsusi
mükafatla təltif olunub. Xəzər Universitetində təhsil
alırdı, sonra elə oldu ki, ödəniş ucbatından
ali məktəbdən xaric olundu. Ancaq bu yaxınlarda
qafqazinfo.az saytı bizdən reportaj hazırladı və
Oğuzun bu məsələsini öyrənən bir adam Hamlet
İsaxanlı ilə danışaraq qardaşımın təhsilini
davam etdirməsinə kömək elədi. Bu məsələni
gündəmə gətirən Elbrus bəyə, eləcə
də reportajı hazırlayan Günel Əbilovaya təşəkkürlərimi
bildirirəm. Yəqin onlar olmasaydı, bu Oğuzun təhsilini
davam etdirmək arzusu gerçəklənməyəcəkdi.
Mən bundan sonra inandım ki, insanlıq hələ ölməyib.
Oğuzun təhsilini davam etdirməsini atam da istəyərdi,
arzusu ürəyində qalmadı...
-Ailəniz dalbadal faciələr yaşadı. Bu çətinlikləri,
psixoloji gərginliyi necə atlatdınız?
- Arada bu barədə
qardaşım və bacımla da danışırıq. Mən
hiss elədim ki, biz həddindən artıq tez
böyüdük. Bunu onların gözlərindəki donuq
ifadədən anlamışdım. Hər kəsin həyatında
bu cür dönəmlər mütləq olub. Həmişə
özümdən daha ağır vəziyyətdə
olanları düşünəndə anlayıram ki, həyat
zatən çətinlik və kədərin simvoludur. Əvvəlki
yazılarımdakı yaşam
çatışmazlığını bu faciə elə bil
doldurdu. İndiki məqamda psixoloji anlarımı daha
dolğun ifadə edə bilirəm. Sanki mənim
üçün yaradıcılıq bu dönəmdən
sonra başladı. Bir az mübahisəli məsələ olsa
da, bəzən doğru deyilir ki, ciddi ədəbiyyat travmadan
doğulur.
-Hal-hazırda dövlətin hansısa yardımı
varmı? Bildiyim qədər sən də AYB-dən ev
almısan...
- Keçən il prezident təqaüdü
alırdım, onda vəziyyət bir az yaxşı idi. Ancaq
indi yalnız özüm qazanıram. AYB-dən ev
almamışam, bu yanlış məlumatdır. Sadəcə
dörd adama bir ev verilib və mən də onların
arasındayam. Kifayət qədər ədalətli addım
saymıram bunu. Ancaq gənc olduğum üçün mənə
bu göydəndüşmə kimi oldu. Yoxsa bu yaşda ev ala
bilmək mənim üçün çox çətin
olardı. Əslində bu evdə atamın adı var, sadəcə
mən burda vasitəçi rolu oynayıram.
-
Keçən il bir romanın çap olundu və sanki bir
müddət durğunluq yarandı
yaradıcılığında. Yeni əsər yazmağı
düşünürsənmi?
- Bir roman yazmağa
başlamışdım. Psixoloji qatları, ətrafın
basqısını göstərməyə
çalışırdım. Əsəri çox həvəslə
yazmağa girişdim. Ancaq bir xeyli yazdıqdan sonra bir gün
oturub başdan-ayağa oxudum və gördüm ki, roman həddindən
artıq zəif alınıb. Öz zəifliyimə, bərbad
bir roman yazdığıma görə hətta özümdən
utandım. Son zamanlar isə, ancaq tərcüməylə məşğulam.
Yazıçı Seymur Baycanla danışdıq, mən onun
zövqünə inandığım üçün məsləhət
aldım ki, hansı əsərləri tərcümə etmək
olar. O da mənə iki kitab verdi. Bunlardan biri Fransua Mariakın
"Quzu" romanıdır, bu yaxınlarda əsəri tərcümə
edib bitirmişəm. Digər kitabda isə Stefan Sveyqın
novelları var ki, bunları yaxın müddətdə bitirib
çap etdirəcəm. İkinci kitabı tərcümə
olaraq düşünürəm. Öz
yaradıcılığıma gələndə isə, hiss
eləyirəm ki, yeni bir etapa keçmişəm, bu mənim
üçün bir az ağır oldu. Ancaq son
yazdığım hekayələrin əvvəlkilərə
nisbətən tamam fərqləndiyini dostlarım da mənə
deyib. Düşünürəm ki, ədəbiyyat məni
xilas edən tək yerdir və bununla məşğul olmaq məni
həyatdan dörd əlli yapışmağa sövq edir.
-
Atanın romanını redaktə etmək sənin
üçün çətin olmadı ki? Onun çox zəngin
dili, maraqlı yanaşmaları və üslubu üzərində
işləmək yəqin ki, çətin idi...
- Sənə bir sirr açım,
Cəlil, əslində mən əsəri sadəcə iki dəfə
oxuyub bəzi xətaları çıxmışam. Hətta
kitab çıxmamışdan əvvəl adımın
redaktor kimi getməsinin tərafdarı olmamışdım.
Ancaq iş elə gətirdi ki, mənim adımı yazası
oldular. Atamın dili çoxşaxəli, zəngindir, eləcə
də üslubuna toxunmaq hər oğulun işi deyil. Əsərin
o qədər şirin dili vardı ki, nəyisə
çıxartmağa özümdə cəsarət tapa bilmədim.
Bir cümləsini belə mətdən çıxdaş eləyəndə
oradakı boşluğu hiss edirdim. Ona görə də mən
atamın kitabının redaktorundan daha çox, onun əsərinin
oxucusu kimi çıxış etdim. Çünki atam, təvazökarlıqdan
uzaq olsa da deyim ki, çox böyük yazıçı idi və
işin qəribəliyi ondadır ki, bu adama heç redaktə
də lazım deyildi...
Cəlil
CAVANŞİR
Ədalət.-2012.-20
iyun.-S.6.