ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ

 

   (mövzu əsasında VII yazı)

 

   2012-06-21 07:55:36

 

   (əvvəli ötən sayımızda)

  

   Göyçay rayonunun təhsil müəssisələrində çalışanlardan 5 nəfəri fəlsəfə doktoru, 6 nəfəri əməkdar müəllim, 5 nəfəri "Tərəqqi" medallı müəllim, 1 nəfər isə ilin ən yaxşı müəllimi seçilmiş pedaqoqdur. Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Asif Nəbiyevlə söhbətimiz zamanı o, rayonda təhsilin inkişafı və müasirləşməsi istiqamətində aparılan işlərdən ətraflı danışdı. A. Nəbiyev dedi:

   - Keçən müddət ərzində rayon təhsil sistemində xeyli işlər görülmüşdür. Respublika təhsil nazirinin müvafiq əmri ilə təhsil sistemində 2013-2015-ci illər üzrə Strateji planlaşma həyata keçirilməyə başlanılmışdır. Bu əmrdən irəli gələn vəzifələri həyata keçirmək üçün rayon təhsil sisteminin 2013-2015-ci illəri əhatə edən strateji fəaliyyət planı hazırlanmağa başlanmışdır

   Son illər Azərbaycanda yeni məktəb tikintisi geniş vüsət almış, yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafını təmin etmək məqsədilə onlarla ən müasir binalar şagirdlərin istifadəsinə verilmişdir. Bu sahədə rayon təhsil sistemində də xeyli əsaslı tədbirlər həyata keçirilmişdir. Hazırda Ləkçıplaq kənd 2 nömrəli və Çərəkə kənd 2 nömrəli tam orta məktəblər üçün 360 yerlik yeni məktəb binalarının tikintilərində işlər sürətlə davam etdirilir. Ləkçıplaq kənd 2 nömrəli tam orta məktəbinin tikintisi başa çatdırılmış, suvaq və quraşdırma işlərinə başlanılmış, Çərəkə kənd 2 nömrəli tam orta məktəbinin binasında isə divarların hörgüsü başa çatmaq üzrədir. Hər iki məktəb yeni tədris ilinə tam hazır olacaqdır. Həmçinin Ulaşlı-Şıxlı kənd tam orta məktəbi üçün 220 yerlik, Şəkili kənd ümumi orta məktəbi üçün 80 yerlik , şəhər 1 nömrəli uşaq bağçası üçün 40 yerlik yeni binaların layihə smeta sənədləri hazırlanmış, Ulaşlı-Şıxlı kənd tam orta məktəbinin tikintisinə başlanılmış, digər binaların tikintisi yaxın günlərdə başlanılacaqdır.

   Bildiyimiz kimi, IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada 2 etapda mikrosummativ və makrosummativ imtahanlar formasında təşkil edilir. Şagirdlərin imtahanlara hazırlaşması məqsədi ilə bütün məktəblərdə 2 dəfə daxili sınaq imtahanları təşkil edilmiş, nəticələr hərtərəfli təhlil edilmiş, nöqsanlı sahələr aşkar edilərək aradan qaldırılmağa başlanılmışdır. 2011-2012-ci tədris ilində buraxılıq imtahanlarının I mərhələsi 25-26 fevral 2012-ci il tarixlərində təşkil edilmiş, XI siniflər üzrə 1103 nəfər, IX siniflər üzrə isə 1609 nəfər şagird imtahanda iştirak etmişdir. XI siniflər üzrə 30 faiz, keçən il 26 faiz, IX siniflər üzrə isə 58 faiz, keçən il 51 faiz müvəffəq qiymət almışlar. İmtahandan keçən müddət ərzində nəticələri aşağı olan sahələr müəyyən edilmiş, iş planı hazırlanaraq həyata keçirilməyə başlanılmışdır

   Keçən müddət ərzində şagirdlər arasında voleybol və futbol üzrə rayon birincilikləri, "Cəsurlar" və "Şahin" hərbi idman və turizm oyunlarının rayon birinciliyi təşkil edilmişdir. "Cəsurlar" və "Şahin" hərbi idman oyunlarının qalibi şəhər 3 nömrəli tam orta məktəbinin komandası İsmayıllı və Zərdab rayonlarında keçirilən zona turlarında müvəffəqiyyətlə iştirak etmişlər.

   2012-ci ilin yanvar ayında məktəblilərin fənn olimpiadalarının II rayon turu təşkil edilmiş, I rayon turunun qaibi olmuş 139 nəfər şagird qüvvəsini sınamışdır. I yeri tutan 12 nəfər şagird mart ayında keçirilən Respublika turunda iştirak etmiş, şəhər 3 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Əzizova Aytəkin Azərbaycan tarixi fənni üzrə fəxri III yeri tutmuşdur.  

   Şagird və məzunların qəbul imtahanlarına hazırlaşması məqsədilə müvafiq tədbirlər keçirilmiş, 3 ay ərzində 2 dəfə TQDK xətti ilə sınaq imtahanları təşkil edilmişdir. Həmçinin İnternat tam orta məktəbində sənəd qəbulu komissiyası yaradılmış, hazırda tam orta təhsil bazasından ali və orta ixtisas məktəblərinə sənəd qəbulu prosesi davam etdirilir.

 

   Uğurlu nəticələr

 

   Öyrənirik ki, keçən dərs ilinin nəticələrinə görə 1819 nəfər şagird imtahanlarda iştirak etmiş, onlardan 1766 nəfər müvəffəq qiymətlər almışdır. Müvəffəqiyyət 96,3 faiz olmuşdur.

   Keçən il rayon üzrə 307 nəfər ali məktəblərə qəbul olunmuşdur. Həmin gənclərdən 11 nəfər 600 baldan yuxarı, 47 nəfər isə 500 baldan yuxarı nəticələr göstərmişlər.

   Tam orta məktəb bazasından orta ixtisas məktəblərinə qəbul 94 nəfər, ümumi orta məktəb bazasından orta ixtisas məktəblərinə isə 124 nəfər qəbul olunmuşdur.

   Keçən dərs ilinin uğurlarından biri də rayonda böyük hörmət qazanmış ziyalılardan olan şəhər 7 nömrəli tam orta məktəbin direktoru Adil Məmmədovun "Əməkdar müəllim" adına layiq görülməsidir. "Ədalət"in oxucuları da Adil müəllimi yaxşı tanıyırlar. O, qəzetimizdə bir sıra maraqlı publisistik yazıları ilə çıxış edib. Güman ki, Adil Məmmədin yeni yazıları tezliklə qəzet səhifələrində görünəcək.

 

   Dərs ili sona çatır, yeni dərs ilinə hazırlıqlar başlayır

 

   2011-2012-ci dərs ili başa çatmaq üzrədir. Ümumtəhsil məktəblərində imtahanlar keçirildikdən sonra ali və orta ixtisas məktəblərinə qəbul dövrü başlayır. Bütün bunlar təhsilimizin tərkib hissəsidir. Təhsil şöbələrində və tədris müəssisələrində iş prosesi digər istiqamətlər üzrə davam etməkdədir. Yeni dərs ilinə hazırlığın təməli elə bu günlərdən qoyulur. Göyçay rayonunda da belədir. Bu dərs ili hələ tam sona çatmamış yeni dərs ilinə hazırlıqla əlaqədar məktəb rəhbərləri ilə xüsusi müşavirə keçirilmiş, rayon təhsil şöbəsində geniş tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Hər bir məktəbdə görüləcək işlər indidən müəyyənləşdirilmişdir.

   Məktəblərin əsaslı və cari təmiri üçün hazırlıq işlərinə başlanılmışdır.

 

 

   Məzahir ƏHMƏDOĞLU

 

   Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

   Ədalət.-2012.-21 iyun.-S.7.