1972: HEYDƏR ƏLİYEV QƏDİM QARABAĞ ABİDƏSİNİ ERMƏNİ SAXTAKARLIĞINDAN NECƏ XİLAS ETDİ?!

 

   HEYDƏR ƏLİYEV: "MƏSƏLƏ BÜROYA ÇIXARILSIN!"

 

   2012-06-21 07:55:36

 

   I məqalə

  

   Arxiv sənədlərindəki "ən məxfi" həqiqətlər

  

   Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində tədqiqat apararkən 1970-ci illərə aid bir sənədlə qarşılaşdım: Fond 1, siyahı 59, saxlama vahidi 120; "Azərbaycan KP MK katibliyinin 17 oktyabr 1972-ci il tarixli iclasının materialları. Protokol N 13."

   Bu arxiv sənədi Dağlıq Qarabağdakı məşhur alban abidəsinin - Qandzasar məbədinin erməni saxtakarlığına və dağıntılarına məruz qalması, Heydər Əliyevin tapşırığı ilə məsələnin müzakirəyə çıxarılması və yaranmış vəziyyətə dair Mərkəzi Komitə katibliyinin qərarı haqqında materialları əhatə edir.

   Yeri gəlmişkən, 1970-ci illərə aid arxiv sənədlərinə Azərbaycan Respublikasına siyasi rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətini, onun rəhbərliyilə keçirilən Büro iclaslarını, Heydər Əliyevin imzaladığı qərarları, onun iclaslardakı nitqlərini, eləcə də Mərkəzi Komitə katibliyinin iclaslarını, məktublarını əks etdirən çox qiymətli və tədqiqat əhəmiyyətli materiallar daxildir.

   Arxivin fond və sənədlərində siyasi tariximizin Heydər Əliyev dövrü ilə bağlı bir çox siyasi, ideoloji, iqtisadi, sosial, elm, təhsil, mədəniyyət, təsərrüfat, tikinti, mükafatlandırma, təltif və s. məsələlərlə yanaşı, Heydər Əliyevin Azərbaycan tarixinə, abidələrinə, mədəniyyətinə və incəsənətinə yüksək vətəndaş təəssübkeşliyi və milli maraqlarla yanaşmasını, belə məsələlərdə prinsipial siyasi mövqe tutmasını əks etdirən qiymətli materiallar da saxlanılır. Onlardan biri də yuxarıda konkret qeyd etdiyim arxiv sənədində yer alıbdır. Bu fakt indiyə qədər ictimaiyyətimizə açıqlanmadığından, mətbuatda məqalə ilə çıxış etmək qərarına gəldim. Faktın birbaşa Qarabağ ərazisi və mədəniyyətilə bağlı olması qərarımı daha da qətiləşdirdi.

   Qandzasar ətrafında elmi mübahisələr, yoxsa Azərbaycana qarşı qərəzli siyasi məqsədlər?

   Azərbaycan tarixçilərinin, arxeoloqlarının tədqiqatlarından məlum olduğu kimi, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan administrativ ərazisindəki Mardakert (Ağdərə) rayonunda, Vank/Vəng (Xotavənd) kəndində qədim alban abidəsi yerləşir. Xəznədağ yüksəkliyində yerləşən bu alban abidəsi elmi ədəbiyyata "Qandzasar məbədi" adı ilə düşmüşdür. Səbəbi ermənilərin Xəznədağ (oxu: Xəzinədağ) yer adını hərfi tərcümə ilə "Qandzasar" ("Xəzinə dağı") kimi yazmalarıdır. Bu halda biz də məbədin adını arxeologiyaya və tarixə dair elmi ədəbiyyatlarda olduğu kimi, yəni "Qandzasar məbədi" şəklində yazırıq.

   Qarabağın tarixi abidələrinin, xüsusilə, alban abidələrinin tədqiq olunmasında görkəmli arxeoloq-alim, tarix elmləri doktoru, professor Rəşid Göyüşovun böyük xidmətləri vardır. Qarabağda arxeoloji tədqiqatlara rəhbərlik edən və alban mədəniyyətinin tədqiqi üzrə görkəmli mütəxəssis kimi tanınan R. Göyüşovun məqalə və kitabları Qarabağ abidələrini erməniləşdirən, saxtalaşdıran Ermənistan tarixçiləri, Moskvanın ermənipərəst alimləri tərəfindən kəskin qarşılanırdı. R. Göyüşovun rus dilində yazdığı bir çox məqalələr, o cümlədən "Amaras şəhərində arxeoloji qazıntılar", "Qafqaz Albaniyasının katalikosu Qriqorisin qəbri haqqında", "Qafqaz Albaniyasında xristianlığın yayılmağa başlamasına dair", "Qandzasar monastrının dini-etnik mənsubiyyətinə dair", "Qafqaz Albaniyasında xristianlıq", "Xotavənd məbədi və onun yazıları haqqında", "Qandzasar - alban abidəsidir", "Dağlıq Qarabağ əhalisinin etnik tarixinə dair", "Dağlıq Qarabağda çoxtəbəqəli abidə", "Dağlıq Qarabağın maddi mədəniyyət tarixinin bəzi xüsusiyyətlərinə dair (VII-XIII əsrlər)", "Dağlıq Qarabağın xristian abidələrində təsadüf edilən "xat" sözü haqqında", "Qafqaz Albaniyasında xristian kilsəsinin yaranması və inkişafının əsas mərhələləri", "Yegişe Arakel monastır kompleksinin tədqiqi", "Amaras-Ağoğlan", "Qarabağın keçmişinə səyahət" istər ermənipərəst (belə də demək olar: erməni dəstəyi ilə onların tarixini yazan) rus arxeoloq-tarixçilərinin, istərsə də erməni alimlərinin və məmurlarının sərt reaksiyası, açıq qərəzlli narazılığı ilə qarşılanırdı. Bütün belə qeyri-elmi, qeyri-obyektiv, tarixi həqiqətlərə zidd olan mövqe və münasibətlərə baxmayaraq, professor R. Göyüşov Qarabağın alban abidələrinə dair tədqiqatları ilə həm Azərbaycan tarix elminə və Qarabağ mədəniyyətinin öyrənilməsinə böyük töhfələr vermiş, həm də Azərbaycan albanşünaslığının inkişafına layiqli xidmətlər göstərmişdir. Erməni tarixçilərinin və siyasətçilərinin cəhdlərinə baxmayaraq, o, belə qeyri-elmi, çətin maneələrə əsl elm fədaisi kimi sinə gərərək, "Qafqaz Albaniyasında xristianlıq" (1978) doktorluq dissertasiyasını yazmış, Gürcüstan EA Tarix İnstitutunda müdafiə edə bilmişdir. Bu qiymətli elmi əsərdə Azərbaycan ərazilərində, o cümlədən, Qarabağda qədim Albaniya məbədlərinin, abidələrinin yerləşdiyi məkanlar, onların siyahısı, epiqrafik yazıları, arxeoloji xarakteristikası müfəssəl araşdırılmış, onların istisnasız şəkildə alban mədəniyyətinə məxsusluğu sübut olunmuşdur. Bu dissertasiya sonra monoqrafiya kimi də nəşr edilmişdir. R. Göyüşovun dissertasiyasına da, monoqrafiyasına da, dünən olduğu kimi, bu gün də Azərbaycan ərazilərində "erməni tarixi" axtaran erməni və qeyri-millətlərin ermənipərəst tədqiqatçıları müraciət edir, alimin əsərlərinə qeyri-elmi maraqlarla yanaşır, onları "tənqidi hücumlara" məruz qoyurlar...

   R.Göyüşovun Qarabağ alban abidələrinə dair elmi işlərinə erməni və ermənipərəst alimlərin belə aqressiv, qeyri-obyektiv, qərəzli yanaşmaları səbəbsiz deyil. Ermənilər XX əsr boyunca Azərbaycandakı bütün alban abidələrinin, Azərbaycandakı digər xalqlara məxsus xaç işarəli abidələrin, Azərbaycan xalqının tarixi abidələrinin erməniləşdirilməsilə məşğul olmuşlar. Bu mövzuda məqalələr yazmış, beynəlxalq və SSRİ respublikalarındakı konfranslarda məruzələr etmiş, kitablarda şəkillərini vermiş, onların erməni abidələri olması haqqında "tarixlər" uydurmuşlar. Hətta alban abidələri üzərindəki xaç işarələrini, daş yazılarını dəyişərək, onları saxtakarlıqla erməni xaçına oxşatmış, erməni tarixinə bağlamışlar.

   Qarabağdakı Qandzasar alban abidəsinin erməni tarixinə və mədəniyyətinə aid olması haqqında ermənilər tərəfindən uydurulan çoxsaylı məqalələrin, saxta tarixlərin elmi fakt və arqumentlərlə təkzibi və ifşası onların gözlənilən kəskin narahatlığı, qərəzli hücumları, qeyri-elmi iddiaları ilə qarşılaşırdı. Hətta 1970-ci illərdə bu məsələ ermənilər tərəfindən siyasiləşdirmə həddinə çatdırılmışdı. İlk baxışdan "elmi məqsəd" daşıyan, əslində isə yeganə məramı Azərbaycan ərazisində "erməni tarixi" quraşdırmaq olan saxta erməni iddiaları öz siyasi dəstəkçilərinin sayəsində daha da böyüyürdü. Nəhayət, 1970-ci illərdə abidələrimizin, eləcə də alban abidələrinin tarixi-mədəni mənsubluğu ətrafında ermənilər çox mürəkkəb və ziddiyyətli situasiya yaratdılar. Belə bir situasiyada Azərbaycan tarixinin, abidələrinin və mədəniyyətinin siyasi taleyini, Qarabağ abidələrinin siyası müqəddəratını Heydər Əliyev öz üzərinə götürdü.

 

   1970: Martiros Saryanın Heydər Əliyevə yazdığı məktub nə barədə idi?

 

   Azərbaycan Respublikasının ərazilərində erməni alimlərinin total tarixi saxtakarlıqları, nə qədər qəribə görünsə də, Ermənistanın siyası dairələri, SSRİ-nin nüfuzlu elmi qurumları tərəfindən dəstəklənirdi. Azərbaycanda isə bu işə yaxşı halda elmi məqsəd kimi yanaşılır, siyasi hakimiyyət alimlərimizin ara-sıra özünü göstərən narahatlığına xüsusi əhəmiyyət vermirdi.

   1969-cu ildən, yəni Azərbaycan Respublikasının siyasi hakimiyyətinə Heydər Əliyev gələndən sonra ermənilərin Azərbaycan ərazilərində "tarix axtarmaq" cəhdləri məhdudlaşdırıldı. Alban abidələrini beynəlxalq aləmə "erməni abidələri" kimi tanıtmaq istəklərinin qarşısı müəyyən qədər alındı. Azərbaycanın qədim tarixi və arxeoloji abidələrinə dair tədqiqatların səviyyəsi və kəmiyyəti barədə Azərbaycan SSR Elmlər Akademiyasına birbaşa, həm də Mərkəzi Komitənin katibliyi vasitəsi xüsusi tapşırıq verən Heydər Əliyev bu işi daimi nəzarətə götürdü.

   Bir faktı xüsusilə ilə qeyd etmək istəyirik. Bu fakt Ermənistanın Azərbaycan ərazilərinin iyirmi faizini işğal etdiyi indiki dövrdə daha çox maraq kəsb edir. Belə ki, 1970-ci illərdə Heydər Əliyevə ünvanlanan on minlərlə məktub arasında Ermənistandan göndərilən bir məktub da var. Yenə də Prezidentin İşlər İdarəsinin Siysasi Sənədlər Arxivinin materiallarına istinadən Ermənistandan Heydər Əliyevə ünvanlanmış bu rəsmi məktubu ilk dəfə ziyalı ictimaiyyətimizin nəzərinə çatdırırıq.

   Məktub Martiros Saryan tərəfindən Azərbaycan SSR KP MK-nın birinci katibi Heydər Əliyevə yazılıb. M. Saryanın rəsmi məktubu Azərbaycan KP MK-da 24.VI.1970 tarixli 2125 N-li iş kimi reqistrasiya olunub.

   M.Saryan kimdir və onun məktubunu niyə "rəsmi məktub" adlandırırıq? M. Saryan Ermənistan SSR Nazirlər Kabineti yanında Ermənistanın tarixi abidələrinin mühafizəsi cəmiyyətinin sədridir. Onun məktubunun məzmunu "Azərbaycan SSR ərazisində erməni xalqının tarixi-mədəni abidələrinin mühafizə olunması" barədədir. Məktub üzərində Heydər Əliyev rus dilində imzalı dərkənar yazmış, baxılmaq üçün KP MK-nın katibi Cəfər Cəfərova ünvanlamışdır.

   Heydər Əliyevin məktub üzərindəki dərkənarı:

   "Tov. Djafarovu D. Q.

   Proşu poruçitğ podqotovitğ isçerpıvaöhuö spravku o koliçestve

    meste raspolojeniə pamətnikov armənskoqo naroda na territorii

   naşey respubliki, ob ix sostoənii i merax ix oxranı. Prosğba takje dolojitğ soobrajenii po suhestvu nastoəheqo pisğma

   po uluçşeniö oxranı armənskix pamətnikov.

   Q. Aliev. 6.VII.70 q."

 

   Heydər Əliyevin dərkənarı nələrdən xəbər verir

 

   Bu qısa dərkənarında, əslində, Heydər Əliyev bəzi mətləblərə mətnaltı işarələr vurmuşdur. Əvvəla, Heydər Əliyev rəsmi məktuba münasibətində heç bir emosionallığa yer verməmiş, ermənilərin gələcəkdə belə emosional yanaşmadan hər hansı sui-istifadəsinə imkan yaratmamışdır. Başlıcası, o, məktuba münasibətində bütün SSRİ siyasi dairələrində tələb olunan müvafiq normativlərə, sovet ideoloji çərçivələrinə əməl etmişdir.

   Bu isə, erməni saxtakarlığının qarşısını almaq bu saxtakarlıqları dəstəkləyən dairələrin saxta bəhanələrini kəsmək üçün ən ağıllı, düşünülmüş bir yanaşma idi. İkincisi, Heydər Əliyevin rəsmi məktuba dərkənarında "bizim respublikanın ərazisi" ifadəsini işlətməsi səbəbsiz deyildi. Erməni xislətinə yaxşı bələd olan, uzaqgörən siyasi rəhbər bu ifadəsi ilə KP MK-nın məsul işçilərinə məsələdə məhz azərbaycanlı mövqeyi tutmağa, ayıq-sayıq olmağa mətnaltı işarə vermişdir. Üçüncüsü, Heydər Əliyevin "bizim respublikanın ərazisində erməni xalqının abidələrinin sayı, məskunlaşdığı yer, onların vəziyyəti qorunması tədbirlərinə dair arayışın hazırlanması" barədə xahişi maraq doğurur. Bu xahişi ilə, Heydər Əliyev həm Azərbaycanda erməni abidələrinə humanist münasibətin hökm sürdüyünü nümayiş etdirmiş, həm Azərbaycan ərazisində erməni saxtakarlıqlarınin vəziyyətini dəqiq öyrənmək istəmişdir. Diqqəti cəlb edən daha bir məsələ M. Saryanın məktubu üzərində Azərbaycan KP MK-nın "na kontrole" ("nəzarətə götürülüb") möhürünün vurulmasıdır.

   Yeri gəlmişkən, Azərbaycan ərazilərindəki erməni tarixi-mədəni abidələrinə siyasi rəhbərimizin və xalqımızın hələ sovet illərindəki humanist münasibəti bu gün də davam edir. Söhbət, əlbəttə, respublikamızın paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən erməni kilsəsinin Tanrı evi kimi tam salamat saxlanılmasından gedir. Azərbaycanlıların belə humanist, insani münasibətinin əksinə olaraq, etmənilər dünən də, bu gün də Qarabağdakı abidələrimizə, məscidlərimizə dağıdıcı, qeyri-insani münasibətlərindən əl çəkə bilmirlər...

  

  

   (Ardı var)

 

   Ariz ABDULƏLİYEV Ü. Haclbəyli adına BMA-nın dosenti

 

   Ədalət.-2012.-21 iyun.-S.6.