Nizami Sadıqov: "Uşaq kimi "Qarabağ"ın nazını çəkirik"

 

   "Qarabağ" 2009- cu ilin aprelindən ev oyunlarını yenidən Ağdamda yerləşən Quzanlı qəsəbə stadionunda keçirir. Sözsüz ki, 18 ilin ayrılığına yerli əhali buna biganə qalmır. "Qarabağ"la nəfəs alan Ağdam camaatı hər oyunda stadionu ağzına qədər doldurur. Düzdü, bəzən azarkeşlər əsəblərini cilovlaya bilmir və baş məşqçinin əleyhinə müxtəlif şüarlar səsləndirirlər. Buna baxmayaraq, insanlar doğma komandalarını çox sevirlər. Elə rayon icra hakimiyyətinin rəhbərliyi də komandaya lazımı qayğını göstərdiyini deyir. Hərçənd son vaxtlar mətbuatda klub və rayon rəhbərliyi arasında bəzi problemlərin olduğu yazılır. Hətta komandanın yenidən Quzanlıdan imtina edəcəyi barədə fikirlər dolaşır. Bunu nəzərə alıb, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla danışmağı lazım bildik.

   - "Qarabağ" Ağdam camaatı üçün nə deməkdi?

   - "Qarabağ" Avropa miqyaslı yarışlarda iştirak edəndə, orda yazılır, "Qarabağ, Azərbaycan". Bu, Qarabağın bizə aid olmasının ən bariz nişanəsi, sübutudu. "Digər tərəfdən, Qarabağ"ın varlığı insanların əhval ruhiyyəsini qaldırır. "Qarabağ" uduzanda da bizə əzizdi, qalib gələndə də. Vəssalam! Bundan artıq nə deyəcəm?

   - "Qarabağ" 17 il idi ki, Ağdamda oynamırdı. Komanda son 2 ildə Quzanlıya qayıdıb. Bu qayıdışdan sonra Ağdam camaatında futbola maraq artıb?

   - Hazırda əhalidə yüksək əhval ruhiyyə var. Oyun vaxtı hətta stadionun kənarlarında ayaqüstə durmağa yer olmur. İnsanlar komandaya o qədər böyük məhəbbətlə yanaşır, azarkeşlik edirlər ki, stadionda yer tapmaq olmur.

   - Hətta bu, sizin üçün də gözlənilməz olub?

   - Əlbəttə ki! Biz arzu edirik ki, "Qarabağ" həmişə Ağdamda oynasın. Onda nəticələri də yaxşı olacaq. Builki oyunlarda xırda para problemlər oldusa da, ümumilikdə, "Qarabağ" Ağdamda oynayanda özünü yaxşı hiss edir.

   - "Qarabağ"ın "İmarət"dəki oyunlarını izləmisiz? Vaxtilə belə bir imkanınız olub?

   - Niyə izləməmişəm, izləmişəm. Mən hələ məktəbə getməmişdən, ilk dəfə 1956 da gedib Ağdamın komandasına baxmışam, azarkeşlik eləmişəm. Əsasən kənar rayonlarda işləmişəm, Masallıda, Qubada, futbolu inkişaf etmiş yerlərdə. "Qarabağ" nə vaxt həmin bölgələrə gəlibsə, mənim qonağım olub. Onlara doğma münasibət bəsləmişəm. 10-15 gün ərzində məşq etmələri üçün bütün öhdəlikləri öz üstümə götürmüşəm ki, komanda yaxşı oynasın.

   - "Hərdən o günləri xatırlayır, "İmarət"in həsrətiylə yaşayırsız?

   - Hərdən-bir yox, hər gün. Mən gecə "İmarət"i qucağıma alıb yatıram. Gözümü açanda görürəm ki, Ağdam mənim qucağımdadı.

   - Bəs o illərə qayıdanda, ilk olaraq yadınıza nə düşür?

   - Gözümün qabağına uşaq vaxtı məktəbdə dalaşdığım uşaqlar gəlir. Sonra müəllimlərimiz, sonra xoş həyatımız... Atalı analı, dostlu-qardaşlı günlərimiz...

   - İnternətdə "İmarət"in yerini tapmaq olur. Çoxdanlı dağılıb, sökülüb, həmin gözəllikdən əsər-əlamət yoxdu...

   - Mən sizə bir söz deyim. Əsas odu ki, qəlbimiz uçmasın, dağılmasın. Biz öz məhəbbətimizi ora qoyacağıq. Onu sevə sevə tikəcəyik və hər şey əvvəlkindən çox daha yaxşı olacaq. Təki insanların ümidi qırılmasın. Biz bu gün Ağdamın 1/3 hissəsində, demək olar ki, böyük Ağdam yaradırıq.

   - "Azarkeşlərə söz verirsizmi ki, Ağdam azad olunsa, İmarət"i məhz siz həyata qaytaracaqsız?

   - Yenidən həyata qaytarmaq yox, "İmarət" elə bir məskən olacaq ki, dünya turistləri oranı görməyə gələcək.

   - "Qarabağ" bu il avrokuboklara vəsiqə qazana bilmədi. Son 3 ildə isə komanda beynəlxalq arenada tarix yazırdı. Bir azarkeş kimi, sizcə, niyə "Qarabağ" bu uğuru təkrarlaya bilmədi?

   - Bilirsiz, nəcədi... Mənim dediklərimiz olduğu kimi yazacaqsız

   - Sözsüz.

   - Yoxsa ora burasını kəsəcəksiz?

   - Xeyr.

   - İnsan övladlarının içində ən çox şikəstini istəyir. "Qarabağ" bizim üçün doğmadı. Hərdən komandanın içində problemlər yaşanır. Birdən hakimlər düz qərar idarəçilik eləmir. Misal üçün, bizim gözümüzün qabağında dəfələrlə "Qarabağ"a qarşı haqsızlıq olub. Penalti olub, verməyiblər. Elə son oyunda rəqib cərimə meydançasında əllə oynayır, hakim özünü görməməzliyə qoyur. Belə şeylər olanda, adamın təkcə "Qarabağ"dan yox, futboldan qəlbində küskünlük yaranır. "Ona görə də mən hesab edirəm ki, Qarabağ"a ədalətli yanaşılsa, bizim komandamız heç kimdən pis oynamır. Siz özünüz də bilirsiz ki, beynəlxalq turnirlərdə ən yaxşı nəticə göstərən "Qarabağ"dı. Sadəcə olaraq, birdən elə şey görürsən ki... Bu gün "Qarabağ"ın ikicə xalı olsaydı, komanda ora düşəcəkdi. Amma hərdən "Qarabağ"ı gözümüzün qabağında qəsdən uduzdururlar, biz də qalırıq içimizdə yana yana. Kimə nə deyək?

   - Sizcə, kim uduzdurur?

   - Mən onu bilmirəm də. Hakimin naşılığı ola bilər.

   - Onda maraqlı bir təzad yaranır. Adətən sovet vaxtında, elə müstəqilliyimizin ilk vaxtlarında da Ağdama naşı hakim göndərilməzdi. Ora gələn hakim hər şeyi gözə alırdı ki, səhv eləsə, nələr baş verər...

   - Qeydiyyat aparsaydım, sizə deyə bilərdim ki, hansı oyunlarda hakim qurbanı olmuşuq. Son oyunda rəqib yerə yıxıldı və cərimə meydançasında topu əlilə qaytardı. Ancaq hakim penalti vermədi. Futbolun qaydası elədi ki, biz ona deyə bilmərik, sən niyə penal vermədin. Futbolda hər şey olur. Arzulayaq ki, "Qarabağ" gələcəkdə yaxşı yerlərdən birini tutsun və Avropada üzümüzü ağ eləsin.

   - Sizin "Qarabağ" rəhbərliyi ilə münasibətləriniz istədiyiniz səviyyədədi?

   - Mən hesab edirəm ki, bəli. Onların bizdən, bizim onlardan incikliyimiz yoxdu. O halda ola bilər ki, onlar uduza, biz inciyək. Bizim stadion respublikamızın ən yaxşılarındandı. Rayon rəhbərliyi həmin stadionu əla vəziyyətdə saxlayır və komanda gələndə də uşaq kimi onların nazını çəkirik. Mən belə düşünürəm ki, onların da rəhbərliyi bizdən çox razıdı.

   - Çox maraqlıdı ki, yaxınlarda orda yarmarka keçirmək istəyiblər, amma siz demisiz ki, bura futbol meydançasıdı, olmaz. Mədəniyyət evini məsləhət bilmisiz.

   - "Səni tanıdım" verilişinə çox adam baxır. İstəyirdilər ki, o verilişi stadionda çəksinlər. Mən də düşündüm ki, ora 3-4 min adam gəlsə, meydança xarab olacaq. Mədəniyyət evinin həyəti də gözəldi. Dedim, qoy, ora nə olur olsun, amma stadion xarab olmasın. "Qarabağ"ın oyunu televiziya ilə veriləndə, 30 ölkə ona baxır. "Stadionda nəsə çatışmazlıq olsa, elə düşünərlər ki, Qarabağ"da nəsə yaxşı deyil. Hamı görür ki, "Qarabağ" Azərbaycanın komandasıdı. Ermənilərinki qondarmadı. Zorla deyil ki...

   - "Qarabağ"ın Ağdamda oynamasından ermənilərin xəbəri olur?

   - Niyə olmur ki? Bizim telekanallara baxırlar.

   - Həmin vaxt olubmu ki, atəş açsınlar?

   - Yox. Stadion səngərlərdən uzaq məsafədə yerləşir, görünmür. Allah erməniyə lənət eləsin!

   - Allah eləməsin, birdən oyun vaxtı kəşfiyyatçı göndərməzlər?

   - Bu gün bizim ordu o qədər güclüdü ki, Ali Baş Komandan əmr versə, bir sutkanın içində gedib Ağdama çıxa bilərik.

   - İnşallah. "Qarabağ"a münasibətinizi bildik. Ancaq mətbuatda sizin "Qarabağ" rəhbərliyi ilə münasibətlərinizin yaxşı olmaması barədə yazılar gedir. Sizcə, bunlar haradan qaynaqlanır?

   - Bizdə ağıllı fikir söyləyən adam olanda, ona qulaq asmırlar. Camaat qəzeti yaxşı oxusun deyə, şou hazırlayırlar. Məsələn, kəndə alim gələndə heç kim onun görüşünə getmək istəmir. Amma kənddə biri canavar vuranda camaat yığışıb səhərə qədər onun həndəvərində qalır

   - Belə başa düşdüm ki, bu, sizə qarşı təxribatdı...

   - Bilmirəm. Onu yazan fikirləşir ki, elə bir şey ortaya atım ki, hamı oxusun qəzeti. Qəzetinə yaraşıq gətirmək üçün edir bunu.

   - Hərdən olur ki, uduzulan oyundan sonra baş məşqçi və ya futbolçularla görüşəsiz?

   - Keçən dəfə "Qarabağ" rəhbərliyini qonaq çağırmışdıq. "Araz" şadlıq evində yaxşı qonaqlıq, yeyib içmək verdik. "Qarabağ" udanda da, uduzanda da bizim üçün əzizdi.

   - Olimpiya İdman Kompleksinin ərazisinin genişləndirilməsi, yeni tribunaların qoyulması nəzərdə tutulub?

   - Bu məsələlərlə əlaqədar aidiyyatı orqanlara müraciət eləmişik. Ümid edirəm ki, yaxın gələcəkdə öz həllini tapacaq. Əgər olmasa, bir jurnalist kimi bunu da yazarsız.

   - Konkret nə etmək fikrindəsiz?

   - Rəhbərlik bizə söz verib ki, Ağdamda futbol məktəbi açsın.

   - "Qarabağ" rəhbərliyi? 

   - Xeyr. Futbol rəhbərliyi. Rövnəq Abdullayev cənabları məktəb açmaq üçün söz verib. Elbrus Abbasovu da rəhbər təyin edib. Əgər alınsa, digər məsələlər də öz həllini tapacaq.

   - Son bir sual da verim...

   - Sən məni yordun ey!

   - "Nizami müəllim, mən fikirləşirdim ki, Qarabağ"dan danışanda sizə daha rahat olar, daha çox söhbət edərik. Mən belə gözləmirdim.

   - Gəl, Ağdama, otur, nə qədər istəsən, danışım. Ancaq telefonda adam bir az yorulur. Hə, buyur...

   - Bəzən görürük, Ağdamda Qurban Qurbanova istefa qışqırırlar. Ola bilərmi ki, bu cür hallara görə "Qarabağ" Quzanlıdan imtina eləsin?

   - Stadionda birdən 4 min adam olur. Uduzanda "Qalatasaray"ı da istefaya çağırırlar. "Xəzər Lənkəran"da da bu cür hallar baş verir. Komanda uduzanda azarkeş əsəbiləşib, hər şey deyir. Bundan sonra kim istefa verəcək, nə edəcək, öz işidi.

   - Amma gözləmirsiz ki, "Qarabağ" yenidən Quzanlını tərk etsin...

   - Vallah, əsas yoxdu. Tərk eləmək istəsələr, onların öz problemi olar. Bizlik olmayacaq. Amma inanmıram ki, tərk eləsinlər. Ona görə ki, qələbə üçün əsas şərtlərdən biri azarkeşdi. Onlar 3-4 min adamı hardan tapıb stadiona aparacaqlar ki, komandanı dəstəkləsinlər. "Qarabağ" üçün yaxşısı Quzanlıdı.

  

 

   Ədalət.-2012.-21 iyun.-S.3.