Ramiz
Novruz: ""Azdrama"dan monstr düzəldiblər..."
"Əgər
hansısa aktyor deyirsə ki..."
Xalq
artisti Ramiz Novruzun Milli.Az-a müsahibəsi
Dosye: Əsli Lerikdən olan Ramiz Kəvvam
oğlu Novruzov 1955-ci il mayın 25-də
Biləsuvar rayonunun Səmədabad qəsəbəsində
anadan olub. 1974-cü ildə M.A.Əliyev adına
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyorluğu fakültəsinə,
Adil İsgəndərovun kursuna daxil olub. 1978-ci ildə ali məktəbi bitirərək təyinatla H.Ərəblinski
adına Sumqayıt Dövlət Dram Teatrında aktyor fəaliyyətinə
başlayaraq bir neçə fərqli rolda
çıxış edib. 1981-ci ildə Akademik
Milli Dram Teatrının truppasına daxil olub. Bu
teatrın səhnəsində Nəvvab və İran
şahzadəsi, Sisyanov və Kərbəlayi xan, Seyton, Edmund,
Kreon, İbn Yəmin, Səlim bəy, Andranik və Nostradamus, Ələs
bəy, Qaçaq Süleyman, Cəbrayıl və başqa
rolları yaradıb. Kinomanlar və teletamaşa həvəskarları
Ramiz Novruzu Həzi Aslanov, Dərbənd elçisi, Divan bəyi,
musiqi müəllimi, Antoni, Kənan, Nihad və s.
rollarından tanıyırlar. R.Novruz 1993-cü
ildə Azərbaycan Respublikasının əməkdar artisti,
1998-ci ildə xalq artisti fəxri adlarına layiq
görülüb. Prezident
mükafatçısıdı.
- Söhbətimizə hələlik
son işiniz olan "Yaşlı xanımın gəlişi"
tamaşasındakı Alfred İll obrazınızdan
başlayaq. Bu əsəri, nəinki, teatrın
tarixi, sizin yaradıcılığınız
üçün də yeni səhifə hesab etmək olar.
- Əlbəttə,
həm bu obrazı, həm də "Xanuma"dakı
Knyazı yaradıcılığımda yeni və maraqlı
səhifə hesab edirəm. Belə bir əsərdə
oynamaq hər bir aktyorun arzusudur.
-
Tamaşada improvizələr, əlavələr kifayət qədərdi.
Sizin nəzərinizdə İll kimdir?
- Alfred İllin cavanlıq səhvi
o şəhərin kişi sakinlərinin hər
birinin başına gəlib. Sadəcə olaraq,
İllin bəxti gətirmir. Klara Veşer
şəhərin dirçəlməsi üçün
pullarını əsirgəməyəcəyini deyəndə
bütün şəhər əhalisi rəqs edir, İlldən
başqa. Deməli, Klaranın, üzr istəyirəm,
onu fahişəyə çevirən dünyanı fahişəxanaya
çevirmək niyyətinin həyata keçməsinə
kömək edirlər. Bu səhnəni ictimai baxışda
oynasaq da, premyera nümayişlərində
çıxarılmışdı, amma ola
bilsin ki, yenidən daxil edilsin. Klaranın
özü ilə tabut, qəfəsdə qara bəbir (Klara gəncliyində
Alfredi "mənim qara bəbirim" deyə
çağırırmış - red.) gətirməsi rejissor
(Rövşən Almuradlı - red.) yozumunun əlavələridi.
Tamaşanın alınması üçün
aktyorlar da müəyyən yollar tapmalıdırlar. Məsələn, mənim qəhrəmanım
Klaranın əlini öpəndə o, deyir ki, bu qolu protezdi.
Qucaqlayanda Alfred soruşur ki, Klara, sənin hər
yerin protezdi? Bax, belə
"tormozlar"ı aktyor özü tapmalıdı.
Nurəddinlə
(Burqomistr rolunda çıxış edən xalq artisti Nurəddin
Mehdixanlı - red.) söhbətimizdə onun kresloların
yerini dəyişməyi, son səhnələrin birində
şəhər həkimi İllə ölümcül iynə
vuranda Alfredin içini çəkə-çəkə,
qırıq-qırıq nəfəs alması da improvizədi.
Pyesin ideyası odur ki, Alfred İlldən
başqa bütün şəhər satılır. Bütün bu improvizələr, əlavələr
bu ideyanı çatdırmağa müəyyən mənada
kömək edir.
-
Tamaşaçıların hansı reaksiyasını gözləyirdiniz?
Ehtimal edirdiniz ki, zaldakıların əksəriyyəti,
özü də kişi
tamaşaçılar Klara Veşerin intiqamını o cür
sürəkli alqışlarla qarşılayacaqlar?
- Alqışlar gözləmədiyim
yerdə, İllin qətli baş verəndə getdi. Mən gözləyirdim ki, Alfred bəbir kimi
keşişin qabağında əlləri üstə diz
çökəndə olacaq. Amma
göründüyü kimi, siz, məsələn, bu məqamı
tutmusunuz, biz də belə tamaşaçıları nəzərə
alırıq. O tamaşaya baxan bəzi
tamaşaçılardan eşitmişəm ki, birinci hissə
darıxdırıcı idi. Məəttəl qalmışam,
hadisələrin bir-birinin ardınca inkişaf etdiyi hissə
necə darıxdırıcı ola bilər?
Deməli, həmin tamaşaçılar əvvəlcədən
özlərini darıxmağa kökləyiblər.
- Sözün düzü, mən də
o ehtimalla gəlmişdim ki, əsas sözü dramaturq deyəcək,
yaradıcı heyət isə onun səsinə səs verməyəcək.
Amma çox şad oldum ki, ehtimalım bu dəfə
doğrulmadı.
- Tamaşalarımıza gələndə
xəbər verin ki, bir az da mobil oynayaq.
- Ramiz Novruzun
özünü növbəti dəfə dramaturq kimi
sınaması üçün nə tələb olunur?
- O vaxt mən "Hələ
"sevirəm" deməmişdilər"i yazanda münbit
şərait var idi. Qarabağ mövzusunda dram əsərləri
az yazılırdı, arabir yazılanlar isə
təsirli deyildi... Ona görə bu pyes yerinə
və vaxtına düşdü. Həmkarlarım
da, məsələn, rəhmətlik Mikayıl Mirzə təqdir
edib ruhlandırmışdılar. Hələlik üzə
çıxarmadığım bir-iki pyes var. Bir siyasi qrotesk
yazmışam, baxıram ki, orda daha çox ağlım mənə
təkan verib, nəinki, ilham, ilham bir az
azalıb. Amma gərək bu pyesin üzərində bir az da işləyib axıra
çatdırım. İstəyirəm ki,
şəxsi həqiqəti Vətən həqiqətindən
üstün tutanlara sözümü deyim.
- "Azdrama"da
çalışdığınız illər ərzində
teatra ən müxtəlif şəxslər rəhbərlik
ediblər. Teatr isə elə yerdir ki, rəhbərliyin
şəxsiyyəti mütləq öz rolunu oynayır.
- Teatr tamaşaçını bir
addım qabaqlamalıdı. Bizim teatrda
islahatların başlaması ilə ətalət yox oldu.
İndi üç aya yeddi-səkkiz tamaşa
hazırlanır. Əvvəllər belə
tempi təsəvvür etmək çətin idi. Ən əsası isə "Azdrama" Azərbaycanda
qapanıb qalmaqdan qurtuldu. "Xəcalət"
tamaşası ilə Yaltada, Belqradda, Kişinyovda çox
böyük uğurla çıxış etdik. Hətta bu tamaşaya görə müxtəlif
nominasiyalar üzrə mükafatlar almasaydıq,
teatrşünaslar Azərbaycan teatr sənətini, aktyorluq məktəbini
yüksək qiymətləndirməsəydilər belə, Azərbaycanın
taleyüklü problemlərindən bəhs edən
tamaşanın əcnəbilər tərəfindən maraqla
baxılmasının özü uğur deməkdi.
Doğrudu, islahatlar insan amili ilə bağlı olduğu
üçün bir az dayandı. Bir də teatrın öz tamaşaçı
auditoriyası formalaşıb, bu çox vacib nailiyyətdi.
Bəzi adamlar hərdən deyirlər ki, zal tam
dolmamışdı. Məgər teatr
sirkdi, nədi ki, bütün oturacaqlar tutulsun? Vaxtaşırı repertuardakı yeniliklərdən
xəbər tutan üç yüz nəfər daimi
tamaşaçımız var. Bu, teatr üçün
kiçik rəqəm deyil.
- İslahatların
fonunda intriqalar, dedi-qodular da vaxtaşırı
özünü göstərir.
- Vallah, "Azdrama"dan monstr
düzəldiblər..
- Yəqin əsas teatr olduğuna
görədi. Hətta bir müddət əvvəl
sizinlə Nurəddin Mehdixanlının arasını vurmaq istəyənlər
də tapılmışdı. Çox
xoşagəlməz hal idi.
- Bəli, çox xoşagəlməz
hal idi. Bu məsələ artıq
bağlanıb, mən bir də buna qayıtmaq istəmirəm.
Bircə onu demək istəyirəm ki, bizim indi dost itirən
vaxtımız deyil - Nurəddinlə isə otuz beş ilin dostuyuq. Bundan əlavə,
onun kimi tərəf-müqabillərinə hər addımda
rast gəlmir.
Bizim teatr haqqında
doğurdan söz-söhbət çox yayılıb. İndiyə qədər danışırlar ki, o
vaxt kimsə Hökümə Qurbanovanın paltarının ətəyini
qayçılayıb. Mən şəxsən
buna inanmıram. Teatra gəldiyim ilk
vaxtlardan indiyə qədər ancaq yaxşı münasibətlə
qarşılaşmışam, ustadlardan həmişə
xeyir-dua almışam. Hardasa düz
deyirsiniz, intriqalar, dedi-qodular yox deyil. Qəribə
qısqanclıq əmələ gəlib - məsələn,
Bəsti xanımı tərifləyirsən, başqa bir
aktrisa səndən inciyir. Tərəf-müqabili
kimi Bəsti xanımın, Firəngiz xanımın...
doğrudan da əvəzi yoxdu.
Amma dəyişikliklərin
yaxşı tərəfindən danışmaq daha xoşdur.
Məncə, xüsusən indi gənclərin
gileylənməyə, yaşlı nəslin onların
potensiallarının açılmasına mane
olduqlarını demələrinə heç bir əsas yoxdu.
Çünki meydan yaradılıb,
özünü göstərə bilən göstərəcək.
Görün, bizə başqa teatrlardan nə qədər
rejissor, aktyor dəvət olunur! Getdikcə bu sənətə
münasibət lap yaxşı tərəfə dəyişəcək.
Aktyor olmaq istəyənlərə deməyəcəklər
ki, neynirsən aktyor olub, onlar qəpik-quruş qazanırlar.
Akyorluğun çörəkli sənət
olması fikri yaranmalıdı. Amma əgər
görürsən ki, bura sənin yerin deyil, gərək
vaxtında özünə uyğun sahə seçəsən.
O dərəcəyə çatdırmaq lazım deyil ki,
ömrünün yarısını bu işə sərf edəsən,
axırda da heç qonşularının da sənin aktyor
olmağından xəbərləri olmasın.
-
Yaxın gələcəkdə
tamaşaçılarınızla hansı rolda
görüşməyə hazırlaşırsınız?
- Hətta bir neçə rolda. Ehtimal var ki, "Napoleon və Jozefina" əsərində
Napoleon rolunda, "İblis"də İblis obrazında
çıxış edəcəm. Teatrın
rəhbərliyinin bir qədər uzaq planlarında "Kral
Lir"lə, "Maqbet" də var.
- Bəs,
böyük kinoda?
- Böyük kinoda yeni filmin
çəkilməsinə aparan yol çoxmərhələli
olduğu üçün konkret söz deyə bilməyəcəm.
Rövşən Almuradlı ilə bir kinoideyamız var,
İsmayıl Şıxlının "Ölən
dünyam" romanını ekranlaşdırmaq istəyirik.
Belə. Deyir, aktyorun ürəyi oynamadığı
rolların qəbiristanlığıdı...
-
Sizin ürəyinizdə çoxdu belə rollar?
- Yox, o qədər də çox
deyil. Düzdü, yaş ötdükcə bir çox
personajlardan əlini üzməli olursan. Amma məsələn,
Romeonu oynamaq arzum heç vaxt olmayıb. Əgər hansısa
aktyor deyirsə ki, arzusunda olduğu rol qalmayıb, bu, qəribə
düşüncədi. Deməli, onun ya klassiklərin əsərlərindən
xəbəri yoxdu, ya da...
- Ya da özünü
sındırmır.
- Bəli, ya da özünü
sındırmır. Mənim ən çox sevdiyim rol Məmmədhəsən
əmidi.
Ədalət.-2012.-22
iyun.-S.7.