Yardımlı
bu gün və sabah
İlk dəfəydi ki, yoldan
qayıdırdım. Maşınımız Masallıda olanda
artıq gün yarı olmuşdu. Bundan sonra Yardımlıya
getməyin adı yox idi. Bu dağ rayonunda qaynarlıq
günortaya qədərdi. Çünki uzaq kəndlərdən
gələnlər geri qayıtmaq üçün günün
birinci yarısına kimi ən müxtəlif
qayğılarını həll etməlidirlər.
Günortadan sonra kimsəsiz, boş küçələr
adamın üstünə gəlir. Sakitlik içində
uyuyan qəsəbə insanlarsız bir qədər də məhzun
görünür.
İkinci cəhdim xeyli uğurlu
alındı. Günəş üfüqdən boylanmağa
başlayanda artıq maşınımız Yardımlıya
yol almağa başlamışdı. Viləş
çayı boyunca uzanan dağlar öz füsunkar görkəmində,
yaşıllıq içində cilvələnirdi. Sel
daşqınlarından Masallı-Yardımlı avtomobil yolu
xeyli zərər çəksə də,
rahatlığını hələ də qoruya bilib.
Yardımlı ərazisində yerləşən
məşhur "Şəlalə"də yol
yarıdır. Burdan o tərəfə isə
çılıpaq, meşəsiz dağlar başlayır. Yamaclar, ormanlar
bombozdur, sanki bu torpaqlarda heç vaxt, heç bir ot göyərməyib.
Çətin dağ yolu ilə Yardımlıya qalxan iri yük
maşınları otla
doludur. Bu ilin yazında Yardımlıya
yağış düşməyib,
indi də il quraq
keçir. Ona görə də
mal-qaranın tədarükünü
yardımlılar indidən
görməyə məcburdurlar.
Atalar
"Külək düşdü,
qış düşdü"
deyimini elə-belə
deməyiblər. Başlarının
təsərrüfat işlərinə
qarışacağından qorxan dağlılar imkan varkən ot tədarükünü
indidən görürlər.
Çünki indi bir maşın otun qiyməti bir azdan indikindən 2 dəfə baha olacaq.
Ömür bitər, yol bitməz
Bütün bir ömürdə
tikən, quran, yaradan, yol çəkən,
dağ yaran insan hələ heç bir işini ürəyincə,
tam başa çatdıra
bilməyib. Nəyisə sona çatdırmaq elə son deməkdir.
Elə buna görə də insanın çəkili, yaddaşlarda
qala bilən həyatı doğrudan yola bənzəyir. Ömür bitir, yol bitmir.
İndi həqiqətən yolum Yardımlıyadır.
Dediyim kimi sel daşqınları
Masallı-Yardımlı yoluna
xeyli zərər vurub. Güclü yağışlar nəticəsində yolun
16, 17, 18 və 35-ci kilometrliyində
torpaq sürüşməsi
baş vermişdir.
Bu hadisə rayonun
Sırıq-Horavar yolunun
1 və 4-cü, Sırıq-Əruz-Astanlı
avtomobil yolunun 910-cu, Yardımlı-Deman-Arvana yolunun
19-cu kilometrliyində təkrar
olunmuşdur. Yollarla
bağlı rayondakı
vəziyyəti nəzərə
alan Yardımlı
rəsmiləri Azərbaycan
Respublikası Nəqliyyat
və Fövqəladə
Hallar Nazirliklərinə
müraciət etmişdir.
Bu qurumlardan dəvət
edilmiş mütəxəssislərin
iştirakı ilə
rayonun yol təsərrüfatına dəymiş
ziyan müəyyənləşdirilmişdir.
Bütün bunlardan sonra
toplanmış rəsmi
sənədlər aid olduqları
nazirliklərə göndərilmişdir.
Artıq bu ilin 3 ayında
rayonun Yol İstismar İdarəsinə
21,6 ton bitum, 7,7 ton mazut
gətirilmişdir. İşləri daha tez və
keyfiyyətlə görmək
üçün Asfalt-Beton
Zavod təmir edilmişdir. İndi asfalt
işlərini həyata
keçirmək üçün
burada lazım olan material hazırlanır.
Rayondakı bir sıra kəndarası yolların
təmiri də unudulmamışdır. Qış mövsümündə
xeyli problem yaradan belə yolların kənarındakı suötürücü
qurğular, borular təmizlənmişdir.
Yardımlı rayonunda uzaq
dağ kəndləri
kifayət qədərdir.
Bu il salınan
yol qışdan sonra tanınmaz hala düşüb. Həyatsa davam edir, təmir ediləcək hələ
nə qədər yollar var. Bitib-tükənməyən
yollar...
"Bu mənim şəhərimdir"
Rayon mərkəzi
Yardımlı şəhərində
Aydın Sarı oğlu Sarıyevlə görüşümüz sırf
təsadüf nəticəsində
oldu. Əslən
bu torpaqdan olan, indi Şirvan
şəhərində yaşayan
bu zəngin ziyalı aranın istisindən can qurtarmaq üçün imkan taparaq 1-2 günlük dağlara pənah aparıb. Ölkənin, eləcə də doğma Yardımlısının
tarixini gözəl bilən Aydın müəllimin təklifi ürəyimcə oldu:
- Bəlkə gün qızmamış şəhəri birgə gəzək.
İndi doğrudan əsil şəhərə
bənzəyən Yardımlı rayon mərkəzini bərabər
gəzirik. Kifayət qədər uzunluğu olan H.Əliyev
prospektində hələ də tikinti-abadlıq işləri
davam etdirilir. Onsuz da geniş və səliqəli olan prospektin
giriş hissəsində, yolların kənarında, şəhərin
daxilində, inzibati binaların, ticarət mərkəzlərinin
ətrafındakı yaşıllıqlar göz
oxşayır. Təkcə bu ilin ilk aylarında burada 6900 ədəd
dekorativ ağac əkilmişdir. Meşə və meyvə
ağaclarının salınması da
unudulmamışdır.
H.Əliyevin adını
daşıyan park daha geniş və rahatdır. Maliyyə
şöbəsinin, Rayon Məhkəməsinin, Əmək və
Əhalinin Sosial Müdafiə Mərkəzinin yeni binaları
şəhərə bir yaraşıqdır. Rayon İcra
Hakimiyyətinin, Prokurorluğun, inzibati binaların və fərdi
yaşayış evlərinin təmirdən sonrakı görkəmi
təqdirə layiqdir. Asfalt döşənmiş, müasir
işıqlandırma qurğuları ilə təmin
edilmiş küçələr, səkilər 10-15 il əvvəlki
Yardımlı şəhərinin tam əksidir. Digər
tikililərlə barabər Yeni Azərbaycan Partiyasının
rayon təşkilatı üçün inşa edilən yeni
inzibati binasının inşası başa çatmaq üzrədir.
- Müəllim, ölkəmizdə
Dünya Bankının imzaladığı kredit sazişinə
əsasən "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri
üzrə İkinci Layihə" əsasında rayonda
ümumi uzunluğu 52,2 kilometr olan su və 58,2 kilometr
kanalizasiya xəttinin çəkilməsinə başlanmışdır.
2013-cü ilin iyulunda başa çatacaq bu layihədən
sonra əhalimiz fasiləsiz olaraq su ilə təmin olunacaq.
Kanalizasiya xətti çirkab suları küçələrdən,
evlərdən çox uzaqlara aparacaq. Onda Yardımlı bir qədər
də gözəl və səliqəli olacaq. Bəli, bu mənim
şəhərimdir. Hər gün bir az da genişlənən,
böyüyən, inkişaf edən şəhərim.
Aydın müəllimin
öyünməyə haqqı var, çünki burdakı
proses onun dediklərinə əyani sübutdur.
(ardı
gələn sayımızda)
Səxavət
Məmmədli
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-22
iyun.-S.7.