1972:
HEYDƏR ƏLİYEV QƏDİM QARABAĞ ABİDƏSİNİ
ERMƏNİ SAXTAKARLIĞINDAN NECƏ XİLAS ETDİ?!
HEYDƏR
ƏLİYEV: "MƏSƏLƏ BÜROYA
ÇIXARILSIN!"
(əvvəli
ötən sayımızda)
Heydər Əliyevin
Azərbaycan mədəniyyətinə
qarşı erməni saxtakarlıqları ilə siyasi mübarizəsi
Şübhəsiz ki, Heydər Əliyev
məktubda qaldırılan məsələnin Ermənistanın
siyasi rəhbərliyi, alimləri, rəsmi qurumları, öyrədilmiş
vətəndaşları tərəfindən Azərbaycana
qarşı saxta və qərəzli bir şəkildə
siyasiləşdirilməsi və ideologiyalaşdırılması
ehtimalının real olduğunu bilirdi. Lakin o, həmin məsələyə
dövrün tələbləri çərçivəsində
siyasi münasibət sərgiləməklə, əslində
belə bir məqsədli, saxta siyasiləşmənin
qarşısını müəyyən qədər
almağa nail olmuşdur.
Araşdırmalar göstərir
ki, eynilə bu məzmunda məktublar Ermənistanın Elmlər
Akademiyasının alimləri, rəhbərləri tərəfindən
Azərbaycanın rəsmi siyasi dairələrinə əvvəlki
illərdə də göndərilmişdir. Belə məktublar
Heydər Əliyevin hakimiyyətindən əvvəl də
yazılmışdır. Amma hansısa səbəbdən,
bizdə belə məktublara Azərbaycançılıq
mövqeyindən yanaşılmamış, məsələyə
sırf elmi maraq və məqsəd müstəvisində
baxılmış və beləliklə, humanistliyimiz erməni
saxtakarlıqlarına real imkanlar yaratmışdır. Nəticədə
ermənilər Azərbaycan ərazilərindəki tarixi,
arxeoloji abidələri azad, sərbəst bir şəkildə
"tədqiq edərək", Azərbaycan tarixinə və
ərazilərinə qarşı saxtakarlıqlarını
"elmi məqsəd" adı altında maksimum davam
etdirmişlər. Təbii ki, təhlükəsizlik
orqanlarında zabit kimi işləyən, professional kəşfiyyatçı
olan və bir müddət Azərbaycan milli təhlükəsizliyinə
rəhbərlik edən Heydər Əliyev siyasi hakimiyyətə
gələnə qədər Ermənistan alimlərinin Azərbaycan
ərazilərində, eləcə də DQMV-də Azərbaycan-alban
abidələrini necə "tədqiq" etmələrindən
məlumatsız olmamış deyildi.
Siyasi hakimiyyətinin ilk
vaxtlarından belə "elmi məqsədin" hansı
saxta, məkrli və qeyri-elmi məqsədlər
daşıdığını yaxşı bilən Heydər
Əliyev onların qarşısını ala bilmək və
bu məsələnin ermənilər tərəfindən qəsdən
siyasiləşdirilməməsi üçün ilk növbədə
elmi amildən istifadə etməyi düzgün seçim hesab
etmişdir. Heydər Əliyev məktubu aldıqdan sonra, onun
Ermənistan SSR KP MK-nın tövsiyəsi və himayədarlığı
ilə yazıldığını dəqiqləşdirmiş,
buna görə də, Azərbaycan Elmlər
Akademiyasının tarixi və arxeoloji tədqiqatlarını,
alim əməyini bu işdə ən tutarlı, ən optimal
və obyektiv arqument kimi erməni saxtakarlığının
qarşısına qoymuşdur.
Şübhəsiz, M. Saryanın məktub
yazmasının əsl səbəbi Qarabağ ərazisində
Azərbaycan tarixçi-arxeoloqlarının ardıcıl
olaraq apardıqları tədqiqat işləri idi. Qarabağ
arxeoloji tədqiqatlarına isə görkəmli alim R.
Göyüşov rəhbərlik edirdi. Məlum olduğu kimi,
Heydər Əliyev hakimiyyətə gələndən sonra
tarixi, arxeoloji tədqiqatlarda özünü göstərən
durğunluq, maddi imkansızlıq, ekspedisiyaların
azlığı, arxeoloji qazıntıların Azərbaycanın
bütün ərazilərini əhatə etməməsi, azərbaycanlıların
maddi və mənəvi mədəniyyətinin qonşu
respublikalarda araşdırılmasının məhdudluğu
kimi hallar aradan qaldırıldı. Neçə onillər ərzində
Ermənistandan Azərbaycana aramsız arxeoloji
ekspedisiyaların göndərilməsinə müxtəlif
obyektiv səbəblərlə məhdudiyyətlər qoyuldu.
Bu tədqiqatların Azərbaycan alimləri ilə birlikdə
aparılması haqqında Azərbaycan tərəfinin təklifləri
erməniləri heç cür qane edə bilmədi.
Heydər Əliyev Azərbaycan
EA-ya tarix, arxeologiya, etnoqrafiya, ədəbiyyat, dil, mədəniyyət
sahəsində tədqiqatların genişləndirilməsi,
bu sahələrə diqqətin artırılması
tapşırığı vermişdi. Məhz Qarabağda, o
cümlədən, DQMV ərazisində alimlərimiz tərəfindən
alban abidələrinin aşkarlanması, bu abidələr
haqqında elmi araşdırmaların kəmiyyət və
keyfiyyətinin artması, Qarabağın Azərbaycanın qədim
ərazisi olmasını sübut edən yeni və tutarlı
arxeoloji dəlillərin aşkar edilməsi, alimlərimizin
Qarabağdakı alban abidələri haqqında SSRİ
miqyasında ardıcıl olaraq məqalələr, elmi
hesabatlar yazmaları erməniləri ciddi narahat etməyə
başladı. Müvafiq olaraq, SSRİ KP MK-ya, SSRİ Elmlər
Akademiyasına, SSRİ Nazirlər Sovetinə, SSRİ mədəniyyət
nazirliyinə Qarabağdan və Ermənistandan şikayət məktublarının
sayı da artdı. Belə məktublar daha çox Heydər Əliyevin
hakimiyyəti illərində yazılmışdır. Azərbaycan
ərazisindəki "erməni abidələrinə
qarşı qeyri-obyektiv elmi yanaşma", "erməni abidələrinin
qayğısına qalınmaması", "Azərbaycanda
sovet xalqlarının dostluğu və əməkdaşlığı
qaydalarının pozulması" və s. bu kimi yalanlar məktublarda
mütəmadi təkrar olunmuşdur.
Heydər Əliyevin dövründə
elmi saxtakarlıqlarını əvvəlki kimi sürətli
templə apara bilmədiklərini görən Ermənistan Azərbaycandakı,
o cümlədən Qarabağdakı tarixi abidələrin erməniləşdirilməsi
siyasətini yerli erməni əhalisinin əli ilə həyata
keçirməyə başladı. Belə halların
qarşısı alındıqda isə,
"yuxarılara" Azərbaycanda "erməni
xalqının hüquqlarının pozulması" barədə
məktublar yazıldı. Lakin Heydər Əliyev bu saxta
iddiaları, onların arxasında Azərbaycana qarşı,
şəxsən özünə qarşı dayanan qərəzli
niyyətləri özünəməxsus siyasi peşəkarlıqla
ifşa edirdi. Məsələn, Azərbaycan KP MK-nın Siyasi
Bürosunun qərarı ilə Bakıda Dağlıq
Qarabağ mədəniyyət və incəsənət
günlərinin keçirilməsi, Dağlıq Qarabağ
Muxtar Vilayətində sovet qanunlarının pozulması
haqqında məsələnin KP MK Bürosunda müzakirəyə
çıxarılması və muxtar vilayətin rəhbərliyinin,
hüquq mühafizə orqanlarının sərt cəzalandırılması,
DQMV-nin 50 illiyinin bayram edilməsi və buranın təsərrüfat
zəhmətkeşlərinin təltif olunması, bu vilayətdə
ali və orta ixtisas təhsili müəssisələrinin
yaradılması, vilayətdə əhalinin həyat səviyyəsinin
maksimum həddə çatdırılması, DQMV-də erməni
əhalisi üçün orta məktəblərdə erməni
dilinin saxlanılması, erməni dilində qəzetin nəşri
və s. bu kimi gerçək faktlar Azərbaycanda erməni əhalisinə
hər zaman yaxşı, dost, qərəzsiz münasibətin
olduğunu göstərir, digər tərəfdən də,
Ermənistanın siyasi-şovinist dairələrinin, üzdə
dost, arxada düşmənçilik edən alim və
ziyalılarının tarixi məsələlərdə Azərbaycana
qarşı saxta iddialarının, "erməni
hüquqlarının pozulması" haqqında şikayət
məktublarının əhəmiyyətsiz, əsassız
olduğunu məntiqlə sübut edirdi.
Bütün bunlara baxmayaraq, Azərbaycanın
ərazilərinə, mədəniyyətinə, ənənəvi
incəsənətinə, abidələrinə ermənilərin
saxta tarixi müdaxilələri, siyasi məqsədləri, erməniləşdirmə
planları davam edirdi.
Belə şərti müqayisə
apara bilərik ki, 1920-1940-cı illərdə ermənilərin
Azərbaycan xalqına, Azərbaycanın say-seçmə
ziyalılarına, yaradıcı şəxsiyyətlərinə
qarşı apardıqları siyasi repressiyalar 1950-1980-ci illərdə
Azərbaycanın mədəniyyətinə, xüsusilə
tarixi abidələrinə qarşı yönəldilib, Azərbaycan
ərazilərinin, mədəniyyətinin erməniləşdirilməsi
istiqamətində məqsədyönlü total
saxtalaşdırma planları həyata keçirilib. Bu planlar
"elmi tədqiqat" adı ilə və ya sovet
ideologiyasının bəzi doğmaları ilə öz
saxtakarlıq məqsədlərini gizlətmişdir.
Heydər Əliyev
Azərbaycan ərazilərinə qarşı ermənilərin
tarixi saxtakarlıqlarını nəzarətə
götürəndən, bu məsələni
Azərbaycanın tarixi, siyasi,
elmi, ictimai gündəliyinə
daxil edəndən sonra,
Ermənistanın da Azərbaycana
qarşı siyasi, ideoloji,
elmi, tarixi iddiaları
artdı. Xüsusilə, Qarabağdakı alban abidələri
haqqında elmi məqalələrin
yazılması, Azərbaycanda albanşünaslığın
fəallaşması, elmi nəticələrin
məhz arxeoloji tədqiqatlar hesabına
yeniləşməsi və artması ilə erməni tərəfinin
saxtakarlıq planlarına zərbə vuruldu.
Heydər Əliyevin siyasi hakimiyyəti illərində
ermənilərin Azərbaycana qarşı tarix,
mədəniyyət, ərazi iddiaları artsa
da, bu
iddialarının reallaşmasının qarşısı maksimum alınmışdır. Lakin vəziyyət 1980-ci illərin
ortalarından etibarən tədricən dəyişməyə
başladı...
Azərbaycan əleyhinə erməni
təəssübkeşliyinin zərərsizləşdirilməsi
Heydər Əliyev ermənilərin
Azərbaycana qarşı elmi vasitələrlə tarixi
saxtakarlıq fəaliyyətlərilə, planları ilə
siyasi mübarizədə tək olduğunu yaxşı
bilirdi. Bu məqsədli, total elmi saxtakarlıq, əslində
açıq da olmasa, dolayı Azərbaycan ərazilərinə
qarşı siyasi iddialar demək idi. Erməni və ermənipərəst
tədqiqatçıların Azərbaycan ərazilərindəki
alban məbədlərini, Azərbaycanın tarixi abidələrini
erməniləşdirmək məqsədilə
yazdıqları məqalələrdə, məruzə və
kitablarda artıq Azərbaycanın müəyyən ərazilərinin
nə vaxtlarsa ermənilərə məxsus olması barədə
müddəalara, nəticələrə geniş yer verilirdi.
Bu elmi iddiaların nə vaxtsa siyasiləşməsi, milli
münaqişələr üçün saxta bəhanələrə
çevrilməsi ehtimalını Heydər Əliyev dahi siyasətçi
uzaqgörənliyilə bilirdi. Hadisələrə bu
günün prizmasından yanaşdıqda, belə demək
olar ki, əslində, "Böyük Ermənistan"
planı hələ sovet dönəmində də işləmişdir.
Bu planın davamçıları müəyyən mərhələdə
erməni tarixçiləri, arxeoloqları, sənətşünasları,
ziyalıları, yaradıcı simaları olmuşlar. Onlar tədricən
SSRİ-nin siyasi hakimiyyətini, beynəlxalq ictimaiyyəti Azərbaycana
qarşı ərazi iddialarına məhz "elmi
üsullarla" inandırmağa
çalışmışlar. Elə Qarabağdakı abidələrin
ermənilər tərəfindən tədqiq olunması,
onların "erməni abidəsi" adı ilə təqdim
edilməsi, vaxtilə Qarabağ xanlığına daxil olan Qərbi
Azərbaycan ərazilərindəki Azərbaycan xalq mahnı və
rəqslərinin nota yazılması, erməni musiqisi adı
ilə cild-cild nəşr və tədqiq edilməsi də, əslində
Qarabağın elm və mədəniyyət vasitəsilə,
yəni silahsız işğalına
hesablanıbmış.
Bütün bunlara qarşı
mübarizədə Heydər Əliyev elmi ictimaiyyətimizə,
alimlərimizin tədqiqatlarına, elmin obyektivliyinə
böyük əhəmiyyət verirdi. İmperiyanın siyasi
maraqları, milli azlıqlara qarşı siyasəti, kommunist
ideologiyasının "pambıqla baş kəsməsi",
Heydər Əliyevə Kremldə birmənalı olmayan
münasibətlər, onun bacarığına, nailiyyətlərinə
və şöhrətinə qarşı həsəd və
paxıllıqlar, ermənilərin siyasi mərkəzdən və
beynəlxalq dairələrdən dəstək alması Heydər
Əliyevin qarşısında bu mübarizədə real
çətinliklər qoyurdu. Bu incə milli məsələdə
SSRİ-nin hakim siyasi dairələrində Heydər Əliyevi
- azərbaycanlı siyasətçini dəstəkləyən
kimsə yox idi. Rəsmi Moskva, siyasi mərkəz belə məsələlərdə
"xalqların mədəniyyət hüquqları"ndan
çıxış edirdi, bu isə hər hansı bir şəkildə
ermənilərin dəstəklənməsi demək idi.
Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycanda
erməni əhalisinin hüquqlarına, dilinə, mədəniyyətinə,
təhsilinə, həyat səviyyəsinə humanist
münasibət bəsləyir, yerli erməni əhalisi
üçün yaxşı həyat şəraiti
yaradır, DQMV-yə iqtisadi, təsərrüfat nailiyyətlərinə
görə Azərbaycanın təltiflərini,
mükafatlarını verirdi. Qarabağın qədim və
yerli əhalisinin - azərbaycanlıların yaxşı,
firavan yaşaması üçün yaradılan bütün
imkan və şərait, erməni əhalisi üçün
də yaradılırdı. Ümumiyyətlə, ermənilərə
Azərbaycan xalqı tərəfindən həmişə
dost, yoldaş, xeyirxah, qərəzsiz münasibət olubdur və
belə bir münasibətin qarşılıqlı olması,
həmişə davam etməsi, araqarışdıranlardan təmizlənməsi
Heydər Əliyevin siyasi məqsədlərindən idi.
Bununla, həm "erməni hüquqularının
pozulması" barədə iddiaların yalan olduğunu
siyasi mərkəzə əyani sübut edir, həm də bu
siyasi yolla Azərbaycan tarixinə və mədəniyyətinə
qarşı erməniləşdirmə planlarının
"elmi məqsədlə" həyata keçirilməsi
barədə saxta iddiaların siyasi mərkəz tərəfindən
dəstəklənməsinə mane olurdu. Heydər Əliyevin
erməni saxtakarlıqları və yalanları ilə belə
peşəkar, ifşaedici və inandırıcı siyasi
mübarizəsi olmasaydı, yəqin ki, siyasi mərkəz də
onun Azərbaycandakı iqtisadiyyat, sənaye, təsərrüfat,
mədəniyyət sahələrində davamlı inkişaf
planlarına mane olacaqdı...
Ariz ABDULƏLİYEV,
Ü.Haclbəyli adına
BMA-nın
dosenti
Ədalət.-2012.-22 iyun.-S.6.