Azərbaycan-Türkiyə
əlaqələrinin inkişafında qadınların rolu
Jurnalist Qadınlar Assosiasiyası və
Yevlax şəhər YAP qadınlar Şurasının təşkilatçılığı
ilə Yevlaxda "Azərbaycan-Türkiyə əlaqələrinin
inkişafında qadınların rolu" adlı tədbir
keçirilib.
İlk öncə qonaqlar Yevlax
şəhərində ümummilli lider H.Əliyevin heykəli
önünə gül dəstələri qoyublar.
Sonra nümayəndə heyəti
Türkiyə dostluq parkına baş çəkiblər. Qonaqlar
qardaşlığımızın şərəfinə
ucaldılmış abidənin üzərinə gül
qoyduqdan sonra, Tarix Diyarşünaslıq müzeyinə gediblər.
Muzeydə Yevlax-Mersin dostluğunu özündə əks etdirən
eksponatlara baxıblar.
Şəhərlə
tanışlıqdan sonra "Sahil" mərkəzində
"Azərbaycan-Türkiyə əlaqələrinin
inkişafında qadınların rolu" adlı tədbir
öz işinə başlayıb.
Konfransı giriş sözü ilə
Yevlax şəhər icra hakimiyyətinin birinci müavini Qənimət
Qaraşov acıb. O, Azərbaycan -Türkiyə əlaqələrinin
tarixindən danışıb və bu əlaqələrin son
illər daha da möhkəmlənməsini xüsusi
vurğulayıb. Q.Qaraşov deyib ki, Türkiyə-Azərbaycan
münasibəti analoqu olmayan bir dostluq üzərində
qurulub. Necə ki, ümummilli liderimiz Heydər Əliyev deyib:
"bu dostluq əbədidir, sönməzdir".
Yevlax şəhəri YAP
qadınlar şurasının sədri , "Kür" qəzetinin
baş redaktoru Əminə Yusifqızı Yevlax şəhərinin
Türkiyənin Mersin şəhəri ilə
qardaşlaşması barədə məlumat verib. O eyni
zamanda ulu öndərin "iki dövlət bir millət"
fikrinə həmişə sadiq qaldığımızı və
bu yöndə görülən işləri
xatırladıb. Əminə xanım Yevlax şəhərinin
ictimai-sosial həyatının inkişafında
qadınların rolunun böyük olduğunu qonaqların diqqətinə
çatdırıb. O, həmçinin məhz qadın təşkilatlarının
gördüyü işlər barədə konfrans
iştirakçılarına geniş məlumat verib.
Tədbirdə
çıxış edən Jurnalist Qadınlar
Assosiasiyasının sədri Sevil Yusifova bildirib ki, milli
kimliyin formalaşması ailədən başlayır və
milli kimliyini dərk edən gənclərimizin yetişməsində
anaların, qadınların rolu danılmazdır. Qeyd etmək
gərəkdir ki, bu gün Azərbaycan- Türkiyə
qardaşlıq əlaqələrinə xələl gətirmək
istəyən xaricdən idarə olunan qara qüvvələr
var. Biz bu qüvvələrin hər vəchlə törətmək
istədikləri fitnə-fəsada qarşı ayıq
olmalı və düşməni birlikdə məğlub etməliyik.
Bizim qardaşlığımız, birliyimiz ilahinin bizə
verdiyi bir töhfədir. Necə ki, biz valideynlərimizi,
bacı-qardaşlarımızı seçmirik, Azərbayan-Türkiyə
qardaşlığının da kökü elə
yaradılışa gedib söykənir.
Əgər indi bugünkü
toplantımıza nəzər salsaq burda türk
dünyasının kiçik modelini görə bilərik. Həm
Azərbaycan türkləri, həm Türkiyə türkləri,
həm də yavru Şimalı Kipr Cümhuriyyəti türklərini
təmsil edən xanımlarımız bir araya gəliblər.
Bu da birliyimizə əyani sübutdur.
Biz bir-birimizə bənzəyirik.
Dərdlərimiz də birdir. Düşmənlərimiz də
birdir. Sevincimiz də birdir. Mücadiləmiz də birdir. Biz
eyni kökdən, eyni soydan olan qardaşlarıq.
Hər sahəyə nəzər
salsaq orda bənzərliyimizi görəcəyik. Ailəyə,
uşağa, valideynə münasibətimiz də əsrlər
boyu eynidir. Dəyişməyib. Xeyir işlərimizə getsək
görərsiniz ki, böyük türk dünyasının hər
bucağında fərqlı deyilik. Eyniyyətin qorunmasında
məhz siz xanımların rolu böyükdür, əvəzsizdir.
Əlbəttə, özünüdərk və dostluq,
qardaşlıq sevgimiz ta ailədən başlayarsa bizim
qardaşlığımızı heç bir qüvvə
sarsıda bilməz. Türk qadını əsrlər boyu
öz müdrüklüyü, öz ağlı və
bacarığı ilə kişilərlə yan-yana,
çiyin-çiyinə hərəkət edibdi.
Sonra Sevil xanım Bakıdan gələn
qonaqlar arasında təşrif gətirən Türkiyə
Cümhuriyyətinin Azərbaycandakı səfirinin
xanımı Günay Kılıça və Şimalı
Kipr Cümhuriyyətinin səfirinin xanımı Sine
Qazıoğluna və digər qonaqlara tədbir
iştirakçıları adından minnətdarlığını
bildirdi. O, Türkiyənin Azərbaycandakı səfirinin indiyə
kimi gördüyü işləri, ən həssas məqamlarda
belə özünü azərbaycanlı kimi
aparmasını, əsil qardaş olmasını və iki
xalqın bir-birinə inteqrasiya etməsində göstərdiyi
müstəsna rolunu vurğuladı. S.Yusifova həmçinin
söylədi ki, "ərlə arvadın torpağı bir
yerdən götürülüb" ata misalı sanki cənab
səfir Hulusu Kılıç və xanımı Günay
Kılıç üçün deyilib. "İndiyə qədər
qardaş Türkiyənin Azərbaycanda çox səfiri fəaliyyət
göstərib və hər biri diplomat kimi öz
missiyalarını başa vurublar. Amma onlar hər
addımlarında diplomat kimi rəftar ediblər. Bü gün
çox fəxarətlə deyə bilərəm ki, Hulusi bəy
isə öz fəaliyyəti ilə bir daha qardaş
olduğunu sübut edib. Necə deyərlər, əməlləri
və sözləri bir olan və gözəl işlərin həyata
keçirilməsində bir-birini tamamlayan belə bir
cütlük görmədik. Günay xanım istər
bayramlarda olsun, istər dövlət tədbirlərində və
istərsə də xeyriyyə işlərində olsun hər
zaman öz aktivliyi və içdən gələn səmimiyyəti
və istiqanlılığı ilə seçilib. Elm, səhiyyə,
biznes sahəsində çalışan ünlü türk
qadınlarının Azərbaycana gəlməsində və
həmkarları ilə görüşməsində şəxsən
özü bir neçə layihəyə imza atıb.
Günay xanım Azərbaycanda Türkiyəni, Türkiyədə
isə Azərbaycanı təbliğ edən
bacımızdır. Mən bütün
iştirakçılar adından ona sonsuz təşəkkürlərimi
bildirirəm ki, zamanının az olmasına baxmayaraq uzun yol gəlib
sizlərlə bir arada olmağa razı olub.
Çıxış
üçün söz alan Günya Kılıç öncə
təşkilatçılara minnətdarlığını
bildirdi. O söylədi ki, Azərbaycana gəldiyində
özünü yabançı bir ölkədə hiss etmədi.
Anadolunun bir başqa şəhərinə getmiş kimi, yəni
öz vətənində hiss etdi. "Biz aynı millətin
övladlarıyıq, aynı kökdənik. Azərbaycan
-Türkiyə bayraqlarının birlikdə
dalğalanmasını görmək nə qədər
qürurverici bir duyğudur". Türk qadının şərəfli
tarixindən danışan natiq bildirdi ki, biz qız
uşaqlarını diri-diri torpağa gömən bir millətin
nümayəndələri olmamışıq. Biz dünayaya
sivilizasiya daşıyan bir millətin övladlarıyıq.
Azərbaycan qadını da bu baxımdan bizim qürur
yerimizdir.
Günya xanım
çıxışının sonunda Azərbaycan-Türkiyə
qadınlarının birlikdə iki qardaş dövlətin
qardaşlığının əbədi olmasını, bu
dostluğun sönməyəcəyini dünyaya duyurmağa
çağırdı.
Tədbirin sonunda Yevlax YAP qadınlar
şurası tərəfindən və Azərbaycan Aləmi
İcitimai Birliyi tərəfindən Azərbaycan-Türkiyə
əlaqələrinin inkişafındakı xidmətlərinə
görə Günay Kılıç diplomla təltif olundu. Eyni
zamanda Günya xanıma regionda fəaliyyət göstərən
ELTV tərəfindən fəaliyyəti müddətində
dostluq və qardaşlığın möhkəmlənməsi
yönümdə gördüyü işlərə görə
xüsusu təşəkkürnamə təqdim olundu. Azərbaycanın
tanınmş rəssamı Lyubov Buxarova Günay
Kılıça öz əl işi olan, təmizlik simvolu
Lili çicəklərinin rəsmini hədiyyə etdi. Təbdir
incəsənət nümayəndələrinin rəngarəng
proqramı ilə başa çatdı.
Ədalət.-2012.-22
iyun.-S.6.