"Saytıma hücumlar olmalıdır"

 

  Elbrus Ərud: "Evə ət almaq əvəzinə, sayta xəbər aldığım vaxtlar olub"

 

  Bu dəfəki həmsöhbətim "qafqazinfo.az" saytının qurucusu və baş redaktoru Elbrus Əruddur. Zəng edib söhbətləşmək istəyimi bildirəndə, azacıq tərəddüd etsə də razılaşdı. Bizi, qafqazinfo.az saytının ofisinə dəvət elədi. Həmsöhbətimin uzunmüddətli jurnalistika təcrübəsini nəzərə alıb, onu hər ehtimala qarşı neytrallaşdırmaq məqsədi ilə "öz meydançasından" uzaqlaşdırmaq üçün "neytral meydança"ya dəvət elədim. Çox çətinliklə də olsa onu "öz meydançasından" uzaqlaşdırmağı bacardım. Uzun-uzadı çək çevirdən sonra iş gününün sonunda görüşüb sakit bir kafedə əyləşdik. Olduqca sakit görünməyə çalışsa da, hiss elədim ki, çox ehtiyatlıdır. Hətta davranışlarından başa düşdüm ki, peşəkar jurnalist kimi, ehtiyatı əldən vermək istəmir. Amma hər halda "neytral meydançada oynamaq" mənim üçün problem olmadı. Hər ikimizin ehtiyatlı davranmasına baxmayaraq söhbətimiz maraqlı alındı.

   - Elbrus bəy, rəhbərlik etdiyin sayta tez-tez haker hücumları olur. Səncə bu hücumların səbəbi nədir?

   - Hücum çox tez-tez olur. Amma keçən il dörd dəfə saytı dağıdıblar. Hücumlar isə intensivdir. Bu il heç bir dağılma, baza itkisi olmayıb. Sonuncu dəfə bu ayın 19-u hücum olub və biz bunun qarşısını almışıq. Son hücumun qarşını almaq üçün məcbur olduq saytın girişini məhdudlaşdıraq. Məncə bu cür hücumların olması normaldır. Gün ərzində yüzdən çox xəbər qoyulan sayta bu cür hücumlar olmalıdır. "Eurovision" öncəsi hətta rəsmi qurumların saytları dağıdıldı. Bunun qarşısını almaq çox çətindir. Bu hücumların kim tərəfindən edilməsini təyin eləmək çox çətindir. İndiki mərhələdə düşmən axtarışında deyiləm. Əvvəl rəqiblər mane olmağa çalışırdı. Ancaq sonradan başa düşdülər ki, "qafqazinfo"nu bu cür hücumlarla çökdürmək olmaz. Sayta keçən il 10000 giriş(visit) olurdusa, bu il 35-40 min arasında visit olur. Bu artıq qafqazinfo.az üçün rekorddur. Bu, rəsmi statistikadır.

   - Şəxsən mənim üçün sizin uğur reseptiniz maraqlıdır. Qafqazinfo.az saytının populyarlığına necə nail oldun?

   - Bütün uğurların bir formulu var. Bu çox da qəliz deyil. Əsas ürəkdir. Sonra isə gördüyün işə həvəs və sevgi olmalıdır. Ən əsası peşəkarlıqdır. Mən özümü yüksək peşəkar hesab etmirəm, ancaq peşəkarlıq da önəmlidir. İstənilən xəbər portalının uğur qazanması üçün üç amil əsasdır. Müstəqillik, pul, peşəkarlıq. Burda söhbət təkcə qafqazinfo.az portalının uğurundan getmir.

   - Müstəqillik və peşəkarlığa bir söz demirəm. Amma mən bilən sən qafqazinfo.az portalını çox cüzi pulla yaratmısan . Hər halda mətbuatda bu cür yazırdılar

   - Mətbuatda çox şey yazırdılar.(gülür)

   - Mən belə başa düşdüm ki, böyük məbləğlə başlamısan işə...

   - (xeyli susur) Bilirsən, mən işə böyük kollektivlə başlamamışam. Bu proses hamının gözü qabağında baş verib. Mən və müavinim Elnur Məmmədli bu işə birgə başlamışıq və şükür olsun ki, hələ də birlikdəyik. Uğurumuzun bir sirri də kollektiv işləməyi bacarmağımızıdır. Amma pul məsələsinə gələndə, deyim ki, qafqazinfo pullu portal deyil. Amma mən sonuncu qəpiyimi də, jurnalistə və xəbərə verməyi bacarıram. Elə olub ki, öz cibimin pulunu, ailəmə aparacağım pulu xəbərə vermişəm. Evə ət almaq əvəzinə, sayta xəbər aldığım vaxtlar olub.

   - Yəqin aldığın xəbərin sənə uğur gətirəcəyinə inanmısan...

   - Yüz faiz inanmışam. İnanmadığım işə pul xərcləmərəm ki...Sizin sualdan yayınmayaq, bir daha deyirəm ki, "qafqazinfo" heç vaxt imkanlı, pullu sayt olmayıb. Müəyyən dəstək olub, saytda xeyli reklamlar var. Piar üçün pul alırıq. Ümumilikdə sayt özünü saxlamaq imkanına malikdir.

   - Köşə yazarların da zəif deyil. Məncə çoxusu da bahalı köşə yazarlarıdır.

   - Bu sahədə yaxşı nə var, "qafqazinfo"da olmalıdır. Yaxşı köşə yazarlarının da bizdə yazmasında şəxsən mən maraqlıyam. Mən buna iddialıyam 

   - Az pulla buna nail olmaq çətindir axı...

   - Tarixdə çoxlu qələbələr var ki, bu qələbə inamla, istəklə, əzmlə qazanılıb. Əsas odur ki, mən gördüyüm işə inanıram. Bütün uğurların səbəbi inam və istəkdir. 24 saat telefonum açıq olur və xəbər gələn kimi onu hazırlayıb sayta qoyuram. Müxbirlər də bu cür işləyir və mən xəbəri hazırlamaqla bağlı heç kəsə göstəriş vermirəm. Bəyəm komandir düşməni görəndə əsgərə xəbər verir ki, avtomatı götür düşməni vur? Kim harda xəbər əldə etsə işləyir və sayta qoyur. Jurnalistikada rəhbər anlayışını qəbul etmirəm. Əvvəlki işimdə də mənim rəhbərim yox, peşəkar jurnalist həmkarım olub

   - Sənin üçün yaxşı jurnalist olmaqla, yaxşı sayt rəhbəri olmaq arasında fərq varmı?

   - Hər ikisi maraqlıdır. Hər ikisinin öz gözəllikləri var. Mən yaxşı jurnalist idim və yoxladım ki, görək yaxşı sayt rəhbəri ola bilirəmmi? Nə qədər alındığını ictimaiyyət deyə bilər. Bir jurnalistin, bir müxbirin işindən ayrılıb, arxasında böyük dayaqlar olmadan ictimai fikrə təsir edən bir sayt yaratması asan məsələ deyil. Ölkədə böyük saytların, qəzetlərin arxasında böyük güclər var, Elbrusun isə arxasında heç kəs yoxdur.

   - Yaxın hədəflərin nədir?

   - Yaxın vaxtlarda qafqazinfonun girişi 50 minə qalxmalıdır. Müsavat.com-un bu qədər girişi var. Mənim yaxın hədəfim Azərbaycanın bir nömrəli saytının rəhbəri olmaqdır. Mən özümü bir nömrə hesab edirəmsə, niyə mənim portalım bir nömrəli olmamalıdır? İkinci-üçüncü yerdə olmaq da uğurdur. Amma bir nömrə olmaq uğurdur. Qafqazinfo bir ildə nazirliklərin görə bilmədiyi işləri həll edib. İl ərzində yüzlərlə problem həll etmişik. Çoxlu təşəkkürlər alırıq. Mən qolumu qoyduğum yerdə, problem həll olunur.

   - Sənə qarşı təhdidlər, təzyiqlər olurmu?

   - Məncə bu mərhələni keçmişəm. Amma hərdən bir yazıya görə hansısa nazirlik və ya hansısa müxalifət lideri incik düşür. Əsas odur ki, sayt səs-səda yaradır. Diqqət çəkir. Mən xəbər hakimiyyəti, xəbər iqtidarı uğrunda mübarizə aparıram. İdmançının hədəfi Olimpiya çempionu olmaqdır. Mən xəbər verməkdən qorxmuram.

   - Sən həm də facebook statuslarını xəbərə çevirirsən və Azərbaycanda bunu səndən başqa edən yoxdur.

   - Azərbaycanda ilk dəfə facebook statuslarını xəbərə çevirmək məsələsini mən başlamışam və heç kəs bu işi görmür. Dünyada bütün xəbər saytları sosial şəbəkələrlə işləyir, prezidentlər sosial şəbəkələrdə status yazır və bu xəbərə çevrilir. Sosial şəbəkələr qalmaqal yaradır. Bizdə nə üçün olmasın? Mən bu işi edirəm və hesab edirəm ki, düz edirəm. Mənim üçün baş verən istənilən hadisə xəbərə çevrilə bilər. Gözüm snayper kimi xəbər axtarır.

   - Kollektiv də, bu ənənəni davam etdirir?

   - Kollektiv mənim kollektivimdir. Biz birlikdə çalışırıq. Günün 24 saatını bu işə həsr edirik və 24 saat saytın başındayıq. Hamımız bu işə ürəklə yanaşırıq və güclü, peşəkar kollektivimiz var. Məsələn, müavinim Elnur Məmmədli bütün gücünü, enerjisini bu işə həsr edib. O bütün əyləncələrdən imtina edib, "qafqazinfo"nun inkişafı üçün çalışıb. Kollektivimiz çox mehriban və sədaqətlidir.

   - Qafqazinfo-dan gedən və ya qovulan olub?

   - Yox. Məsələn, elə adam olub ki, bizimlə işləmək istəyib, biz razı olmamışıq. Kollektivə gələn də olur, gedən də. Bu çox normal haldır. Öz istəyi ilə gedən bir nəfər olub, o da bu günə qədər peşmandır. Mən düşünürəm ki, onun gedişi səhv olub. O jurnalisti özüm yetişdirmişəm və düşünürəm ki, qayıdıb kollektivinə gələcək.

   - "Qafqazinfo"da həm iqtidardan olan bir millət vəkili, həm də çox radikal mövqeli müxalif köşə yazarı çıxış edir. Bu balansı necə qoruyursan

   - Mən "qafqazinfo"nu maraqlı bir məkana çevirmişəm. Məhz buna görə də bizə Aydın Mirzəzadə də açıqlama verir, Arzu Səmədbəyli də. Pərviz Cəbrayıl da köşə yazır, Adil Əliyev də. Şərif Ağ da yazır, Əsəd Cahangir də. Müxtəlif mövqeli adamlar bizdə yazır və mən buna şərait yaradıram. Hətta "Azadlıq" qəzetində getməyən yazılar, bizdə çap olunur. Bəzən redaksiyaların imtina etdiyi yazılar fərdlərlə bağlı olur. Bu çox çətin prosesdir. Dünyada da, bizdə də bu çox çətin prosesdir. Belə bir balansı saxlamaq çətindir. Ümumiyyətlə Azərbaycanda qafqazinfo təcrübəsi yoxdur. Bizə gizli sevgi var. Əgər zaman ədalətlidirsə, gec-tez bizim zəhmətimiz bilinəcək.

   - Haqqında tənqid yazmağa veto qoyduğunuz adamlar varmı?

   -Allahdan sonuncu bəndəyə qədər hər kəs haqqında yazıla bilər. Qafqazinfo-da axtarış verib buna əmin ola bilərsiniz. Hər kəs haqqında yazmaq mümkündür. "Qafqazinfo"nun birinci şərti budur ki, burda çap olunursansa, tənqid oluna bilərsən. Hətta mənim dostum, millət vəkili Adil Əliyev haqqında tənqidi şərhlər yazılır. Mənim özümü tənqid edirlər. Mən sadəcə mənə yaxın olan adamlara, özümə yazılan təriflərə veto qoymuşam.

   -Azərbaycan mətbuatının indiki vəziyyəti ilə bağlı nə düşünürsən? Necədir indiki mənzərə?

   - Bəzən adamlar yazılardan, sözdən qorxurlar. Məhz ona görə də, uğur qazana bilmirlər. Bu yaxınlarda tanınmış qələm adamı Həmid Herisçi ölkə prezidenti İlham Əliyev haqqında portret yazı yazmışdı. "Qəribə oğlan" adlı bu yazını nə iqtidar, nə də müxalifət mətbuatı vermirdi. Mən o yazını çap etdim və yazı 10 min dəfədən artıq oxundu. Bu yazıya görə müəllifə çox yüksək də qonorar verdim. Məbləği açıqlamaq istəmirəm, ancaq Azərbaycan üçün çox yüksək məbləğ idi. Mən düşünürəm ki, Azərbaycan prezidenti haqqında yazılmış ən yaxşı yazı idi. Bizdə yaranan problemləri bəzən söz azadlığının problemi ilə bağlayırlar. İnsanlar öz problemlərini, peşəkarlıqlarından əmələ gələn çətinlikləri söz azadlığı ilə bağlayırlar. "Qafqazinfo" haqqında müstəqil deyil fikrini demək mümkün deyil. "Qafqazinfo" varsa, bunun televiziya, qəzet, media holdinq formatını da yaratmaq olar. Mən necə deyə bilərəm ki, Azərbaycanda söz azadlığı yoxdur? Amma çoxlu problemlərin olduğunu da danmıram. Qəzetlər istəyir ki, oxucuya gündə bir kitab oxutdursun. Məncə köhnə yanaşmadan qurtulmaq, rəngli, böyük şəkillər verilən qəzetlər çıxarmaq lazımdır. Oxucu bir gündə bir kitablıq materialı oxuya bilməz. Daha oxunaqlı, daha maraqlı qəzet çıxarmaq mümkündür.

   - Mən bildiyim qədər sən həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüsən. "Qafqazinfo" isə daha çox müxalif cəbhədə olan yazarları çap edir. Sənə bu yazarları çap etmə deyən olurmu?

   - Mənə bunu ancaq Rəşad Məcid deyə bilər, o da demir. Düşünürəm ki, mən doğru addım atıram. Mənim heç bir öhdəçiliyim yoxdur. Mən Azad Yazarlar Ocağındakı yazarları Azərbaycanın ən ciddi yazarları hesab edirəm və onlarla çox yaxşı münasibətim var.

   - Qələminə hörmət etdiyin, dəyər verdiyin, oxuduğun beş yazarın adını düşünmədən çəkə bilərsənmi?

   - Ciddi sualdır və mən belə sualları sevirəm. Bu yaxınlarda Pərviz Cəbrayılı oxumuşam və çox bəyənmişəm. Şərti olaraq, heç kəsə üstünlük, birinci-ikinci yer vermədan Əkrəm Əylislini, Pərviz Cəbrayılı, Şərif Ağı, Aqşin Yeniseyi, Seymur Baycanı müasir ədəbiyyatımızın 5 ən yaxşı yazarı hesab edirəm.

   -Bəs beş köşə yazarı?

   - Vəziyyət elə gətirib ki, yazıçılar həm də köşə yazır. Mənim sevdiyim köşə yazarlarından Qulu Ağsəsi, Hikmət Sabiroğlunu çox sevmişəm. İndiki köşə yazarlarından Zamin Hacını, Pərviz Cəbrayılı, Aqşini, Əsəd Cahangiri, İlqar Rəsulu sevə-sevə oxuyuram. Rəşad Məcid yazanda oxuyuram və bəyənirəm. Salam Sarvan və Murad Köhnəqalanı çox bəyənirəm. Yeganə yazardır ki, Murad Köhnəqalanın "Dostun dəlidirsə" yazısını dörd dəfə oxuyub, dörd dəfə də dolmuşam. İnsanı silkələyən yazıdır. O yazını oxuyanda səsim qırılıb, titrəmişəm. Hesab edirəm ki, o yazı Azərbaycan publisistikasının şah əsəridir.

 

 

   Cəlil CAVANŞİR

 

  Ədalət.-2012.-22 iyun.-S.5.