Yaxşı
ki, bu yurdun Bəxtiyarı var...
Vətənin
ürəyinə köçənlər
(əvvəli ötən
şənbə sayımızda)
Şairin həmyerlisi Molla Cumanın
belə bir misrası var: "Dost mehriban ya bir olar, ya iki".
Bəxtiyar Vahabzadə isə deyir:
Yığılın,
yığılın,
başıma, dostlar,
Mənim bir günüm də
sizsiz olmasın!
Onun "dostluq xəritəsi"
çox geniş, dostları isə saya gəlməzdir:
uşaqlıq və gənclik dostları, ürək və
çörək dostları, söz-sənət dostlarıg
Biz hələ Bəxtiyar şeriyyətinin, şəxsiyyətinin,
mərdanəliyinin və dönməzliyinin pərəstişkarlarını,
vurğunlarını demirik.
Yaxından-uzaqdan onun qədər məktub
alan, bu məktubların birini də cavabsız qoymayan, Azərbaycana
hər gün yeni dostlar qazandıran başqa bir sənət
adamının adını çəkmək bəlkə də
çətindir.
"Şair - vətənin,
xalqın danışan dilidir", - deyir Bəxtiyar
O, hər yerdə bu missiyanı ləyaqətlə
yerinə yetirir, Azərbaycanımıza
başucalığı və şərəf-şan gətirir.
Bax, buna görə də Bəxtiyarın dostları, istəyənləri,
adını ürəyinin başında gəzdirənləri
bu qədər çoxdur!
... Yadıma 1980-ci ilin
qışı gəlir - "Bəxtiyar Vahabzadə"
adlı sənədli televiziya filmini çəkdiyimiz günlər.
Bir axşam işimizi başa vurub xudahafizləşərkən:
- Qadanızı alım, - dedi, - elə
eləyin ki, dostlarım məndən incik düşməsinlər.
Yoxsa üzümə də baxmazlar.
Mən onun sözünü necə
deyərlər, havada tutdum. Ancaq özümü bilməməzliyə
vurdum:
- Hansı dostları deyirsiniz?
Gülümsündü:
- Guya bilmirsən...
Başladım sadalamağa:
- Şirməmməd Hüseynov,
Nurəddin Rzayev, Xudu Məmmədov, Şahmar Əkbərzadə...
- Burada dayanaq, - dedi. - Bütün
aləm bilir ki, adını çəkdiyin bu ziyalılarla
bir nəfəs alıram. Onlar mənim qolum-qanadımdır,
bircə gün görməyəndə elə bil havam
çatmır. Dünya ölüm-itim dünyasıdır,
qoy sizin bu filmdə də bir yerdə olaq, yadigar qalsın...
Bu canbir dostlar qarlı bir gündə
sənətkarın doğma yurdu Şəkidə - onun ata
ocağında məclis qurdular. Dedilər,
danışdılar, güldülər... Ən maraqlı
epizodlar kinokadrlara köçdü, tarixə döndü.
Bakıya qayıdanda şair bir
arzusunu da dilə gətirdi:
- Könül istərdi ki, - dedi, -
Azərbaycandan kənara da çıxasınız,
Çingiz Aytmatovla, Rimma Kazakova ilə, Oljas Süleymenovla,
Pavlo Movçanla görüşəsiniz, yolunuzu Türkiyədən
salasınız. Orada nə qədər dostlar var - Əhməd
Bican Ercilasun, Əli Yavuz Akpınar, Mehmet Kaplan, Yavuz Bülənd
Bakilər, daha kimlər, kimlər... Mən hələ
İraq şairi Əbdüllətif Bəndəroğlunu,
alman tərcüməçim Əhməd Şmideni demirəm.
- Bəxtiyar müəllim, - dedim,
- özünüz yaxşı bilirsiniz, xarici ölkələrə
əlimiz çatan deyil. Ancaq Moskvaya, qonşu respublikalara getmək
imkanımız var. Çalışarıq ki...
- Buna da şükür, - deyə
gülümsədi.
Beləcə, Ç.Aytmatov,
R.Kazakova və O.Süleymenov dost istəyilə, məhəbbətlə
Bəxtiyar poeziyasının vüsətindən, qüdrətindən
söz açdılar.
...Qanlı yanvar səhəriydi.
Televiziyanın enerji blokunu partladıb ürəyini
susdurmuşdular. Bizim - teleradio işçilərinin dərdinə
şərik olmağa gəlmişdi. Necə də tanınmaz
olmuşdu! Elə bil don vurmuşdu onu, sifəti kül rənginə
çalırdı, qocalmışdı...
Sübh tezdən rus generalı
Ovçinnikov sədr müavininin kabinetini zəbt edib,
özünə qərargah qurmuşdu. Özünü ağa
kimi aparırdı. Bunu eşidəndə Bəxtiyar müəllimi
od götürdü. Əsəbləri tarımda idi.
Azca sonra televiziyanın həyətindəki
hovuzun yanında generalla üzbəüz gələndə
özünü saxlaya bilmədi, həyatını təhlükə
qarşısında qoyaraq:
- Sən mənim millətimi
qıran faşistsən! - deyə qəzəblə
qışqırıb onun üzünə tüpürdü.
Generalın cangüdənləri
silaha əl atdılar. Şairin ətrafında canlı
çəpər yaradıb, onu birtəhər maşına
mindirə bildik. O, bizim təkidimizə baxmayaraq getmədi,
maşından düşdü və oradan birbaşa radionun
binasına qalxdı. Məqsədi efirdən deputatlara
müraciət edib, onları Ali Sovetin fövləqadə
sessiyasına çağırmaq idi. Bəxtiyar müəllim
öz təşəbbüsü ilə, qəlbinin səsilə
bu ağır, məsuliyyətli işin altına çiyin
vermişdi.
Elə oradanca "Azadlıq"
radiostansiyasına - Mirzə Xəzərə də zəng
etdi. Çox keçmədi ki, şairin harayı
dünyanın bu başından o başına çatdı.
Bu çıxış "Azadlığ"ın efirində
on-on beş dəfə səsləndi.
Sabahı gün - yanvarın 21-i saat
6-da fövqəladə sessiya öz işinə başladı
və səhər saat 9-a qədər davam elədi.
İclasın sədri deputat Bəxtiyar Vahabzadə idi.
O, iclası bir neçə saat
apardı, sonra isə öz yerini qələm dostu
İsmayıl Şıxlıya verdi.
İclas qurtaranda gözləri tor
görürdü. Ayaq üstə kölgəyə
dönmüşdü. Neçə gündən bəri
gözünü qırpmayan, dizini qatlamayan şair yorulub
üzülmüş bir halda "Azadlıq" meydanından
baş alıb gələn ağlar-sızlar insan
axınına qoşuldu...
O gün yaddaşımıza qanla,
göz yaşları ilə yazılan bir gün idi. Azərbaycan
azadlıq yolunda canlarından keçmiş balalarını dəfn
edirdi.
Xalqın böyük şairi
qanadı qırılmış quşa bənzəyirdi.
İçində isə qəzəb və nifrət dolu
misralar hayqırırdı...
...O ağır matəm günlərində
Bəxtiyar Vahabzadənin çağırışına hay
verib Bakıya gələnlər arasında məşhur qazax
şairi Oljas Süleymenov da var idi. O, televiziya ilə
çıxış edərək, öz qələm dostuna və
xalqımıza başsağlığı verdi. Çox
keçmədi ki, o, SSRİ Ali Sovetinin tribunasından da səsini
ucaltdı. Qanlı Yanvar qırğınını törədənləri
ən kəskin sözlərlə ittiham etdi. Bu
çıxış ilk növbədə Bəxtiyar müəllimin
adı, nüfuzu və təşkilatçılığı
ilə bağlı idi. Xalqımız bir daha öz şair
oğluna "sağ ol!" - dedi .
Tələbəlik dostum Azər
Bağırovun redaktorluğu ilə irihəcmli, sanballı,
siqlətli bir kitab çıxıb - "Azərbaycanın Bəxtiyarı".
Burada yüzə yaxın müəllif sırasında
bütün dünyada tanınan neçə-neçə
ünlü söz ustaları var. Xalqımızın istəkli
şairi Bəxtiyar Vahabzadə haqqında onların fikirlərilə
tanış olduqca, qəlbini qürur hissi bürüyür.
Planetimizin ən çox oxunan
üç yazıçısından biri - məşhur
qırğız ədibi Çingiz Aytmatov öz azərbaycanlı
qələm dostunun - Bəxtiyar Vahabzadənin poetik
dünyasını belə səciyyələndirir: "Bizi əhatə
edən aləmdə hər nə varsa, şairi dərindən
düşündürür: xeyir və şəri, gözəlliklə
eybəcərliyi, böyüklüklə kiçikliyi, bir
sözlə insan ruhunun adi və xırda duyğularını
poeziya səviyyəsinə qaldırmaq Bəxtiyarın fitrətindədir.
Mütəfəkkir sənətkarın, ustad şairin
başlıca qayəsi və uğuru bundadır. O, vətənpərvərdir,
o, aqildir, sözün yaxşı mənasında nəsihət
verən, yol göstərən sənətkardır".
"... Bəxtiyar son dərəcə
pak, təmiz ürəkli, dərin bilikli, heyrətamiz
duyğular və fikirlər aləmi olan bir insandır, bir
sözlə, əsl sənətkardır.
Hələbdə Nəsiminin
türbəsini ziyarət edib, xatirəsi önündə
baş əydiyim zaman, yadıma düşən ilk adam o
böyük fikir adamı ilə canı bir, qanı bir, ona
yaxın, doğma olan Bəxtiyar Vahabzadə oldu. Əgər
bu gün biz qələm sahibləri arasında ürəyinin
dərisi soyulan bir adam varsa, o, məhz Bəxtiyar Vahabzadədir".
Bu sətirlər isə Bəxtiyar
poeziyasının vurğunlarından və ən mahir tərcüməçilərindən
birinə - görkəmli rus şairi Rimma Kazakovaya məxsusdur.
Türkiyənin tanınmış
qələm sahiblərindən Fatih Bağçıoğlu
azərbaycanlı qələm qardaşına məhəbbətini
belə ifadə edir: "Bəxtiyar şeirlərində
şirin-şəkər dilimiz, pakdan-pak dinimiz,
keçmişlərdən boy göstərən tariximiz, adət
və ənənələrimiz, müdrik
dünyagörüşümüz, qədim söz sənətimiz,
bir sözlə, bizi özümüzə qaytaran, bizi
yüzilliklərdən bəri yıxılmağa qoymayan, yox
olmaqdan hifz edən, yatmış, uyquda olan başları qəflət
yuxusundan oyadan mümtaz dəyərlər yaşayır".
...Dünyanın bir çox
ölkələrində Bəxtiyar Vahabzadəni yaxşı
tanıyırlar. Şairin Buxarestdə "Zaman və məkan"
kitabı nəşr olunub, eyni zamanda ona Rumıniyanın mədəniyyət
sahəsində ən yüksək mükafatı - "Ləyaqət"
ordeni verilib.
O, belə müjdələrin
sevincini çox yaşayıb. Bunu demək xoşdur ki,
Bakıda nəşr olunan çoxsaylı kitabları ilə
yanaşı rus dilində 17, türk dilində isə 15
kitabı buraxılıb.
O nə qədər millidirsə,
xalqına, torpağına nə qədər
bağlıdırsa, bir o qədər də bəşəridir.
Onun poetik dünyasının paralelləri və
meridianları planetimizi belədən-belə keçib gedir,
"əzəldən həqiqət aşiqiyəm mən"
deyən şairin səsini uzaq-uzaq sahillərə aparır.
Xəzərin o tayından
qardaş özbək şairi Pulat Fazil səsini ucaldıb
könül rübabını dilə gətirir:
Nurlu Azərbaycan - dost diyarı
var,
Yaxşı ki, bu yurdun Bəxtiyarı
var.
...Bəxtiyar müəllim yeni bir
kitabla - "Sandıqdan səslər" adlı şer
toplusu ilə oxucuların görüşünə gəlib.
Bu, döyülən, döyüşən poeziyamızın,
necə deyərlər, disident ədəbiyyatımızın
ən gözəl nümunəsidir. Müəllif ön
sözdə yazır: "Mənim ən böyük
mübarizəm sovet dövründə ayaqlar altında
tapdanan, qapılar arxasında qalan ana dilimiz uğrunda həm əməli
işimdə, həm də yaradıcılığımda
ardıcıl mübarizə idi. Mən bu mövzuya onlarla məqalə,
şer və poema həsr etmişəm.
Belə misralarım var:
Vətəndən qovuldu ana dilimiz,
Ana dili dedik gəlmə, yad dilə
Ərəbcə danışdıq
ölülərlə biz,
Rusca qırıldatdıq dirilər
ilə".
"Sandıqdan səslər"
- Bəxtiyar yaradıcılığına, yaralı, göynəkli,
həm də ovxarlı qılınc kimi kəsən parlaq sənətkar
ömrünə şərəf və
başucalığı gətirən bir səhifədir.
... Bəxtiyar Vahabzadə başdan-başa
hissdir, duyğudur, emosiyadır. Bir yarpaq titrəyişi, bir kədərli
baxış, dağlardan aşan günəşin qəmli təbəssümü
qəlbini titrədir, yerindən oynadır.
Bəxtiyar müəllimin
yaxşı mütaliəsi var. Heç nəyi gözdən
qaçırmır. Milli ədəbiyyatımızın da,
dünya ədəbiyyatının da yeniliklərini müntəzəm
izləyir. O öz qələm dostlarının,
tanıdığı, tanımadığı yazı-pozu
adamlarının şeirlərini, hekayələrini, məqalələrini
oxuyarkən mətbuat səhifələrində, radioda,
televiziya ekranında ürək genişliyilə söz
açır, fikrini bildirir, gənclərə dəyərli məsləhətlərini
verir.
Müxtəlif vaxtlarda ondan məktublar
almışam. Bunlar bir deyil, iki deyil, üç deyil... Hər
dəfə bu məktubları oxuyanda ürəyim
işıqlanıb, qəlbinə, müdrikliyinə görə
Bəxtiyar müəllim gözümdə bir boy ucalıb.
Ötən il onun haqqında bir
yazım çıxmışdı. Bəxtiyar müəllimdən
aldığım məktub ürəyimi sevinclə doldurdu.
Ustad yazırdı: "Nahid, qardaşım! Sən bu
yazınla elə bil məni özümə tanıtdın.
Etiraf edim ki, həyatımın ağrılı-acılı
günlərini gətirib, qoydun gözümün önünə.
Düzü, iki-üç yerdə ağladım...
Özün şahidsən ki, məni
çox incidir, iynələyirlər. Sənin yazını
oxuyanda özümün özümə yazığım gəldi:
Axı, mənim nə günahım var? Millətə
vurğunluq, onun özü boyda dərdi ilə yaşamaq
günahdırmı?
Bəli, mən dərd şairiyəm.
Bunu çox gözəl tutmusan. Və çox gözəl
faktlarla açmısan:
Əgər olmasaydı dəryaca dərdim,
Dərdin yoxluğunu mən dərd
edərdim.
Əziz dost, böyük zəhmət
çəkmisən. Məqalən başdan-başa sevgi ilə
doludur. Təşəkkürlər!"
...Bəxtiyar heyrəti! Bu heyrət
onun canında-qanında, bütün varlığında, Vətəninə,
Torpağına, Xalqına dəruni vurğunluğundadır.
Bu heyrətin, dünyaya, insanlığa məhəbbətin
rişələri yerin dərinliklərində, budaqları,
yarpaqları göylərin ənginliklərindədir.
"Heyrət qurtaran yerdə sənət
də, sənətkar da qurtarır". Bu, Bəxtiyar
ömrünün səsi, mənasıdır. Bu kök
üstündə köklənib, bu kök üstündə
çalınır şeir rübabı:
"Heyrət, ey büt! - dedi,
dünyaya qələm,
Aləmi bir seyrim,
yüz heyrətimdir.
Mən heyran olmasam,
yaza bilmərəm,
Mənim nəğmələrim
-
öz heyrətimdir.
Bəxtiyar təpədən-dırnağacan
sehrdir, heyrətdir, şeiriyyətdir - insan kimi də, sənətkar
kimi də. O, poeziyamızın sarı simi, ədəbiyyatımızın
vicdanı və qeyrət qılıncıdır. Beləcə
də şeirlərilə birgə xalq ürəyinə
axıb, xalq ürəyində qərar tutub, heykəlləşib,
abidələşib və əsrləri yorub gələn, gələcək
illərə üz tutan qüdrətli Azərbaycan
poeziyasının klassikləri cərgəsində
özünə şərəfli yer tutub.
Ellər sevimlisi olmaq böyük səadətdir.
Ölməz Niyazi necə də gözəl deyib: "Bəxtiyar
ona görə Bəxtiyardır ki, onu xalq sevir; xalqı da ona
görə bəxtiyardır ki, onun Bəxtiyarı var".
Biz - onun müasirləri, pərəstişkarları
qəlbimizin dərinliklərindən gələn bir fəxarət
duyğusu ilə deyirik: böyük türk
dünaysının söz-sənət kəhkəşanında
bir ulduz parlayır - Bəxtiyar ulduzu. Bu ulduzun
işığı yaxından da, uzaqdan da görünür.
O, sərhədlər aşıb, iqlimlər keçib...
İllər ötdükcə Bəxtiyar
heyrəti, Bəxtiyar məhəbbəti, Bəxtiyar
şeiriyyəti axıb gedən zamanla ürək-ürəyə
verib, dünya ilə daha da doğmalaşır...
Nahid
HACIZADƏ
Ədalət.-2012.-23
iyun.-S.17.