Dünya gözlərinin yaşına dəyməz

 

   Min kaman çəkilə sevda oxuyla

   Üstümə çatılan qaşına dəyməz.

   Dəyməz bu dünyanın ən uca eşqi

   Sevdamın bir qırıq daşına, dəyməz.

 

   Üstümə tökülə sevda naxışı,

   Hər damla bir ömrün sevgi naxışıg

   Bütün gözəllərin sirli baxışı

   Sinəmə sıxdığın qurşuna dəyməz.

  

   Yenə ayrılığa qəlbim tələsdi -

   Bu necə sevdadı -

   Necə həvəsdi?...

   Qurban gözlərinə, ağlama, bəsdi

   Dünya gözlərinin yaşına dəyməz.

  

 

   Son şeir

  

   Ovcumda əlinin ətri qalıbdı -

   Bahar çiçəyinin qoxusu kimi...

   Bu ömrün...

   Sonuncu sətri qalıbdı -

   Sonuncu günümün yuxusu kimi.

   

   Daha itirməyə bir günüm də yox,

   Hər şey səndə bitir?

   Zaman sənindi.

   Ömrə bənd olmağa düyünüm yox...

   Açıb qurtulasan,

   Aman - sənindi...

 

   Gözünün üstünə süz həsrətimi

   Ölüm bu İlahi baxışın üstə.

   Çəksinlər sonuncu portretimi

   Saçını isladan yağışın üstə...

  

   Ovcumda əlinin ətri qalıbdı -

   Bahar çiçəyinin qoxusu kimi...

   Bu ömrün...

   Sonuncu sətri qalıbdı -

   Sonuncu günümün yuxusu kimi.

 

 

   Sənin portretin

 

   Səni axtarırdım,

   Sənig

   Sonsuz üfiqlərdə sınan

   Baxışlarımın son nöqtəsindəg

   Xəzana bürünmüş,

   kimsəsiz,

   Titrək 

   payız gecələrindəg

   Ürəyimə gömdüyüm sevdaların

   Məzar daşları üzərindəg

   Rəsmini axtarırdım.

   Payız yağışlarının üşütdüyü

   Salxım söyüdlərin

   İsinmək üçün torpağın altına can atan

   budaqlarında

   Saçlarını,

   Unudulmuş

   Qatar dayanacaqlarında

   Əllərinin son titrəyişini,

   Soyuq şeh damlaları üzərində

   Gözlərinin hərarətini,

   Axtarırdım...

   Xəyalımd

   Sevgi portretinin param-parça

   yarımşıq cizgiləri...

   Duyğularımın min yerdən çat vermiş,

   Çiliklənmiş koleydeskopa bənzər

   Qırıntıları üzərində

   İçimə dəfn etdiyim sevdaların

   Rəngli eskizləri...

   Rəsmini çəkmək ustəyirdim -

   Nəfəsim,

   Səsim,

   Baxışlarım

   Üzərinə...

   Rəsmini çəkmək istəyirdim

   Yollara,

   Avtobus dayanacaqlarına,

   Hava limanlarının gözləmə salonlarına...

   Özümlə baş-başa qaldığım

   Hər saniyəyə

  

   Rəsmini çəkmək istəyirdim...

   Tənhalıqdan sənsizlikdən

   Üşüdüyüm hər yerdə

   Sənə bürünmək üçün...

 

   Bürü məni kirpiyinə,

   Tellərinə bürü məni.

   Mənsiz keçən aylarına,

   İllərinə bürü məni...

  

   Mən bir məhəbbət oxuyam

   Atıldım sonsuz yuxuya...

   Bu sevginin tər qoxuyan

   Güllərinə bürü məni..

 

 

   Adsız şeirlər

 

   Yollarmı ayrıldı,

   Ümidlərmi...

   Dəli küləklərmi aldı

   yoxsa

   Səni əllərimdən?

   Sonsuz sevdalarmı?...

   Dəli kimi sevdik, aman,

   Dəli kimi ayrılaq...

   Bu həsrətdən, tənhalıqdan

   Bu əzabdan sıyrılaq..

   Qoy donsun qapı ağzında -

   İzimizdən qurtulaq.

   Bu sevda bizə bənzəyir -

   Özümüzdən qurtulaq.

 

   ***

   Getsən...

   Payızda get -

   Get...

   Xəzan vurmuş yarpaqlar,

   Çılın-çılpaq budaqlar,

   Vida deyən dodaqlar üzərindən

   Get...

   Yağış yusun saçlarını,

   Külək sovursun göyə.

   "Dönəcəyəm", - söylə

   bir yarpaq pıçıltısıyla,

   Get qayıtma...

   Çat-çat olum qəzəbimdən,

   Üstümə qızıb da...

   çıx get.

   Bu sevdanı gözlərindən

   Ovcuna süzüb ...

   çıx get.

   Get...

   Yolunda alqışlarım,

   Mən bu eşqi...

   bağışladım...

   Sussun soyuq baxışların

   Səbrimə dözüb ... 

   çıx get.

   Demə eşqim öləzidi -

   İşıq deyil, qan izidi...

   Qəlbim sevda dənizidi,

   Qəlbimi gəzib ...

   çıx get.

   Ovcumda yarpaq əllərin -

   Solmamış üzüb ...

   çıx get.

   Bu eşq Tanrı yazısıdı -

   Yazını pozub da...

   çıx get.

   

   ***

  

   Mən...

   Bu sonsuz tənhalığın,

   Dəli qəhərin içində

   Özümə yol tapammadım

   Bu yad şəhərin içindən.

   Donub yaşıl budaqları,

   Çiçəyi, otu daşlaşıb.

   Qəlbimə daş düşüb, Allah,

   Qəlbimin odu daşlaşıb.

 

 

   Sənsiz

 

   Yorğun sevdaların yol ayrıcında

   Bir anlıq yuxuya möhtac,

   Bir ovuc göz yaşına -

   Bir udum suya möhtac

   Kimiyəm.

   duyğularımın

   dünənə uzanan körpüsündə -

   addım-addım...

   Tək səni uydurdum,

   Tək səni yaratdım

   içimdə, ruhumda,

   gözlərimdə...

   Haradasan?

   Mən görmədiyim uzaqlardamısan,

   Mən getmədiyim yerlərdəmisən?

   Haradasan, Tanrım!

   ... mən getdiyim yerlər qərib -

   gələcəkmisən mənimlə?

   Sona varan yalanlara -

   güləcəkmisən mənimlə.

   ... Mən öldüm səndən qurtulam -

   Öləcəkmisən mənimlə?

 

 

   Elçin Mirzəbəyli

 

   Ədalət.-2012.-23 iyun.-S.20.