Azərbaycan
xalqının tarixi və ya"tərcümeyi-
hal"ı
Ön söz
Azərbaycan xalqının hamı üçün anlaşıqlı olan, tarixin ən ümumi konturlarını özündə əks etdirən az- çox mükəmməl bir "tərcümeyi- hal"ının təsəvvürlərdə canlandırılmasına böyük ehtiyac artıq xeyli zamandır ki, özünü göstərməkdədir. Nəinki bir xalqın, hətta bir insanın da "tərcümeyi- hal"ında kifayət qədər mürəkkəb, mübahisəli məqamların olması mümkündür. Ancaq həmin "tərcümeyi- hal"ın, yaxud "tarix"in elə konturları və ya göstəriciləri vardır ki, hər kəs onu qəbul etməyə məcburdur. Məsələn, kiminsə Azərbaycan xalqının məhz türk mənşəli, yəni türklərin tarixən bölünməsindən yaranmış bir xalq olduğuna şübhə etməsi o deməkdir ki, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, hətta Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğunun da türk- azərbaycanlı olması şübhə altına alınır... Yaxud ən qədim dövrlərdən etibarən Azərbaycanda məskunlaşmış, tədricən türk kökənli Azərbaycan xalqının tərkibinə daxil olmuş bir sıra Qafqaz və ya İran mənşəli etnosların Azərbaycan xalqının tərkib hissəsi olduğunu inkar etmək, ən azından, xalqların formalaşması tarixinin ən ümumi prinsiplərini bilməmək və ya bilib qəbul etməmək deməkdir. Yəni o deməkdir ki, məsələn, ukraynalılar yalnız slavyanlardan ibarətdir və bu xalqın formalaşmasında başqa etnosların, məsələn, türk etnosunun heç bir rolu olmamışdır.
Hər
bir xalq kimi Azərbaycan xalqının təşəkkül-
formalaşma tarixi də yüzillər boyu davam etmişdir. Eramızın
ilk əsrlərindən başlayan bu proses orta əsrlərin
sonu yeni dövrün əvvəllərində, yəni XVI-
XVII əsrlərdə başa çatmışdır. Hər
hansı xalqın, eləcə də Azərbaycan
xalqının təşəkkül- formalaşma tarixinin
gedişini (əslində, mahiyyətini!) daha aydın dərk
etmək üçün biri digəri ilə bağlı olan
diferensiasiya- inteqrasiya (bölünmə- birləşmə)
proseslərini həmin tarixin müxtəlif mərhələlərində
nəzərə almaq olduqca əhəmiyyətlidir.
Bölünmə o deməkdir ki, məsələn, ingilislər
german, fransızlar roman, ruslar slavyan birliyinin bölünməsindən
yarandıqları kimi azərbaycanlılar da türk birliyinin
bölünməsindən yaranmışlar. Ancaq bir daha təkrar
edirik ki, bu, bütün hallarda təbii- coğrafi, ictimai-
siyasi və s. xarakterli bir sıra məqamlardan asılı
olaraq gedən bir prosesdir. Məsələnin mürəkkəbliyini
anlamaq üçün yalnız onu təsəvvür etmək
kifayətdir ki, türk etnosunun oğuz, qıpçaq və
karluqlara bölünməsi ilə yanaşı, gələcək
türk xalqlarının əsasını təşkil edəcək
tayfa və ya tayfa birliklərinə bölünməsi prosesi
də gedir. Ona görə də, məsələn, Azərbaycan
xalqının oğuz mənşəli olması o demək
deyil ki, onun tərkibində qıpçaq və ya karluq
tayfalarının; yaxud özbək xalqının karluq mənşəli
olması o demək deyil ki, onun tərkibində oğuz və
ya qıpçaq tayfalarının izləri mövcud deyil.
Birləşmə prosesi daha mürəkkəbdir. Belə ki, bölünmə olduqca dərinləşə, "mərkəzdən qaçma" inersiyası olduqca geniş miqyas ala bilir. Və bunun nəticəsində, birləşmənin hətta eyni etnosa aid tayfalara münasibətdə belə kifayət qədər qarışıq mənzərəsi meydana çıxır. Hər bir türk xalqının tərkibində az və ya çox dərəcədə bütün əsas türk tayfalarının iştirakı mümkün olduğu kimi, hətta bölünmə və ya birləşmə prosesinin əsasən başa çatdığını, müstəqil türk xalqlarının formalaşdığını iddia etdiyimiz bizim günlərdə belə bu və ya digər türk xalqına aid edilməsi mübahisə doğuran türk tayfaları mövcuddur. Məsələn, qarapapaq, avşar (əfşar), bayat, qacar, türkman kimi bir sıra tayfalar Azərbaycan xalqının həm üzvü tərkib hissəsidirlər, həm də etnik müstəqillik iddiasındadırlar... Türk mənşəli olmayıb, özünü həm türk xalqlarından hər hansı birinin tərkib hissəsi sayan, həm də etnik müstəqilliyini iddia edən etnoslara gəldikdə isə, bu da tamamilə təbiidir.
Ancaq biz ikinci, üçüncü və ya dördüncü dərəcəli məsələlərə xüsusi diqqət yetirməyəcəyik. Çalışacağıq ki, Azərbaycan xalqının tarixini - "tərcümeyi- hal"ını ən ümumi, ən mühüm konturları, göstəriciləri ilə nəzərdən keçirək.
I. Azərbaycan xalqının təşəkkülü
Azərbaycan xalqı
dünyanın böyük bir coğrafiyasını əhatə
edən türk xalqlarından biridir. Odur ki, Azərbaycan
xalqının təşəkkülü tarixi türk
etnosunun bölünməsi tarixinin üzvü tərkib hissəsidir.
Və ona görə də bəzi tarixçilərin bu
"tarix"ləri bir- birindən təcrid olunmuş şəkildə
öyrənilməsinə cəhd etmələri, hətta daha
"irəli" gedərək türkləri Azərbaycan
tarixinin "qonağı" səviyyəsinə endirəcək
bir "metodologiya" işləyib hazırlamağa
çalışmaları yalnız təəssüf
doğurur.
Ümumiyyətlə, xalqın təşəkkülü
üçün üç şərt vacibdir:
1) etnik potensial;
2) münbit coğrafiya, yaxud ərazi;
3) sosial- siyasi təşkilatlanma imkanı.
Azərbaycan xalqının etnik potensialını, yaxud əsaslarını türk
mənbəyi müəyyən
(təmin!) etmişdir.
Coğrafi, yaxud ərazi təminatına gəldikdə isə buraya zaman- zaman
məskunlaşmış Cənubi
Qafqaz, tarixi Azərbaycan (Şimali İran) və Şərqi Anadolu daxildir. Qədim dövrlərdən kifayət
qədər canlı,
qaynar həyat yaşayan bu coğrafiyada uzun zaman davam edəcək
sosial- siyasi birliklər qurmaq həmişə çətin
olmuşdur. Regionun müasir etnik- kulturoloji mənzərəsi
də göstərir ki, buraya tarix
boyu müxtəlif etnoslar, biri digərindən kəskin şəkildə fərqlənən
dinlər, dünyagörüşlər,
mədəniyyətlər ardıcıl
müdaxilə etmişdir.
Türk etnosunun bölünməsi
prosesinin yüzillər
boyu davam etməsi, coğrafiyanın
genişliyi, etnik- siyasi hadisələrlə
zənginliyi Azərbaycan
xalqının təşəkkül-
formalaşma prosesinə
ciddi (həlledici!) təsir göstərmişdir.
Belə ki,
a) eramızın
ilk əsrlərindən başlayan
proses xeyli uzanmış, orta əsrlərin sonu yeni dövrün əvvəllərinə (XVI- XVII əsrlərə) qədər
davam etmişdir;
b) coğrafiyadan
kənara az- çox diqqəti cəlb edəcək köçlər olmadığı
halda, coğrafiyaya ardıcıl (intensiv!) köçüb məskunlaşmalar
olmuşdur;
c) xalqın mütəşəkkilliyini təmin
etməli olan sosial- siyasi, eləcə də mənəvi- ideoloji güc mərkəzləri
tez- tez dəyişdiyindən həmişə
natamamlıq kompleksi özünü göstərmişdir
və s.
"Azərbaycan"
toponimi yunan mənşəli "Atropatena"dan
törəmişdir. İran
mənbələrində "Adurbadaqan" şəklində
olan bu söz
ərəb- müsəlman
tələffüzündə "Azərbaycan"a çevrilmişdir.
"Atropatın ölkəsi"ndən
"Odlar yurdu"na qədər mənasını
dəyişmiş "Azərbaycan"ı
Azərbaycan türkləri
məzmunca genişləndirərək
bütöv Azərbaycanın
(və onun xalqının!) adı səviyyəsinə yüksəltmişlər.
1. Türklər.
Onların bölünməsi.
Və yenidən bölünməsi.
Türklərin
az- çox müstəqil bir etnos olaraq meydana
çıxması eramızdan
əvvəl IV minilliyin
sonu III minilliyin əvvəllərinə aiddir.
Həmin dövrə qədər türklər
neçə min illər
monqollar və tunqus- mancurlarla Altay birliyinin tərkibində olmuşlar.
Zəngin mifoloji dünyagörüşü
əsasında Tanrıçılığa
(tək Tanrı təsəvvürünə) qədər
gəlib çıxan
türklərin ata yurdu Mərkəzi Asiyadakı Tanrı dağlarının ətəkləri
idi. Onlar tədricən Cənuba, Qərbə və Cənub- Qərbə doğru münbit çöllərə yayılmağa
başladılar. Türk
axınları xüsusilə
eramızın ilk əsrlərində
özünü daha ardıcıl, daha məhsuldar və Asiya, eləcə də Avropa xalqlarının tarixinə
həlledici təsirlərlə
göstərməyə başladı.
Doğrudur, bir sıra tarixçilər türklərin hələ
daha qədim dövrlərdə Qərbə
- Afinaya, Romaya yürüşləri, burada
məskunlaşmaları barədə
danışırlar. Eləcə
də "tarixin başlandığı" qədim
Şumerdə türk
izlərinin mövcudluğu
çox az mütəxəssislərdə şübhə doğurur...
Ancaq bu "hadisələr" o qədər
qədimdə qalmışdır
ki, müasir xalqların keçmişini
təsəvvür etmək
üçün bu və ya digər
dərəcədə mübahisəsiz
qəbul edilə biləcək çox az şey verir.
Qərbə axın edən türklər (hunlar) qədim dövrün sonu orta əsrlər
dövrünün əvvəllərində
artıq Şərqi Avropanı məskunlaşdırmışdılar.
Onların "barbar"
adlandırılan german
və slavyanlarla ittifaqı Roma imperiyasına
son qoyub qocalmış
Avropanı cavanlaşdırdı.
Xristianlıq və onun təbliğ etdiyi mədəniyyət maneəsiz yayılmağa
başladı. Attilanın
hökmdarlıq elədiyi
illərdə həmin
proses daha sürətlə gedərək
türklərin dünya
tarixindəki proqressiv
rolunu təsbit etdi.
Bu gün nəinki Şərqi, eləcə də Qərbi Avropanın bir sıra xalqlarının
etnik tərkibində türklərin danılmaz
izləri vardır. Onu da nəzərə
almaq lazımdır ki, türklərin Qərbi Avropaya axınları heç zaman dayanmamış, orta əsrlərin sonlarına qədər davam etmişdir.
Altay dağlarının
ətəklərindən tədricən
Cənuba, Qərbə
və Cənub- Qərbə yayılan türklər IX- XI əsrlərdə
üç böyük
tayfa ittifaqına, yaxud etnocoğrafi birliyə bölünürlər:
1) oğuzlar,
2) qıpçaqlar,
3) karluqlar.
Bu, türklərin
ilk bölünməsi idi
ki, həmin bölünmə təxminən
min illik bir tarixə malik idi.
Mərkəzi Asiya - Altay dağları çıxış nöqtəsi
kimi alınarsa, oğuzlar Cənub- Qərb, qıpçaqlar Şimal- Qərb istiqamətində xeyli uzaqlara gedib çıxmış, karluqlar
isə Cənuba doğru yayılmışlar.
Türklərin oğuz,
qıpçaq və karluq tayfalarına bölünməsi ilə
yanaşı, yəni
həmin bölünmə
hələ başa çatmamış bu tayfalar daxilində də bölünmə prosesi başlanmışdır
ki, haqqında söhbət gedən proses orta əsrlərin
sonlarına qədər
davam etmişdir.
Beləliklə,
IX- XI əsrlər türklərin
tarixində elə bir dövrdür ki, həm ilkin
bölünmə başa
çatır, həm
də ikinci bölünmənin konturları
müəyyənləşir. Yəni bir tərəfdən
oğuzlar, qıpçaqlar
və karluqlar var, digər tərəfdən müasir
türk xalqlarının
"rüşeymlər"i görünür.
Oğuzlar, əsasən, türkmənlərə,
Azərbaycan və Anadolu türklərinə,..
qıpçaqlar Altay, qırğız,
qazax, tatar və başqırdlara,.. karluqlar isə özbəklərə və
uyğurlara bölünürlər.
Bununla belə türklər Altay birliyindən
ayrılarkən bəzi
ümumi cəhətləri
saxladıqları kimi
türk xalqları da ümumtürk xüsusiyyətlərini mühafizə
etməkdə davam edirlər.
Və beləliklə, Azərbaycan
xalqı, əsasən, oğuz türklərinə aid olsa da,
ümumtürk (və ümumaltay!) etnik- mədəni kodunun
daşıyıcısıdır.
2. Azərbaycanın türkləşməsi.
Və Azərbaycan xalqının təşəkkülünün
başlanması.
Azərbaycanın qədim etnik mənzərəsi
barədə, demək olar ki, məlumat yoxdur. Və Azərbaycan
tarixşünaslığında Aratta, Manna, Midiya, Atropatena,
Albaniya kimi çox səslənən adlar həmin dövrlərdə
ölkədə hansı etnosların məskunlaşdığı
barədə, təəssüf ki, heç nə demir.
Tarixçilər qədim Azərbaycanda Qafqaz, İran və
ya türk etnoslarının mövcudluğu barədə təxminən
eyni müvəffəqiyyətlə (yaxud müvəffəqiyyətsizliklə!)
danışa bilərlər... Ona görə də
bütün mübahisələri "tarixəqədərki
dövr"də qoyub tarixi gerçəklikdən - Azərbaycanın
türkləşməsindən danışmaq daha münasib
olardı.
"Tarixəqədərki
dövr" dedikdə Azərbaycan tarixinin bizim eranın
hüduduna qədər gəlib çıxan ( və kifayət
qədər zəngin!) tarixini nəzərdə tuturuq ki,
milyon illəri əhatə edir. Azərbaycanın qədim mədəniyyətinin
xronologiyasını nəzərdən keçirsək burada
insan əməyinin, zəkasının çox- çox qədimlərdən
geniş tətbiqinin aydın görünən izlərinə
rast gəlirik. Azıx mağarası, Qobustan, Gəmiqaya
yazılı daşları, ümumiyyətlə Azərbaycanın
həm Şimalında, həm də Cənubunda aşkar
olunmuş çoxlu sayda qədim (ən qədim!)
yaşayış məskənləri sübut edir ki, Azərbaycan
dünyanın antropogenez, yəni insan yaranan regionlarından
biridir. "Tarixəqədərki dövr"ün son
minillikləri isə ölkədə hətta qədim şəhər
mədəniyyətinin mövcudluğunu təsdiq edən
faktlarla zəngindir.
(ardı var)
NİZAMİ
CƏFƏROV
Ədalət.-2012.-226
iyun.-S.4.