Azərbaycan
xalqının tarixi və ya"tərcümeyi-
hal"ı
(əvvəli ötən
sayımızda)
Mənbələr ondan artıq
etnosun adını çəkir, ancaq bu adlar, demək olar ki,
heç nə demir.
Eramızın ilk əsrlərində
Azərbaycana gələn türklər Altaylardan Qərbi
Avropaya doğru yürüş edən hunlardan idilər. Onlar
Qafqaz dağlarını aşıb Şimaldan Cənuba
doğru böyük kütlələr halında hərəkət
edərək ölkədə məskunlaşırdılar. Bu
proses yüzillər boyu davam etmişdir... Həmin hərəkətin
(əslində, hərəkatın!) nə qədər
ardıcıl (və güclü!) olduğunu təsəvvür
etmək üçün yalnız onu xatırlamaq kifayətdir
ki, əvvəl İran, sonra isə ərəb
hökmdarları türklərin Şimaldan Cənuba
axınlarının qarşısını almaq
üçün müxtəlif səddlər, o cümlədən
Dərbənd səddini qurmağa məcbur olmuş, ancaq bu təbii-
tarixi (passionar) axının qarşısını ala bilməmişlər.
Qafqaz dağlarını aşıb keçən hun (get- gedə
daha çox qıpçaq) türkləri nə qədər
Cənuba ensələr də, onların məskunlaşdıqları
əsas coğrafiya Azərbaycanın Şimalı (Albaniya)
idi.
Çox keçmədi ki,
tanrıçı hun- qıpçaqlar həmin regionda yerli əhaliyə
çevrildilər. Ancaq onlar Şərqi Avropadakı - Dəşti-
Qıpçaqdakı "əcdadlar"ı ilə əlaqəni
üzməmişdilər. Yeni axınlar baş verirdi... Dəşti-
Qıpçaqdakı kimi Azərbaycanda da qıpçaqlar
tanrıçılığı qorumaqla yanaşı
xristianlığı da qəbul etməyə
başladılar.
Və bir faktı xüsusi olaraq
qeyd etmək lazımdır (bunu dövrün erməni və
gürcü mənbələri də göstərir) ki,
eramızın I minilliyi ərzində Qafqazın Cənubunda
qıpçaq türklərinə qarşı dura biləcək
bir ictimai- siyasi qüvvə yox idi. Onların (qıpçaq
türklərinin) yaratdıqları birliklər o qədər
davamlı olmasa da, regionun bütün əhalisini özlərinin
təsiri altına almışdılar. Birincisi ona görə
ki, həm sayca çox idilər, həm də Şimaldan gələn
axınlar hesabına sayları get- gedə daha da
artırdı. İkincisi isə, böyük döyüş
təcrübəsinə, möhtəşəm hərbi
qüdrətə malik idilər. Nəinki yerli Qafqaz, eləcə
də gəlmə İran mənşəli etnoslar, hətta Cənubi
Qafqazı zəbt edən sasanilər, ərəblər belə
onlarla hesablaşmalı olmuşdular.
Hunların tərkibi də müxtəlif
idi, türk dilinin müxtəlif dialektlərində
danışırdılar. Mənbələr suvar (sabir), xəzər
(kaspi), onoqur, haylandur, kəngər, bulqar və b.
tayfaların, yaxud tayfa birliklərinin adını çəkir.
Bununla belə aparıcı mövqeydə məhz
qıpçaq türkləri dayanırdılar. Onlar mənbələrdə
adı çəkilən müxtəlif türk
tayfalarını, yaxud tayfa birliklərini (əslində
onların qalıqlarını) öz idarəçilikləri
altında birləşdirərək VI- VII əsrlərdə
Cənubi Qafqazda tam hakim oldular.
Eramızın ilk əsrlərində
Qafqazın Cənubunda məskunlaşan türklərin əsas
rəqiblərindən biri, bəlkə də, birincisi yunanlar
idi. Anadolunu bütünlüklə zəbt etmiş yunanlar
Qafqazı da nəzarət altında saxlamağa cəhd edirdilər.
Xüsusilə xristianlığın yayılmasından sonra
yunanların Qafqaz- Kiçik Asiyadakı mövqeləri
güclənmişdi. Bununla belə əvvəl sasanilərin,
sonra isə ərəblərin Cənubi Qafqaza hərbi- siyasi
müdaxilələri yunanlara- Bizansa Anadoludan Şərqə
doğru genişlənməyə qəti şəkildə
mane oldu. Bu müdaxilə- hücumların bir mühüm təsiri
də ondan ibarət idi ki, əvvəl Qafqaz, sonra isə
İran etnosları yaşayış üçün o qədər
də münasib olmayan dağlara, dənizsahili yarımsəhralara
sıxışdırıldılar. Qıpçaq türkləri
isə ümumtürk yaşam texnologiyalarına uyğun olaraq
dağətəyi yerlərdə, yaxud çöllərdə
məskunlaşırdılar. Bunu müasir Azərbaycanın
etnik mənzərəsi də göstərir.
Azərbaycanın Şimalında
(Cənubi Qafqazda) daha çox məskunlaşan hun türklərinin
xüsusilə ilk orta əsrlərdə böyük kütlələrlə
Azərbaycanın Cənubuna (tarixi Azərbaycana)
köçürülməsi faktını mənbələr
təsdiq edir.
Beləliklə, hun- qıpçaq
türklərinin Qafqaza (oradan da daha cənuba) axını ilə
Azərbaycanın türkləşməsinin (və Azərbaycan
xalqının təşəkkülünün!) əsası
qoyulur.
3. Qıpçaqlar.
Oğuz- səlcuqlar. Və Azərbaycan.
Eramızın ilk əsrlərindən
başlayaraq Azərbaycanda məskunlaşan türklərin
(qıpçaqların) etnocoğrafi mövqeyini IX- XI əsrlərdə
tədricən intensivləşən oğuz- səlcuq
yürüşləri möhkəmləndirir. Mərkəzi
Asiyadan başlayıb Xəzərin Cənubundan keçməklə
Anadoluya doğru istiqamətlənən (və orta əsrlərin
sonlarına qədər mərhələlərlə davam edən
) bu yürüşlər, hun- qıpçaq
axınlarından fərqli olaraq, daha çox hərbi- siyasi
xarakter daşıyırdı.
Qıpçaqların mədəniyyəti
daha çox şifahi yaradıcılığa, köçəri
həyat tərzinə əsaslandığı halda
oğuzların mədəniyyətində yazı, oturaqlıq,
şəhər həyatı daha üstün olmuşdur.
Və bir fərq də ondan ibarət
idi ki, oğuz- səlcuqlar artıq islam dinini qəbul
etmiş, yaxşı təşkilatlanmışdılar.
Onların saraylarında türk dili ilə yanaşı fars, ərəb
dilləri də böyük nüfuza malik idi. Çünki
oğuz- səlcuq əsilzadələri özlərini
yalnız türk kimi deyil, həm ərəb, həm fars, həm
də bir türk kimi hiss edir, yəni bütövlükdə
müsəlman dünyasının övlad- varisləri
sayırdılar
Azərbaycanda Atabəylər
dövlətini yaradan oğuz- səlcuqlar tədricən
Anadoluya- Bizansa öz passionar güclərini göstərməyə
başladılar. Və XI- XIII əsrlərdə böyük
bir ərazini zəbt edərək dövlətlərini
qurdular. Anadolunun (nəticə etibarilə, İstanbulun) fəthi
XIII əsrdən sonra- osmanlılar dövründə də
davam etdi.
Azərbaycanda (eləcə də
Şərqi Anadoluda) oğuz- səlcuqların tarixi
missiyasını əks etdirən ən mühüm tarixi- ədəbi
mənbə "Dədə Qorqud" eposudur. Epos Azərbaycanın
(və Şərqi Anadolunun) türkləşməsinin ikinci
dövrünü olduqca aydın detal və təfərrüatlarla
təqdim edir. Maraqlıdır ki, regiona yürüş edən
oğuzların qarşısında artıq yerli əhaliyə
çevrilmiş qeyri- müsəlman (kafir) qıpçaq
türklərini, daha uzaqlarda (Qərbdə) isə yunanları
görürük ki, bu da regionun etnik tərkibi barədə
obyektiv təsəvvür yaradır.
Odur ki, erməni, eləcə də
gürcü mənbələrinin IX- XI əsrlərdə - I
minilliyin sonu II minilliyin əvvəllərində erməni və
ya gürcülərin Qafqazın Cənubunda hansısa ciddi
etnik- siyasi hadisə olmaları barədəki məlumatları
böyük şübhə doğurur. Və xristian
missionerliyinin gələcəyə- təbliğata hesablanmış
xəyalpərəst iddialarından başqa bir şey deyildir.
Oğuz- səlcuq türklərinin
Azərbaycanın həm Cənubunda, həm də
Şimalında yayılması əhəmiyyətli bir maneə
ilə qarşılaşmır. Artıq qeyd etdiyimiz kimi,
yalnız Şimalda qıpçaq türklərinin o qədər
də davamlı olmayan müqavimətindən danışmaq
olar... Bununla belə nəzərə almaq lazımdır ki,
oğuz- səlcuq yürüşlərinin əsas istiqaməti
Qərbə- Anadolunun içərilərinə doğru
olduğundan nə Cənub- Qərb, nə də Şimal Qərb
istiqamətləri strateji əhəmiyyət kəsb etmirdi.
Azərbaycanda
məskunlaşan (və Azərbaycan xalqının
formalaşmasını təmin edən!) oğuz- səlcuqlar
arxasınca regiona əsasən oğuzların, müəyyən
qədər isə digər türk etnoslarının
axınları XVI əsrə qədər davam etdi. Monqol-
tatarların, Əmir Teymurun, Qaraqoyunluların və
Ağqoyunluların yürüşləri formalaşmaqda olan
Azərbaycan xalqının etnik tərkibini
(potensialını!) gücləndirdi. Və eramızın ilk
əsrlərindən başlayan proses orta əsrlərin sonu
yeni dövrün əvvəllərinə qədər kəsilmədən
davam etdi.
Oğuz- səlcuq yürüşləri
XIII əsrdən başlayaraq Anadoluda - Kiçik Asiya
yarımadasında (sonralar isə Balkanlarda) digər bir
oğuz- türk xalqının - Osmanlıların (nəticə
etibarilə, Türkiyə türklərinin) əsasını
qoydu.
Biri digərinə çox
yaxın olan türkmənlər, Azərbaycan və Türkiyə
türklərinin etnik- coğrafi əsasları müxtəlif
dövrlərdə qoyulsa da, onların müstəqil bir xalq
kimi formalaşması, demək olar ki, eyni dövrə - XVI-
XVII əsrlərə təsadüf edir. Əsasları eyni
"etnik material"dan olan müasir türkmən, Azərbaycan
və türk xalqlarının orta əsrlərin sonlarına
doğru müstəqil xalqlar kimi meydana
çıxmalarının etnik- coğrafi, siyasi, dini və s.
səbəbləri vardır ki, bunlar bir kompleks halında
oğuz türklərinin həmin xalqlara bölünməsini
şərtləndirmişdir.
Azərbaycan xalqının təşəkkül-
formalaşma prosesinin başa çatması Qaraqoyunlu,
Ağqoyunlu və xüsusilə Səfəvilər dövlətlərinin
qurulması ilə eyni dövrə düşür. Bu, təsadüfi
deyil. O mənada ki, bunlar biri digərini şərtləndirən
hadisələrdir... Xalqın təşəkkül-
formalaşması milli dövlətin qurulması
ehtiyacını doğurur, milli dövlətin qurulması isə
xalqın formalaşmasını ( mütəşəkkilliyini!)
təmin edir.
XVI əsrin ilk illərində
meydana çıxan Səfəvilər dövləti türk
dövlətçilik ənənələrinə əsaslanırdı.
Və Qaraqoyunlularla Ağqoyunluların birbaşa davamı
idi... I Şah İsmayılın qurduğu bu möhtəşəm
dövlət Azərbaycanın (və Azərbaycan
xalqının) sərhədlərini müəyyənləşdirdi.
Səfəvilərin Azərbaycan xalqının "tərcümeyi-
halı"ındakı yerini təsəvvür etmək
üçün yalnız o faktı xatırlatmaq kifayətdir
ki, nə Səfəvilərə qədər, nə də Səfəvilərdən
sonra Azərbaycanı (və Azərbaycan xalqını) bu qədər
genişliyi (və bütövlüyü,
tamlığı!..) ilə özündə birləşdirən
bir dövlət olmamışdır.
Mərkəzi Təbriz olan Azərbaycan
Səfəvilər dövləti, çox təəssüf
ki, xalqın tarixinin ən həssas dövründə - XVII əsrin
əvvəllərində öz milli xarakterini itirib
iranlaşdı... XVIII əsrdə Nadir şahın Azərbaycan
dövlətinin təbii- tarixi hüdudlarını "yenidən
müəyyənləşdirmək" cəhdi də nəticə
etibarilə, uğursuz oldu.
***
Azərbaycan xalqının təxminən
min beş yüz illik təşəkkül- formalaşma
tarixini biri digərinin bilavasitə davamı olan
aşağıdakı dövrlərə bölmək
mümkündür: vc
1) hun- qıpçaq türklərinin
məskunlaşması dövrü (eramızın ilk əsrlərindən
I minilliyin sonu II minilliyin əvvəllərinə qədər);
2) oğuz- səlcuq türklərinin
məskunlaşması dövrü (I minilliyin sonu II minilliyin əvvəllərindən
orta əsrlərin sonu yeni dövrün əvvəllərinə
qədər)
Bununla belə nəzərə
almaq lazımdır ki, birinci dövr Azərbaycanın
türkləşməsinin başlanğıcı olsa da, Azərbaycan
xalqının təşəkkül- formalaşma prosesində
əsas rolu ikinci dövr oynayır. Yəni yerli hun-
qıpçaqlarla (və bir sıra qeyri- türk mənşəli
yerli, eləcə də gəlmə etnoslarla) qaynayıb
qarışan oğuz- səlcuqlar yeni bir "super- etnos"
yaradırlar.
Beləliklə, Azərbaycan
xalqının eramızın ilk əsrlərindən
başlayan təşəkkül- formalaşma tarixi orta əsrlərin
sonu yeni dövrün əvvəllərində - XVI- XVII əsrlərdə
başa çatır. Və min beş yüz illik bu uzun
dövrdə Azərbaycan xalqı öz etnik
coğrafiyasını müəyyənləşdirir, milli
dövlətlərini qurur və ya milli dövlətçilik
mədəniyyətini (modelini!) yaradır, Təbriz,
Naxçıvan, Gəncə, Şamaxı, Bakı kimi onlarla
dünyaca məşhur şəhərlərini salıb
düşmənlərdən müdafiə edir, Xətib Təbrizi,
Bəhmənyar, Nizami Gəncəvi, Nəsrəddin Tusi,
İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi
böyük mütəfəkkirlərini yetişdirir. Ən
mühüm yaradıcılıq hadisəsi isə odur ki, xalq
özünün şah əsərini - "Dədə
Qorqud" eposunu yaradaraq dilinin, ruhunun, coğrafiyasının,
etnik tarixinin mənzərəsini, bütövlükdə
özünü (kimliyini!) təqdim edir.
II. Azərbaycan xalqının milli
azadlıq (müstəqillik) uğrunda mübarizəsi.
Azərbaycan xalqının tarixində
milli azadlıq (müstəqillik) uğrunda mübarizəni
şərtləndirən birinci cəhət, heç
şübhəsiz, onun (xalqın!) mükəmməl bir təşəkkül-
formalaşma prosesindən keçib gəlməsi olmuşdur. Kifayət
qədər geniş (və hər cəhətdən məhsuldar)
coğrafiyanı əhatə edən, müasir (və
proqressiv!) mənəvi- mədəni (və dini!)
dünyagörüşə sahib, qədim dövlət
quruculuğu ənənəsinə malik bir xalqın müstəqil
(bütöv!) dövlətinin olmaması faciəvi bir paradoks
idi.
Bunun ən azı üç səbəbi
vardı:
1) türk dövlətləri
arasında rəqabət mövcud idi;
2) müsəlman birliyinin mərkəzləşdirici
təsiri özünü göstərirdi;
3) və regionda etnosiyasi
münaqişələr dayanmırdı.
Azərbaycan Səfəvilər
dövləti Azərbaycan xalqının təşəkkül-
formalaşma dövrünün hadisəsi idi. Və xalqın
milli dövlət quruculuğu istedadının təzahürü
kimi meydana çıxmışdı... Ancaq çox
keçmədi ki, milli məzmununu itirib farslaşdı. Azərbaycan
ərazisində biri digərindən az və ya çox dərəcədə
asılı olan, bununla belə hər biri müstəqilliyə
can atan kiçik dövlətlər - xanlıqlar əmələ
gəldi ki, onları mərkəzləşdirəcək bir
milli siyasi gücün olmaması ölkəni həmişə
xarici müdaxilələr qarşısında, demək olar
ki, müdafiəsiz qoyurdu.
Beləliklə, yenicə təşəkkül
tapmış- formalaşmış, böyük bir milli mənəvi
enerji ilə tarix meydanına çıxmış xalqın mərkəzi
hakimiyyəti olmadığından onun ərazisi İran və
Osmanlı dövlətləri arasında müharibə
meydanına çevrilmiş, əhalinin taleyi isə
müdaxiləçilərin ümidinə
buraxılmışdı.
(ardı var)
NİZAMİ
CƏFƏROV
Ədalət.-2012.-26
iyun.-S.5.