YUXULARDAN ÇIXMAYAN...

 

   Duaların bəzəyi şəhər

 

   Hər gün mərmi səsinə, müxtəlif çaplı silahların səs-səsə verməsinə artıq adət etmiş bu bölgədə həyat da öz adəti üzrə davam etməkdədi. Yəni hələ 1988-ci ilin fevralından Qarabağ müharibəsinin "daş dövrü"ndən başlayaraq, ağrı-acının, qan-qadanın nə olduğuna öyrəşməyə başlayan hadisələrin ağırlıq mərkəzinə çevrilən Ağdam zaman-zaman müharibənin barıt qoxusunu da, top-tüfəng səsini də, "qrad" yağışını da həyatın bir parçasına çevirdi. Bu müharibə həyatının hər üzünü görən Ağdam bir şəhər kimi işğal olunsa da, ancaq bir döyüşən bölgə, bir döyüşən torpaq, bir döyüşən səngər kimi düşmənin qarşısında dayanmağı bacardı.

   Torpaq Qarabağ müharibəsində təkcə verdiyi şəhidlərin sayı baxımından deyil, həm də göstərdiyi qəhrəmanlıq və rəşadət baxımından da öz sözünü deməyi bacardı. Düşmən hiss etdi ki, onunla üz-üzə dayanan, onu yerində oturtmağı bacaran Ağdamın kifayət qədər gücü və imkanı var. Sadəcə, bugünkü atəşkəs hələlik qəti söz deməyə imkan vermir. Ancaq Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyev cənablarının göstəriş verəcəyi həmin an Ağdam cəbhəsi öndə olacaqdır. Bu bir həqiqətdir. Ancaq ona qədər...

   Bəli, qəti döyüşlərə qədər arxa cəbhənin də qətiyyətli və özülü sarsılmaz iqtisadi gücü olmalıdır. Məhz həmin o güc döyüşün də taleyini həll edəcək. Bunu yaxşı bilən ölkə rəhbərliyi, eləcə də Ağdam rayon sakinləri düşmənin vaxtaşırı pozduğu atəşkəsə, dinc sakinlərin nişangaha çevirməsinə baxmayaraq, əllərini bir an da olsun işdən soyutmurlar. Bu gün Ağdam rayonunun işğaldan qorunmuş ərazilərinə baş çəkmək, salınmış köçkün qəsəbələrinə üz tutmaq özü-özlüyündə hər şeyi söyləyə bilər.

   Biz Ağdamda olarkən görüşdüyümüz sakinlər, eləcə də rayon rəhbərliyi çox məntiqli və real bir söz söylədilər:

   - Rayonumuzda görülən işlər barəsində bizim danışmağımız, deməyimiz bəlkə də yaxşı səslənmir. Buyurun, özünüz gəzin, özünüz də görün. Hansısa bir sual olarsa, birlikdə qaranlıq məqamlara aydınlıq gətirərik...

   Bəli, biz bu real təkliflə razılaşdıq və faktiki olaraq bu gün Ağdamın mərkəzi sayılan Quzanlıdan başlayaraq, rayonun kəndlərini bir-bir gəzib dolaşdıq. Xatırladaq ki, hazırda rayonun 21 kəndi və 6 köçkün qəsəbəsi qaynar bir həyat yaşayır. Üst-üstə bu qədər yaşayış məntəqələrində 46 min nəfərdən çox əhali məskunlaşıb. Həmin insanların sosial-məişət şəraiti, iqtisadi durumu işğaldan çox-çox uzaqda yerləşən bir çox rayonlarımızın, kəndlərimizin sosial durumundan kifayət qədər üstündür. Bu müsbət göstərici də həm ölkə prezidentinin 2011-ci il 11 iyun tarixli Sərəncamı ilə Ağdam rayonu üçün ayrılmış 6 milyon manat vəsaitin, eləcə də yerli imkanların hesabına əldə olunubdur. Təbii ki, təcrübənin, rəhbərlik səriştəsinin, insanlarla dil tapmaq bacarığının bu işdə xüsusi yeri, payı var. Elə Ağdam rayon icra hakmiyyətinin başçısı Nizami Sadıqovun da dediyi kimi, insanlara işgüzar şərait yardanda, sərbəstlik verəndə, dəstək olanda onlar da öz işlərini həm məsuliyyətlə, həm də rahatlıqla icra edirlər. Bax, bu mənada Azərbaycan prezidentinin ayırdığı vəsaitin səmərəli xərclənilməsi göz önündədir. Bu gün uzunluğu 128 km olan Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolu artıq tikilib istifadəyə verilmişdi. Həmçinin Quzanlı qəsəbəsində Mərkəzi kitabxana, Su və artezian quyuları istismarı idarəsi, Su kanal idarəsi, Sığorta idarəsi və digər idarə və müəssisələrin inzibati binaları artıq istifadədədir.

   Bu gün Əfətli Uşaq Musiqi Məktəbinin sinif otağının sayı artırılmış, kəndarası yollar təmir olunmuş, Xındırıstan Kənd Uşaq Musiqi məktəbinin tikintisi artıq başa çatmışdır. 2012-ci ilin I rübündə görülən işlərə nəzər yetirəndə 180 şagird yerlik Şərəfli tam orta məktəbin binası Birinci Dörd Yol qəsəbəsində ictimai "Xeyir-şər" evi, Birinci Yüzbaşılı Uşaq bağçası, Quzanlı qəsəbəsində aparılan abadlıq işləri, Heydər Əliyev prospektində yaradılmış səliqə-səhman və ümumiyyətlə, Quzanlı qəsəbəsinin əksər küçə və yollarının tam yararlı vəziyyətə gətirilməsi bu gün görülən işlərin kiçik bir hissəsidir.

   Cəbhə bölgəsi olan Ağdamda təkcə tikinti-abadlıq işləri deyil, eləcə də kənd təsərrüfatının inkişaf etdirilməsi üçün işgüzar mühitin yaradılması da bu gün öz sözünü deyir. Rayon sakinləri heyvandarlıq, bostan, tərəvəz, taxılçılıq istiqamətində ilbəil yüksək nəticələr əldə edirlər. Təbii ki, bu da həm ailə büdcələrinin artmasına, bunun sayəsində də digər sosial problemlərin çözülməsinə geniş imkanlar açılır.

   İndi Quzanlı küçələri ilə keçərkən qarşılaşdığım köhnə tanışlar, həmsöhbət olduğum insanlar ən çox rayonun mədəni həyatında baş verən hadisələrdən də ağızdolusu danışırlar. Onlar Quzanlı stadionunda keçirilən möhtəşəm tədbirlərin, yarışların həm özlərinin, həm də bu ərazidə xidmət edən hərbçilərə mənəvi dəstək sayırlar. Elə Ağdam rayon İcra hakimiyyətinin başçısı Nizami Sadıqov da söhbətlərinin birində bizə xatırlatdı ki, ağdamlılar yaxşı işləməyi bacardıqları kimi, yaxşı istirahət etməyi də bacarırlar. Ona görə də rayonun mədəniyyət işçiləri tez-tez müxtəlif tədbirlər hazırlayır və ictimaiyyət qarşısında çıxışlar edirlər. Eləcə də həm əslən Ağdamdan olan, həm də digər bölgələrin nümayəndələri olub respublikamızın tanınan sənət adamları da mütəmadi olaraq rayonumuzda keçirilən tədbirlərə qatılırlar. Xalq artistləri, gözəl sənətkarlarımız Arif Babayev, Mənsum İbrahimov, eləcə də digər tanınmış musiqi xadimlərimiz kifayət qədər geniş proqramlarla ağdamlıların qonağı olurlar. Bizi ən çox sevindirən uğurlardan biri də Ağdam yetirməsi olan Fariz Məmmədovun erməni boksçusunu yerə sərməsi oldu. Bu, ağdamlıların, bütün azərbaycanlıların düşmənə açıq mesajı da sayıla bilər.

   Doğrudan da bu gün döyüş bölgəsində yaşayıb işləmək, həyatı rövnəqləndirmək böyük hünər istəyir. Sevindirici haldır ki, ağdamlılar düşmənin güllə yağışı altında yaşamalarına baxmayaraq, tikib-qurmaqdan, əkib-becərməkdən usanıb çəkinmirlər. Onların bu torpaq sevgisini Tanrı da qiymətləndirir, mükafatlandırır. Hər il həyatımızın müxtəlif sahələrində ağdamlıların qazandığı nailiyyətlərin şahidi oluruq.

   Bu onların halal haqqıdır. Torpağını qanı ilə suvarır, alın təri ilə becərib qurub-yaradan, əkib-becərən bu insanların hələ deyiləsi çox sözləri var. İnanırıq ki, qələbə günündə ön cərgədə duracaq bu bölgənin insanları Ağdamın yenidən qurulmasında da əməklərini, bilik-bacarıqlarını, bir sözlə, Tanrının onlara bəxş etdiklərini əsirgəməyəcəklər. Çünki hər gecə yuxusunda Ağdamı görüb hər gün Ağdama tərəf boylanan bu insanların arzuları da böyükdür, duaları da sonsuzdur. İnşallah bu arzular da, bu dualar da çin olacaq.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2012.-26 iyun.-S.7.