TANINMIŞ ZİYALI
Qarşımda bir kitab var":Daşdan su çıxan kimi..."(Xatirələrim, düşüncələrim...).
Kitabın müəllifi, sözün əsl
mənasında, böyük insan, təcrübəli dövlət qulluqçusu, yorulmaz folklorşünas və etnoqraf,
tanınmış ziyalı Hikmət Əbdülhəlimovdur.
Hikmət
müəllimi mən çoxdan, orta məktəb illərindən,
Şəki şəhər Nizami adına 7 N-li orta məktəbdə
oxuduğum illərdən tanıyıram. Başqa sözlə,
bu tanışlığın əvvəli, az qala, yarım əsrdən
əvvələ gedib çıxır. O zaman mən, səhv
etmirimsə, orta məktəbin doqquzuncu sinfində oxuyur və
məktəbin birləşmiş müəllim və
şagird ilk komsomol təşkilatının katibi
seçilmişdim.
Hikmət müəllim isə məktəbimizin
lap yaxınlığında, keçmiş "Zavodlar"
küçəsində (indiki Xan Xoyski küçəsi-İ.A.)
yerləşən Nuxa (indiki Şəki-İ.A.) İpək
Kombinatı komsomol komitəsinin katibi vəzifəsində işləyirdi. Həmin
illərdə, səhv etmirəmsə, 1959-cu ildə keçmiş Sov.İKP Mərkəzi Komitəsinin
"Məktəbin həyatla əlaqəsinin gücləndirilməsi
barədə" məşhur Qərarı vardı. Həmin
Qərara əsasən qanunvericilikdə ciddi
dəyişikliklər aparılmışdı. Bunlardan da biri
o idi ki,
orta məktəblərdə istehsalat təlimi dərsləri keçirilirdi, başqa
sözlə, orta məktəbi qurtaran məzunlar müəyyən ixtisasa sahib olurdular. Bununla əlaqədar,
orta təhsil müddəti on bir il
müəyyən edilmişdi. Lakin sonradan bu qayda ləğv edildi , ona görə də
1964-1965-ci tədris ilində onuncu və on birincilərin buraxılışı eyni vaxtda oldu
və bizim sinif
axırıncı on birincilər oldu.
Həmin dövrdə mənim
oxuduğum Nizami adına Şəki şəhər 7 N-li orta
məktəbin yuxarı sinif şagirdləri Nuxa İpək
Kombinatında təhkim edilərək, burada onlar müvafiq
ixtisaslara yiyələnirdilər. Belə bir şəraitdə
Hikmət müəllim mənimlə görüşündə
bildirdi":Bir halda ki, sizin oxuduğunuz məktəb İpək
Kombinatına təhkim edilmişdir, yaxşı olar ki, komsomol
komitələrini də birləşdirək". Mən Hikmət
müəllimin bu təklifi ilə razılaşdım. Lakin,
görünür, Hikmət müəllimin bu ideyası
yuxarı instansiyalarda müdafiə olunmadı və ona
görə də məktəb ilə kombinat komsomol təşkilatlarının
birləşdirilməsi baş tutmadı. Buna baxmayaraq, Himət
müəllimlə dostluğumuz əvvəlki səmimiyyətlə
davam edirdi.
1962-1965-ci illərdə Hikmət
müəllim Nuxa İpək Kombinatının komsomol komitəsinin
katibi işləmiş, 1965-1969-cu illərdə Bakı Ali
Partiya Məktəbində oxumuşdur. Bu ali təhsil müəssisəsi
o zamanlar Zaqafqaziya respublikalarında yeganə ali məktəb
idi, o isə həmin məktəbi fərqlənmə diplomu
ilə bitirmişdir.
Hikmət müəllim 1969-1972-ci
illərdə Azərbaycan LKGİ-nin Şəki şəhər
komitəsinin birinci katibi işləmiş, həmin dövrdə
"Rəşadətli əməyə görə"
medalı ilə təltif edilmişdi. 1972-ci ildən 1980-ci
ilin sentyabr ayına kimi Azərbaycan KP Şəki şəhər
komitəsinin Təbliğat və təşviqat, Təşkilat
şöbələrinin müdiri vəzifəsində işləmiş,
həmin dövrdə, keçmiş Sovetlər dönəmində,
hörmətli dövlət təltifi hesab olunan "Şərəf
nişanı" və "Qırmızı Əmək
Bayrağı" ordenləri ilə təltif edilmişdir. O,
1980-ci ildən 1988-ci ilə qədər Şəki şəhər
mədəniyyət şöbəsinin müdiri kimi səmərəli
fəaliyyət göstərmişdir.
1988-ci ildən Sov.İKP
buraxılana qədər Hikmət müəllim partiya
işində-Azərbaycan İKP Şəki şəhər
komitəsində yenə də Təşkilat-partiya
şöbəsinin müdiri vəzifəsində işləmiş,
keçmiş Komunist Partiyası buraxıldıqdan sonra
1991-1992-ci illərdə Şəki şəhər icra
hakimiyyətində ümumi şöbənin müdiri vəzifəsində
işləmişdir. 1999-cu ildə isə Bakı Telefon Rabitəsi
İstehsalat Birliyinin Kadrlar şöbəsinin rəisi vəzifəsinə
təyin edilmiş və hazırda da həmin vəzifədə
səmərəli fəaliyyət göstərir. Təsadüfi
deyildir ki, o, 2011-ci ildə öz tarixi müstəqilliyini bərpa
etmiş respublikamızın ali mükafatlarından biri olan
"Şöhrət ordeni" ilə təltif edilmişdir.
Hikmət müəllimin istər
Sovetlər dönəmində, istərsə də müstəqillik
dövründə dövlətimizin ordenləri ilə təltif
edilməsi ona dəlalət edir ki, o, işlədiyi dövr və
şəraitdən asılı olmayaraq, tapşırılan
sahədə işinə məsuliyyətlə, vicdanla
yanaşmış, nəticə etibarilə, həmin sahələrdə
səmərəli fəaliyyət göstərmişdir.
Hikmət müəllim xalq
arasında namuslu, vicdanlı, obyektiv, işgüzar
işçi kimi tanındığı kimi, o, eyni zamanda xalq
yaradıcılığının yorulmaz tədqiqatçısı,
böyük folklorşünas kimi də tanınır. Təsadüfi
deyildir ki, 1987-ci ildə onun toplayıb tərtib etdiyi
"Şəkinin gülüş çələngi"
kitabı kütləvi tirajla çap olunmuşdur.
Adama elə gəlir ki, xalqın
folklor yaradıcılığı ilə yalnız ədəbiyyatşünaslar
məşğul olmalıdır. Lakin, əslində, belə
deyildir. Folklor yaradıcılığının
toplanması, öyrənilməsi, sistemləşdirilib
çap edilməsi hər bir azərbaycanlı
ziyalının mənəvi borcudur. Hikmət müəllimin
fəaliyyətinin təhlili bu fikrin bir daha əsaslı
olmasını təsdiq edir. O, folklor
yaradıcılığının müxtəlif sahələrini
əhatə edən on üç kitabın tərtibçisidir.
Başqa sözlə, şifahi xalq
yaradıcılğının, xüsusilə, boya-başa
çatdığı və uzun illər səmərəli fəaliyyət
göstərdiyi Şəkinin folklor nümunələri onun gərgin
və yaradıcı əməyi sahəsində, bir növ,
kitablarda maddiləşmişdir. Təsadüfi deyildir ki, o,
2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvidir. Hikmət müəllim müxtəlif səpkili məqalələrlə
vaxtaşırı olaraq mətbuat səhifələrində
çıxış edir, hər bir yazısı maraqla
oxunmaqla, oxucular tərəfindən böyük razılıq
hissi ilə qarşılanır. Onun bu sahədəki fəaliyyəti
geniş və çoxcəhətlidir. O, bir neçə
kitabın da redaktoru olmuşdur.
Bir sözlə, Hikmət müəllimin
müəllifi olduğu bu kitabdan bizə məlum olur ki, o, istər
orta məktəb, hərbi xidmət, komsomol, partiya işi və
hazırda bir dövlət qulluqçusu kimi, harada fəaliyyət
göstərməsindən asılı olmayaraq, yüksək
intizam nümunəsi göstərmiş,
çalışdığı sahənin incəliklərini
öyrənmiş, nəticə etibarilə, səmərəli
fəaliyyət göstərmişdir.
Hikmət müəllimin oxuculara təqdim
olunan kitabında bir epizod var":Vaxtilə onunla partiya
orqanında rəhbər partiya işində işləmiş
şəxsin el arasında onu Şəkinin Suslovu
adlandırmasını biz oxucular təbii və normal
qarşılayırıq". Məlumat üçün
bildirim ki, M.A.Suslov 1952-1982-ci illərdə keçmiş Sov.
İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvi
olmuş və fəaliyyəti dövründə əsasən
ideoloji sahəyə rəhbərlik etmişdir. Lakin, bəlkə
də, yeganə partiya işçisidir ki, o, nə memuar
yazmış, yaxud yazılan memuarlarda onun barəsində lətifəsayaq
faktlar əks olunmamışdır.
Hazırda kitab çap etdirmək,
müəyyən mənada, çox asan olmuşdur və bu səbəbdən
bioqrafik, həmçinin, avtobioqrafik kitablar geniş
yayılmışdır. Lakin Hikmət müəllimin tərtib
etdiyi bu kitabı oxuyarkən, belə qənaətə gəlirsən
ki, bu kitab ictimaiyyət üçün, xüsusilə, gənclər
üçün bir örnəkdir. Bəli, Hikmət müəllimin
həyatı və fəaliyyəti, doğurdan da, gənclərimiz
üçün bir nümunə ola bilər və
olmalıdır.
Sonda mən bir məsələni
xüsusi qeyd etmək istəyirəm. Hikmət müəllim
kitabını həyatdan nakam getmiş valideynlərinin əziz
xatirəsinə ithaf etmişdir. Bu isə onun elinə,
obasına, qohumlarına bağlılığı ilə bərabər,
onun dünyada ən müqəddəs hesab etdiyi valideynlərinə
olan böyük məhəbbətindən irəli gəlir.
Biz Hikmət müəllimin
hazırda da ictimai həyatımızın bütün sahələrində
səmərəli fəaliyyət göstərməsini
xüsusi qeyd etməklə yanaşı, ona möhkəm
cansağlığı, Qafqaz uzunömürlüyü,
dövlət qulluğunda, bədii
yaradıcılığında yeni-yeni nailiyyət və
uğurlar, şəxsi həyatında isə böyük ailə
səadəti arzu edirik.
İlham
Abbasov,
Ədliyyə Nazirliyi Ədliyyə
Akademiyasının prorektoru
-hüquq
üzrə fəlsəfə
doktoruBaş ədliyyə müşaviri
prokurorluğun
fəxri işçisi
Ədalət.-2012.-26
iyun.-S.7.