İNSAN
Sabah Azərbaycanın eks-prezidenti,
Milli Azadlıq Hərəkatının lideri Əbülfəz
Elçibəyin doğum günüdür
Kimsə lakeyin gözündə qəhrəman
ola bilməz. Ona görə yox ki, qəhrəman Qəhrəman
deyil. Ona görə ki, lakey elə lakeydi.
Hegel.
Ömrün hər hansı
dövrünü yaşadıqca həmin səhifələri
qatlayıb qoyursan bir qırağa. Tamam qapamaq olsaydı, nə
gözəl olardı. Dünənki gündən heç nəyi
xatırlamazdın, heç nə ağrıtmazdı,
heç nə üşütməzdi. Tam, dərin bir xoşbəxtlik
duyğusu ilə sabah haqqında şirin xəyallara
dalardın. Dünəni unutmusansa sabahı açmaq nə
asan, nə rahat olacaq. Sabah - bütün şou proqramlara
baxacam, SMS göndərəcəm... Sabah - dost-tanışdan,
qohum-əqrəbadan ürəyim istədiyi qədər qeybət
edəcəm.... Sabah - zəhləm gedən birisini o ki var tərifləyəcəm...
Sabah...
... Alınmır.
Yaddaşımı silə bilmirəm. Bəzən mənə
elə gəlir ki, ömrüm bütün təfərrüatı,
xırda detallarıyla yadımdadır. Bəzən də
ayrı-ayrı fraqmentlər qabarır, seçilir. Unuda bilsəydim...
***
Şeir böyük romana,
böyük filmə mövzu olacaq, fəlsəfi xətt
olacaq hadisələri bir neçə misrada verə bilir. Şeirin
gücü də ondadır. Gözümü yumuram və
möhtəşəmmi deyim, müdhişmi deyim bir mənzərəni
fikrimdə canlandırıram.
...Nəhəng, əzəmətli
insan və ətrafında qırıldayan, fısıldayan,
qaynaşan həşərat yığnağı.
Çoxdular, qüvvədilər. Əllərinin də
sayı-hesabı yoxdu. Daş atırlar - elə-belə
daş yox, közərən daşlar. Atılan daş-kəsək
bu yığnağın içində tək-tənha
qalmış insana yönəlib. Dəyirlər, onu
yaralayırlar, yerə düşürlər. Yaralardan qan
axır. Qırmızı qan qırmızı atəşə
bənzəyir, alışıb-yanır. Və bu daş
yağmurun altından sıyrılıb çıxan insan bizə
sarı gəlir. Susub, dinməz baxanlara. İri, kədərli
gözləri ilə, danışan sükutu ilə:
- Məni təzə daşa kim
qonaq eylər? - deyir.
Bu tükürpədən edam səhnəsindən
diksinib ayılıram. Fikrim çox yorğundu, çox
qarışıqdı. Harda olduğunu bilmədiyim o laməkan
qüvvədən "niyə", "nədən" -
deyə soruşmağım gəlir. Niyə göndərdiklərini
qoruya bilmirsən? Niyə mərhəmət elçilərin
rəhmsizlərin ayaqları altında əzilir? Nədən
gözü, könlü tox olanları bu acgözlər
parçalayıb yeyirlər? Nədən bu məmləkətdə
ürəyi olanların çörəyi, çörəyi
olanların ürəyi olmur? Cabbarlısayaq bağırmaq istəyirəm:
- Bacarmırsan, yaratma!
Yaradırsan, yaşat
Sonra aşağıda dayanıb
qaynaşan zavallılara:
- Niyə sənə gün
ağlayanları ağlar günə qoyursan, niyə daş
atırsan?- demək istəyirəm ki... Yox, heç nə
demirəm. İnsan övladı tapıb insan dilində
danışmaq üçün susuram.
***
Bu aldım-satdım, təmənna
dünyasında, bu ilan-çayan, həşərat dolu səhrada
hamının danışdığı, ancaq söz eşidə
bilmədiyin aləmdə insanın var oluşu
müşkül məsələdir. Planetə
"homo-sapiens" deyilən varlığın toxumu
düşəndən bu günə qədər mövcud
olmuş şüurlu məxluqları insan adlandıra bilərikmi?
Və bu gün yaşamaqda olan 6 milyard əhalinin nə qədərinə,
neçə faizinə insan demək olar?
İnsan anlayışına tərif vermək mümkündürmü? Dilimizdə bir ifadə var - kiminsə yaxşılığını bildirmək istəyirlərsə - deyirlər, insan adamdır. Əslində, xalq dili özü fərqi göstərir - insan və adam. Yəni biz özümüz fərqinə varmadan insan və adamlarla çevrələnmişik. Din kitabları deyir ki, biz Adəm övladlarıyıq. Amma Adəmin bir oğlu Qabil öz qardaşı Habili öldürüb ilk qatil olmuşdu. İndi ətrafımızda bir qisim Qabildən, bir qisim də Habildən törəyən adamlar və insanlardırmı? Darvinin nəzəriyyəsinə inansaq, biz meymundan əmələ gəlmişik. Amma yəqin fərqli meymunlardan. Maraqlıdır, adamlar hansından, insanlar hansından? Qəliz məsələdir...
***
Mən belə fikirləşirəm ki, hər hansı bir şüurlu varlıq ağrını, əzabı dərk edib ürəyindən keçirə bilirsə, özü də bu ağrı təkcə özünün yox, yaxınlıqdakı insanların, mənsub olduğu bölgənin, elin-obanın, millətin, Vətənin, ən sonunda, bəşəriyyətin ağrısı, əzabıdırsa - onda həmin varlığın adamdan insana doğru yönələn təkamül yolu hamarlaşır, düzləşir. Amma bu yolun düzləşməsi həyat yolunun ağırlaşması deməkdir. Və çox adam da bunu bildiyindən insan olmaq fikrindən uzaq düşür. Əslində, adam yox, insan kateqoriyasına daxil olanlar zəmanəyə, dövrə işıq salırlar. Ancaq zamanın işığı onların üzərinə düşmür. Özləri üçün yox, tarix üçün, bəşəriyyət üçün yaşayanlara zamanın borcu qalır - onlar isə zamana borclu olmurlar. Deyək ki, belə insanların ən parlaq nümunəsi İsa peyğəmbərdir. Bəlkə ona qədər də belə əzabkeşlər olub. Amma görünür, Tanrı bu dəfə öz övladını ona görə Yer üzünə göndərmişdi ki, şüurlu varlıqlar əzabdan, ağrıdan keçib təmizlənməyi öyrənə bilsinlər. Başqalarının dərdləri ilə yaşaya bilsinlər. Fəlsəfədə katarsis anlayışı var - əzablardan, ağrılardan keçib təmizlənmək. İnsan kədərlənmək istəmirsə, demək gerçəkləri dərk etmək də istəmir. İnsan kədərlənə bilmirsə, demək, düşünmək də istəmir. Kədər insan qəlbini arındırır, təmizləyir. İnsan qəlbini... Tanrı onun payına kədəri bol-bol göndərmişdi.
***
Mən İnsan haqqında danışmaq istəyirəm. Bilirəm yeni söz deməyəcəyəm, yeni kəşflər eləməyəcəyəm. Elə bir insan haqqında ki, həm bizdən biri idi, həm də bizə heç bənzəmirdi. O, bizim görməyə alışdığımız qəliblərə sığmırdı. Dünya malında gözü olmayan, ancaq içindəki bütün sevgini dünyaya verməyə hazır, iddiasız, təmənnasız bir insan. Şəxsən özünə yönələn bütün pislikləri, namərdlikləri unudan, qisas hissi olmayan İnsan. Mən bilirəm ki, onu fanatik sevənlər də çoxdur, sevməyənlər də var. Ancaq heç kim onun böyük insan olduğunu inkar edə bilməz. Mən hər zaman onun kədərli gözlərini və sükutunu xatırlayıram. "Azadlıq yolu" dediyi yolla addımlayanda onun arxasınca gedən insanlar və adamlar vardı - ideya, amal naminə və pul, vəzifə, şəxsi maraqlar naminə gedənlər. Kənardan kimin hansı cığırla, kimin hansı yolla getdiyi aydın görünürdü. Və yəqin ki, o özü də kimin nə üçün gəldiyini çox gözəl anlayırdı. İnsanlara olan böyük sevgisi imkan vermirdi ki, düşündüklərini onların üzünə vursun. Susurdu. Hərəkatın ilk illərində də, hakimiyyətdə olanda da, hakimiyyətdən gedəndə də çox vaxt barəsində sərhədsiz, hüdudsuz yalanlar danışılanda da, üstünə çirkab atılanda da, polis dəyənəyilə başı yarılanda da susurdu. Əslində, danışıb neyləyəcəkdi ki? Kim anlayacaqdı ki? Mən bilirəm ki, anlamaq böyük dərddi. Amma anlanmamaq da böyük dərddi.
***
Mən
insanları bütə çevirməyin qəti əleyhdarıyam.
İnsan insandır, ətiylə,
qanıyla, qüsurları və üstünlükləriylə,
sevgisi və nifrətiylə.
İnsanı göylərə qaldırıb eybsiz
elan etməklə, Allaha
bərabər tutmaqla onun
özünə pislik edirlər. Və
günlərin bir günü
fələyin çarxı tərsinə dövran
eləyəndə tarixin ələyindən
kim keçəcək - tarix
özü bilir. Ancaq hər halda,
inandığın, iman gətirə biləcəyin,
üzündə işıq gördüyün
kimsələr də olmalıdır. Bu məmləkətdə
ideyaya sadiq
insanların sayı çox azdır. Onlar da
yaşamlarını tək-tənha sürdürməyə məhkumdurlar.
Özü də bu tənhalığa
kimsə müdaxilə eləmək iddiasında deyilsə, nə
yaxşı? "Bizim kimi
ol" demirsə, nə yaxşı.
Amanın günüdür, birdən
"mən belə düşünmürəm" desən barmaqla göstərib yaxşı halda "axmaq" deyəcəklər.
O, sözün hər mənasında
böyük müəllim idi. O, bizə azad insan, şəxsiyyət
olmağı, fərd olmağı təlqin edirdi. Fərd
olmağı, ancaq fərdiyyətçi zehniyyətdən
uzaqlaşmağı, ümumxalq mənafeyi naminə
yaşamağı öyrətmək istəyirdi. Heç
kimin qarşısında əyilməyən, öz məni
olan, ancaq mənəm-mənəmliyi olmayan bir toplum
arzusundaydı. Amma çox qəribədir ki, ağzından
çıxan hər kəlməsi ona qarşı
çevrilirdi, verdiyi azadlıq anarxiyaya dönürdü, məmləkətin
hər bölgəsində padşahlıq iddiasına
düşən silahlı göbələklər bitirdi...
***
Kim günahkar idi? O - öz təmizliyi, saflığı, yumşaqlığı ilə? Yoxsa, neçə ölkənin xüsusi xidmət orqanlarına işləyən ətrafı? Ya da köləliyə, qəliblərə, çərçivələrə öyrəşmiş xalq? Bilmirəm. Bildiyim bir şey var ki, təmiz, saf adamlar siyasət deyilən çirkabın içinə girməli deyillər. Onun hakimiyyətdə olduğu bir il ölkənin ən ağır vaxtlarıydı. Bir tərəfdən yeni sistemə keçid, var-yoxdan çıxmış əhalinin narazılığı, digər tərəfdən müharibə, şəhidlər, idarəetməni hələ öyrənə bilməyən naşı kadrlar. Verdiyi bəyanatlar qonşuluqdakı böyük dövlətləri təbii ki, qıcıqlandırırdı və məmləkətdəki qarışıqlığın ən böyük səbəbi də bundan qaynaqlanırdı. Üzünü tutduğu, qardaş bildiyi, söykəndiyi ölkə isə ona dayaq olmadı. Və yaxşı ki, məcbur olub paytaxtı tərk edəndə həmin ölkəyə yox, öz doğma kəndinə üz tutdu. Rəsulzadə ora getməklə nə qazanmışdı?
***
Deyirlər ki, əvəzolunmaz insanlar yoxdur. Mən də deyirəm ki, var. Əgər indi onun vəzifəli oğlu-qızı olsaydı, mən bu sözləri nə yazardım, nə də deyərdim. Mən vəzifəli adamlara tərifnamə oxumaqdan utanıram. Onun gedişi böyük bir boşluq yaradıb - hərəsi bir ad qışqıran, hərəsi bir ölkədən pul alan və özünü lider adlandıranların düşərgəsi niyə zəifdir? Azərbaycan kiçicik bir ölkədir. Kimin uşağı hansı bahalı məktəbdə oxuyur, kim hansı maşında gəzir, kim müxalifət olmaq üçün yuxarılardan nə qədər pul alır - hamısı məlumdur. Azərbaycan zəngin bir ölkədir. Balaca bir idarəyə rəhbərlik edənlər oğurladıqları pulla neçə illər dolana bilirlər. O, hakimiyyətdən gedəndə əynindəki kostyumundan başqa bir mal varlığı yox idi. Heç evi də yox idi. Mən əvvəldə dedim - O, bizim görməyə alışdığımız obrazlara bənzəmirdi. Üç il xarici ölkədə çalışıb geri qayıdanda oradan gətirdiyi ancaq kitablar olmuşdu. Onunla birgə orada çalışanlardan birinin söhbətini xatırlayıram. Deyirdi ki, maaş günləri Qahirə dilənçiləri sovet səfirliyinin qabağına yığışıb gözləyirmiş ki, burada qəribə bir insan var - maaşını onlara paylayacaq.
***
Çox sevdiyi bir söz vardı - hər şey üçün vaxt lazımdır. Onun dəyərini anlamaq üçün, bizim həyatımızdan gəlib-keçmiş bu qəribə insanın qiymətini verə bilmək üçün bizə nə qədər vaxt lazımdır? Biz anladıq-anlamadıq, bu səhifə tariximizə artıq yazılıb - Əbülfəz Elçibəy. O deyirdi ki, köləliyi içinizdən söküb atın, Azad insan olmağı öyrənin. Əyilməz olun. Amma mən xalqa əyilməzlik öyrədən oğullara baş əyməkdən utanmıram.
***
Daş atan bilirmi nə günah eylər?
İradə TUNCAY
Ədalət.-2012.-23
iyun.-S.6.