Azərbaycan
xalqının tarixi və ya "tərcümeyi- hal"ı
(əvvəli
ötən saylarımızda)
XVI əsrdən güclənən
Rusiya tədricən türk torpaqlarını zəbt etməyə
başladı. XVII- XVIII əsrlərdə Qafqaz uğrunda
mübarizəyə girişən imperiya XIX əsrin əvvəllərindən
etibarən Azərbaycanın Şimalını işğal
etdi.
Və beləliklə, Azərbaycan
xalqı milli ideallarının çiçəkləndiyi
bir dövrdə İran, Osmanlı və Rusiyaının
döyüş meydanına çevrildi.
Bununla belə orta əsrlərin
sonu yeni dövrün əvvəllərindən başlayaraq Azərbaycan
xalqı tarix səhnəsinə güclü milli mənəvi
iradəsi, mübariz ruhu, İntibah məzmunlu mədəniyyəti
ilə çıxır. Min beş yüz illik bir təşəkkül-
formalaşma dövründən sonra geniş miqyaslı
özünəməxsusluqlar kompleksiyası nümayiş
etdirir. Türk, eləcə də müsəlman
ortaqlığından gələn universal klassik model və ya
standartlar milli demokratik texnologiyalarla əvəzlənir... Bu,
normal təşəkkül tapıb formalaşmış
xalqlar üçün xarakterik hadisədir. Müqayisə
üçün deyək ki, roman xalqlarında da belə
olmuşdur. Yəni orta əsrlərin sonlarına doğru
italyan, ispan və fransız xalqları İntibah dövrü
keçirərkən zəngin milli xüsusiyyətlər
qazanıb o zamana qədər roman xalqları üçün
ortaq olan latın modellərindən imtina edirlər.
Və dünyaya öz milli
xarakterilə "yenidən" doğulmuş enerjili etnosun
(Azərbaycan xalqının) milli azadlıq (müstəqillik)
uğrunda mübarizəsi, təbii ki,
qarşısıalınmaz idi.
1.
Azərbaycan İntibahı. Və onun nəticələri.
Azərbaycan xalqının təşəkkül- formalaşma tarixinin son mərhələləri milli İntibah dövrünə düşür. XVI əsrdən başlayaraq XVIII əsrə qədər davam edən Azərbaycan İntibahı milli ictimai şüurun (intellektin!) inkişafına güclü təkan verir... İntibah daha çox mənəvi sahəni əhatə edirdi. Şifahi xalq ədəbiyyatının qüdrətli əsərləri yaranmışdı. Xüsusilə aşıq sənəti Qurbani, Aşıq Abbas Tüfarqanlı, Xəstə Qasım, Sarı Aşıq kimi görkəmli sənətkarların yaradıcılığı ilə özünün ən yüksək səviyyəsinə qalxmışdı. "Dədə Qorqud"dan sonra Azərbaycan xalqının yaratdığı ikinci epos - "Koroğlu" geniş yayılmış, etnosun milli mənəvi ideallarının ifadəsinə çevrilmişdi.
"Koroğlu" eposu -
bütün bədii qüdrəti ilə yanaşı Azərbaycan
xalqının yaratdığı Kitab dəqiqliyində
şifahi Tarix əsəridir ki, hələ
formalaşdığı dövrdə dəfələrlə
yazıya alınmışdır. Eposda xalqın
yaşadığı coğrafiya, onun genişliyi, həmhüdud
regionlarla əlaqələri, dövrün dövlət
quruluşu, idarəçilik üsulları, mədəniyyəti
və ən əsası, ruhu (İntibah ovqatı!) əks
olunmuşdur. Bütün aydınlığı ilə
görünür ki, XVII- XVIII əsrlərdə Azərbaycan
xalqının mərkəzləşmiş dövləti
olmasa da, belə bir idealı (mərkəzləşmiş
dövlət idealı!) var. Və bu idealın
daşıyıcısı nə xanlar, nə də
paşalar deyil, xalq içərisindən
çıxmış (və xalqın içərisində
olan!) Koroğludur!..
Yazılı ədəbiyyatda ərəb,
fars sözləri, konstruksiyaları ilə mürəkkəbləşdirilmiş,
demək olar ki, anlaşılmaz hala gətirilmiş klassik
üslub öz yerini xalq və ya folklor üslubuna verməkdə
idi. Məhəmməd Əmani, Molla Vəli Vidadi, Molla Pənah
Vaqif kimi şairlərin yaradıcılığı Azərbaycan
ədəbiyyatının tarixi tipologiyasını əks
etdirməkdə idi.
Orta əsrlər üçün
səciyyəvi olan həndəsi naxışları nəbati
naxışlar əvəz etməkdə, rəngkarlığa
təbiilik gəlməkdə idi ki, bunun ən gözəl
nümunələrini XVIII əsrdə tikilmiş Şəki
xan sarayının divarlarında görmək
mümkündür. Xalq musiqisi böyük populyarlıq
qazanmışdı.
XVII- XVIII əsrlərdə klassik
Azərbaycan şəhərləri öz tarixi möhtəşəmliyini
itirir, yeni sadə arxitekturalı şəhərlər
yaranırdı. Kəndin sosial- mədəni mövqeyi
güclənirdi.
Və adi insanların ictimai həyatdakı
rolu yüksəlir, onların obrazları, hiss- həyəcanları,
düşüncələri ədəbiyyatın, ümumən
sənətin əsas mövzusuna çevrilirdi.
Beləliklə, İntibah
xalqın milli mənəvi bütövlüyünün,
mütəşəkkilliyinin yaranmasına, ümummilli
maraqların formalaşmasına əhəmiyyətli təsir
göstərirdi.
Səfəvilər dövlətinin
süni olaraq (hökmdarların və ya sarayın "təşəbbüs"lərilə)
iranlaşdırılması ona gətirib çıxardı
ki, bu dövlət məhv oldu. Nadir şahın yeni Azərbaycan
dövləti yaratmaq cəhdi də uğursuz olduqdan sonra yerli
hakimlər - xanlar çoxdan arzuladıqları "müstəqilliy"ə
qovuşdular. Hər bir xanlıq öz mərkəzi, ordusu,
idarəçilik üsulları ilə ortaya
çıxmağa, qonşu xanlıqlara "əzələ
nümayiş etdirməyə"
çalışırdı. Doğrudur, bu "müstəqillik"
Azərbaycana Şuşa, Şəki, Quba, Lənkəran,
İrəvan, Qazax kimi şəhərlər verdi,ancaq daxili
çəkişmələr bir sıra yurd yerlərini də
viran qoydu... Böyük Səməd Vurğun Qarabağ
xanlığının timsalında o dövr Azərbaycanının
tarixi vəziyyətini
Bir yandan Türkiyə, bir yandan İran,
Ordan da Rusiya göndərir fərman,-
deyə səciyyələndirmişdi.
Bu isə o demək idi ki, xanlıqlar nə qədər
müstəqil olsalar da, müstəqillik o qədər şərti,
qeyri- stabil idi.
İntibah dövrünün diqqəti
çəkən hərəkatlarından biri də tacirlərin
ictimai mövqeyinin yüksəlməsi, onların həm mədəni-
mənəvi həyata, həm də saraya- hakimiyyətə
müdaxilələrinin güclənməsi idi. Sənətin
ən populyar sahələrindən olan aşıqlar tacirlərin
obrazını xüsusi hörmətlə yaradırdılar.
Və hətta insanın həyatının mənasını
"Gələn bəzirgandı, gedən xocadı" (Xəstə
Qasım), yəni "insan bu dünya ilə alver eləməyə
gəlir, gedəndə də doyub, kamilləşib,
varlanıb gedir" kimi şərh eləyirdilər
Azərbaycan İntibahı eyni
zamanda qonşu regionlara, xalqlara da geniş (və mütərəqqi!)
təsir göstərmişdi.
2.
Milli demokratik hərəkat.
Və Azərbaycan xalqının
milli birlik, dövlət müstəqilliyi uğrunda mübarizəsi.
XIX əsrin əvvəllərindən
etibarən Azərbaycanın Şimalı Rusiyanın, Cənubu
İranın, Qərbi isə Osmanlının ixtiyarına
keçir. Və bütöv bir xalq üç müxtəlif
xarakterli dövlətin idarəçilik (və ideoloji!) əxlaq
prinsipləri ilə yaşamağa məhkum olur.
Osmanlının idarəçilik
mədəniyyətindən fərqli olaraq (burada etnik qohumluq
da münasibətlərə təsir etməmiş deyildi)
İran və Rusiyanın idarəçiliyi, əsasən,
müstəmləkəçiliyə əsaslanır, Azərbaycan
xalqının azadlıq (müstəqillik) idealları
qarşısında nəinki sədd çəkir, hətta
onun ruhunu sıxırdı... Halbuki Şərqi Anadoluda məskunlaşmış
Azərbaycan türkləri Osmanlının, sonra isə
Türkiyənin üzvü tərkib hissəsinə
çevrildilər və onların törəmələri
bugünə qədər dədə- babalarının Təbriz,
Gəncə, Şirvan, Qarabağ və ya İrəvandan gəldiklərini,
yəni Azəri türkü olduqlarını xatırlasalar da
Osmanlı türkləri ilə qaynayıb
qarışmışlar. Başqa sözlə, Azərbaycan
xalqı ilə türk xalqı arasında "keçid"
("körpü") təşkil edirlər.
XIX əsrin ortalarına doğru
Azərbaycanın görkəmli ziyalıları Abbasqulu
ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy
Zərdabi, Seyid Əzim Şirvani və b., XIX əsrin sonu XX əsrin
əvvəllərində Məhəmməd ağa
Şahtaxtinski, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir və b. Azərbaycan
xalqının taleyi üzərində daha israrla (və
ideoloji- siyasi yönləri ilə!)
düşünürdülər. "Qoymuş miləl
imzasını övraqi- həyata, yox millətimin imzası
imzalar içində" deyən Məhəmməd Hadi
xalqın düşdüyü vəziyyəti dəqiq
anladırdı... Azərbaycan xalqının azadlıq,
dövlət müstəqilliyi uğrunda mübarizəsinə
öndərlik edən ziyalı demokratların ideoloji
mövqeləri, çıxış yolu axtarmaq prinsipləri,
metodları fərqli olsa da, onların hamısı vətənin
bütövlüyü (və müstəqilliyi!) idealına
sadiq idilər.
XIX əsrin sonu XX əsrin əvvəllərində
xalqın gələcəyini müəyyən edən milli
ideologiya axtarışları da öz bəhrəsini verirdi
ki, buna geniş miqyas almış mətbuat, publisistika hər
cür şərait yaradırdı. Azərbaycanın
böyük mütəfəkkiri Əli bəy Hüseynzadə
"Türkləşməli, müsəlmanlaşmalı və
müasirləşməli" şüarı ilə Azərbaycan
xalqını ayağa qaldıracaq ideologiyanın əsaslarını
formulə etmişdi.
Məsələnin mürəkkəbliyi
isə bundan ibarət idi ki, Azərbaycan xalqının
qarşısında yalnız dövlət müstəqilliyi
deyil, həm də siyasi bütövlük problemini həll etmək
kimi çətin bir vəzifə dayanırdı. Rusiya ilə
İran arasındakı "tarixi anlaşma" isə buna
imkan vermirdi
XIX əsrin sonu XX əsrin əvvəlləri
Azərbaycan cəmiyyətində kifayət qədər dərin
cəbhələşmə özünü göstərirdi
ki, bu, milli ictimai təfəkkürün pərakəndəliyindən,
ideoloji mərkəzləşmənin olmamasından və təbii
ki, xarici siyasi- ideoloji müdaxilələrin güclü təsirindən
irəli gəlirdi. İran yönlü, Osmanlı
yönlü və Rusiya yönlü mərkəzlər, cəmiyyətlər,
ziyalılar biri digəri ilə çox tez tez
toqquşmalı olurdular. İş o yerə
çatırdı ki, həmin cəbhələşmə
xalqın məişətinə, eyni bir ailəyə qədər
gedib çıxırdı. Böyük yazıçı-
publisist (və demokrat!) Cəlil Məmmədquluzadənin
"Anamın kitabı" pyesində göstərildiyi kimi,
üç doğma qardaşın hərəsi sanki bir millətə
mənsub idi. Və sanki Azərbaycan xalqının tərkibində
biri digərini bəyənməyən üç millət
vardı... Ancaq o da nəzərə alınmalıdır ki, cəbhələşmə
nə qədər dərinləşsə də, geniş
ictimai (ümummilli!) xarakter alan müzakirələr milli şüurun
inkişafına, demokratik ideyaların yayılmasına təsirsiz
qalmırdı.
XX əsrin əvvəllərində
artıq dövlət qura (və idarə edə!) biləcək
Azərbaycan ziyalıları - dövlət adamları
yetişmişdilər ki, onların içərisində Əlimərdan
bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd Əmin
Rəsulzadə, Nəriman Nərimanov... kimi Azərbaycan
xalqının tarixində böyük rol oynamış
insanlar vardı. Və onlar xalqın milli birlik, müstəqillik
uğrunda mübarizəsinə öndərlik etmək
gücünə, imkanlarına malik idilər.
Azərbaycan xalqının milli
dövlətçilik ideallarının əzəməti bir
də onda idi ki, ümummilli xarakter daşıyırdı.
Neft sənayesinin inkişafı nəticəsində Azərbaycanın
hər yerindən, xüsusilə xalqın əksəriyyətinin
məskunlaşdığı Cənubi Azərbaycandan
Bakıya axışan kütlələr eyni zamanda bir millətin
ictimai- siyasi (və ideoloji!) potensialını təşkil
edirdilər. Onların çoxu Bakıda qalsalar da, gəldikləri
yerlərlə əlaqələri vardı... Və beləliklə,
ümummilli ideallar uğrunda mübarizədə bütün
xalq təmsil olunurdu.
Ona görə də Azərbaycanın
Şimalında meydana çıxmış müstəqil və
ya yarımmüstəqil dövlətlərin yalnız
Şimali azərbaycanlılara mənsub olduğunu iddia etmək
doğru olmazdı. Və eləcə də Cənubi Azərbaycanda
XX əsrin əvvəllərindən etibarən güclənən
milli hərəkatın "müəllif"inin yalnız Cənubi
azərbaycanlılar olduğunu demək yanlışdır. Təsadüfi
deyildi ki, əslən Şirvandan olan böyük Mirzə Ələkbər
Sabir Səttarxanın İrandakı inqilabına "bir ordu qədər
xidmət etmişdi" (Abbas Səhhət).
3. Azərbaycan
Xalq Cümhuriyyəti.
Və Azərbaycan xalqının
milli dövlətçilik idealları.
Azərbaycan Xalq Cümhuriyyətinin
meydana çıxması ilə Azərbaycan xalqı
müasir (milli demokratik!) dövlət qurmaq istedadını (və
imkanlarını!) nümayiş etdirirdi. Ancaq bu həm də
ümummilli səviyyədə imkan məhdudluğunun və
ya imkansızlığın təzahürü idi. Belə ki,
böyük bir coğrafiyanı əhatə edən Azərbaycan
xalqı öz "təyini- müqəddərat"ını
yalnız Cənubi Qafqazda - Rusiya Azərbaycanında həyata
keçirirdi.
Cənubi Azərbaycanda - İran Azərbaycanında
ardıcıl olaraq baş qaldıran milli hərəkatlar isə
ən müxtəlif səbəblərdən elə həmin
ardıcıllıqla da boğulurdu.
Azərbaycan Xalq Cümhuriyyəti
1918- dən 1920- yə qədər yaşadı. Və
Cümhuriyyət liderlərinin sonralar mühacirətdə
qeyd etdikləri kimi, az yaşasa da, xalqa milli
azadlığın nə demək olduğunu göstərdi...
Cümhuriyyətin süqutundan sonra Azərbaycan
yarımmüstəqil bir respublika şəklində yenicə
yaranmış Sovetlər Birliyinin tərkibinə daxil oldu...
Müstəqilliyə ümidlər nəinki söndü, yeni
tarixi şəraitin tələblərinə uyğun bir şəkildə
yenidən alovlanmağa başladı. Sovetlər
dövründə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti
kifayət qədər inkişaf etdi. Rus- sovet ideoloji
basqıları nə qədər güclü olsa da, Azərbaycan
dünyadan (eləcə də Türk dünyasından!) nə
qədər təcrid olunsa da, milli intellektualların, ziyalıların,
mütəfəkkirlərin sayəsində Azərbaycan
xalqı öz mənəvi bütövlüyünü
qoruyub saxladı. II Dünya müharibəsi illərində Azərbaycanın
Şimalı ilə Cənubu arasında qısamüddətli
yaxınlaşma baş verdi. Bu qısamüddətli
yaxınlaşma, əslində, təmas göstərdi ki,
Şimalla Cənub bir- birindən nə qədər
ayrılsalar da biri- digərinə sarsılmaz milli kodlarla
bağlıdır.
(ardı var)
NİZAMİ
CƏFƏROV
Ədalət.-2012.-28
iyun.-S.5.