Biləsuvar yeni inkişaf mərhələsində

 

  Bu il hələ yay başlamamış istilər tüğyan elədi. Ölkənin dağ rayonlarında, dəniz sahillərində bu o qədər hiss edilməsə də, aranda sanki təndir qalanmışdır. Bu anomal hava şəraiti rayon sakinlərini narahat etsə də, elə ciddi gərginlik yaratmadı. Çünki çörəyi torpaqdan çıxan bu adamlar ysyın istisinə, qışın şaxtasına çoxdan öyrəniblər. Onlar bəzən səhərin açılması ilə axşamın düşməsini belə hiss etmirlər.

   İsti yay günlərindən, torpağı alın təri ilə suvaran insanlardan danışmağım təsadüfi deyil. Biləsuvarda istilərin necə tüğyan etdiyini, bu isti yay günlərində təsərrüfatlarda çalışanların hansı əzab-əziyyətə qatlaşdıqlarını burda yaşamayan çətin ki, bilə. Ancaq qızmar bir yay günü bir neçə saat bu insanlarla bir yerdə olmaq onların həyat və məişətlərindən bəzi məqamları öyrənməyə yetər.

 

   Burda yayda su qiymətsizdir

 

   Heç bir iş görmədən günün günorta çağı burda nəfəs almaq özü bir qəhrəmanlıqdır. Od kimi adamın üzünü qarsan günəş şüaları göz açmağa imkan vermir. Ona görə də təsərrüfat işlərində çalışanlar adətən ya səhərin, ya da axşamın sərinliyini seçirlər.

   Biləsuvar Suvarma Sistemləri İdarəsində isə yay vaxtı seçim yoxdur. Sahələrin 1-2 gün susuz qalması hər hansı bir bitkinin məhv olması deməkdir.

   İdarənin gündəlik inzibati işlərindən lap əvvəl isə burda ən müxtəlif qayğılar həyata keçirilir. Hələ gün qalxmamış sahələrə daşınacaq maşın-mexanizmlər, yanacaq qaydasına qoyulmalıdır. Təcili təmirə ehtiyacı olan texniki avadanlıqlar saz vəziyyətə gətirilməlidir və sair, və ilaxır..

   467 nəfər kollektivi olan Suvarma Sistemləri İdarəsinə neçə illərdir başçılıq edən, gənc olmasına baxmayaraq işini gözəl bilən Ədalət Babayevlə də elə burda görüşdük. Müraciət edənlər, məsləhət alanlar, kömək istəyənlər kifayət qədərdir. Bir azdan gün yandırıb yaxacaq axı:

   - İlin isti aylarında başımızı qaşımağa vaxtımız olmur. İdarəmiz 39 min hektara yaxın ərazini su ilə təmin edir. 18500 hektar taxıl, 6 min hektar pambıq, müxtəlif ərazilərə məxsus yonca 

   Bostan sahələrini yayın istisində qorumaq adi məsələ deyil. Hər bir bitkinin öz suvarılma dövrü var, vaxtı var. Bir dəfə gec verilən su həmin bitkinin məhsuldarlığına mütləq təsir edir.

   Ona görə də Biləsuvarda Suvarma Sistemləri İdarəsi sutkanın 24 saatını işləyir desəm heç bir mübaliğə etmərəm. Su mənbəyimiz əvvəlki Əzizbəyov, indiki Cənub-Muğan su kanalıdır.

   Bu kanaldan götürdüyümüz suyu ərazimizdəki ən uzaq sahəyə aparmaq elə-belə iş deyil. Bir də görürsən ki, kanalda su azaldı, ancaq təsərrüfatla məşğul olanlara bunun nə isti-soyuğu? Ona bol məhsul götürmək üçün su lazımdır - onu da biz verməliyik. Bax, ona görə də yayda bizim iş saatımız, rejimimiz olmur. Ərazimizdəki 63 nasos stansiya bir-birindən saz olmalıdır ki, sahələri vaxtında su ilə təmin edək. Suyun qədrini-qiymətini kim bilmək istəyirsə, bizim Biləsuvarda taxıl, pambıq əksin və yayda onu susuzluqdan qorusun. Onda bilərlər ki, yayda su Biləsuvarda nəyə qadirdir. İdarə rəisinin sözündəki həqiqəti bilmək üçün yay günlərinin birində burda yarımca saat olmaq kifayətdir. Su dalınca idarəyə üz tutanlara qulaq asmağa 2-3 saat vaxt çatmır.

 

   Şəhər yenidən qurulur

 

   Əslində Biləsuvar rayon mərkəzi öz görkəmini çoxdan dəyişib. Bir-birindən gözəl, bir-birindən əzəmətli müasir binalar şəhərin yaraşığına çevrilib. Son illər burda inşa edilən prokurorluğun, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin, Heydər Əliyev məktəbinin, Milli Bankın Regional İdarəsinin, Olimpiya Kompleksinin binaları və digər yeni tikililər Biləsuvar şəhərini tanınmaz dərəcədə dəyişmişdir. Yəqin son günlər Biləsuvar şəhərinə gələnlər burdakı yenidənqurma işlərini hansı sürətlə getdiyinin şahidi olublar. Şəhərin mərkəzi küçəsi olan Nizami bir aydan artıqdır ki, bağlanıb. Burdakı köhnə tikililər, kiçik ticarət köşkləri yeniləri, müasirləri ilə əvəzlənib. Küçə divarları ağ lay daşlarla üzlənib, səkilər yenidən qurulub. Yolun ətrafındakı binaların köhnə kümləri yeniləri ilə əvəzlənib.

  

   Bu proses Heydər Əliyevin adını daşıyan prospektdə də davam etdirilir. Burdakı işlərin miqyası daha böyükdür. Prospekt boyu istinad divarları hörmək və onlara ağ lay daşlarla milli ornament naxışları vurmaq xeyli zəhmət tələb edir. Daha böyük səkiləri yenidən qurmaq, asfaltlamaq isti yay günlərində elə də asan deyil. Burda müxtəlif ağaclar əkmək, yaşıllıq salmaq və onu qorumaq üçün xüsusi qayğı lazımdır.

   Biləsuvar rayon İcra Hakimiyyətinin köhnə binası artıq sökülmüşdür. Onun qarşısında yerləşən sovetlərdən qalmış 4 mərtəbəli bina, bağdakı çayxanalar, digər kiçik tikililər də ömürlərinin son anlarını yaşayırlar. Hasara alınmış bu ərazidə tezliklə daha müasir inzibati binalar inşa ediləcək.

   Təbii ki, Biləsuvar rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrıca fikir veriləcək. Çünki aparat işçilərinin müvəqqəti istifadə etdikləri bina çox darısqaldır. Burada inşa ediləcək park və fəvvarələr burda gözəl bir aura yaradacaq. Bax onda Biləsuvar şəhəri daha gözəl, daha yaraşıqlı olacaq.

   Şəhər 4 saylı orta məktəb isə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür.

  

   (ardı gələn sayımızda)

 

 

   Səxavət Məmmədli

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-28 iyun.-S.7.