Azərbaycan xalqının tarixi və ya "tərcümeyi- hal"ı

 

   (əvvəli ötən saylarımızda)

  

   İran İslam inqilabının qələbəsi Azərbaycanın Şimalı ilə Cənubu arasındakı münasibətlərin yenidən dirçəlməsinə təkan verdi.

   Azərbaycan Xalq Cümhuriyyətinin məğlubiyyətindən sonra ölkəni tərk etməyə məcbur olmuş milli liderlər öz mübarizələrini xarici ölkələrdə davam etdirdilər. Əsasən, Məmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi bu hərəkat milli müstəqillik uğrunda mücadilənin elə bir simvolu idi ki, Azərbaycandakı ictimai- siyasi həyata da təsirsiz qalmırdı

   Sovet dövründə Azərbaycan xalqının mədəni inkişafı heç də sovet ideoloqlarının o zamanlar iddia etdikləri kimi, "zülmətdən işığa", yaxud "ələmdən nəşəyə" formulu ilə təyin oluna bilməsə də, hər halda tamamilə inkar oluna bilməz. Hətta etiraf etmək lazımdır ki, Sovetlər Birliyinin tərkibindəki digər türk respublikalarından fərqli olaraq, Azərbaycanda, milli müstəqillik ruhu daha güclü idi. I Türkoloji qurultay məhz Bakıda keçirilmiş, böyük intellektual- mənəvi rezonans vermiş və Azərbaycanın bütün Türk dünyasındakı mövqeyini yüksəltmişdi.

   Azərbaycan ziyalıları Sovet hökuməti üçün o qədər arzuedilməz olmuşlar ki, XX əsrin 20- ci illərindən, yəni Sovet dövlətinin yarandığı ilk illərdən başlayaraq ta 60- cı illərə qədər vaxtaşırı təqiblərə məruz qalmış, sürgünlərə göndərilmiş və məhv edilmişlər. Lakin mənsub olduqları xalqın ruhunu daşıyan, ideallarını nümayiş etdirən bu insanlar heç zaman susmamışlar.

   Şəxsiyyətin ikiləşməsi, hətta üçləşməsi də baş vermişdir. Məsələn, Cümhuriyyət dövrünün (və ideologiyasının!) ən gözəl əsərlərini yaradan Cəfər Cabbarlı eyni zamanda Azərbaycan sovet ədəbiyyatının banisi olmuşdur. Yaxud AXC- nin himninin musiqisini bəstələyən Üzeyir Hacıbəyli Azərbaycan SSR- nin himninə də musiqi bəstələməli olmuşdur. Və yaxud kommunist partiyasına "Bəşərin vicdanı, eşqi, ürəyi, zehni, düşüncəsi, fikri diləyi, bütün yer üzünün xoş gələcəyi, hər zövqü, səfası partiyamızdır" deyən Səməd Vurğun Azərbaycan haqqında bütün dövrlərin, zamanların ən gözəl, ən məzmunlu və ən populyar şeirini yazmışdır:

 

   El bilir ki, sən mənimsən,

   Yurdum, yuvam, məskənimsən,

   Anam, doğma vətənimsən,

   Ayrılarmı könül candan,

   Azərbaycan! Azərbaycan!

  

   Azərbaycan sovet ədəbiyyatının yaradıcıları öz əsərlərini məhz ana dilində yaratmaqla milli mədəniyyətin (və təfəkkürün!) inkişafına böyük töhfələr verdilər.

   Universitetlərin açılması, ali təhsilli mütəxəssislərinin yetişdirilməsi, elmi- texniki kadrların hazırlanması, Azərbaycan xalqının ən mühüm təbii sərvəti olan neft sənayesinin gücləndirilməsi, müasir texnika və texnologiyaların tətbiği və s. sovet dövründə qazanılmış uğurların bir hissəsi idi.

  

 

   ***

 

   Beləliklə, orta əsrlərin sonu yeni dövrün əvvəllərində təşəkkül tapıb formalaşmış Azərbaycan xalqı özünəməxsus İntibah ovqatı keçirərək XIX əsrin sonu XX əsrin əvvəllərinə milli demokratik ideyalarla və müstəqil dövlət qurmaq idealları ilə gəldi. İlk müstəqil dövləti çox az yaşadı... Bununla belə milli bütövlük (və müstəqillik!) iddialarından heç bir tarixi və siyasi- coğrafi şəraitdə imtina etmədi.

  

   III. Müstəqil Azərbaycan dövlətinin qurulması.

   Və Azərbaycan xalqının milli birlik (və dövlətçilik) ideallarının təntənəsi

   Azərbaycan Xalq Cümhuriyyətindən sonra yarımmüstəqil Azərbaycan Sosialist Respublikası Azərbaycan xalqının milli dövlətçilik (müstəqillik) ideallarının inkişafına, bütün siyasi- ideoloji maneələrə baxmayaraq, meydan açdı... Ən mühüm məsələlərdən biri böyük maarifçilik hərəkatının getməsi, kifayət qədər güclü ziyalılar potensialının yaranması idi. Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı kimi formalaşması sovet dövründən əvvələ düşən ziyalılarla yanaşı XX əsrin 30- cu illərində artıq Səməd Vurğun, Heydər Hüseynov, Süleyman Rüstəm, Mirzə İbrahimov, Mehdi Hüseyn, Rəsul Rza kimi "sovet ziyalıları" yetişmişdi. Yarımmüstəqil dövlətin başında uzun müddət şəxsiyyəti, ictimai- siyasi fəaliyyəti və idarəçilik üslubu "mübahisəli" olan (sovet ideologiyasına xidmət etsə də, nəticə etibarilə məhz həmin ideologiyanın yalnız mənəvi deyil, həm də fiziki qurbanına çevrilən) Mir Cəfər Bağırovdan sonra ümumən Sovetlər Birliyində olduğu kimi Azərbaycanda da müəyyən yumşalma özünü göstərməyə başladı. Və həmin illərdə ölkəni idarə edəcək, mərkəzdən əvvəlki dövrlərə nisbətən müəyyən qədər az asılı olan milli siyasi xadimlər yetişməyə başladı ki, onlardan ən qüdrətlisi Heydər Əliyev idi. Xalqın milli ruhunun daşıyıcısı olan, yüksək intellektə, güclü siyasi iradəyə malik (və sovet təhlükəsizlik orqanında çalışdığı üçün dövlətin mətbəxinə bələd olan) Heydər Əliyev mərkəzlə hər bir sahədə diplomatik dil tapa bildi. Onun uğurla apardığı milli dövlət (və ümumən millət!) quruculuğu siyasəti öz bəhrələrini verdi. Ölkənin iqtisadi, ictimai- siyasi və mədəni- mənəvi həyatının canlanmasında böyük uğurlar qazanan yeni lider əsrin sonlarına doğru milli (və dövlət!) müstəqilliyinin müəllifi- ümummilli lider səviyyəsinə yüksəldi.

   Və Azərbaycan xalqının beşdən birinin yaşadığı coğrafiyada müstəqil Azərbaycan Respublikası quruldu.

 

   1. Ümummilli lider.

   Azərbaycan xalqı. Və Azərbaycan

   Respublikası

   XX əsrin sonlarında Azərbaycan xalqı Sovetlər Birliyinin dağılması nəticəsində yaranmış əlverişli şəraitdən istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ərazisində müstəqil dövlətini qurdu, daha doğrusu, öz dövlət müstəqilliyini bərpa etdi.

   Lakin bu, sadə bir məsələ deyildi...

   Hər hansı xalqın tarixində şəxsiyyətin rolu bir neçə baxımdan danılmazdır. Birincisi o mənada ki, şəxsiyyət (tarixi şəxsiyyət!) öz- özlüyündə fövqəladə xüsusiyyətlərə malikdir... İkincisi, tarixi şəxsiyyət xalqı, onun iqtisadi, siyasi, mənəvi gücünü həm özündə ehtiva etməyə, həm də istiqamətləndirməyə (idarə eləməyə) qadirdir... Üçüncüsü isə, xalqın tarixini yaradan hadisə olmaqla onun gələcəyi üçün stimul vermək, nümunə göstərmək və xalqı ilhamlandırmaq imkanlarına malikdir...

   Heydər Əliyev XX əsrin sonlarından başlayan liderlik missiyası ilə Azərbaycanın müstəqil dövlətinin qurulmasında və xalqı, milləti bu hərəkata səfərbər etməsində əvəzolunmaz idi. Əlbəttə, 60- cı, 70- ci və 80- ci illərin çoxsaylı ziyalıları, düşüncə- fikir adamları, intellektualları Azərbaycanın azadlığı uğrunda özünəməxsus miqyasda (və ümumən ölkə miqyasında!) mübarizə aparırdılar. Mirzə İbrahimov, Ziya Bünyadov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Əbülfəz Elçibəy və digər onlarla, hətta yüzlərlə milli avtoritetlər milli ictimai şüurun inkişafına kömək edirdilər. Ancaq öndə açıq və ya gizli şəkildə məhz milli kommunist (və demokrat!) Heydər Əliyev gedirdi. O, mənsub olduğu millətin gələcəyi, müstəqilliyi naminə vuruşan avtoritetləri, milli ideya- fikir generatorlarını qoruyur və təmkinli, davamlı, on illərlə gələcəyə hesablanmış bir siyasət yürüdürdü.

   Müstəqil Azərbaycan Respublikasının qurulmasında biri digərinə zidd olan iki faktor iştirak edirdi;

   1) güclü (lakin xüsusilə ilk illərdə emosional!) milli müstəqillik enerjisi;

   2) həmin enerjiyə qarşı yönəlmiş beynəlxalq və daxili təxribatlar.

   80- ci illərin sonu 90- cı illərin əvvəllərində bunlardan hansının daha güclü olduğunu demək çətindir, lakin 90- cı illərin ortalarından etibarən Heydər Əliyevin rəhbərliyi ilə möhkəmlənən milli hakimiyyət həm daxili, həm də xarici (beynəlxalq) təxribatların qarşısını ala bildi.

   Ümummilli lider daxili stabilliyi təmin etdi, müstəqil dövlətin ilk Konstitusiyasını, Parlamentini, icra orqanlarını yaratdı, beynəlxalq münasibətlərin normal inkişafını təmin etdi. Neft kontraktlarının bağlanılması, ümumən Azərbaycan neftinin dünya bazarlarına çıxarılması layihəsinin uğurla həyata keçirilməsi Azərbaycan Respublikasının iqtisadi gələcəyini müəyyənləşdirdi. Ölkənin sosial, mənəvi mütəşəkkilliyi üçün geniş perspektivlər açıldı... Heydər Əliyevin vəfatından sonra ümummilli liderin banisi olduğu inkişaf layihələrini yeni lider İlham Əliyev tərəfindən uğurla (və daha sürətli bir şəkildə!) davam etdirilməyə başladı. Ölkənin maddi qüdrəti görülməmiş bir miqyas aldı, xalqın həyat tərzi xeyli yaxşılaşdı, şəhər və kəndlərin siması dəyişdi. Və Azərbaycan Respublikası beynəlxalq miqyaslı məclislərə ev sahibliyi eləməyə, nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunmağa başladı.  

   Müstəqil Azərbaycan dövlətinin qurulmasında azərbaycançılıq ideologiyasının dirçəldilməsi (və ona yeni miqyas verilməsi) mühüm əhəmiyyətə malik idi. XX əsrin əvvəllərində formalaşan Azərbaycan Xalq Cümhuriyyəti illərində rəsmi nüfuz qazanan, sovet dövründə isə təqib olunan bu ideologiya ardıcıl olaraq həyata keçirilməyə başladı, hətta ölkə miqyasından çıxıb ümumən dünya azərbaycanlıları üçün birləşdirici mənəvi amilə çevrildi. Və azərbaycançılıq ideologiası yalnız romantik- simvolik bir göstərici olaraq qalmadı, Azərbaycanın Türk Dünyası, İslam Dünyası və ümumən Dünya ilə əlaqələri genişləndi. Və genişlənməkdə davam edir.

   Sovetlər Birliyinin dağıldığı, Azərbaycanın müstəqillik qazandığı ərəfədə Azərbaycan xalqına ən böyük təxribat, yəqin ki, erməni müdaxiləsi idi. XIX əsrin sonu XX əsrin əvvəllərindən (əslində, XIX əsrin əvvəllərindən, yəni Azərbaycanın Şimalı Rusiya tərəfindən işğal olunandan) etibarən ermənilər Azərbaycan torpaqlarında məskunlaşmağa, get- gedə qeyri- adi iddialara düşərək ölkə ərazisini zəbt etməyə başladılar. Və iş o yerə gəlib çıxdı ki, Azərbaycan ərazisində Ermənistan dövləti yaradıldı... Ermənilər bununla da kifayətlənməyib Rusiyanın (eləcə də bir sıra digər imperialist hamilərinin) köməyi ilə hər cür təcavüzkarlıq nümayiş etdirməyə, Cənubi Qafqazda Azərbaycan xalqına - regionun əsas (və köklü!) əhalisinə qarşı soyqırımı törətməyə başladılar. Xüsusilə XX əsrin əvvəllərində erməni- bolşevik quldurlarının hərəkətləri daha amansız, daha kütləvi xarakter almış və demək olar ki, cəzasız qalmışdı... II Dünya müharibəsindən sonra Ermənistandan - süni yaradılmış ölkədən yerli əhali- azərbaycanlılar rəsmi şəkildə qovulmuş, Azərbaycan Respublikasının müxtəlif yerlərində məskunlaşdırılmışdılar... 80- ci illərin sonu 90- cı illərin əvvəllərindən isə Ermənistandan yerdə qalan azərbaycanlılar qovulmuş, Dağlıq Qarabağ və ətraf rayonlar işğal olunaraq yerli əhali didərgin salınmışdı

   Azərbaycanın dövlət müstəqilliyinə qarşı təxribatlar nə qədər müxtəlif, nə qədər güclü olsa da, xalqın (və ümummilli liderin) iradəsi daha güclü oldu. Azərbaycan xalqının düşmənləri güman edirdilər ki, Ermənistandan, işğal olunmuş Dağlıq Qarabağdan və ətraf rayonlardan qovulmuş azərbaycanlılar gənc müstəqil ölkədə hərcmərcliyin yaranmasına, daxili çəkişmələrə səbəb olacaq, nəticə etibarilə, Azərbaycan öz dövlət müstəqilliyini itirib parçalanacaq.

   Və bu məqsədlə ölkədə etnik separatçılıq da təşviq edilirdi... Lakin xalqın mütəşəkkilliyi, nəticə etibarilə, bir daha özünü göstərdi. Bu gün regionda xüsusi nüfuzu olan, beynəlxalq mövqeyi sürətlə güclənən bir Azərbaycan dövləti mövcuddur ki, onun maraqları ilə hesablaşırlar.

   Azərbaycan türkləri ilə yanaşı bu gün Azərbaycan xalqının və ya millətinin tərkibinə ləzgilər, ruslar, talışlar, Ahıska türkləri, avarlar, kürdlər, saxurlar, tatlar, yəhudilər, udilər, ingiloylar və b. daxildir. Bu etnoslar milli özünəməxsusluqlarını qorumaqla yanaşı bütövlükdə Azərbaycanı təmsil edirlər.

 

 

    (ardı var)

 

   NİZAMİ CƏFƏROV

 

   Ədalət.-2012.-29 iyun.-S.5.