"...Bunların hamısının günahı atamdadır"

 

    İradə Tuncay: "Mən ruhən Cəfər Cabbarlının varisiyəm"

 

   "Yeni Müsavat" bir neçə aydır sizə fərqli bir layihə təqdim edir. Tanıdığınız, bildiyiniz məşhurların "gözünün işığı" olan övladlarını, varislərini söhbətə çəkirik. Maraqlıdır axı: cəmiyyətdə tanınan, populyar, reytinqli... birisi övladının gözündə necə görünür? Övladını necə yetişdirib, ona necə ata (ana) olub? Onlar sıradan gənclərdən nə ilə fərqlənir, necə həyat tərzi keçirir, valideynlərindən çoxmu fərqlidir? Rubrikanın adı "VARİS"dır. Bu adın cəmiyyətdə hansı assosiasiya yaratdığının üzərindən kinayəli bir təbəssümlə ötüb, bugünkü qonağımızın təqdimatına keçək.

   Açığı, bu qədər ağrılı müsahibə olacağını düşünməmişdim. Düzdü, dünyasını dəyişmiş valideynlə bağlı danışan "varis"lərim hər zaman olub, amma az qala hər kəlməsi, xatirəsi ağrı, gözyaşı, qəhərlə müşayiət olunan müsahibim olmayıb. Mərhum xalq şairi Məmməd Arazın varisi, "Ədalət" qəzetinin baş redaktoru, publisist İradə Tuncayın varisliyi kövrək olsa da, maraqlı idi. Amma ağzında İradə Tuncay deyirsən, söhbətə rubrikanın adına etiraz etməklə başlayır...

   - Sevinc, varis padşah olar, kral olar. Yazıçının varisi olmaz axı. Yazıçılıq elə bir şeydir ki, Allah vergisidir.

   - Amma hər insanın övladı onun varisi sayılır. Genetik olaraq ən azından...

   - Maddi anlamda bizə heç bir irs qoymayıb (gülür). Kasıb, heç nəyi olmayan bir şair olub da.

   - Amma ad var...

   - Bəli, ad var. Guruldayan adı...

   - Rubrikanın adında anlaşdıq (gülüşlə). Keçək söhbətə. İradə xanım, mənim varis müsahiblərim iki kateqoriyaya ayrılır adətən. Haqqında danışacağı valideyni həyatda olanlar və onu itirənlər, atası haqqında felin keçmiş zamanında danışanlar. Siz ikinci kateqoriyaya aidsiniz. Və yəqin ki, bu, sizin üçün xeyli çətindir.  

   - Mən bunu bugünlərdə Türkiyədə atamla bağlı keçirilən tədbirdə də dedim. Məndən xahiş etdilər ki, atanız haqqında anılarınızı (xatirələrinizi) danışın. Mən də dedim ki, mənim atam haqqında anım yoxdur. O, mənim üçün çox canlıdır, hər zaman mənim yanımdadır, hər şey o qədər təzədir ki, keçmiş zamanda danışmaq mümkün deyil. Hər səhər yerimdən durub, gözümü açıb, tavana baxanda onu görürəm (gözləri dolur).

   - Hələ də bu mövzuda danışanda gözləriniz dolur, səsiniz qırılır... Aradan bu qədər illər keçsə də. Atanız barədə mətbuata danışmaq missiyası ailədə ancaq sizin üzərinizdədir  

   - Yox, niyə ki? Anam danışır, bacım var. Sadəcə, mətbuat məni daha çox tanıyır deyə elə mənə üz tuturlar. Çox vaxt tədbirlərdə deyirəm ki, məni danışdırmayın, bu mövzuda danışacaq adamlar var.

   - Maraqlıdır, sağlığında atanız sizi necə görmək istəyirdi? Jurnalist kimi, yazıçı kimi, yoxsa məsələn, həkim kimi?

   - Bütün kişilər boyunlarına almasalar da, onların içində bir oğul nisgili olur. Mən bilirəm ki, bu, onun içində var idi, şeirlərində də bu, keçir. Allah imkan vermədi ki, onunla bir ürəkdolusu nə barədəsə danışaq, fəlsəfi fikirlərimizi bölüşək. O, mənə heç vaxt demədi ki, bu sahəyə get və ya getmə. 8-9-cu siniflərdə oxuyanda bütün qızların içində bir ulduz - aktrisa, kino ulduzu olmaq istəyi olur. Məndə də bu, vardı. Onda anam deyirdi ki, bizim ailədə aktrisa ola bilər? Amma mən uşaqlıqdan yazmağa meylli idim, bariz bilinirdi. Ona görə də mənim jurnalistika fakültəsinə getməyim təsadüf və ya Məmməd Arazın qızı olmağıma görə deyildi. Yazıya meylli idim, çox mütaliəli idim. Yaşıdlarımla müqayisədə mütaliə baxımdan "Mehman" filmindəki Kamilov demişkən, aramızda o qədər fərq vardı ki (Əllərini tərəzi misalı, birini çox yuxarı, o birini aşağı tutur-S.T).

   - Həyatınızın bütün dönəmlərində "Məmməd Arazın qızı" statusunu daşımısız. Dövrlər də fərqli olub, həyat şərtləri də. Maraqlıdır, bu statusun türklər demiş, artılarını daha çox yaşamısız, yoxsa əksilərini?

   - Ağırlıqları daha çox idi. Bunun o qədər xırda nüansları var ki, izah eləmək çətindir. Çünki mən həmişə ürəyim istəyən heç bir hərəkəti edə bilmirdim, çünki ad var idi. Mən də həmişə o adı gözləməliydim və çox vicdanla da gözləyirdim. 

   - Ürəyim istəyən... deyərkən?

   - Tutaq, demək, gülmək, şənlənmək, ürəyim istəyən yerə getmək. Bunlar mənim üçün yox idi. Mən bəlli bir çərçivənin içində yaşamışa 

   - İndiki dönəmin varisləri narahatdılar ki, əgər ehtiyatsız bir hərəkət etsələr, şəkilləri çəkilər, bundan atasına qarşı istifadə edərlər və sair. O dövrdə də belə şeylər var idi? Yəni ehtiyatlılığın arxasında nə dayanırdı?

   - O dövrün də öz problemləri, düşüncə tərzi vardı. Düzdü, indi düşüncələr daha sərbəstləşib. Amma o vaxt kluar arxası pıçıldaşmalar vardı. Bunu belə izah etmək olar (gülümsünür).

   - Yəqin ki, üstünlükləri də az olmamış deyil. Məşhur bir şairin övladı olmaq indikindən daha prestijli sayılırdı həmin dönəmdə. Tam səmimi, həmyaşıdlarınızın sahib olmadığı nələrə sahib idiz, onların edə bilmədiyi nələri edə bilirdiz?

   - Üstünlükləri o idi ki, mən çox gözəl bir mühitdə böyüdüm. Mənə görə təbii ki. Bəlkə bir başqasına görə o mühit heç maraqlı deyil. Amma mən gör necə gözəl, maraqlı insanların arasında böyümüşəm, onların söhbətlərinə qulaq asmışam. Mən bir az ensiklopediya, canlı tarix də sayıla bilərəm. Mənim üçün bu, çox böyük avantajdır.

   - Bu qədər maraqlı xatirəni, bilgiləri niyə kitab halına gətirmirsiz?

   - Mən onları yazmaq istəyirəm, amma içinə girə bilmirəm, qorxuram...

   - Niyə? Ya da nədən qorxursuz?

   - Çünki atamla bağlı hər şey çox böyük ağrı ilə gəlir. Və mən qorxuram ki, onun içinə girə bilmərəm. Ölərəm, ondan qorxuram. Psixoloji gərginliyi var. Mən onun haqqında hər hansı bir cümləni yazanda onu yaşayıram.

   - Hər zamanmı bu əhvalda olmusuz? Yəni onu itirəndən sonrakı illəri nəzərdə tuturam.

   - Yox, yox. İtirmək deyil. Mən həmişə deyirəm ki, mən onun ölümünə yox, həyatına ağlamışam. Çox çətin həyatı olub onun. O da mənim gözümün qabağında olub 

   - Çətin, yəni necə? Məşhur insan olub, şan-şöhrət, üstünlüklər, xalqın sevgisi...

   - (Etiraz edir) Gözəlim, xalq sevgisi adama nə verə bilər 

   - Müsbət emosiya, yazmaq həvəsi... İradə xanım, mən aysberqin görünən tərəfini deyirəm. Bəs görünməyən tərəfində nələr baş verirdi ki, siz hər zaman bunu danışanda ağrıyırsız?

   - Bilmirəm, izah edə biləcəyəm, ya yox. Sizin haqqında danışdığınız imtiyazlar 90-lardan sonra gəldi. O zaman artıq onun yaşı 60-ı keçmişdi və 20 il idi ki, xəstə idi. Bu adam həyatının ən gözəl çağında-təsəvvür edin, 40 yaşında yaraşıqlı bir kişi ən ağır xəstəliyə tutulur. Bu da elə dövr idi ki, siz dediyiniz o xalqın sevgisi adama kömək etmir. Sənin kitabın çıxmalıdır, plana salmırlar. Sənin fiziki imkanların və xarakterin icazə vermir ki, gedib bunun davasını edəsən. Bu adam heç vaxt heç kimin qabağında əyilən olmayıb. Kitab plana düşmürsə, qazanc yerin yoxdur. Ömrün xəstəxanada, dərmanlarla keçirsə, bunu təmin etmək lazımdı. Bunlar maddi tərəfləridir, amma mənəvi tərəfləri var. Xalq səni sevir, şeirlərini əzbər bilir, amma hər bir yerdən sənin adını pozurlar, Bunlar da insanın həyatını təşkil edəcək nüanslardır. Hamı bilir ki, yaradıcı adam çox kövrək, hər şeydən inciyən olur. Bunları gözümüzlə görmüşük. Elə övlad ola bilərdi ki, bunu anlamasın. Amma mən hər zaman bunu yaşamışam.

   - Bəs bunları sizinlə bölüşürdümü? Ata-balanın dərdləşməsi tez-tezmi olurdu?

   - Məni indi bilirsən nə ağrıdır? Danışa bilmirdi o. Sözlərini mənə deyə bilmədi, içində qaldı hamısı. O xəstələnəndə mənim 14 yaşım vardı. Bir dəfə sənə müsahibəmdə demişdim ki, mənim uşaqlığım o xəstələnən gün bitdi. Həmin yaşda bir ata öz qızına nə danışa bilər? Amma onun dediklərini anlaya, hətta yaza biləcəyim vaxt da o, danışa bilmirdi 

   - İki bacısız səhv etmirəmsə. Bacınız da sizin kimi, danışa bilmədi onunla?

   - Bacım məndən 7 yaş balaca idi. Atam xəstələnəndə bacımın 7 yaşı var idi. Bacım həmişə mənə deyir ki, "yadıma salanda ancaq atamın yaxşı vaxtlarını xatırlayıram. Halbuki bunlar mənim yadımda qalmalı deyil, balaca idim".

   - Bu qədər kövrək tonlardan sonra məni səmimi şəkildə maraqlandırır: siz də atası haqqında ancaq müsbət tonda danışan varislərdən olacaqsız?

   - Yoox, nə danışırsız? Həyatımdakı bütün əyintilər ki olub, onların günahını atamda görürəm.

   - Əyinti deyərkən? 

   - Mənim xarakterim, komplekslərim, susmağım, haqqımı istəməməyim. Bunların hamısının günahkarı odur. Bu adam mənə düzgün tərbiyə verməyib. Həyata uyğun tərbiyə verməyib. Qızı belə böyütməzlər. Qız gərək ləçər olsun, həyasızlıq eləməyi bacarsın, haqqını istəyə bilsin. "Bu olar, bu olmaz" deyə, tərbiyə olunmuşam. Həyatımda "olmazlar" çox olub. Mən "olmazlar"ın içində böyümüşəm və indi başlamışam o "olmazlar"ı qırıb dağıtmağa. Görürəm ki, indi adamlar mənə heyrətlə baxırlar buna görə.

   - Keçək sizin övladlarınıza. Yəni varisin varisinə. Onlar babaları, onun yaradıcılığı barədə çoxmu məlumatlıdırlar?

   - Atam rəhmətə gedəndə onlar böyük oğlanlar idi. Birinin 20 yaşı vardı, o birinin 21. Atamın axırıncı saniyələrində kiçik oğlumla birgə onu qucağımızda düşürdük ki, xəstəxanaya çatdıra bilək. Bizim evimiz olmayıb uzun müddət. Ona görə də onlar elə atamın yanında böyüyüblər. Atamdakı oğul nisgili ki vardı, onu oğlan nəvələri ilə keçirirdi. Təbiət sanki tənzimləmişdi. Bacımınkı da oğlandır. Mənim oğlanlarım da babaları ilə gəzməyə gedərdi, onunla vaxt keçirərdi. Uşaq vaxtı onun kimliyini dərk etməsələr də, böyüdükcə onun kim olduğunu dərk edə bildilər. Məmməd Arazın ən böyük xoşbəxtliyi bilirsiz nədir? Olur ki, övladları dahilərin yanında yaşayırlar, amma onlar yanındakı adamın kim olduğunu bilmir, ya da dərk etmir. Amma bizim evdə hamı onun kim olduğunu bilirdi 

   - Genetik ötürücülük məsələsi də var. Məsələn, heç də hər şair öz istedadını övladına ötürmür...

   - Onu Allah ya verir, ya vermir. Məmməd Arazın anası oxumuş olmasa da, çox istedadlı qadın olub. Xalq şeirini gözəl bilirmiş, bayatılar deyirmiş. Bəs ondan əvvəlki nəsil? Bəlkə olub, bilmirəm. Amma genetik ötürücülük məsələsini biz yox, yuxarıdakı qüvvə edir. Məsələn, bizim qohum-əqrəbada hamı şeir yazır və özünə Araz təxəllüsü götürür. Koroğlu olmaq üçün atanın gözünü çıxarmaq lazım deyil. Uzaqbaşı kor kişinin oğlu olarsan. Mən bundan qaçmaq istədim. Mənim yenidən mətbuata qayıtmağım uzun fasilədən sonra oldu. Qayıdanda mən onun adını götürmədim. Çünki dərhal deyəcəkdilər ki, Məmməd Arazın qızıdır. Mən bundan qaçmaq istəmişəm həmişə. Çünki özlüyümdə onun qızı olmağımla bərabər hesab edirəm ki, ayrı bir planetəm. Özü də dərk edə bilmədi mənim içimdəki təbəddülatları da, qaynayan fırtınaları da. Bunları hiss etmək imkanı olmadı.

   - Təxəllüs məsələsinə qayıdaq. Atanızın adını təxəllüs olaraq götürməmənizin səbəbini dediz. Bəs niyə məhz Tuncay?

   - Mən mətbuata yeni qayıdanda oğlum Tuncay təzəlikcə Türkiyəyə oxumağa getmişdi. Tuncay xarakter etibarilə mənə, atama çox yaxındır. Böyük oğlum atasına oxşayır, qarabağlılara oxşayır. Tuncay naxçıvanlıdır, xarakterindən (gülür). Tuncay o qədər canayaxın uşaqdır ki. Hər şeydən ötrü özünü öldürər, qəlb ağrısı ilə fikirləşər. Böyük bir başqa cürdür, gizlədir hər şeyi. Amma bu, gizlətmir. Onu deyirdim, Tuncay Türkiyədə idi və mən onun getməyinə görə elə bir özləm içində idim ki, hər gün telefonla danışırdım, ağlayırdım. Bu vaxt mən televiziyaya qayıtdım. Düşündüm ki, 40 yaşım var, uşaq deyiləm. Mən elə gəlməliyəm ki, itirdiyim vaxtı da qazanmalıyam, yeni nələrsə də deməliyəm. Həm də o adım yadımda qalmalıdır. Tuncay burda da köməyimə gəldi. Bu adı Azərbaycana biz gətirmişik, sonradan yayıldı, yadda da qaldı. Ədəbiyyatda təxəllüs də böyük şeydir.

   - Sizdən müsahibə götürəcəyimi deyəndə bəzi həmkarlarım yarızarafat dedilər ki, İradə Tuncay karyerada, konkret olaraq isə "Ədalət" qəzetində Aqil Abbasın varisidir...

   - Gəlin belə danışaq. Qəzet 1990-cı ildə, iyulda yaranıb. Qəzet yarananda Aqil Abbas "Sovet kəndi" qəzetində çalışırdı, yavaş-yavaş ad qazanmağa başlamışdı. Amma qəzet yarananda onun bütün maddi-mənəvi dəstəkləri məndən gəlibsə, qəzetdə gedən materiallara qədər İradə baxıbsa, İradənin sözünə baxmayanda başı dərdə düşübsə, bunu necə deyək? Necə deyim ki, izahatı düzgün olsun (düşünür).

   - İradə xanım, hər halda qəzeti siz ondan almısınız...

   - Anam, qəzet çökürdü. Mən də həmin an televiziyadan çıxmışdım, nəsə eləməliydim. 2006-cı il idi, pərakəndəlik idi qəzetdə. Mən gəldim və nə yaxşı ki, gəldim 

   - Amma onun varisi olduğunuzu qəbul etmirsiz. 

   - Aqil Abbas mənim iki oğlumun atasıdır. Mənim cəmiyyət və şəriətlə həyat yoldaşımdır. Amma onun heç bir anlamda varisi deyiləm (gülür) 

   - Sizi tez-tezmi müqayisə edirlər atanızla?

   - Yox, müqayisə etmirlər. Sadəcə deyəndə ki, İradə Tuncay... deyirlər, hə, filankəsin qızıdır da, məlum məsələdi, belə də olmalıdır. Yəni xoşa gələndən sonra deyirlər bu sözləri. İstedad vergi məsələsidir. Bu mənada mən özümü daha çox Cəfər Cabbarlının varisi hesab edirəm. Mənə hər zaman elə gəlir ki, Cəfər Cabbarlının ruhu məndə təcəlla edib. Onun asi ruhuna görə.

   - Bunu yeni kəşf etmisiniz özünüz üçün?

   - Yox, lap uşaqlıqdan. Sadəcə, heç kimə deməmişəm. Heç atama da.

   - Bu qədər söhbət etsək də, mən sonda bu sualı verməliyəm. Sizi varis sayaqmı, İradə xanım?

   - Varislik böyük anlamdır. Onu hər adam daşıya bilmir. Mən onun böyük istedadının bəlkə zərrələrini daşıyıram. Psixoloji, mənəvi anlamda biz çox yaxınıq. Üzdən də çox oxşayıram. Belə də, varisəm demək... 

   Sonda... Şəkillərə baxırıq, seçirik, İradə xanım onların hər biri haqqında danışır. Amma sonda lap səmimi etirafını edir: "Mən Aqil Abbas və Məmməd Araz suallarından yorulmuşam, bezmişəm. Hər dəfə jurnalistlər zəng edəndə soruşuram yenə onlar haqda danışacağıq? Zəhmət çəkin, mənim özümlə maraqlanın".

   Biz razı, İradə xanım bizə daha bir müsahibə borcludur o zaman. Qeyri-varis statusunda bu dəfə...

 

 

  Sevinc TELMANQIZI

 

  Ədalət.-2012.-1 iyun.-S.5.