"ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN
XAN ÇİNARI"
Sabiq "Ədalət"çi Məhəmmədəli
Mustafaya məktub
Qarşımda bir kitab var. Çox nəfis şəkildə çap olunub. Kitabın üz qabığındaki nəhəng xan çinarın fonunda işığa bürünmüş işıqlı bir fotoportret də yerləşdirilib. Bu portret fotonun sahibini Azərbaycanda demək olar ki, uşaqdan böyüyə hər kəs tanıyır. Xüsusi ilə söz, ədəbiyyat adamları bu insanın dəyərini yaxşı bilir.
Elə bu dünyanın dəyərli
adamı olan akademik Bəkir Nəbiyev haqqında olan kitabı
gözdən keçirdikcə mən yaddaşımda onun
işıqlı xatirələrini təzələyirəm,
Onun müxtəlif tədbirlərdəki
çıxışlarını, xoşməramlı təşəbbüslərini,
iradlarını, təkliflərini özüm
üçün təzələyirəm. Təbii ki,
bütün bunların da əsas səbəbkarı,
qarşımdakı kitab, daha doğrusu onun müəllifi Məhəmmədəli
Mustafayevdir.
Öncə müəllif barəsində. Yəqin ki, "Ədalət"in diqqətli, dəyərli oxucuları Məhəmmədəli Mustafa imzasını unutmayıblar. Uzun illər bizimlə çiyin-çiyinə "Ədalət"də yol gedən və özünün yazıları ilə, xarakteri ilə diqqəti çəkən Məhəmmədəli Mustafa mətbuatımızda öz yerini müəyyənləşdirə bildi. Və hətta onunla bağlı xatirələr dilə gələndə hər kəsin üzünə bir təbəssüm də qonur. Bu mənada keçmiş həmkarımın, iş yoldaşımın mənə doğma olan bir insanın belə bir sanballı kitabının işıq üzü görməsi hamımızı sevindirdi. Hələ onun "Ədalət"dəki günlərində "Alim" deyə müraciət etdiyimiz Məhəmmədəli Mustafayev bir neçə il bundan öncə bizim ona verdiyimiz qeyri-rəsmi titulu gercəkləşdirmək üçün öz elmi yaradıcılığının səhifələrini vərəqləməyə getdi. Çünki filologiya elmləri namizədi olan Məhəmmədli Mustafayev özünün əsas iş sahəsini çoxdan müəyyənləşdirmişdi. O, Pedaqoji Universitetin filologiya fakültəsini bitirmişdi, kənddə müəllim işləmişdi, sonra AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdu. Qəzetdə çalışdığı zamanlarda da elmi araşdırmalarını davam etdirir, doktorluq dissertasiyası üzərində işləyirdi.
Bu gün bir vaxtlar aspirantı olduğu institutda aparıcı elmi işçi vəzifəsində çalışan Məhəmmədəli Mustafayev çoxlu sayda məqalələrin, monoqrafiyaların, elmi - nəzəri yazıların müəllifidir. Bax elə onun mənə təqdim etdiyi bu kitabı da Məhəmmədəli müəllimin çalışdığı institutun xeyir-duası, AMEA-nın müxbir üzvü, elm xadimi Nizami Cəfərovun redaktorluğu, AMEA-nin müxbir üzvü Teymur Kərimli, elmlər doktoru Məhərrəm Qasımlı, elmlər doktoru Nizaməddin Şəmsizadənin məsləhətçiliyi ilə işıq üzü görüb. Mərhum akademik Bəkir Nəbiyevə həsr edilmiş bu monoqrafiya bir neçə fəsildən ibarətdir.
Kitaba
ön söz
yazmış professor Nizami
Cəfərov vurğulayır ki, Məhəmmədəli
Mustafayev çox dəyərli
bir iş görüb. "Onun bu monoqrafiyasında Bəkir Nəbiyevin elmi irsi həmişə dinamik inkişaf prosesində
verilir". Yəni buradan da aydın olur ki, müəllif bu monoqrafiyasında görkəmli alimin həyat yolunu, alim ömrünü zaman-zaman izləyir, onun
müəyyən şəcərəsini,
yaşadığı mərhumiyyətləri, ona qarşı edilmiş ədalətsizlikləri
bir publisist, bir araşdırmaçı qələmi ilə
oxucuya çatdırır.
Şəxsən mən görkəmli
alimimizin həyat yolu barəsində bilmədiyim çox
şeyləri bu kitabda mütaliə etdim və gördüm
ki, Bəkir müəllim son dərəcə gərgin əmək,
yuxusuz gecələr, haqsızlıqlara qarşı
dözümlülük və mübarizə aparmaq hesabına
bu gün sahibi olduğu ucalığa yüksələ
bilibdir. Məhəmmədəli Mustafayevin kitabın adı ilə
bağlı açıqlaması da maraqlıdır. Müəllif
vurğulayır ki, görkəmli alimimiz xalq şairi Məmməd
Arazı "Poeziyamızın xan çinarı"
adlandırıb. Məhəmmədəli Mustafayev də həmin
prizmadan çıxış edərək Bəkir müəllimi
"Ədəbiyyatşünaslığımızın xan
çinarı" kimi qiymətləndirib. Zənnimcə
müəllifin bu paralel axtarışı çox
uğurludu. Çünki Məmməd Arazın Azərbaycan
sözündə, Azərbaycan poeziyasında danılmaz yeri
kimi Bəkir Nəbiyevin də ədəbiyyatşünaslığımızda,
ədəbi tənqidimizdə, bu sahənin inkişafında
yeri mübaliğəsizdi, danılmazdı.
Böyük oxucu ictimaiyyəti
üçün nəzərdə tutulan bu monoqrafiya əslində
ədəbiyyatşünaslıqla maraqlanan, məşğul
olan hər kəs üçün də dəyərlidi.
Çünki bu kitabda müəllif
Bəkir Nəbiyevin Azərbaycanın müxtəlif
simaları ilə bağlı araşdırmaları, onlara
münasibətdə verdiyi qiymət də bir xətt kimi
keçir və aydın olur ki, Bəkir Nəbiyev klassiklərimizlə
yanaşı, çağdaş ədəbiyyatımızın
nümayəndələrinə qarşı da həmişə
diqqətli olub. Onun araşdırmaları, ortaya qoyduğu ədəbi
düşüncə bütün zamanlar üçün
keçərlidi.
Məhəmmədəli Mustafayevin
bu kitabı ədəbiyyatla maraqlanan bir oxucu kimi mənim
üçün yaxşı bir vəsaitdir. Düşünürəm
ki, obrazlı desək ""Ədalət"in şinelindən
çıxan" Məhəmmədəli Mustafayevin elmi
uğurları bundan sonra da davamlı olacaq və biz onun
yaradıcılıq nailiyyətləri ilə qürur
duyacağıq.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2012.-1
iyun.-S.4.