YENİ TİPLİ ORTA İXTİSAS KADRLARI DÖVRÜN TƏLƏBİDİR

 

  (mövzu əsasında IV yazı)

 

  Həlli vacib olan məsələlər

  

   Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirmiş, elmitexnoloji nailiyyətlər isə təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoymuşdur.

   Qloballaşmanın geniş vüsət aldığı hazırki mərhələdə, informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır. Gerçəkdən yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu indiki qədər belə aktual olmayıb. Təbii ki, burada təhsilin bütün mərhələlərinin ümumi məzmunu nəzərdə tutulur və əsas götürülür.

 

   Təhsilə dövlət qayğısı dövlət siyasətidir

 

   Bu gün dövlət qayğısı ilə əhatə olunmuş Azərbaycan təhsilinin uğurlarının gündən-günə artmasının, inkişaf etməsinin və dünya təhsilinə inteqrasiyasının təməlində, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə səsləndirdiyi "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" - fikri təhsilin dövlət siyasətinin mərkəzi subyekti olduğunu təsdiqləyir.

 

   Orta ixtisas təhsili yeni formada

 

   Bütün sahələr üzrə inkişaf edərək dünyanın qabaqcıl ölkələri sırasına çıxmaqda olan respublikamızda təhsilə xüsusi diqqət göstərilməsi qeyd etdiyimiz kimi Milli Strategiyanı stimullaşdırır. Müstəqil Azərbaycanda informasiya cəmiyyətinin təşəkkülünü və biliklərə əsaslanan iqtisadiyyata keçid şəraitində yeni təhsil modelinin qurulmasını təmin edəcək Milli Strategiyanın hazırlanması təhsilin inkişafının dövlət siyasəti səviyyəsində prioritet istiqamət kimi nəzərdə tutulmasına əyani sübutdur. Burada orta ixtisas təhsilinə də xüsusi önəm verilməsi olduqca ciddi məsələdir. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, şəxsiyyətin və cəmiyyətin peşə-ixtisas təhsilinə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin özünəməxsus yeri var. Orta ixtisas təhsili ölkədə milli təhsil sisteminin yüksəlməsində və cəmiyyətin intellektual potensialının formalaşmasında əhəmiyyətli rola malikdir. Təhsilin bu pilləsi iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında xüsusi missiya daşıyır. Bütün bunların nəticəsi olaraq yeni tipli orta ixtisas müəssisələrinin - kolleclərin yaradılması sahəsində mühüm tədbirlər keçirilib. Bir sıra texnikumların birləşdirilməsi və onların maddi-texniki, həmçinin kadr potensialı əsasında kolleclər yaradılıb. Bəzi kolleclər də var ki, müasir tələblərə uyğun yeni forma və təyinatlarla yaradılıb.

 

   Mingəçevir Turizm Kolleci 

 

   Ötən illər ərzində orta ixtisas təhsilinin normativ -hüquqi bazası tam formalaşdırılıb. Orta ixtisas təhsili sahəsində aparılan dövlət siyasəti onun məzmunca dəyişməsinə, mövcud sosial iqtisadi şəraitə uyğun mütəxəssis hazırlığının strukturunun təkmilləşməsinə imkan verib. Öz uğurları ilə diqqəti cəlb edən belə təhsil müəssisələrindən biri də Mingəçevir Turizm Kollecidir. Qeyd etmək lazımdır ki, turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə 2006-cı ildə Azərbaycan Turizm İnstitutu və Mingəçevir Turizm Kolleci yaradılmışdır. Mövzu orta ixtisas təhsili ilə əlaqədar olduğundan MTK-nın fəaliyyətindən bir qədər geniş söhbət açmaq zərurəti yaranır.

 

   Turizm üzrə yeganə orta ixtisas müəssisəsi

 

   2006-cı ildən fəaliyyət göstərən və ölkədə turizm üzrə orta texniki ixtisas təmayüllü yeganə təhsil ocağı olan Mingəçevir Turizm Kollecində 12 ixtisas üzrə 2100 nəfərdən çox tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 170 nəfərdən çox müəllim məşğul olur. Kollecə ölkənin tanınmış pedaqoqu, professor Əyyub Əyyubov rəhbərlik edir. Mingəçevir Turizm Kolleci respublika hüdudlarından kənarda - xarici ölkələrin təhsil ocaqları ilə də əlaqələrini genişləndirir. Bu müasir təhsil ocağında eyni zamanda davamlı olaraq Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsi öyrənilir. Müəllimlər həmin təhsil ocaqlarında keçirilən tədbirlərdə iştirak edərək öz bilik və bacarıqlarını artırır, onların tədris metodları ilə tanış olur, kollecdə yerli tələblərə uyğun tətbiq edirlər.

  

 

   (ardı gələn sayımızda)

 

  Məzahir ƏHMƏDOĞLU

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-1 iyun.-S.7.