"Jurnalistika həmişə
ictimai dialoqa xidmət edib"
Professor
Şamil Vəliyev:
"Jurnalistika Azərbaycanda
yeganə fəaliyyət
sahəsidir ki, özünə və tarixinə tənqidi münasibət formalaşdırıb"
Bu gün cəmiyyətin mətbuat
nümayəndələrindən böyük gözləntiləri
var. İnsanlar jurnalistlərdən
peşəkarlıq, dolğun
və qərəzsiz informasiya, obyektiv mövqe gözləyir. Ümidlər doğrulmayanda
isə ətrafımızda
baş verən nöqsanları tənqid etməyə borclu olan jurnalistlərin özləri tənqid atəşinə tutulurlar.
Oxucunun, tamaşaçının
ən çox gileyi də bəzi mətbuat nümayəndələrinin peşəkarlıq
səviyyəsinin günün
tələbləri baxımından
qənaətbəxş olmamasıdır.
Son illər müxtəlif ali məktəblərimizdə jurnalist
kadrları hazırlansa
da, mətbuatdakı qələm əhlinin uğuru və problemi daha çox
Bakı Dövlət Universitetinin ünvanına
yazılır, diqqətlər
ali təhsilimizin flaqmanına yönəlir.
Biz də bu üzdən
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin
dekanı, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Şamil Vəliyevi həmsöhbət seçdik.
Bu yaxınlarda dekan vəzifəsinə seçilən
Şamil Vəliyev mətbuat tariximizin ən az öyrənilmiş
dövrlərini yorulmadan
tədqiq edən görkəmli alimlərimizdən
biridi. Şamil müəllimin qələmə
aldığı "Füyuzat
ədəbi məktəbi",
"XX əsr Azərbaycan
ədəbi tənqidində
poeziya problemləri"
kitabları, o cümlədən
"Əlibəy Hüseynzadənin
dinə münasibəti",
"Yaşıl qələm"
unudulmadı", "Naməlum
məktublar" və
s. kimi əsərləri
elmi ictimaiyyət tərəfindən yüksək
dəyərləndirilir və
qiymətli mənbə
sayılır.
- Jurnalistika fakültəsinin dekanı
vəzifəsinə seçilməniz
münasibəti ilə
Sizi təbrik edirik. Çox çətin bir dönəmdə- jurnalist
peşəkarlığının azlığından giley-güzar,
tənqid eşidilən
bir zamanda vəzifənizin icrasına
başlayırsız...
- Təbriklərə
görə çox sağ olun. Ən qocaman ali təhsil ocağımız olan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı
vəzifəsinə seçilmək
şərəfli bir işdi. Bu işdə çalışmaq böyük
məsuliyyət tələb
edir. Mən bu çətinliyi və sorumluluğu dərk edirəm. Üzərimə düşən
məsuliyyətin öhdəsindən
gələcəyimə də
əminəm. Özümü
tanıyandan jurnalistikaya
bağlıyam. Alim kimi elmi araşdırmalarımın
əksəriyyəti də
mətbuatımızın tarixi
ilə əlaqəli olub. Jurnalistikanın, bu sahədə çalışanların peşəkarlıq
məsələsinin tənqidinə
gəlincə, bir tənqidşünas, bu sahənin tarixi, nəzəriyyəsi, sənətşünaslıq
məsələlərini araşdıran
alim kimi məsələyə elmi
cəhətdən yanaşıram.
Tənqid spesifik təfəkkür tipidi. Ona görə də sağlam tənqid nə qədər çox olsa, cəmiyyətdə dialoq mədəniyyəti
də bir o qədər formalaşar və inkişaf edər. Düzdü, bizim mentalitetdə tənqidə bir qədər fərqli və qeyri-düzgün yanaşma var. Əslində
tənqid bir fikri başqası üçün nağdlaşdırmaq,
onun malı etmək deməkdi. Jurnalistika Azərbaycanda yeganə fəaliyyət sahəsidi ki, ictimai fikirdə özünə və tarixinə tənqidi münasibət formalaşdırıb.
Milli mətbuatımızın
banisi Həsən bəy Zərdabiyə qədər Azərbaycanda
tənqid çox zəif olub. Yalnız Zərdabi və Mirzə Fətəli Axundzadə tənqidi bir elm sahəsinə çevirə
biliblər.
Bu baxımdan mətbuat cəmiyyəti tənqid etmək, onu öz-özünə tanıtmaqla məşğul
olmalıdı. Milli mətbuatımızın maarifçilik
qolunun formalaşması
cümhuriyyət yaratmaqla,
cəmiyyətin özünü
təsdiq etməsi ilə nəticələndi
və cəmiyyəti
buna hazırlayan da məhz cümhuriyyətəqədərki
mətbuatımız oldu.
Bu, tarixi bir proses olduğundan bundan qaçmaq mümkün deyil. Çox təəssüf
ki, sovet ideologiyası dövründə
bu ənənəni qorumaq mümkün olmadı. Siyasi quruluş, əlifba, təfəkkür dəyişdiyindən
tarixlə müasirlik
arasında dərin bir boşluq əmələ gəldi. Belə məsələlərə
konseptual yanaşmalıyıq,
bilməliyik ki, biz cəmiyyətə nə verə bilərik, cəmiyyət də bizdən nə umur.
Bu gün mətbuat azadlığı
ilə bağlı məsələlərdə kimlərsə
necə deyərlər,
velosiped icad etməyə cəhd göstərir. Amma milli mətbuat tariximizin qadağan olunan səhifələrini
araşdıranda məlum
olur ki, Əhməd bəy Ağaoğlunun, Məmməd
Əmin Rəsulzadənin,
Əli bəy Hüseynzadənin mətbuatın
bu və ya digər məsələləri
ilə bağlı sanballı məqalələri
var.
Müasir yazarlarımızın bəlasına
çevrilən eqoizm
Azərbaycanda "Əkinçi"yə
qədər də mövcud olub. Lakin "Əkinçi"dən
sonra mətbuatda özünü cəmiyyətə
həsr etmək ənənəsi başlayıb.
Həsən bəy Zərdabi qəzet çap etmək üçün mülkünü
satıb, Əhməd
bəy Ağaoğlu,
Məhəmmədağa Şahtaxtlı
fədakarlıq ediblər.
İndiki insanların
yanaşması ilə
bu barədə düşünəndə...
- Ölkənin müxtəlif
ali məktəbləri
jurnalist kadrları hazırlayır. Amma nədənsə peşəkarlıq
məsələləri ilə
bağlı giley-güzar
olanda nəzərlər
ilk növbədə Bakı
Dövlət Universitetinin
bu gün rəhbərlik etdiyiniz jurnalistika fakültəsinə
yönəlir. Sizcə
bunun səbəbi nədi?
- Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi yarandığı gündən
peşəkar kadrların
istehsalı ilə məşğul olub. Burada görkəmli alimlər, nüfuzlu ziyalılar çalışıblar.
Qazanılan təcrübə
nəticəsində fakültənin
ətrafında peşəkar
bir komanda toplaşıb. Çox sevinirəm ki, jurnalistikamızın patriarxı
Şirməmməd Hüseynov
bu gün bizimlə bir yerdədi. Qeyd etdiyiniz kimi, digər ali məktəblər də jurnalist hazırlığı
ilə məşğul
olur. Amma jurnalistikanın tədrisi
ilə məşğul
olan universitetlərin lideri Bakı Dövlət Universitetidir.
Həqiqətən, bizim
fakültə jurnalist
hazırlığı ilə
məşğul olan digər ali məktəblərin fəaliyyətinə
istiqamət verir. Həmin tədris ocaqlarında bizim müəllimlərin hazırladıqları
proqramlardan, dərs vəsaitlərindən istifadə
olunur. Ona görə də bütün diqqətlərin
məhz bizim fakültəyə yönəlməsinə
təbii baxıram.
Çox sevindirici haldır ki, Qafqaz Müsəlmanları
İdarəsinin Bakı
İslam Universiteti də daxil olmaqla
daha bir neçə ali məktəbdə jurnalistika
fakültələri açılır.
İnanıram ki, gələcəkdə bu şəbəkə daha da genişlənəcək.
XXI əsr informasiya epoxasıdı və kadr hazırlığında
da diqqət bu məsələyə yönəlməlidi. Təkcə
informasiya epoxasında
yaşayan yox, həm də dövrün tələbinə
adekvat cavab verməyi bacaran jurnalist kadrları hazırlanmalıdı. Çünki
jurnalistika həmişə
ictimai dialoqa, cəmiyyətdaxili ünsiyyətə
xidmət edir. Ona görə də bu sahənin
paradiqmaları ilə
cəmiyyətin digər
təbəqələrinin də
məlumatlı olması
lazımdı. Belə
olanda cəmiyyət həqiqi informasiya ilə yalanı ayırmağı bacaracaq,
heç kim yalançı informasiya ilə meydanda at oynada bilməyəcək.
Yalan dəyirmanında
üyüdülən çirkli,
təhlükəli informasiyaya
cəmiyyət adekvat cavab verəcək, peşəkar jurnalistin dəyəri bilinəcək.
Əks halda yazı yazmağı bacaran hər kəsin özünü cəmiyyətə jurnalist
kim sırıması
qaçılmaz olacaq.
- Qərb jurnalistikasından fərqli
olaraq bizdə ixtisaslaşma çox ləng gedir. Daha dəqiq, heç getmir. Dünən kriminaldan yazan bu gün
iqtisadi mövzu ətrafında düşüncələrini
oxucuya sırımaq istəyir. Xüsusi ilə dini mövzuda
yazan jurnalistlərin bu sahəni dərindən bilməmələri
ciddi problem yaradır...
- Bütün dünyada olduğu kimi biz də sahə jurnalistikasının
inkişafına nail olmalıyıq.
Bu gün hamımızın
tanıdığı ayrı-ayrı
jurnalistlər var ki, yalnız bir sahədən-iqtisadiyyatdan,
idmandan və ya səhiyyədən yazırlar. Məsələ
bundadır ki, bu iş indiyə
qədər bir məktəb şəklində
tədris edilməyib və indi biz buna çalışmalıyıq.
Qərbdə bu sistemə çoxdan üstünlük verirlir.
Tutaq ki, kənd təsərrüfatından
yazan jurnalistin aqrar sahədən məlumatı olmalıdı.
Dini bilikləri olmayan jurnalist necə bu sahədən
yaza bilər? Yeri gəlmişkən, Qafqaz Müsəlmanları
İdarəsinin sədr
müavini, fakültəmizin
müəllimi Qəmər
xanım Cavadlının
bu yaxınlarda "İslam dəyərləri
kütləvi informasiya
vasitələrində" mövzusunda müdafiə
etdiyi elmi iş böyük maraqla qarşılandı.
Qəmər xanımın
bu sanballı araşdırması dini mövzuda yazmaq istəyən jurnalistlər
üçün qiymətli
mənbə ola bilər.
Bayaq qeyd etdiyim kimi, sahə
jurnalistikasına diqqəti artırmalıyıq. Bakı
Dövlət Universitetinin rektoru, hörmətli akademik Abel Məhərrəmovla
bu barədə söhbətlərimiz, fikir mübadilələrimiz
olub. Rektor bizə hər cür dəstək verməyə
hazır olduğunu bildirib.
-
Yeni dekanın gəlişindən sonra fakültənin fəaliyyətində
hansı yeniliklər olacaq?
- Təbii ki, dəyişikliklər,
yeniliklər olacaq. Bayaq dediyim kimi, informasiya epoxasında
yaşayan tələbələrimizin informasiya-kommunikasiya
texnologiyaları ilə sərbəst davrana bilməsi
üçün müəyyən işlər görməliyik.
Amma bu işi mükəmməl bilib də ictimai əxlaq və
davranış normalarına biganə qalmaq olmaz. Bu gün
"Mən jurnalistəm, nə istəsəm onu da edə bilərəm"
düşüncəsi ilə hərəkət etmək
doğru sayıla bilməz. Axı cəmiyyət təkcə
jurnalistlərdən ibarət deyil.
Zamanında cəmiyyətə, mətbuata
yenilikləri gətirməyi bacaran Əli bəy Hüseynzadə
yazırdı ki, bizə islam etiqadlı, türk
hissiyyatlı, müasir qiyafəli, Avropa qafalı yeni insanlar
lazımdı. Biz də bu gün məhz bu tipli vətəndaş,
kadr hazırlamalıyıq.
Yeni texnikanı, texnologiyanı
mükəmməl mənimsəyən gələcəyin
jurnalisti əgər xalqının tarixini,
soy-kökünü dərindən bilmirsə, milli-mənəvi,
əxlaqi və dini dəyərlərə əməl etmirsə,
heç vaxt cəmiyyətə fayda verə bilməz. Biz bu
keyfiyyətlərin vəhdətinə nail olmalıyıq.
Dekan kimi arzularım çoxdu və arzularıma uyğun da
davranmağa çalışacam.
Etibar
CƏBRAYILOĞLU
Ədalət.-2012.-2
iyun.-S.9.