Şimşək
bürcü: işıq, ümid, inam
Ümid və inam! "Öz
içinə yolçuluq edən Adam sonunda ərzi
dolaşır" - deyə sərhədlər adlayan, ölkələr
dolanan yollardan keçə-keçə "Yol
romanı"nı qələmə alan İradə xanım
Tuncay yazır ki, ömrümüz boyu bu anlamları getdiyimiz
yollarla daşıyırıq - "Yola
düşürük", "Yola gedirik", "Yol
tapırıq", "Yoldan çıxırıq",
"Yola veririk". "Həyat yolumuzu bəlirləyən,
bizi biz edən bu anlamlardan hansının daha üstün gəlməsidi.
Öz Yolumuzu beləcə tapırıq".
Əsərin baş qəhrəmanı
- müəllif öz Yolunu beləcə tapır. Oxucu
ömür boyu haçalanan bu enişli, yoxuşlu, dolaylı
yolun sonunda ümid və inamın işığını
görür. Qələm sahibinin ümumən
yaradıcılığına xas olan bu diqqətçəkən
keyfiyyət eyni zamanda iradəli, qətiyyətli, bütöv
şəxsiyyət kimi onun xarakterindən irəli gəlir. Həyatının
ən çətin anlarında belə o, ümidini,
inamını itirməyib, sınmayıb.
"Yadımdadı, atamın
yasında rəhmətlik Aybəniz xanım bibimin şeir deməyinə
bir xeyli qulaq asdı... Bibim kənd qadını, Aybəniz
xanım şəhər qadını, həm də Səməd
Vurğun boyda kişinin qızı... Bir söz dedi mənə,
dedi ki, "mən doğulanda 37-ci il hadisələrinin
qızğın vaxtıymış. Hər gecə KQB-nin
padvalında ifadə alırlarmış atamdan, gündüzlər
buraxırlarmış. Anamı doğum evindən
çıxaranda cibində bir qəpik pulu olmayıb ki, o səxavətli
Səməd Vurğun həkimə, tibb bacısına versin.
Elə bil o vaxtdan alnıma yazılıb, kişi çörəyi
yeyə bilmədim heç, həmişə özüm əziyyət
çəkdim".
Özündən yaşlı rəfiqəsinin
söhbətindən təsirlənən İradə xanım
yazır ki, ən çətin vaxtlarında atası
ağır xəstələndiyindən ona dəstək ola
bilməyib. Universiteti bitirəndən sonra özü iş
axtarıb. Uşaqlıq, yeniyetməlik çağlarında
atasının yanından əskik olmayan "dostlar"ın
etibarsızlığı onu ruhdan salmayıb, ümidini,
inamını itirməyib. Görüb ki, dünya xali deyil,
yaxşı, ədalətli insanlar var. Və o, işə
başlayıb, qələmindən möhkəm
yapışıb. Dəfələrlə haqsızlıqlarla
üz-üzə gəlib. Ancaq heç kimin
qarşısında üzü kölgəli, gözü
yaşlı olmayıb. Ağrı-acısını
içində saxlayıb. "Mən"ini qoruyub, ləyaqətini
hifz edib, qürurlu olub. Yaxınlarının dediyi kimi
"susanda da danışıb", Atasına çəkib.
Ömürlük xəstəliyə düçar olub nitqi
pozulan, zəkası iti, qələmi kəsərli, hikmətli
Atanın baxışlarının dərinliyində çox
şey görmüşdü, danışan gözlərini
oxumuşdu, ona Övlad qayğısı göstərə-göstərə
həyat dərsi keçmişdi. Ata qarşısında həmişə
özünü tox tutmuşdu, ağrılarını
içinə verib, üzünə
gülümsünmüşdü...
Ancaq Ata yurdunda "qapısı
bağlı evi" görəndə... "Yoxuşu
qalxıb həyətimizə girirəm. Əmimin vəfatından
sonra isə bizim evin də qapısı bağlı.... Az qala
yüyürə-yüyürə evin arxasına keçib
çökürəm torpağa, otun üstünə.
Qapısı bağlı evi bəhanə edib ağla, Qız.
Amma hamını ağla. Donmuş baxışları, dilsiz
insanları, pıçıltıları, qeybə çəkilmiş
daşları, qayaları, lap kəsilmiş qatar taqqıltısını,
daş olmaqla mümkün olan yaşamı, puç olan hər
şeyi ağla, boşalt ürəyini... ətrafda boş
qalan evləri... Telefonun ekranı işıqlanır. Deyəsən
hamı xəbər tutub gəlişimdən. Cavab vermək
istəmirəm. Toxdadım bir az. Öz dərdləri özlərinə
bəsdi, indi mənim ağlamağıma qulaq assınlar?
Ara vermir zənglər amma...
-İrayidə..."
Yox, heç zaman istəməyib
onun ağlamağını, ürəyini
boşaltmağını görsünlər. İndi ata-baba yurdunda da buna imkan vermir.
"- İrayidə!.. Çevrilib
baxıram - ürəyimə işıq gəlir. Böyük
əmimin lap kiçik oğlu. Əmilərimin, atamın
işlədiyi məktəbdə o, dərs deyir. Yox,
qalmışıq, varıq. Olacayıq!"
O, nikbindir. "Bir gözü
ağlayanda, bir gözü gülür". Kökünə,
ata-baba ocağına, torpağına bağlıdır,
İnsanları, Təbiəti, Gözəlliyi sevir və
öz Sözünü deyir.
Bu danılmaz həqiqəti
"Yol romanı"nda görürük. Müəllif o qədər
səmimidir ki, oxucu romanı sadəcə oxumur, yol
yoldaşı kimi sanki onunla birlikdə gəzir, görür,
sevinir, qəmlənir, düşünür, olmuşlardan ibrət
götürür, bölüşür, təsəlli
tapır, arzu edir və daim nəyinsə
axtarışında, sorağında olur.
Nəyin?! Lap elə yolun ilk məkanında
- cənnət adası deyilən Kiprdə, müəllifin təbirincə
"Sevgi adası"nda Afroditanın - gözəllik və
sevgi ilahəsinin sorağında. "Amma burada kədərli
hadisələr də olub axı. Otello, Yaqo, Dezdemona", - deyə
düşünən müəllif qəmli heç nəyi
xatırlamaq istəmir, gözəllik və sevgi ilahəsinin
sorağı ilə adanı gəzir.
İradə xanımın çox
güclü müşahidəsi və gördüklərinə
öz münasibəti, baxışı, qınağı,
alqışı var: "Bu Sevgi adasını da insanlar
yaralayıb ikiyə bölüblər. Günəş bir, səma
bir, amma torpaq bir ... deyil. Qırıblar Afroditanın
könlünü... Heyif, çox heyif. Bir vaxtlar İlahə
sevgisindən sonra bu sularda çimib bakirə olurmuş.
İlahə, bakirə ürəklərə rəhmin gəlsin!"
İstər-istəməz Tofiq
Abdinin bu münasibətlə yazdığı şeir
yadıma düşür:
Ey sevgi adasında, sevgi axtaran
qadın...
Taleyin sərt üzüdür
bütün bu aldıqların...
Bu yaşanan həyatı təzədən
başlamaq zor.
Sənsiz yaşamaq çətin,
səninlə yaşamaq zor.
Adanı gəzdikcə diqqətini
çəkən heç bir şey gözündən
yayınmır: "Bu arada neçə gündü
müşahidə elədiyim bir ingilis cütlük
yanımızdan ötüb keçir. Bəlkə də, səksəni
adlayıblar, amma əl-ələ tutub gəzirlər. Gözləri
çox məsuddu. Nə fərqi var, bir il, otuz il, ya yüz
il. Önəmli olan illər deyil, o illərin məzmunudu".
Sevgi adasında gözəllər
görür və sözünü deyir: "Göyçək
qızlardı, amma elə bil boyaqçı küpünə
salıb çıxartmısan".
Hətta otluqda oynaşan pişiklər
də gözündən yayınmır və fikrini bildirir:
"Baxıram ki, bunlar biz insanlardan daha hissiyyatlıdı. Ən
azından qəlb yaralamaq olayı yoxdu aralarında".
Xətrini çox istədiyi,
istedadını, bəstələrini yüksək qiymətləndirdiyi,
vaxtilə Bakıda Televiziyada işləyəndə
üç filminin musiqi tərtibatını verən görkəmli
bəstəkar Cavanşir Quliyevlə görüşü
İradə xanımı ürəkdən sevindirir: "Burda
- Sevgi adasında sevdiyim bəstəkarla yenidən
görüşdüm. Hər şey gözəldi həyatda!"
Və yenə də öz sözünü deyir, fikrini
bildirir, oxucunu silkələyən sualını verir: "Hər
kəsin yaradıcılığı özünün ruh
halının ifadəsidi. Musiqisi elə gözlərinə bənzəyir:
Qəm pəncərəsi. Qulaq asdıqca həm də
düşünürəm, niyə belə olsun, niyə?
Altmışı haqlamış, musiqimizdə öz yeri olan,
sevilən böyük bəstəkara Vətəninin bir
guşəsində rahat bir yer tapıla bilərdi axı".
İradə xanım öz
qınağında nə qədər haqlı olsa da, eyni
zamanda Azərbaycan bəstəkarının qardaş ölkədə
diqqətçəkən fəaliyyətindən, musiqi sənətimizi
layiqincə təmsil etməsindən məmnun qalır.
"Yol romanı"nı oxuduqca
bir-birindən görümlü-baxımlı yerlərdə,
lap elə cənnət adası sayılan Kiprdə müəllif
onu duyğulandıran gözəllikləri, təbiətin
heyrətamiz mənzərələrini təsvir, tərənnüm
etməklə bərabər oxucusunu dərindən-dərinə
düşündürür, onun qəlbinə, iç
dünyasına nüfuz edir. Axı, hamı bir-birindən
gözəl yerlərə sadəcə səfərə
çıxmır, turist kimi gəzib dolanmır, istirahət
eləmir, kazinolarda vaxtını keçirib, yeyib-içib
keyfə baxmır. İş tapmaq, çörək pulu
qazanıb ailəsinə göndərmək ümidilə yola
çıxanlar, Vətəndən uzaqda yaşayanlar, qürbətin
acısını dadanlar da var. Kim olur olsun, alim, incəsənət
xadimi, iş adamı, istedad sahibi - fərq eləməz,
hamısı insandır, insan kimi yaşamaq, zəhmətindən
bəhrələnmək, ailəsini dolandırmaq istəyir.
Evi Vətəndə, özü qürbətdə olanlar az
deyil. Nə yaxşı ki, öz zəhməti,
bacarığı, istedadı ilə Vətənini
şöhrətləndirən, millətinin adını uca
tutanlarımız var. Ustad Məmməd Arazın təbirincə
onlar harada olur-olsunlar əsil Vətən daşı, öz
kökünə, torpağına qırılmaz tellərlə
bağlı olan vətəndaşlarımızdır.
***
- Burası Qars qalası!
Dağın zirvəsində Səlcuqlu
Sultanın əmri ilə 1153-cü ildə tikilən qaladan ətraf
əl içi kimi görünür. Bu ucalıqdan təbiətin
əsrarəngiz gözəlliyini heyranlıqla seyr edən
müəllif "qalayla bağlı bir sevgi
romanını" xatırlayır və oxucusuna
danışır.
Qalanın bir azərbaycanlı
komendantı olub, polkovnik. Elə burada da vəfat edib, dəfn
olunub. Onun xanımının eşq macərasından bəhs
edən olay və bir məktub. "O vaxt çox gənc idim
və fikirləşmişdim ki, yəni belə məktub
yazmaq olar? Belə sevgi olar? Belə sözləri deyə bilən
kişi var yəni?.. Müharibələrdən, inqilablardan...
nələrdən keçirdib, gizlədib
saxlamışdı məktubu. Və mən
oxumuşdum..."
İndi muzeyə çevrilən
tarixlər şahidi Qars qalasının yüksəkliyindən
təbiəti seyr edən, məhəbbət olayını
xatırlayıb oxucusuna söyləyən müəllifin qələmi
qəlbindən qopan nidanı yazır: Yaşasın təbiət
və məhəbbət!..
...Qars qalasının
yaxınlığındakı Sarıqamış öz əsrarəngiz
təbiəti ilə diqqətçəkən, sürətlə
inkişaf edən dağ kurortudur. Zəngin mütaliəli, ədəbiyyatı,
tarixi, xüsusən Türk dünyasının, Osmanlı
imperiyasının tarixini yetərincə bilən İradə
xanım Tuncay "İlahi, nə gözəllikdi bu?" -
deyə öz heyranlığını bildirsə də,
dağlara, şam ağaclarına, yaşıllıqda ləpələnib
titrəşən çiçəklərə tamaşa
etdikcə, elə bil onun gözlərində təbiət rəngini
dəyişir. Ömür-gün yoldaşı, həmkarı
Aqil Abbasa xitabən deyir: "Sən içinlə
savaşırsan, amma bu dağlarda öylə bir savaş olub
ki... Bu savaş bu torpaqlarda hər çiçəyin ləçəyində,
şeh damlasında, göydən yağan yağmurda,
rüzgarda, günəşin parıltısında,
rahatlıqla içimə çəkdiyim havada da var.
Kiçicik bir ərazidə, azacıq bir vaxtda 90 min əsgər
həlak olub burda... Bu torpaqlarda nə qədər adsız qəhrəman
yatır. İnanmıram mən burda turistik cənnətin
yaranacağına. Olmayacaq. Ağrı çoxdu... Necə ki
bizdə indi Nargində turizm cənnəti yaratmaq istəyirlər,
orda da olmayacaq!"
***
İradə xanımın mətbuatda
çıxan yazılarını, "Sarı Odalar"
kitabını, "Yol romanı"nı diqqətlə
oxuduqda belə bir fikrə gəlirsən ki, insanın daxili aləminə
nüfuz etmək, iç dünyasını üzə
çıxarmaq, insani keyfiyyətlərinə, şəxsiyyətin
bütövlüyünə önəm vermək, doğru
sözü, həqiqəti sərrast demək onun
yaradıcılığı üçün səciyyəvidir.
"İnsan varsa yol da var...
Özümdən-özümə yol... Bir ömür xərclədim
bunun üçün... Büdrədim, yıxıldım...
qalxdım... Getdiyim Yol ömür yoluymuş... ...Neçə
milyard canlı var, insan azdı. Doğub törəyirlər,
artırlar, amma sevə bilmirlər, insan azdı".
Yetkinlik, kamillik yaşına
çatdığın Ömür yolunda bunun şahidi olmusan
- insan azdır.
Adamla adam ol, insanla insan,
Bil ki, çox alidir insan adamdan, -
deyən ulu müdrik babamız, həm
də təsəlli verib ki, dünya yaxşı insanlardan xali
deyil.
Yola düşüb kəndləri,
şəhərləri, ölkələri gəzəndə
bir daha bunun şahidi oldun. Təvazökar, mərifətli,
intellektli, istedadlı, Vətəninin adına layiq fəaliyyət
göstərən, hörmət bəslədiyin insanlarla
görüşəndə ürəkdən sevindin: bəstəkar
Cavanşir Quliyev, filoloq alim Vurğun Əyyub, professor
Hacalı Nəcəfoğlu, baş konsul Həsən
Zeynalov...
Yolun işıqlı oldu, gəzdiyin
hər yerdə - təbiətdə, cəmiyyətdə,
insanlarda işıq sorağında oldun, adətin üzrə
kitablara, qədim mənbələrə göz qoydun və
heyrətamiz bir kəşflə üzləşdin. Sən demə
"Yol romanı"nı yazdığın 2011-ci il Mayya təqviminə
görə Şimşək iliymiş. Dünyaya göz
açdığın bürcün özəlliklərini
maraqla oxudun və elə bil "özünü
tapdın", sənə agah oldu bəzi hikmətlər.
Şimşək bürcündən olanın içindəki
həyəcanlar, təbəddülatlar rahat qoymur onu
ömrü boyu. Diqqət çəkir, diqqət mərkəzində
olur, özünü daha çox sənətdə, ədəbiyyatda
realizə edir. Və bütün bunlara ağlının, qəlbinin
Şimşək kimi gur işığı ilə nail olur.
Zamanında Tanrının bəndəsinə
verdiyi işıq Ata gözlərindən Övlad ürəyinə
süzülüb ömür yolunun çırağına
dönüb. Böyük anlamda Övlad ustad Ata qələmini
və Sözünü yaşadıb, Ata ocağının
Odu olub.
Haqdan yanan ocağın
işığında "öz içinə yolçuluq edən"
ərzi dolaşar, yolu BİTMƏZ!
"Az qala hər cümləsində
insan yaşantılarının bir rəngi görünən,
hər durğu işarəsi kədər, həyəcan, təlatüm
ifadə eləyən, bu kədərin, həyəcanın, təlatümün
insan ömrünə... necə dərin çapıqlar
vurduğunun şəklini cızan "Yol romanı" (Yusif
Rzayev) əsərində baş qəhrəman - müəllif
bütün bunlara rəğmən eyni zamanda nikbindir,
inanır, ümid edir, öz bürcü kimi işıqlı
insanları, gözəlliyi sevə-sevə yazır: "Getdiyin
yolu anlaya bilsən, tanıya bilsən, heç nə çətin
olmaz... Mövlanə der ki, ağlın kimyası və
aşkın kimyası başqadı. Ağıl təmkinlidi,
qorxa-qorxa atar addımlarını. "Aman, ehtiyatlı
ol", - deyər. Halbuki aşk böylə deyil. Onun tək
dediyi - "Burax, içindəki məhbusu, qoy getsin".
"Yol romanı"nın
epiloqunda müəllifin nikbinliyi oxucuda inam yaradır:
"Zaman gələcək, mənim kimi düşünənlər
əkib-böyüdəcəklər o çiçəkləri...
Mən... Yol göstərdim, Yol açdım. Mən
açdığım Yolun yolçularına
inanıram".
Özünəməxsus üslubda
dəst-xəttilə qələmə aldığı bənzərsiz,
insanı dərindən-dərinə düşündürən
əsərinə son nöqtəsini qoymazdan öncə
İradə xanım Tuncay uzun səfər boyu sanki birlikdə
yol getdiyi, üz-üzə, ürək-ürəyə
danışdığı oxucusuna tövsiyə edir: "Nə
yönə gedirsən get - Doğu, Batı, Quzey, ya da
Güney - çıxdığın hər yolu içinə
bir səyahət kimi düşün. Öz içinə
yolçuluq edən adam sonunda ərzi dolaşır".
Əlövsət
BƏŞİRLİ
Ədalət.-2012.-2
iyun.-S.10.