Ərzurumun
gədiyinə varmadan...
Bütün
yollar ədəbiyyatdan keçir
İradə
Tuncay: "Yazıçıyamsa, qorxuluyam
"Ərzurumda
azərbaycanlı deyəndə hamının gözü
qabağına alimlər gəlir"
- "Yol romanı"nın müəllifi İradə Tuncay əsərində oxucusuna təqdim etdiyi yolla ikinci dəfə səfərə çıxdı. Demək olar ki, eyni yerlərdən keçdi, eyni məkanlarda oldu. Birinci səfərin nəticəsi bəlli - sanballı bir kitab. İkinci səfərdən nəylə qayıtmısız?
- Birinci səfərimin
mahiyyəti ilə ikinci arasında fərq var. Bu dəfə Ərzuruma da getdim. Səfər
konkret dəvətlə baş tutdu. Naxçıvan Özəl
Universitetində və Türkiyənin Qars və Ərzurum
universitetlərində Məmməd Araz gecəsi təşkil
olunmuşdu. Məqsəd Azərbaycan ədəbiyyatının
oralarda daha yaxından tanıdılması idi. Yoxsa Türkiyəyə
hamı gedə bilər, orda hansı tədbiri desən
keçirər. Mənsə düşünürəm ki, ədəbiyyatın
dili ilə anlaşmaq daha məqsədəuyğundu.
Səfər öncədən
planlaşdırılmışdı. Birinci dəfə orda
olanda Məmməd Arazla bağlı Qarsdakı Qafqaz
Universitetində tədbir keçirilməsi barəsində
düşünmüşdük. Bu universitet Türkiyədə
yeganə təhsil müəssisəsidir ki, orada Azərbaycan
dili xüsusi bir fənn kimi keçirilir. Eyni zamanda Azərbaycan
ədəbiyyatı ayrıca fakültədir.
-
Bildiyimizə görə, həmin fakültənin bir zamanlar
bağlanmaq təhlükəsi vardı...
- Bəli, belə bir problem
yaranmışdı. Amma bunun qarşısının
alınması üçün çalışdılar və
nəticə də müsbət oldu. Narahatlıq isə
qalıb. Tələbələr bu fakültəni bitirdikdən
sonra hansı ixtisasa yiyələnəcəklər, harada
işləyəcəklər? Bəzi şirkətlərdə
işləmək mümkündür, o da bir-iki məzuna qismət
olar. Bəs yerdə qalanlar?.. Çox qəribədir,
bir-birimizə "qardaşıq", "dostuq" deyirik,
amma Azərbaycan dili ilə bağlı hər hansı bir məsələ
havada qalır.
- Tədbirləri
payıza planlaşdırmışdız, amma yazda baş
tutdu. Niyə bu qədər gecikdi?
- Payızda Qars soyuq olduğundan
ora gedə bilmədim. Ona görə də bu tədbirlərin
yazda keçirilməsini qərara aldıq. Bu müddət ərzində
artıq "Yol romanı"mı bitirdim və nəşr
edildi. Roman hələ hissə-hissə çap olunarkən Ərzurumda
çox hörmətli azərbaycanlı bir professor - Arif Səlimov
internet vasitəsi ilə oxuyurmuş.
- Onu əvvəldən
tanıyırdız?
- Xeyr, tanıdığım adam
deyildi, sadəcə oxucu kimi romanı oxuyurmuş. Amma nə
yaxşı ki, o adamı tanıdım. Arif Səlimovu tanımağımla
həyatıma çox gözəl bir insan daxil oldu. Məktubla
Ərzurumda yaşadığını, riyaziyyat üzrə
professor olduğunu yazdı. Mayda Türkiyəyə gedəcəyimizi
biləndə dedi ki, dəqiq tarixi müəyyənləşdirək,
Ərzurum Universitetində Məmməd Araz gecəsini təşkil
etsin. Orda professor titulu yüksək çəkiyə malikdi.
Alim sözü heç vaxt yerə düşmür. Qəribədi,Türkiyədə
azərbaycanlıları alverçi, barlarda qulluq edən xidmətçi
və sair aşağı səviyyəli peşə sahibləri
kimi tanıyırlar, Ərzurumda isə azərbaycanlı deyəndə
hamının gözü qabağına alimlər gəlir.
Çünki azərbaycanlılar orada ziyalı mühiti
yaradıblar. Ərzurumda azərbaycanlıları yalnız elm
adamı kimi tanıyırlar, başqa tərəfdən
tanımırlar.
Kitabdan qorxanların ölkəsində səfalət
olar
- Maraqlıdır, niyə məhz Ərzurumda
azərbaycanlılara bu qədər yüksək qiymət
verilir? Yaxud, niyə yüksək səviyyəli azərbaycanlılar
işləmək üçün Ərzurum Universitetini
seçir?
- "Ərzurumun gədiyinə
varanda, onda gördüm bürəm-bürəm qar gəlir".
Bu yerlərin tarixi çox maraqlıdır. Azərbaycanlı
ziyalıların Ərzuruma can atmasında nəsə bir
mistika da var.
Bütün istiqlal savaşları
Ərzurumdan, Qara dənizdən başlanır. Paytaxt
işğal olunanda Atatürk Samsuna, oradan Ərzuruma gedir və
orada Konqres keçirilir. Sonra Sivas Konqresi baş tutur. Yəni
bu ərazilər qədim türk torpaqlarıdır və
burada insanların düşüncə tərzi tamamilə fərqlidir.
Adı Ərzurum olsa da, əslində bu torpaq həmişə
Azərbaycana bağlı olub. Görürsünüz,
"Möhtəşəm yüz yıl"da sultan
Süleyman bu əraziləri sahiblərinin adı ilə
çağırır. Bu yerlər Səfəvilərin ərazisi
olub. Ərzurum sanki çəpərdi. Çəpərin ətrafında
Gürcüstan, Ermənistan, Türkiyə var. Bu ərazilərin
hamısı tarixin bir dönəmində böyük türk
torpaqları olub. Ona görə də bunun kökündə
tarixi kimliyə söykənən məqamlar özünü
göstərir.
-
Eşitdiyimizə görə, İranla sərhəddə
problem yaşamısız?
- Hə, sərhəddə
xoşagəlməz hadisə oldu. Bizim kitablarımızı əlimizdən
aldılar. Qarsda, Ərzurumda Məmməd Arazın
kitablarını, mənim "Yol romanı"mı və
başqa bədii- ədəbi kitabları gözləyirdilər.
Beş saat gömrükdə qaldıq, bizim
gömrükçülər işə qarışandan sonra
problem həllini tapdı, amma yenə də kitabları bizə
vermədilər, başqa maşına qoydular ki, o gətirəcək.
- İranlılar kitabdan nə yaman
qorxurmuş...
- Mən də elə
düşünürəm ki, iranlılar kitabdan qorxur. Bəlkə
də ölkələrindəki səfalətə səbəb
olan amillərdən biri də budur.
"Cəsus filmlərində
olduğu kimi, körpünün üstündən asta-asta
keçib getdim"
- Azərbaycan-İran
münasibətlərindəki gərginlik hökm
sürdüyü halda niyə səfərinizdə hava yolundan
istifadə etmədiz?
- Mən təsadüflərə
inanmıram. Amma son vaxtlar təsadüflərlə tez-tez
rastlaşıram. Bu ərəfədə Naxçıvandan
bir alim redaksiyamıza gəldi. Dedi ki, Naxçıvanda bir
özəl universitetdə Məmməd Araz
yaradıcılığı fənn kimi tədris olunur. Həmin
universitetdə çıxış etməyimi istədi.
Razılaşdıq, ona görə də növbəti yolumuz
da İrandan keçməli oldu.
Biləsuvar keçid məntəqəsində
5 saata yaxın qalmağımıza baxmayaraq, Culfaya keçəndə
də bizi saxladılar. Gözəl yerlər olmasına
baxmayaraq, bu əraziləri elə bir ağırlıq
içərisində keçirsən ki... İşğal
olunmuş Azərbaycan əraziləri görünür.
İstər-istəməz təsir edir, laqeyd keçə
bilmirsən.
- Sənin
ola-ola bu ərazilərə gedə bilmirsən...
- Hətta elə maneələr var
ki, bir addım atıb keçə bilərsən. Amma bu,
mümkün deyil. Culfadan keçəndə maşına
İranda benzin töküb-tökmədiyimizi yoxladılar. Gənc
yazarların İranda tutulması məsələsi yeni
olduğundan Aqil dedi ki, əgər məni saxlasalar, sən
keç. Cəsus filmlərində olduğu kimi,
körpünün üstündən asta-asta keçib getdim.
Alverçi deyiləm, qaçaqmalçı deyiləm,
yazıçıyam. Yazıçıyamsa, deməli,
qorxuluyam. Nəsə... bütün bu çətin mərhələləri
keçsək də, yorğun olsaq da getdik Naxçıvana.
Çünki burada universitetdə keçiriləcək
görüş üçün bizi gözləyirdilər. Həm
müəllimlərin, həm də tələbələrin
baxışlarından, münasibətlərindən mənə
bir həqiqət bəlli oldu. Biz nə qədər desək də
ki, ədəbiyyata maraq yoxdur, ədəbiyyat oxunmur, bu, belə
deyil. Yaxşı ədəbiyyat həmişə oxunur və
hər zaman da ona maraq olacaq. İnsanların yenidən
dirçəlməsi, özünə gəlməsi
üçün birinci vasitə ədəbiyyatdır. Bu,
danılmaz bir həqiqətdir. Deyə bilərlər ki, rifah
halı, küçələrin gözəlliyi əsas məsələdir...
O küçələrdə ki, insanlar gəzmir, orda insan nəfəsi
yoxdur, təmizliyin, gözəlliyin nə mənası var?..
İnsan olmayan yerdə, insan nəfəsi duyulmayan yerdə nə
həyat ola bilər?
- Qəbiristanlıqlar
da təmtəraqlıdır...
- Son
vaxtlar Bakıdakı binalar mənə baş
daşlarını xatırladır. Bilmirəm niyə... Hə,
harda qaldıq?..
-Naxçıvanda.
- Yox, artıq Naxçıvandan
çıxırıq. Tədbir olan gün- mayın 20-də
Qarsa yola düşdük. Qarsla Naxçıvan çox
yaxındır, aralarında təxminən 200 kilometrlik bir məsafə
var. Qarsda bizi Vurğun Əyyub qarşıladı. Sabahı Ərzuruma
getməliydik. Qarsda olmuşdum, amma Ərzurumu görməmişdim.
Ərzurumda olmadığımdan və
tanımadığım adamlarla birinci dəfə
görüşəcəyim üçün bir az həyəcanlı
idim. Atamla bağlı ən kiçik nöqtəyə belə
həssaslıqla yanaşıram. Hansısa düzgün
olmayan münasibətdən çox inciyirəm.
"Bilsəydim gənc yazarların kitablarından
aparardım"
- Ərzurumda abu-hava necəydi?
- Ərzurumdakı görüş
çox xoşuma gəldi. Orda bir hiss vardı- səmimiyyət.
Biz Ərzuruma populist çıxışlar etməyə,
"bir millət, iki dövlət" şüarı səsləndirməyə,
"Xocalıya ədalət" istəməyə getməmişdik.
Biz şeir aparmışdıq. Hansı ki, şairlər,
konkret olaraq Məmməd Araz bir misrasıyla kim olduğumuzu, nə
istədiyimizi, nəyə haqqımızın
çatıb-çatmadığını poetik dildə,
aydın təfəkkürdə deyə bilir.
Bizi Ərzurum Universitetində
professor Arif Səlimov özü qarşıladı. O, əvvəl
Bakı Dövlət Universitetində oxuyub. Sonra Kazan
universitetində aspirantura təhsili alıb. 90-cı illərin
qarışıq vaxtında Türkiyəyə gedib.
Riyaziyyatçı professor olan Arif müəllimin
Amerikanın nüfuzlu nəşrlərində məqalələri
çıxır. Onun Universitetdə rəhbərlik etdiyi
bölüm çox sayda professorlar yetişdirib. Türkiyədə
professor adı almaq çox çətindi. Hətta dosent
adı almaq asan deyil. Arif müəllimin özünün
laboratoriyası var. Ərzurum Universitetinin ərazisi Qarsın
özü boydadır. Universitetin Kampusu çox
böyükdür, sanki şəhərdi və burada hər
şey var. Mayın 22-də universitetin böyük zalında
keçirilən görüşdə tələbələrin
böyük əksəriyyəti iştirak edirdi. Baxmayaraq ki,
tətil müddəti idi, amma tələbələr
görüşdə iştiraka hədsiz maraq göstərmişdilər.
Fənn ədəbiyyat bölüm başqanı Sədat
Adıgözəl Azərbaycan ədəbiyyatını dərindən
bilir. Bizim hamımızı da çox gözəl
tanıyır, Azərbaycan mətbuatını izləyir. O,
bizi bir kitabxanaya apardı. Həmin kitabxana Abbas Zamanovun
adını daşıyır, portreti də kitabxanadan
asılıb. Vaxtı ilə Abbas Zamanov kitablarını ora
bağışlayıb. Azərbaycana aid nə varsa,
hamısı orda var. Sədat bəy bizdən xahiş etdi ki,
yeni çıxan kitabları onlara göndərək. Biz də
dedik ki, Heydər Əliyev Fondu bu işlə məşğul
olur. Ona görə də onlara müraciət etsələr,
istədikləri kitabları əldə edə bilərlər.
Əgər mən bilsəydim onlara belə kitablar
lazımdır, gənc yazarların kitablarından
aparardım.
- Azərbaycandan
kitab göndərilməsi üçün niyə indiyə qədər
müvafiq qurumlara müraciət etməyiblər?
- Doğrusu soruşmadım, amma
ola bilməz ki, müraciət etməsinlər. Bilirsiz, bu məsələ
özfəaliyyət səviyyəsində olmamalıdır.
Sistemli şəkildə iş görülməlidir. Əgər
onlar bizi oxumaq istəyirlərsə, niyə
kitablarımızı göndərməyək. Bir də təkrar
edirəm ki, bu işi xüsusi qurumlar həyata keçirməlidi.
"Bu günü çox arzulamışdım"
İkinci tədbirimiz mayın 24-də
Qarsda oldu. Qafqaz Universitetində Azərbaycan dili, ədəbiyyatı
dəyərli ziyalı Vurğun Əyyubun əməyi sayəsində
bütün tələbələrin sevimli dərsləridir.
Azərbaycanın ədəbiyyat adamları, o cümlədən
Məmməd Araz yaradıcılığı bir xətt kimi
onlara keçilir. Mən çıxışımda bir
anlıq zalı müşahidə etdim. Dinləyicilərin
bizi, Azərbaycan düşüncəsini, Məmməd Araz
yaradıcılığını yüksək səviyyədə
anladığının şahidi oldum. Bu günü çox
arzulamışdım. XX əsr Azərbaycan ədəbiyyatının
simalarından biri olan, həm də türk
dünyasını bu qədər sevən və təbliğ
edən bir insanın Türkiyədə nə zamansa
özünə layiq şəkildə adının çəkiləcəyinə
əmin idim. İnamım özünü doğrultmuşdu.
Buna görə Vurğun Əyyuba xüsusilə minnətdaram.
Vurğun Əyyubun öz tələbələrinə Azərbaycan
ədəbiyyatını necə
tanıtdığını, necə sevdirdiyini gördüm.
O uşaqların bəziləri ilə "Facebook" səhifəsində
yazışırdım. Görürdüm ki, onlar bizim
şeirləri paylaşırlar. Nüsrət Kəsəmənli,
Ramiz Rövşən, Məmməd Arazın şeirlərini
bildiklərini görürdüm. Bu, müəllimdən
asılıdır. İki il Vurğun Əyyub orda tək
işləyib, bütün dərslər onun boynunda olub.
İncəsənət tarixindən tutmuş ədəbiyyata
qədər hamısını özü tədris edib. Həmin
görüşdə də tələbələrin şeir
dediklərini gördüm, bu, mənə ləzzət etdi.
Mikayıl Mirzənin Məmməd Araz
yaradıcılığından dediyi şeirləri onun kimi
dediklərini gördüm. Qızların məhəbbət
şeirlərini demələri çox xoşuma gəldi.
Artıq orda bu körpünün qurulduğuna əmin oldum.
Vurğun Əyyubu necə sevdiklərinin şahidi oldum.
Sevginin hesabına hər şey həllini tapır, zorla
heç nə olmur. İnsan faktorunun burda çox
böyük əhəmiyyəti var. Türkiyə-Azərbaycan
münasibətlərində birinci məsələ təfəkkürlərin
bir-birinə açıq olması, zehniyyətin
yaxınlaşmasıdır, yalançı, pafoslu
şüarların səsləndirilməsi əsas məsələ
deyil.
"Niyə mənim mahiyyətim,məntiqim,
onlara yad gəlməlidi?"
Söhbət təkcə Məmməd
Arazdan getmir. Nəhayət biz - iki qardaş xalq hay-küydən,
pafosdan, rəsmi münasibətdən əl
götürüb, bir-birimizin təfəkkürünü,
düşüncələrini anlamağa
başlamalıyıq. Yəni bir Azərbaycanda yaşayan
türk şairinin dediyinin alt qatında nələrin
dayandığını mən anladığım kimi,
Türkiyə gənci də dediyim şeirə qulaq asanda onun
mahiyyətini dərk etməlidir. Axı Məmməd Araz və
başqa nəhənglərimiz məhz türk
düşüncəsi ilə yazıblar. Niyə mənim
mahiyyətim, məntiqim, onlara yad gəlməlidi? Siyasətdə
bir-birinin ziddinə çox şey ola bilər, amma ədəbiyyat
məfkurəyə söykənir. Ədəbiyyat heç
vaxt yolunu dəyişdirmir. Yalnız bu yolla biz beyinlərimizə
qarşılıqlı nüfuz edə bilərik. Ədəbiyyatın
birləşdirdiyi xalqları ən çirkin siyasətlər
belə ayıra bilməz.
Birinci körpü ədəbiyyatdır.
Əsas ilk körpünü açmaqdı, ondan sonra qalan hər
şey həmin körpüdən keçəcək. Biz hər
zaman çiyin-çiyinə bir yerdə olmağa məcburuq.
Bizi dinləyən türk tələbələr, ola bilsin ki,
Məmməd Arazın kim olduğunu Azərbaycandakılar qədər
bilmir. Amma onlar şeirləri eyniylə bizim kimi
anlayırdılar. Çünki eyni düşüncənin məhsuludu,
bizim-türkün şeirləridi. Vurğun Əyyub
çıxışında Məmməd Arazın fəlsəfi,
üslubunda bir qədər mürəkkəblik olan şeirlərindən
danışırdı. Tədbirdən sonra Vurğun bəyə
dedim ki, gərək məhəbbət şeirlərindən
daha çox oxuyardın ki, yaxşı anlasınlar. O mənə
zal onu anladığı üçün həmin şeirləri
oxuduğunu bildirdi. Vurğun Əyyub müəllimdir, tələbəsini,
auditoriyanı daha yaxşı hiss edir, tanıyır. "Ey
daşlaşan, torpaqlaşan, ulu babam" şeirini zal uzun
sürən alqışlarla qarşıladı. Sanki bu
alqışlarla demək istəyirdilər ki, şeirin alt
qatını dəqiqliyi ilə anlayıblar. Qafqaz Universitetində
çalışan azərbaycanlılar çoxdu . Professor Bədirxan
Əhmədov, Xurşud Bayramoğlu, kimyaçı professor
Hacıali Nəcəfoğlu çıxış etdilər.
Onların hərəsi bir sahənin adamı olmasına
baxmayaraq, Məmməd Araz poeziyasının dəyərlərini
auditoriyaya anlatdılar. Tələbələr onların
çıxışlarını heyranlıqla dinləyirdi.
"Aqil Abbasın çıxışları zalı
coşdurdu"
- Niyə
biz hansısa bir Türkiyə şairinin nə demək istədiyini
dərk edirik, amma onlar bizimkiləri o dərəcədə dərk
etmir?
- Burda səbəblər
çoxdur. Əgər biz Yunus İmrəyə,
Qaracaoğluna və s. diqqət yetirsək,
hamısının eyni dildə olduğunu görərik.
Aşıq ədəbiyyatımız da eynidir. Dövlətlərin
ayrılması, araya sərhədlərin çəkilməsi,
dilimizin məxsusi şəkildə dəyişdirilməsi
bir-birimizi anlamağımıza ciddi əngəl olub. Onlar da
bizi anlamaq istəyirlər. Uzanmış əli sıxmaq istəkləri
var. Çıxışımda dedim ki, ədəbiyyatımızdakı
sözləri anlamağa çalışsaq nə petrol
krizisi, nə də sərhəd krizi yaşanacaq. Biz
bir-birimizi anlayacağıq. Bu gündən sabaha gedən
yolumuzu da məhz onların bəlirləyəcəyini diqqətə
çatdırdım. Mən artıq öz işimi görsəm
də, missiyamı bundan sonra da davam etdirməyə
çalışıram. Prosesin necə gedəcəyi məhz
türk gəncliyindən asılıdır. Fikirlərimi
anlayışla qarşıladıqlarını gördüm.
Aqil Abbasın çıxışları zalı coşdurdu.
Sayın millət vəkili öz çıxışı
zamanı zalı ələ almağı bacardı və zal
da onu alqışlarla, anlayışla qarşıladı.
- Anadolu türkləri bizdən fərqli
olaraq, ədəbiyyatlarını daha yaxşı təbliğ
edə bilirlər. Biz onların
yazıçılarını daha çox
tanıyırıq, əsərlərini oxuyuruq. Bəlkə
Azərbaycan ədəbiyyatının təbliğatı ilə
xüsusi qurumlar məşğul olamlıdı? Məsələn,
Məmməd Arazın saytını onun qızı yox, həmin
qurumlar hazırlamalıdır.
- Türkiyədə də ədəbiyyat
sahəsindəki vəziyyət yaxşı deyil. Orda belə
işləri fanatlar həyata keçirirlər. Sadəcə,
Türkiyədə əhalinin sayı çox olduğu
üçün oxucuları da çoxdu. Türkiyə
imperiya olub. Hələ də onların içərisində
genetik olaraq imperiya ambissiyaları yaşayır. Onlar hamıya
yuxarıdan baxırlar. Amma bizim içərimizdə hələ
də komplekslər yaşayır, biz həmişə əzilmişik
və o əzilmə komplekslərindən hələ də
uzaqlaşa bilməmişik. Baxmayaraq ki, fərdlər
yetişdirə bilmişik. Bu çox ağır prosesdir, sən
əsarətdə yaşaya-yaşaya sənin içərindən
belə fərdlər ortaya çıxır.
"İslahatlardan qorxmaq həmişə bizi geri
salıb"
-
İki türk xalqı arasında ədəbiyyat
körpüsünün qurula bilməməsinin səbəblərinə
Arif Səlimovun riyazi məntiqi ilə aydınlıq gətirməsi
maraqlı olardı. Professorla bu barədə müzakirə
apardızmı?
- Biz onunla bu barədə
danışmadıq, istəmədim onu siyasi söhbətlərə
çəkim. Sədat Adıgözəl ilə bəzi
söhbətlər etdik. Bildim ki, o, Azərbaycana gəlib-gedir,
burdakı prosesləri əməlli-başlı anlayır, dərk
edir. Kimin ata-babasının kim olduğunu, kimin kimə nələri
fürsətdən istifadə edib qəbul etdirmək istədiyini
də yaxşı başa düşür. İstər-istəməz
o da bu gerçəkliklər arasında manevr etməyə məcburdur.
İstəyirəm bir həqiqəti hər kəs dərk
etsin ki, siyasi vəziyyətdən asılı olmayaraq, bu
xalqlar həmişə bir-birinə ehtiyac duyublar. Tarixin
bütün dönəmlərində türk xalqı,
türk torpağı anlayışı olub. Əgər biz
bir-birimizi anlamasaq, işimiz çətin olacaq. Avropa həmişə
türklərin tapdağında olub, amma yenə də həmişə
özlərini yuxarı tutduqlarını görürsən.
Bu, onunla bağlıdır ki, onlar vaxtında elmə yiyələnə
biliblər, islahatlara gedə biliblər. İslahatlardan qorxmaq
həmişə bizi geri salıb. Avropa hətta çox
asanlıqla dində də islahatlar aparıb. Amma biz deyirik ki,
bu, dini ehkamdır, ona toxunmaq olmaz. Bu problemləri həll etmək
lazımdır. Həm də mütləq lazımdır.
Qarşımızda heç bir xarici qüvvənin irad
tutmağa haqqı çatmadığı, bəhanələrlə
qarşısını ala bilməyəcəyi yol var-Ədəbiyyat.
Ədəbiyyat siyasətdən də, iqtisadiyyatdan da öndədi.
Tez-tez ədəbi görüşlər keçirmək
lazımdır. Azərbaycanın nəhəng ədəbiyyat
adamları olub. Niyə anadolu türkləri bizim sovet
dövrü məişətimizi bilməsinlər?.. Bu, tarixin
bir dönəmidir. Biz onların tarixini bilirik, öz tariximizi
də onlara öyrətməliyik. Belə tədbirlərdə
həm də böyük türk torpaqlarının nəhəngliyi,
əzəməti adamın ürəyini açır. Fikirləşdim
ki, bunların hamısı mənimdir. Mən bu torpaqların
sahibi ola-ola niyə pis yaşamalıyam, niyə avropalı mənə
yuxarıdan baxmalıdır...
"...Bax onda arzuolunan birlikdən danışmaq
mümkün olacaq"
- "Bir millət, iki dövlət"
şüarını səsləndirən hansısa türk
deputat Azərbaycanın şairlərindən kiminsə
şeirini bilmir, amma dövlət və siyasətdən xəbəri
olmayan tələbə şeirlərimizi əzbər bilir.
Hansı daha çox bir millət, iki dövlətə xidmət
edir?
- Əlbəttə ikinci. Ərdoğan
həmişə xalq arasında şeirlər deyir. Ona görə
ki, o, türk xalqlarının içərisində şeirə
böyük sevginin olduğunu bilir. Bax bu sevgidən istifadə
etmək lazımdır. Bizsə onu tuta bilmirik, biz onu başa
düşə bilmirik. Orda azərbaycanlı müəllimlər
çoxdur və onlar çox gözəl
çıxışlar da etdilər. Məni əsas
maraqlandıran gənclər idi. Ordakı
çıxışımda tələbələrdən
soruşdum ki, sizi zorla bu tədbirə gətiriblər?.. Onlar
güldülər və dedilər ki, xeyr, biz
özümüz gəlmişik. Sabahkı
günümüzün onlardan asılı olduğunu bir daha
diqqətlərinə çatdırdım. Azərbaycan ədəbiyyatını
öyrəndiklərini sabah müəllim, yaxud da hansısa
şirkətdə işlədikləri zaman onların
münasibətlərinin çox şeyləri həll edəcəyini
vurğuladım. Çünki onda biz Qarsda sərhədlər
açılsın, açılmasın söhbətlərini
etməyəcəyik, Türkiyə ilə münasibətlərin
qorxusunu yaşamayacayıq. Biz arxayın olacağıq ki,
filan bakan, filan fakültənin yetirməsidir. Bax onda arzuolunan
birlikdən danışmaq mümkün olacaq. Niyə Ramiz
Rövşənlə belə bir görüş təşkil
olmasın?..
-
Qarsdakı konsulumuz da görüşə gəlmişdi?
- Təəssüf ki, yox. Biz onu dəvət
etmişdik. Yəqin vaxtı olmayıb... Amma mən sonda Qars
Qafqaz Universitetinin rektorluğuna, özəlliklə professor
Dr. Haydar Yüksəkə, Ərzurum Atatürk Universiteti
rektorluğuna, özəlliklə ədəbiyyat fakültəsinin
dekanı professor Dr.Yılmaz Özbəkə xüsusi minnətdarlığımı
bildirirəm. Atatürk Universiteti bu il 55-ci ilini qeyd edir. Bu tədbirlər
də yubiley çərçivəsində keçirilir.
Orda da məmurlar anlayırlar ki, iki xalq arasındakı
körpünü ədəbiyyat qura bilər.
Gültəkin
Qəhrəmanlı,
Ceyhun
Musaoğlu
Ədalət.-2012.-2
iyun.-S.12-13.