Biləsuvar yeni inkişaf mərhələsində

 

    (əvvəli ötən sayımızda)

  

   Uğurlar hələ qarşıdadır

  

   16 aprel 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 1-ci rübünü sosial-iqtisadi inkişafın yekunlarına dair və qarşıda duran vəzifələr, uğurlar haqqında danışarkən demişdir: "2012-ci il uğurla başlayıbdır. 1-ci rübdə bütün vəzifələr icra edilibdir. Əsas iqtisadi göstəricilərimiz müsbətdir. Ölkədə ümumdaxili məhsul 0,5 faiz artmışdır. Ancaq qeyri-neft sektorunda ümumdaxili məhsul 7,7 faiz artmışdır. Bu çox gözəl göstəricidir və son ayların, illərin göstəricisidir".

   Bu iqtisadi göstəricinin içərisində Biləsuvarın da öz layiqli yeri var. Rayonda 1-ci rüb ərzində ümumi məhsul buraxılışının həcmi 22,7 milyon manata çatmışdır. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz çoxdur.

   Əhalinin gəlirləri də ötən ilin eyni dövrünə nisbətən 18,9 faiz artmışdır. Orta aylıq əmək haqqı 240,4 manat civarında dəyişmişdir. Biləsuvarlıların sosial vəziyyətlərinin yaxşılaşması nəticəsində 2012-ci ilin ilk 3 ayında burda 24 fərdi ev tikilmişdir. Sovetlər dövründən qalmış əmanətlərə görə rayonda 9914 nəfərə 28 milyon manat kompensasiya veriləcək.

   Sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 sahibkara 3 milyon 94 min manat kreditin verilməsi də ilin əvvəllərinə təsadüf edir.

   388 nəfər yerli sakinin işlə təmin edilməsi də bu ilin ilk uğurlarındandır.

   Bütün bunlar və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan digər tədbirlər biləsuvarlıların daha böyük uğurlarının hələ qarşıda olduğundan xəbər verir.

 

   Yol mədəniyyətdir

 

   Bu sözlərin müəllifi haqqında fikir söyləməkdən uzağam. Ancaq yaşadığımız müasir dövrdə yolların hansı funksiyanı daşıdığını demək çox artıqdır. Yol mədəniyyətdir, bu doğrudan belədir. İqtisadi əlaqələr, sosial-məişət probleminin həllində əsas amil olan yol son anda elə mədəniyyətə xidmət edir.

   Biləsuvar rayonunda yolların təmirinə, tikintisinə və qorunmasına xüsusi fikir verilir. İstər şəhərin, istərsə də kəndlərin avtomobil yolları aidiyyatı təşkilatların daim diqqətindədir. Bu məqsədlə 2012-ci ilin 1-ci rübündə kənd yollarının əsaslı təmiri üçün xeyli vəsait ayrılmışdır. Artıq layihə-smeta sənədləri də hazırlanmışdır. Yaxın vaxtlarda kənd yollarının əsaslı təmir işlərinə başlanacaqdır.

   Rayon ərazisindən keçən Ələt-Astara, Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yollarında da təmir işləri aparılmışdır.

   İndi Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda təmir işlərinin qızğın çağıdır. İnşaat işləri ilə məşğul olanlar bildirdilər ki, yolun daha uzunömürlü olması üçün texnologiya ilə bərabər texniki vasitələr də əsas şərtdir. Suötürücü qurğuların qoyulması da mühüm amillərdən biridir.

   İnşaatçılar onu da bildirdilər ki, yol təsərrüfatına çəkilən xərcləri, əziyyəti sürücülər bilsə heç vaxt iri tonnajlı maşınlara qədərindən artıq yük vurmazlar. Yolu hamımız qorumalıyıq.

   Yol işçilərinin sözlərindəki böyük həqiqəti danmaq olmaz.

   Lap yaxın günlərdə isə Əsgərabad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd, Ovçudərə kəndlərini birləşdirən 21 kilometrlik yolun, Çaylı, Ağayrı, Nəsimi, Bağbanlar, Çinarlı-Aranlı kəndlərində 9,6 kilometr yolun əsaslı təmir işlərinə başlanılacaqdır.

 

   Qayğılar müxtəlif, məqsəd eyni

 

   Ölkəni başdan-başa mavi qazla təmin etmək istiqamətində Biləsuvar rayonunda da kifayət qədər işlər görülmüşdür. Hazırda bir vaxtlar mavi qaz almış rayonun 7 kəndinin təbii qazla təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Rayon mərkəzindən xeyli uzaqda yerləşən daha 12 kəndin bu istilik mənbəyindən istifadə etməsi üçün layihə-smeta sənədləri hazırlanır.

   Biləsuvar şəhərinin içməli su problemini aradan qaldırmaqdan ötrü gözəl şərait yaranmışdır. İndi su xəttinin çəkilməsi, kanalizasiya sisteminin yenidən qurulması işlərinin qaynar çağıdır. İsti yay günlərində bir an belə dayanmayan icraçı təşkilat şəhərin küçələrində kanalizasiya və su xətlərinin çəkilişini aparır.

   Biləsuvarın kəndləri də unudulmamışdır. Kənd sakinlərinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədi ilə Aranlı-Çinarlı kəndlərində "Modul" tipli sudurulducu qurğunun inşası yekunlaşmışdır. Bağbanlar, Ovçüdərə, Dərvişli kəndlərində isə işlər davam etdirilir.

   Ötən ilin payızında 22010 hektar ərazidə bu ilin məhsulu üçün taxıl əkilmişdir. 6 min hektar pambığın məhsulu da bu il yığılacaq. Yaxın vaxtlarda başa çatacaq taxıl yığımı, yayın sonlarında toplanacaq pambıq kənd əməkçilərinin nəyə qadir olduqlarını göstərəcək. Torpaqlara daha yaxşı qulluq etmək, vaxtında suvarmaq üçün kəndlərdə kollektor-drenaj sisteminin lildən təmizlənməsinə xüsusi əhəmiyyət verilmişdir. Buna görə də bu işlər qrafika əsasında görülür.

   ... İndi istilərin bol, işlərin daha bol olan vaxtıdır. Bütün qayğıların sonunda isə insanın daha rahat, daha gözəl yaşaması durur. Ona görə də bu isti yay günləri biləsuvarlılar üçün adi günlərdən elə də fərqlənmir.

 

 

   Səxavət Məmmədli

 

   Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

   Ədalət.-2012.-29 iyun.-S.7.