NAZİM
HİKMƏT HAVASI
Sıralanıb bir-birindən
seçilməyən yorucu, üzücü, bomboz, soyuq
qış günləri kimi deyil, şaxtanı, sazağı
qəfil sındırıb bütün canlıların
canından keçib donuqluğunu,
qırışığını açan, silkələyib
oyadan ilıq, həlim yaz havası... yaxud bitib-tükənməyən
isti, yay günlərindən, saralmış yarpaqlarıyla kədər,
hüzün, həsrət dolu sərin payız günlərindən
sonra birdən başlayıb bir gecənin içində
ağacları soyundurub lüm-lüt edən sərt
şaxtaya bənzər Nazim Hikmət havası...
Harda olurdusa, istər dənizçilik
məktəbində oxuyanda, istər dustaqxanada, istər
böyük salonlarda yaraşıqlı görkəmi,
işıqlı siması, dadlı səsiylə söylədiyi
çıxışları, bəzən kövrək, səmimi,
bəzən çılğın, coşğun, sehirli
şeirləriylə Nazim Hikmət gənclik illərindən
insanların qəlbindən, ruhundan yeni bir hava, güclü
bir dalğa kimi keçirdi.
Onun erkən yaşlarında
tanınmasında fitri istedadından, boy-buxunca gözəgəlimli,
yaraşıqlı olmasından, nüfuzedici səsindən
başqa, zəngin ailədə dünyaya gəlməsinin;
atasının padşahın mətbuat xidmətinin müdiri,
dayısı Əli Fuad Cəbəsoyunsa Mustafa
Atatürkün ən yaxın dostlarından biri olması da
mühüm rol oynayırdı. Mətbuat və sənət
aləmi ilə ilişgi yaratmaq, şeirlərini,
romanlarını kitab halında asanlıqla nəşr etdirmək,
pyeslərini səhnələrdə tamaşaya qoymaq, məşhurlaşmaq,
yaxud nazir, səfir, millət vəkili olub dəbdəbəli,
firavan yaşamaq üçün Nazimin şansları
böyük olduğu halda o, Mirzə Ələkbər Sabirin
yaratdığı "Mən salim olum cümlə cahan batsa
da batsın" tipajlar kimi ancaq öz firavan həyatını
düşünənlərdən olmayıb bambaşqa yol
seçdi. Təqiblərdən, dustaqxana həyatından,
ölümlə üzbəüz
qarşılaşdığı yollardan keçdi. Nə qədər
dözülməz, çətin olsa da şair tutduğu
yoldan, əqidəsindən dönmədi. O, haqq, ədalət
uğrunda həyatı boyu mücadilədə oldu.
Otuz
yaş Nazim Hikmətdən böyük Məməd Əmin
Yurtakul bir seirində yazırdı:
Burak beni haykıralım, susarsam sen
matem et,
Unutma ki, şairleri
haykırmayan
bir millet
Sevenleri toprak
olmuş öksüz çocuk gibidir.
İyirmi üç
yaşında Nazim Hikmətin yazdığı "Günəşi
içənlərin türküsü" şeri millətçi
şair Məməd Əmin Yurtakulun bu misralarındakı
çağrışdan, haykırtıdanmı
mayalanmışdı, yoxsa bu sönməz duyğu
Yaradanın Nazimin ruhuna qoyduğu bir ömürlük əmanətmi
idi. Çılğınlıq, coşğunluqla, tükənməz
güc, enerj ilə yüklü "Günəşi içənlərin
türküsü" şerinin sonluğu hayqırtıyla
bitir:
Akın var
Güneşe akın!
Güneşi zaaaapt edeceyiz
Güneşin zaptı yakın!
Toprak bakır
Gök bakır.
Haykır güneşi
içenlerin
türküsünü,
Hay-kır
Haykıralım.
İşğaldan yenicə azad
olmuş Türkiyə hələ özünə gəlməmiş
çətin bir zamanda iyirmi yaşlı Nazim Anadolunun kəndlərini
gəzərkən insanların ac-yalavac, səfalət
içində olduğunu görür, ürək
ağrısıyla "Acların göz bəbəkləri"
şeirini yazır. Nazim savaşdan qurtulmuş
otuz milyon ac insanın sözlə monumental şəklini-obrazını
yaradır.
...Kimi
deri... deri!
Yalnız
yaşıyor
gözleri!
Uzaktan
simsiyah sivriliyi
nokta nokta
uzayıp damara
batan
kocaman
başlı bir nalın çivisi gibi
deli göz
bebekleri,
gözbebekleri!
Rəssam almanı,
ağacı, dağı, dənizi, gözəl bir
qadını naturdan çəkdiyi kimi Nazim Hikmət,
savaşdan yenicə çıxmış Türkiyənin
aclar ordusunu sözlə məharətlə çəkir.
Nazim şeirlərinə gözəl
ilüstrasilər çəkmiş ünlü türk rəssamı
Abidin Dino "Nazim Hikmət heç birimizin bacara bilmədiyi
geniş anlamda ucsuz-bucaqsız bir Türkiyə, bir dünya,
bir kosmos çəkmişdir..." sözlərini təsadüfən
söyləməmişdi.
Şair Fransada
fransız, İtaliyada italyan, Yunanıstanda yunan, Rusiyada rus
kimi doğulub bu şeiri yazsaydı, onu istənilən
dövlətin rejimi, o rejimi idarə edən məmur və
çinovlıkləri də qəbul etməyəcəkdi.
Bu şeir istənilən ölkənin hakim dairəsinin
kürkünə birə salacaqdı. Ancaq
Nazimin inqılab etmək, Türkiyə dövlətini devirmək
fikri yox idi. Sadəcə "əyri-
üyrü budaqlarıyla, əyri-üyrü ağaclartəkin
sıraya düzülmüş ac kişi, qadın, oğlan,
qızların dəli gözbəbəkləri"ndən
ibarət aclar ordusu şairin qəlbini göynədirdi.
Nazim Hikmət paşa nəvəsi
olmasına baxmayaraq, Tanrı onun qəlbinə, ruhuna həmişə
oyaq, böyük insan hissiyyatı, duyğusu qoyduğundan,
sınmış bir budağı, şikəst bir heyvanı,
haqqı tapdalanmış bir adamı görəndə mavi
gözlü, yenilməz dev şairin ürəyi
sızım-sızım sızlayırdı.
Məşhur "Kərəm
kimi" şeirində "Deeeert çok, hemdert yok" yazan
şair(28 yaşında) öz
hayqırtısına, bağırtısına hay verən həmrəy
axtararaq "Ben yanmasam, sen yanmasan, biz yanmasaq, nasıl
çıkar karanlıklar aydınlığa..." söyləyərək
insanlığı haqq, ədalət, azadlıq uğrunda birgə
mücadiləyə səsləyirdi. Nazim şeirlərinin,
xüsusilə "Kərəm kimi" şeirinin
1937-40-cı illərdə gənclərə təsirindən
Nicati Zəkəriyyə yazırdı ki, misraları milli
marş kimi hər yerdə, hər zaman söylənmişdir.
Onunla istilaçıya qarşı vuruşa
getmişlər, şeirləri dağlarda söylənmişdir.
Dodaqlarında onun misraları ilə ölən
türk döyüşçüləri vardır.
Zəkəriyyə Sərtəlin
xanımı Səbihə Sərtəl Nazimlə Vala Nurəddinin
"Rəsimli Ay" dərgisinə gəlmələrini
(söhbət 1928-ci ildən gedir, o vaxt Nazim Hikmət 26
yaşındaydı- A.A.) belə xatırlayır: Onlar
masanın qarşısındakı qoltuqlu kürsüdə
oturdular. Söhbət edirdilər. Bir azdan sonra Zəkəriyyə Nazimdən bir şey
oxumasını xahiş etdi. Nazim
qızardı, bozardı, ancaq özünü naza qoymadı.
"Bəhri Xəzər " şeirini
oxumağa başladı. Sanki bir şəlalə
axırdı, sımfoniyada olduğu kimi Nazimin səsi gah
alçalır, gah yüksəlirdi, ağzından
çıxan sözlər ətrafa atəş kimi
yayılırdı. Əlimdən qələmi yerə
qoyub söylədiyi şeiri musuqi kimi dinləyirdim...
Adam var ancaq bir
gülü sevdiyini söyləyir. Mənimsə
sevmədiyim gül yoxdur. Oxuduğum
şairlərdən kiminin bir, kimininsə üç, dord...
şerini sevmişəm. Nazim Hikmətinsə
sevdiyim, vurulduğum şeirlərinin sayını itirmişəm.
Hər bir şeirini neçə yol oxuduğumu
unutmuşam. Aralıdan baxanda bütün
yazarlarınkı kimi Nazim Hikmətin kitabı da quru,
cansız vərəq yığnağı kimi
görünür. Ancaq onun kitabını
açıb şeirlərini oxuyanda, misraların canlı,
diri varlıq kimi dəbərişdiyini, hərarətini,
işığını duyuram. O diri misralardan qəlbimə,
ruhuma axan gücü, enerjini, dirçəlişi, bəzən
ümidi, sevinci, bəzənsə kədəri, həsrəti
duyuram. Nazim misralarından ruhuma daman
sevincin, kədərin, ayrılığın, həsrətin
dadını ağzımda portağal, limon, nar, gilənar
şirəsitəkin hiss edirəm. Nazim
yazırdı ki, kimisi otların, kimisi balıqların
çeşidini, mənsə ayrılıqların, kimisi
ulduzların adını əzbərdən sayarkən, mənsə
həsrətin adlarını, növlərini deyə bilərəm.
Şair əzbərdən bildiyi
ayrılıqların, həsrətin hər birinə- oğlu
Mehmedə, qadını Münəvvərə, şəhəri
İstanbula, "Gülhane parkı"ndakı ceviz
ağacına, məmləkəti Türkiyə və onun
insanlarına, insanlarından da çox sevdiyi türkülərinə...("Bu
dünyada yiyip içtiklerimin, gezip tozduklarımın,
görüp işittiklerimin, dokuntuklarımın,
anladıklarımın hiçbiri, hiçbiri beni bahtiyar
etmedi türküler kadar...") ürəyi sızladan,
yandırıb- yaxan şeirlər yazıb. Sonralar ünlü
türk yumorist yazıçısı Əziz Nesin deyirdi:
-Nazim dünyanı daima dolaşan bir Türkiyə
mahnısıdır. Əslində bir gülən
mahnımız var- Molla Nəsrəddin, bir də
bütünlükdə həsrət mahnımız olan Nazim
Hikmət.
Nazim Hikmət gənc
yaşında Marks, Engels, Lenin ideyalarına tutularaq Moskvaya gəlib
Şərq Xalqlarının Kommunist Universitetində oxuyur. Təhsil aldığı illərdə Moskvanın
teatr mühiti ilə sıx bağlı olur. Meyerhold, (Meyerholda həsr elədiyi şeir
"Zrelişşe, 1923" jurnalında, çap olunub)
Stanislavski, Vaxtanqov, Tairovun tamaşalarına baxır, Mayakovski
ilə şeir gecələrinə qatılaraq türkcə
şeir oxuyur. Sonralar Nazim Hikmət
yazırdı ki, mənim yaradıcılığıma rus
poeziyasından çox, rus teatrı təsir edib. Təsirdən söz düşmüşkən; bəzən
Nazim Hikmətə V. Mayakovskinin təsirilə şeirlər
yazdığını deyirlər. N. Zəkəriyyə
ünlü rus şairi Yevgeni Yevtuşenko ilə Nazim Hikmət
barəsində danışarkən Yevtuşenko Nazimi
yaxından tanıdığını, onunla dost olduğunu,
dünya mətbuatında şeirlərinin çap
olunduğunu, hər mövsümdə oxunan təpədən-dırnağa
bir şair olduğunu deyir. O, sözünə davam edərək-
Nazim təsir altına düşən deyil, təsir edəcək
bir şairdi. Şeirə başladığı gündən,
yazdığı son şeirəcən daima
duyğularını, inandıqlarını, hiss etdiklərini
bütün böyük şairlərtəkin yazdı
-söyləyir. (Abuzər İsmayilov, Nazım Hikmət,
"Yazıçı", 1990, s. 118-119)
Bu barədə Nazimin özü
belə söyləyir:
-Qəribə qanun varmış:
Eyni şərtlər nəticələri doğururmuş. Demək istədiyim budur ki, Mayakovskini bilmədiyim
halda hardasa hər ikimiz də eyni şeyi yapmışıq.
Doğrudur, bəzi şeylərdə o bu
işi məndən daha yaxşı görüb, bəzi
şeyləri də- təvazökarlığa ehtiyac yox, mən
daha yaxşı eləmişəm. (Anar, "Nazim Hikmet
Kerem Gibi" s.62
1927-ci ilə qədər, yəni
Nazim Hikmətin ilkin Bakıya gəlişindən öncə
onun şeirləri iyirmi ikinci ildən başlayaraq
"İnqilab və mədəniyyət", "Maarif və
mədəniyyət" jurnallarının az qala hər
sayında çap olunurdu. Yeri gəlmişkən,
Nazimin "Günəşi içənlərin
türküsü (1928)" adlı ilk kitabı və
"İnqilabın beşinci ilinə" ("Qızıl
Şərq" 1922) adlı şeri də SSRİ məkanında
ilkin olaraq Azərbaycanda çap olunub. Bir il
sonra tərtib olunmuş "Məcmuədə" (Axundov
adına kitabxananın üçüncü qat arxivindəki
"Məcmuə"nin hansı nəşriyyatda çap
edildiyi göstərilməyib) şairin "Altıncı
oktyabr" şeri özünə yer almışdır. Bu şeir sonralar Nazimin nəşr olunmuş
kitablarının heç birinə-Sofiyada çap olunmuş
səkkiz cildliyinə də salınmayıb.
Gənc Nazimin havası- dalğası iyirminci illərdən başlayaraq Azərbaycan ədəbi mühitini bürüdüyündən Əli Nazimin "Qara dənizi keçərkən", Mikayıl Rəfilinin "Qızıl Durnalar", Səməd Vurğunun "Həsrət" və başqa şairlərin şeirləri sərbəst vəzndə yazılmışdı. Əli Nazim "Yeni vəzifələr ətrafında" məqaləsində ("İnqilab və Mədəniyyət "1928 N8, səh.31) yazırdı ki, gənc şairlər Nazim Hikmət şeirlərinə böyük sayqıdan sərbəst vəzndə şeirlər yazırlar. İyirminci illərdə Azərbaycan poeziyasında yaranan sərbəst şeirlərdən çıxış edərək Ə. Nazim "sərbəst nəzmin ən yaxşı, mükəmməl nümünələrini bizə Nazim Hikmət verdi." yazır, bu vəzndə yazan azərbaycanlı şairlərin şeirlərini tənqid edərək "...bizdə sərbəst vəzn yazılacaqsa, Nazim Hikmətdən öyrənilməsi və onun şeirlərindəki əsas prinsiplər: daxili dinamika, ritm, ahəng və hərəkət, qafiyə yeni şeirin əsasına qoyulmalıdır. "
(ardı
var)
AZƏR
ABDULLA
Ədalət.-2012.-30 iyun.-S.9.