Mirzə Fətəli düşüncələri və arzuları işığında

 

   "Dahi olmaq azdır, vaxtında doğulmaq lazımdır" - hikməti həmişə aktual olmuş və bəzən zamanın idrak səviyyəsinin hökmü ilə bu müdrük insanlar elə öz dövrlərinin ən nüfuzlu şəxsiyyətlərinə çevrilmiş, böyük hörmət sahibi sayılmış, yaşadıqları cəmiyyət tərəfindən yüksək qiymətləndirilmişlər.

   Təəssüf ki, çox vaxt dahilər öz zamənalərini xeyli qabaqladıqlarından, təkcə dar şəxsi maraqlarının və gündəlik yaşayış-məişət qayğılarının deyil, Millətin - Vətənin mənafeyi naminə təmənnasız bir qeyrət səyləri ilə çalışdıqlarından, obyektiv-subyektiv səbəblərlə bağlı bəzən başa düşülməmiş, bəzən isə bəyənilməmiş, bəzən də qətlə yetirilmiş, edam olunmuş, həbsxanalara salınmış, tonqallarda yandırılmışlar.

   Yaradıcı və yeni ideyalar daşıyıcıları olan müdrik şəxsiyyətlər üçün "başa düşülməmək", cəmiyyət tərəfindən "laqeydlik" mövqeyi, hakim dairələrin onların fəaliyyət dairəsini məhdudlaşdırmaq, hətta qadağalar qoymaq xətti, əslində təqib-ölüm vasitələrindən heç də geri qalmayan əzablı faciənin başqa bir sınanmış formasıdır 

   Bu mənada Mirzə Fətəlinin düşüncələri, arzuları, irəli sürdükləri, görmək istədikləri ilə, onun real həyatda rastlaşdığı daşlaşmış feodal-patriarxlar münasibətləri, çarizmin müstəmləkə sisteminin idarəçilik üsulları, Şərq despotizminin eybəcərlikləri, dini fanatizmin yaratdığı cəhalət-xürafat mühiti, bütövlükdə bir-biri ilə bağlı elə ziddiyyətlər düyünü yaratmışdır ki, bunu açmaq yaxud qırıb-parçalamaq yolları üzərində düşünüb-daşınmaq, güzəştli variantlar axtarmaq, müxtəlif əlifba islahatı lahiyələri hazırlamaq, bu məqsədlə İrana, Türkiyəyə səfərlər etmək, həmfikirlər torpaq, onlarla məktublaşmaq, kimlərisə inandırmaq, xahişlər etmək səylərinin üzüntülü anlarını, narahatçılıqlarını, nəhayət əsəb gərginliklərini nəinki yaşamaq, hətta təsəvvür etmək belə çətindir.

   Bütün Şərq aləminin, o cümlədən Qafqazın, habelə Azərbaycanın zamanın tələblərinə uyğun iqtisadi - mədəni (sivilizasion) yüksəlişini Millət - Maarif - Hakimiyyət Din - Demokratik dəyişikliklər müstəvisində, eyni zamanda qarşılıqlı əlaqədə həll etməyə çalışan müəllif, "bəşər dostu" bir insan kimi özünün bütün bədii və intelektual imkanlarını, həyatının məqsədi saydığı bu müqəddəs, nurlu işlərə sərf etmişdir. Onun qəti əqidəsincə, "insanlara hər şeydən əvvəl bilik, bilikdən sonra azadlıq, azadlıqdan sonra var-dövlət lazımdır." Ona görə də, "gəlin əl-ələ verək, xalqın xoşbəxtliyi barəsində düşünək." Unutmayaq ki, "xalqın mənafeyi, ölkə və vətənimizin abadlığı tələb edir ki, xalqla dövlət arasında birlik və mehribanlıq yaransın." Çünki, "bu dünya fanidir, dünyada yaşamağın yeganə ləzzəti yaxşı ad qazanmaqdır ki, o da xeyir əməllərin sayəsində əldə edilə bilər."

   Mirzə Fətəli nisbətən gec və etiraf etdiyi kimi həvəssiz evdə təhsil almağa başlamış, onu din xadimi etmək səyləri baş tutmamış, canişin dəftərxanasında tərcüməçi kimi fəaliyyətə başlamış, bir neçə dilə mükəmməl yiyələnmiş, geniş mütailəsi və zəngin həyat təcrübəsi sayəsində - şair, dramaturq, nasir, publisist, əlifba islahatçısı, içtimai xadim, təhqidçi yaradıcılığı ilə milli oyanış, azadlıq, maarifçilik, demokratik dəyişikliklər carçısı vəzifəsinin məsuliyyətli yükünü şərəflə daşiyaraq, sonrakı nəsillərə, öz xələflərinə ötürmüşdür.

   Maraqlıdır ki, dövrünün "nə bir qanun var, nı bir nizam var..., bu ölkədə yollar xarab, kəndlər viranə, şəhərlər bərbaddır..., hər yanda zülmətdir və bunun ağırlığı yoxsulların üzərinə düşür." - gerçəkliyi ilə üzləşmiş müəllif, belə acınacaqlı vəziyyətdən real çıxış yolunu yıxıb - dağıtmaqda deyil ilk növbədə maarifçilik yolu ilə irəliləməkdə, hamılıqla savadlanmaqda, təhsil sahibi olmaqda, elmə-sənətə yiyələnməkdə, başqa ölkələrin keçdikləri inkişaf yolunun acılı-şirinliyi təcrübəsindən öyrənməkdə görmüşdü. O, ürək ağrısı ilə yazırdı: "İlahi, qəribə vəziyyətdir! Bütün dünya dəyişmiş, bütün dünyanın uşaqları hədd-buluğa çatmışlar. Ancaq bizim ölkənin saqqallı uşaqları hələ təzə-təzə iməkləməyə başlamışlar." Bu ətalət və durğunluq vəziyyətindən xilas olmağa çağıran Mirzə Fətəli qətiyyətlə insanlara deyirdi: "Daha bəsdir! Nə vaxta qədər siz mənasız və faydasız arzular dalınca qaçacaqsınız. Artıq elə bir vaxt çatmışdır ki,siz gərək beş hiss orqanınızın bütün qüvvələrini dünya işlərində müvəffəqiyyət qazanmaq" və həyatda fəzilət sahibi olmaq işinə sərf edəsiniz.

   Necə etməli və hansı yollarla irəliləməli suallarına cavab axtaran Mirzə Fətəlinin fikrincə, "bütün dünyaya məlumdur ki, Avropa xalqları elmlərin, biliklərin, sənət və hünərin inkişafında" bütün yer üzünün xalqlarından irəlidə gedirlər. Çünki, "indi insanlara elm lazımdır, mədəniyyət lazımdır." Ona görə də, "elm və maarif bütün xalq arasında aşağıdan tutmuş yuxarıya qədər, varlıdan tutmuş yoxsula qədər, istisnasız olaraq hamının arasında yayılmalıdır.

   Lakin, cəmiyyətin diqqətini ərəb əlifbasının mürəkkəbliyinə, dilimizin xüsusiyyətlərinə uyğun gəlmədiyinə cəlb edərək, xalqın ümumi savadlanması məqsədinə xidmət göstərəcək bir amil kimi bu sahədə islahat aparılmasının zəruriliyini əsaslandıraraq yazmışdı: "Yazımızın çətinliyi nəticəsində biz elmdən məhrum qalırıq, savadbilik əldə etməkdə acizik. Belə bir əlac düşünmək lazımdır ki, biz də savadlanıb, kitab oxumağa qadir olaq... Köhnə əlifbanı dəyişdirməkdən başqa bu dərdin əlacı yoxdur. Hücrətdən bu günə qədər biz həmin dərdə düçarıq. İndi ki, dərdimizi anlamışıq, əlacını da tapmışıq, bəs nə üçün onun müalicəsinə iqdam etmirik?"

   O dövrdə cəmiyyətin müxtəlif təbəqələri arasında düşmənçiliklə qarşılanan və bizim günlərimizdə də müəyyən mübahisələr doğuran əlifba islahatı əleyhidarlarına, - "məqsəd və ona çatmaq vasitəsi" prinsipinə əsaslan böyük uctad, qətiyyətlə bildirmişdi: "Mən din və dövlət düşməni deyiləm. Mən xalqı sevən, canını bu yolda qurban verməyə hazır olan bir insanam. Bəlkə mənim bu əndazədə vətənpərvərliyimdən dinə qarşı düşmənçilik mənası çıxarmaq olar. Lakin bu məna mənim düşmənlərimin düşündüyü qədər dərin deyildir. Siz bilirsiniz ki, mən müsəlmançılıqda nə qədər möhkəm və inamlıyam. Mən heç bir dini dünyada islam dinindən üstün bilmirəm."

   Bütün işlərin əsasının biliklərdə olduğunu və biliklərə yiyələnməyin kökündə nisbətən daha asan əlifbanın durduğunu söyləyən müəllif əmin idi ki, "oxumuşların sayı çox olan ölkələrdə təfəkkür sahiblərinin də sayı çox olur" və belə ölkələrdə isə "həyatın bütün sahələrində xalq gündən - günə tərəqqi edə bilər."

   Mirzə Fətəli dünyada baş verməkdə olan siyasi - ictimai və elmi - texniki yenilikləri ətrafındakı, habelə Şərq ölkələrindəki vəziyyəti müqayisə edərək, heyrətlə soruşurdu: "Nə üçün anlamırlar ki, savadsızlar müxtəlif sənaye və texnikanı yarada bilməz, sərvət və qüdrət sahibləri meydana gəlməz." Millətin və Vətənin yüksəlişini elm-təhsildə görən müəllif yazırdı: "İnsanın təbiətinə elm cövhərilə nə qədər artıq cila verilərsə, insan həm elmin qüvvəsiyə, həm də öz təbiətinin köməyilə pis əməllərindən bir o qədər sakınar."

   O, cəmiyyət həyatında elmin həm iqtisadi - sosial, həm də mənəvi-əxlaqi dəyərlər sahəsindəki əvəzsiz rolunu yüksək qiymətləndirərək qeyd edirdi ki, "savadsızlar içərisindən mütəfəkkirlər, alimlər, filosoflar çıxmaz, halbuki xalq ancaq bu kimi vücudların tədbirləri ilə gündən - günə inkişaf edə bilər." Ona görə də, cəmiyyətin maddi və mənəvi cəhətlərinin bir-birinin tamamlaması, yaxud qarşılıqlı təsiri mənasında vəhdətinə toxunan müəllif, hazırda bəşəriyyətin qlobal miqyasda rastlaşdığı - "maddiyyat, yoxsa mənəviyyat" dilemmasını dahilərə məxsus bir uzaqgörənliklə, eyni zamanda hamının başa düşəcəyi sadə tərzdə belə ifadə etmişdir: "Dəmiryolu vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan daha vacibdir. Teleqraf vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan da vacibdir. Çünki bütün işlərin əsası bilikdir, bilik isə əlifbanın asan olub-olmamasından asılıdır."

   Maarif, elm, təhsil yolunu seçən millətlərin işıqlı gələcəyinə əmin olan Mirzə Fətəli, müqayisəli təhlil və məntiqi idrakı sayəsində belə bir nəticəyə gəlmişdir ki, xalq tərəqqi yoluna qədəm qoyarsa, ölkədə elm geniş yayılarsa, insanlar mədəniyyət dairəsinə daxil olarlarsa, "o zaman xalq cəhalətdən, hərc - mərclikdən xilas olduğu kimi despotun zülmündən də azad olar." Deməli, cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi təkamülünün çıxış nöqtəsini, ilkin qaynağını insanların-xalqın-millətin mədəni-mənəvi aləminin zənginləşməsi yolu ilə baş verəcəyini müəyyənləşdirən müəllifin fikrincə, "elm və mədəniyyət geniş yayıldıqdan sonra despotizm, fanatizim və supermatsion (ölülərin ruhuna pərəstiş) artıq yaşaya bilməz."

   Hər cür haqqsızlıq və ədalətsizliyi aradan qaldırmağa çağıran M.F.Axundzadə, sivil cəmiyyətdə zülmü yox etməyin iki yolunu göstərmişdi: ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum millət zülmə dözməlidir. Bu qarşılıqlı və ziddiyyətli hakimiyyət-cəmiyyət münasibətlərində onun aydın mövqeyi belə olmuşdur: xalqla dövlət arasında müəyyən birlik yaranmalı və ittifaq əldə edilməlidir; əgər bu yekdillik yoxdursa, o zaman zalıma deyilməlidir: "səltənət və hökumət busatından əl çək!" Deməli, xalq yalnız o zaman zorakılığa əl atmalıdır ki, onun zülmü aradan qaldırmaq yolundakı səyləri uğursuzluqla nəticələnmiş olsun! Konstitusiyalı hakimiyyət, parlamentli dövlət, söz və tənqid azadlığı təmin edən bir ictimai quruluş arzulayan müəllif, xalqının gücünə dövlətçilik təcrübəsinə, təbii sərvətlərinə, insanların əmək-zəhmət səylərinə qəlbən onu bu yolda mübariz olmağa çağırmışdı: "Sən ki, qüdrət, say və bacarıq cəhətdən zalımdan qat-qat artıqsan;bəs nə üçün zülümə qatlaşırsan? Qəflət yuxusundan oyan və zalımın atasının goruna od vur!"

   O, cəmiyyətdə qarşılıqlı anlaşma, təkamül xarakterli tədbirlər, liberal dəyişikliklər, demokratik islahatlar yoluna üstünlük versə də, lakin son anda bu səylər nəticəsiz qaldıqda, xalqı azadlıq naminə mübarizəyə qaldırmağın zəruriliyi mövqeyinə yüksəlmişdir. Eyni zamanda yadların və yerli hakimlərin zülmü altında əzilən xalqının daxili imkanlarına, onların irsi qabiliyyətlərinə, mədəni-mənəvi ənənələrinin yaradıcı gücünə arxalanaraq yazmışdır: "Deməliyəm ki, mənim xalqımın fitri istedadı ümum Avropa xalqlarının fitri istedadından əskik deyil, qat-qat artıqdır." Ona görə də, vətənin və Millətin işıqlı gələcəyi barəsindəki xoş ümüdlər, onu ən çətin anlarda belə tərk etməmişdir: "Sağlıq olsa, yaxın gələcəkdə vətənimiz yadların ardınca gedənlərin mənhus vücudundan təmizlənəcəkdir. Yurdumuz gülüstana çevriləcəkdir..., despot hakimiyyəti əvəzində mötədil və azadlıq hakimiyyəti qurulacaqdır."

   Müdrik bir şəxsiyyət səviyyəsinə yüksəlmiş M.F.Axundzadənin ali məqsədi, - islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmi-sənəti inkişaf etdirmək, azadlığı yaxınlaşdırmaq, xalqın qəlbində qeyrət, namus, ədalət toxumu əkmək, onun içərisindəki nifaq və ədavəti səmimiyyətə çevirmək, zəlillik və yoxsullugu aradan qaldırmaq olmuşdur.

   Bu nəcib amalları öz mübarizlik əzmi, məğrur Şəhid qanları bahasına həqiqətə çevirmiş qədirbilən Azərbaycan xalqı, çətin müstəqillik yolu ilə inamla irəliləyərək, şanlı sələflərimizin sədaqətli varisi olduğu məsuliyyətini heç vaxt unutmur və tədricən qloballaşan müasir dünyanın ictimai-iqtisadi həyatında tutduğu ləyaqətli mövqeyini getdikcə daha da yeni uğurlarla möhkəmləndirir.

  

 

   Qüdrət Əbdülsəlimzadə,

   İqtisad elmləri doktoru, professor

 

   Ədalət.-2012.-30 iyun.-S.21.