Yaxşı ki, bu yurdun Bəxtiyarı var...

 

   Televizora baxırdım. Növbəti xəbər göstəriləndə ürəyim yerindən oynadı. Türkiyədə "Palmali" şirkətinin prezidenti Mübariz Məsimovun sifarişilə ərsəyə gəlmiş "Bəxtiyar Vahabzadə" gəmisinin suya salınmasına həsr olunmuş süjet göstərilirdi. Mən bütün qəlbimlə ekrana bağlanmışdım. Böyük şairin ömür-gün yoldaşı Dilarə xanım Vahabzadə və oğlu Azər Vahabzadə də burada idilər. Dilarə Vahabzadənin kövrək çıxışı ürəkləri riqqətə gətirdi. O, dedi: "Bəxtiyar öləndə mən elə bildim ki, arxamdan dağ uçdu... Bəxtiyar quruda yaşayırdı, quruda şöhrət qazanmışdı. Bu gün Bəxtiyarın ruhu sulara qarışır. Bundan sonra dənizlərdən-dənizlərə keçəcək, ruhu sularda da əbədiyyət qazanacaqdır".

   "Bəxtiyar Vahabzadə" gəmisi sulara yol aldı. Mənimsə qəlbimdə xoş duyğular dalğalandı. Ustadı 1955-ci ildən tanıyırdım, Universitetdə mənə dərs demişdi. Müəllim-tələbə ünsiyyətimiz qırılmaz dostluğa çevrilmişdi. Mən onun müdrik poeziyasının vurğunu idim. Radioda, televiziyada işlədiyim illərdə haqqında çox verilişlər hazırlamışdım. Mənim ssenarimlə iki sənədli film çəkilmişdi. Sonralar da ustad haqqında çox yazmışdım. Böyük sənətkarın sağlığında qələmə aldığım yazılardan biri... Bəxtiyar müəllim onu çox bəyənmiş, hətta mənə minnətdarlıq məktubu da yazmışdı.

   İstanbulda "Bəxtiyar Vahabzadə" gəmisinin suya salınmasını, dünya səyahətinə uğurla başlamasını görəndən sonra bir vaxtlar şair haqqında qələmə aldığım "Yaxşı ki, bu yurdun Bəxtiyarı var"... adlı düşüncə və təəssüratlarımı "Ədalət" qəzetinin hörmətli oxucularına təqdim etmək fikri keçdi ürəyimdən...

 

   Müəllif

  

   ***

  

   "...Qəlbi bir dünyadır - doğan Günəşi, batan Ayı, sayrışan ulduzları, qışı yaza, yazı yaya, yayı payıza qovuşan fəsilləri var.

   Qəlbi "mən sahili olmayan dənizlər istəyirəm" - deyə çırpınan bir ümmandır - üfüqləri görünməyən, dalğalı, fırtınalı, gecə-gündüz coşub-çağlayan bir ümman...

   Qəlbi bir çəmənzardır - möcüzələr yaradan hisslər, duyğular çəmənzarı...

   Oradan - o çəmənzardan ucalan fəxarət dolu səsə bax!

  

   Azərbaycan oğluyam,

   Odu Allah sanmışam.

   Anam torpaq, atam od,

   Mən oddan yaranmışam.

  

   Başqa bir səs də qovuşur bu səsə:

 

   Əbədi bir od kimi

   öz içimdən közərib

   hey yanır şerim mənim!

 

   Bu, Bəxtiyar dünyasıdır - qədimdən-qədim, uludan-ulu Azərbaycan şerinin gücündən güc, qüdrətindən qüdrət, şöhrətindən şöhrət alıb XX əsrdən XXI əsrə pərvazlanan, adı ellərdən-ellərə, dillərdən-dillərə düşən, ecazkar sözünün, sənətinin nuru milyon-milyon ürəyi işıqlandıran mütəfəkkir şairimiz Bəxtiyar Vahabzadənin dünyası!"

  

   Qəzetlərdən biri üçün yazmaq istədiyim məqalədən fraqmentdir bu sətirlər. O zaman şairin 75 illiyinə hazırlıq görülürdü. İş elə gətirdi ki, Bəxtiyar müəllim "xalqımın bu ağlar-sızlar vaxtında nə yubiley, nə təntənə?" - deyibən bu tədbirin üstündən xətt çəkdi.

   Düzü, mənim də əlim soyuyan kimi oldu, yarımçıq qaldı bu yazı.

   Həmin ərəfədə Bəxtiyar müəllimin dəvətilə dalbadal üç əsərinin - "Özümüzü kəsən qılınc", "Dar ağacı" və "Atamın kitabı" pyeslərinin tamaşasına baxdım.

   Düşündüm ki, Bəxtiyar Vahabzadə dramaturgiyasının bu triumfundan söz açım.

   Bunu hardasa özümə mənəvi borc bilirdim. Mənim Azərbaycan Milli Dram Teatrının quruluşunda "Qisas qiyamətə qalmaz" pyesimin ilk tamaşası zamanı ürəkdən gələn ən səmimi sözləri Bəxtiyar müəllimdən eşitmişdim. Sonra da o, "Azərbaycan" qəzetində geniş resenziya ilə bir ustad kimi məni sevindirdi.

   Bəxtiyar Vahabzadə, poeziyasında olduğu kimi, dramaturgiyasında da xalq ruhunun tərcümanıdır, dünyanın dərdləri ilə baş-başa qalan filosofdur, sənət eşqilə simurğ quşu kimi hər gün yanıb kül olan və yenidən qanad çırpıb qalxan söz fədaisidir. Söz onun ucalığıdır.

   Xalq artisti Ağakişi Kazımovun quruluş verdiyi "Özümüzü kəsən qılınc" pyesi Bəxtiyar Vahabzadə dramaturgiyasının ən uğurlu səhifələrindən biri olmaqla, bütünlüklə Azərbaycan teatr sənətində hadisədir. Müəllif tamaşaçıları çox suallarla baş-başa qoyur, bizim hər birimizi dialoqa, polemikaya çağırır və ruhumuzu belə bir fikir üstündə kökləyir: öz xalqına arxa çevirənləri, onun taleyilə oynayanları, yad qoltuğuna sığınıb, xəyanət yolunu tutanları nə xalq bağışlayır, nə də tarix! Hər sözü, dialoqu bir ibrətdir bu əsərin! Çox dərin mətləblərə baş vurur "Özümüzü kəsən qılınc"!

   Dediyim kimi, böyük sənətkarın üç əsərinin, xüsusilə də bütün varlığımı silkələyən "Özümüzü kəsən qılınc" pyesinin səhnə təcəssümü haqqında geniş yazmaq istəyirdim. Sənətə, sənətkara xüsusi sevgisi olan tanınmış dostlarımdan biri məni qabaqladı. O, Bəxtiyar Vahabzadənin yeni sənət qələbəsindən, pyesdəki hadisələrin bütün zamanlar üçün aktual olmasından, tamaşanın yüksək vətəndaşlıq ruhundan, təsir və təlqin gücündən bəhs edən sanballı bir məqalə ilə çıxış etdi. Mənim deyəcəklərimin çoxu orada genişliklə əksini tapmışdı.

   Ona görə də fikrimdən daşındım. Düşündüm ki, uzun illərdən bəri tanıdığım, ömür yolunu, yaradıcılığını dost məhəbbətilə izlədiyim böyük şairimizlə bağlı müşahidələrimi, təəssüratlarımı dilə gətirim. Bu istəklə də qəlbimin yelkənini açdım...

   Yağışlı-yağmurlu bir gündür. Ustadın görüşünə gedirəm. Xəyalımda axıb gedən illər, qəlbimdə yaxın-uzaq xatirələr...

   ...Mən universitetin birinci kursunda oxuyanda gənc idi, otuz yaşını hələ təzəcə adlamışdı. Yaşıdları arasında seçilirdi. Onu qəlbən sevir, alqışlayırdılar. Gur-gur salonlarda səslənirdi Bəxtiyar şeirləri!..

   Sənət aləminə Səməd Vurğunun xeyir-duası ilə pərvazlanmış, onun zəmanətilə də Yazıçılar İttifaqına üzv qəbul olunmuşdu. O da vurğunu olduğu böyük Vurğunun yaradıcılığına həsr olunmuş doktorluq dissertasiyası üzərində işləyirdi.

   Nəsrimizin nəhəngi Süleyman Rəhimov onun poeziyasının pərəstişkarlarından biri idi. Deyirdi: "Sən şeirdə ecazsan, öz ustadın Səməd Vurğun nəfəslisən, sən bizim Səmədin ən ləyaqətli şagirdisən. Qoy, Bəxtiyar Vahabzadənin şahin şahpərli, qartal qanadlı şeiri Yer kürəsinin hər tərəfinə yayılsın!"

   ... O, elə bil ayrıca bir universitet idi. Biz Bəxtiyar sözünün sehrinə düşmüşdük, onun həndəvərindən aralanmırdıq. Dediklərinin cövhəri bu idi: "Sənət heyrətdən yaranır, yanğıdan yaranır".

   Nizamidən, Nəsimidən başlayır, Füzulini incələyə-incələyə, Sabir, Məhəmməd Hadi, Səməd Vurğun poeziyasına baş vurur, çox vaxt Puşkində, Bayronda dayanırdı.

   O, bizə təkcə sənət dərsi deyil, həm də məslək, əqidə dərsi keçir, qəlbimizi, duyğularımızı, ruhumuzu Vətən sevgisi üstündə kökləyirdi.

   "Yarım bu tayda qaldı, yarım o tayda qaldı", - deyə Araz dərdindən, ikiyə bölünmüş Azərbaycanımızın ərşə dayanan fəryadından, dilimizin qollarına qandal vurulmasından yana-yana danışır, bizi kökümüzə, ilkinliyimizə, şərəfli tariximizə hər gün baş vurmağa, dilimizi, mənəviyyatımızı uca tutmağa, ana yurdumuzun, zərrəsi olduğumuz bu xalqın Məcnunu olmağa çağırırdı.

   Biz onda bilmirdik ki, iki əsr tarixi olan ayrılıq faciəsinin hıçqırtıları ürəyinin başında od saçan, atəşə çevrilən misralara dönür və ədəbiyyatımızın qeyrət qılıncı, qeyrət rəmzi olan "Gülüstan" poeması yol gəlir.

   Bu əsərlə onun taleyinə qara bir nöqtə də qoyula bilərdi. Ancaq "Gülüstan" öz müəllifinin adını o taylı-bu taylı Azərbaycanımızın ürəyinə əbədi həkk etdi. Böyük Şəhriyar qələm qardaşı Süleyman Rüstəmə göndərdiyi poetik məktubda yazırdı:

  

   Bəxtiyarın üzündən öp

   Səmədin də sözündən öp.

  

   ... Onun bütün varlığı millətçiliklə, türkçülüklə yoğrulmuşdur. Onu Türkiyədə də ürəkdən sevir, doğma bilirlər. Şair də buna sevgi dolu nəğmələr qoşur:

  

   Bir ananın iki oğlu,

   Bir ağacın iki qolu,

   O da ulu, bu da ulu,

   Azərbaycan-Türkiyə!

 

   Məşhur türk şairi Yavuz Bülənd Bakilər Bosfor sahillərindən Xəzər sahillərinə üz tutaraq deyir: "Bəxtiyar Vahabzadə bütün türk dünyasının ortaq səsi, sevən ürəyi, aydınlıq üzü, gözəllik cizgisi və rəmzidir".

   ... Biz - neçə nəsil qələm sahibləri, söz-sənət adamları, ziyalılar fəxr edir, öyünürük ki, Bəxtiyar məktəbini keçmiş, ondan vətəndaşlıq dərsi almışıq.

   İstiqlal ordenli xalq şairi, dövlət mükafatları laureatı, millət vəkili, Milli Elmlər Akademiyasının həqiqi üzvü... Bu şərəfli titulların hər birinin arxasında şair, alim, ictimai xadim Bəxtiyar Vabazadənin ağır, zəhmət dolu, çox gərgin dramatik illəri, bəzən ölümlə üz-üzə, göz-gözə qalan günləri dayanır.

   ... Bu da tanış ev. Dördüncü mərtəbəyə qalxıb zəngi basıram. Qapını özü açır. Hal-əhval tuturuq. Çay gəlir. Söhbətə körpü salmaq istəyirəm. Bilmirəm nədən başlayım. Bəxtiyar müəllim də dinib danışmır. Elə bil fikri, xəyalı haradasa uzaqlardadır. Aramızdan ağır-ağır sükut çayı axıb gedir...

   Baxıram... Saçlar dümağ, dalğalı... Rus şairi Yeqor İsayevin təbirincə desək, "dodaqlarında qəmli bir təbəssüm"...

   Bu anlarda mənə elə gəlir ki, müdrik səsi uca göylərə, Tanrının özünə belə çatan poeziya heykəli ilə üzbəüzəm. Ustadın görkəmi, baxışlarındakı işıq məni sevindirir.

   - Maşallah, yaxşısınız, - deyirəm, - əhvalınız xoşuma gəldi.

   - Səbəbi var, - deyir. - Qabağınca bir qadın getdi. Bax, o qadının sevincini yaşayıram. Qaçqındı, ərini itirib. İki balası ilə qalıb Allah ümidinə. Özümü ora-bura vurub işə düzəltdim, indi minnətdarlıq eləməyə gəlmişdi. Elə bil dünyaları verdilər mənə... - gözləri yol çəkir, - ancaq həmişə belə olmur... Gündə ən azı on adam qapımı döyür, hələ zəng eləyənləri demirəm...

   Dərd bir deyil, iki deyil... Bu dərdlərin də başında Qarabağ dərdi durur, indi bizim məclislər qurub, orada "Qarabağ şikəstəsi" oxutduran, qol götürüb "Yanıq Kərəm"i üstündə oynayan vaxtımız deyil. Nə deyim...

  

   (ardı növbəti   şənbə sayımızda)

 

 

   Nahid HACIZADƏ

 

   Ədalət.-2012.-2 iyun.-S.17.