"...prezident mükafatçısıdır, xalq artistidir, ali təhsili yoxdur"

 

   Son illər ölkə teatrlarının təmir olunması, maddi-texniki bazanın yaxşılaşdırılması və bunun fonunda baş verən narazılıqlar təbii ki, maraq doğurur. Amma sözsüz ki, bütün bunlar paytaxt teatrlarına aiddir. Bəs görək bölgə teatrlarında durum necədir. Hansı işlər görülür? Beləliklə, müsahibim Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımovdur.

   Hazırda Gəncə Dövlət Dram Teatrı özünün 117-ci mövsümünü başa vurmaq üzrədir. İndiyə qədər böyük bir tarixi yol keçmiş teatrın öz ənənəsi, dəst-xətti var. Ölkənin öndə gedən teatrlarından olub. Məndən də gözəl bilirsiniz ki, teatrımızın yetirmələri - Ədil İsgəndərov, Ələddin Abbasov, Məmmədrza Şeyxzamanov kimi sənətkarlar olub. Bu gün də teatrımız öz ənənəsinə sadiq qalmağa çalışır. Zaman keçir, hər şey dəyişdiyi kimi teatr aləmində də dəyişikliklər baş verir və bu labüddür. Artıq müəyyən dəyişikliklər baş vermək üzrədir. Uzun müddət bütün teatrların tamaşaçı problemi olub.

   - İndi teatrınızın tamaşaçı problemi varmı?

   - Şükürlər olsun ki, tədricən aradan qalxmaq üzrədir. Deyə bilmərəm ki, ideal bir şəkildə fəaliyyətdəyik. O yalan söhbət olar.

   - Az əvvəl tamaşaçı zalınızda oldum, 400 nəfər tutumu var. Hər tamaşada orta hesabla nə qədər tamaşaçınız olur?

   - Desəm ki, zalın yarısı dolur, doğru olmaz. Bizdə müəyyən tamaşalar təşkillə olanda zalımız tam dolur. Bəzi tamaşalarımız inzibatçılar tərəfindən yayılır, satılır. Amma belə açıq kassa olanda 10 tamaşaçı da gələ bilər, 100 tamaşaçı da. Bu tamaşanın keyfiyyətindən asılı olaraq dəyişir.

   - Biletlərinizin qiyməti neçəyədir 

   - 2 manat. Müəyyən proqramlar təşkil olunanda biz o qiymətləri dəyişə də bilirik. Əlbəttə qanunun yol verdiyi şəkildə.  

   - Teatrın maddi-texniki bazası elə də ürəkaçan deyil. Buna ən yaxşı halda cari təmir demək olar  

   - Cənab prezident İlham Əliyevin son illərdə teatr aləmiylə bağlı verdiyi bir neçə sərəncamla xeyli işlər görülüb. Teatrların maddi-texniki bazası mükəmməlləşdirilib. Bir çox teatr binaları əsaslı təmir olunub, Bakıdakı bütün teatrlar ən son model avadanlıqlarla təmin edilib. Eləcə qonşuluğumuzdakı Mingəçevir teatrı. Mən həmin teatrların texniki avadanlıqlarıyla ayaqlaşa bilmərəm. Teatr elə bir sahə deyil ki, problemləri asanlıqla həll edəsən. Bunun üçün böyük vəsait lazımdır. Dövlətin nəzərdə tutulmuş planına əsasən yaxın vaxtlarda Gəncə Dövlət Dram Teatrı da təmir olunacaq. Hətta yeni teatr binasının tikilməsi söhbəti var.

   - vaxt ?

   - Mən onu dəqiq deyə bilmərəm. Amma 2011-2014-cü illərin dövlət proqramında belə bir şey nəzərdə tutulur.

   - Teatrın aktyor-aktrisa heyəti qədərdi?

   - Yardımçı heyətlə birgə 44 aktyor heyətimiz var. 

   - Məncə çox azdır.

   - Hər teatrın kateqoriyasına görə ştat vahidləri var. Bu gün "Azdrama"yla Gəncə teatrını müqayisə eləmək olmaz. Ortada kateqoriya, kvalifikasiya, əməkhaqqının şkalaları kimi məqamlar var. Ştat vahidləri dediyim meyarlara uyğunlaşdırılır. Bizim teatr 2 il əvvələ qədər üçüncü kateqoriyalı teatr idi, indi ikinci kateqoriyaya aiddir.  

   - Repertuarınızda neçə tamaşa var?

   - 15-16 tamaşa oynanılır. Prezidentin teatrlarla bağlı verdiyi qərarlar çərçivəsində Mədəniyyət Turzim Nazirliyi bir çox işlər görür. Məsələn, teatrlara gənc kadrlar, mütəxəssislər göndərilir. Eyni zamanda teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün minik maşınları ayrılıb. Mən teatrda bizə gələndən nazirlik tərəfindən iki maşın - bir 15 nəfərlik "Qazel", bir "QAZ 31" verilib.

   - Bildiyimə görə, teatrınız uzun fasilədən sonra ötən ay Türkiyədə qastrolda olub.

   - Bəli, ötən ay 35-ci Beynəlxalq Girəsun Aksu festivalında iştirak etdik. Mirzə Fətəli Axundovun 200 illiyi ilə bağlı "Müsyo Jordan Dərviş Məstəli şah" əsərini hazırlamışdıq. Tamaşanın quruluşçu rejissoru nazirliyin göndərdiyi gənc mütəxəssis Gümrah Ömərovdur. Qeyd edim ki, o xüsusi əmək haqqıyla bura göndərilib, hazırda teatrımızın baş rejissorudur. Bu bizim Türkiyəyə ikinci səfərimizdir. Ötən il başqa festivalda iştirak eləmişdik bu dəvət həmin festivaldan sonra edilmişdi. Ötən il isə Tuncer Cucenoğlunun "Gözəlçələr" tamaşasını aparmışdıq. Həmin tamaşaya isə öz aktyorumuz Novruz Cəfərov quruluş vermişdi.

   - Bildirdiniz ki, Gümrah Ömərov bura xüsusi əməkhaqqıyla göndərilib. Xüsusi əməkkaqqı deyərkən?

   - 790 manat əməkhaqqı alır.

   - Müsahibədən əvvəl söhbətimizdə məlum oldu ki, bu səfər son illərdə Gəncə Dövlət Dram Teatrı üçün bir ilk idi.

   - Yalnız regionlarda 30 il əvvəl Bakı qastrolumuz olmuşdu. Bu tilsimi sındırmaq idi. Türkiyə qastrolundan iki gün əvvəl Bakıda "Azdrama"nın səhnəsində Qoqolun "Evlənmə" əsərini oynadıq. Həmin tamaşanı daha bir gənc rejissor İradə Gözləvanın quruluşunda oynadıq.

   - İki-üç ay öncə Bakıdakı teatrlarda rəhbərlik aktyor heyəti arasında bir çaxnaşma yaşandı. Sizcə belə söz-söhbətlərin olması teatr sənəti üçün zərbə idi, yoxsa?

   - Çox böyük zərbəydi. Çünki teatr sənəti kollektiv sənətdir. Əgər bir aktyor öz işinə ciddi yanaşmırsa, nizam-intizamı pozursa, məşqə gecikirsə, gəlmirsə, bunun hamısı teatrın belini qırmaq deməkdir. Bir nəfər aktyorun olmaması məşqi dayandırır.

   - Amma sizin aktyorlardan da Bakıda çəkilişlərdə olanları var.

   - Bəli.

   - Bəs onlar?

   - İcazə şəkildə işimizi planlaşdırırıq. Hər bir teatr istəyər ki, aktyoru inkişaf eləsin, filmlərə çəkilsin. Mən özüm aktyor olduğum üçün bunu anlayıram. Bunun üçün müdiriyyət şərait yaratmalıdır. Bizim aktyorlardan xalq artisti Pərvanə Qurbanova, istedadlı aktyorumuz Elxan Abbasov ATV kanalında nümayiş etdirilən "Pərvanələrin rəqsi" filmində oynayır. Həmçinin İlham Hüseynov "Aktrisa" filminə çəkilib. Həmin filmdə xüsusi fərqlənən aktyorlardan biri olduğuna görə əməkdar artist fəxri adına layiq görüldü.

   -Teatra rəhbərlik edən şəxsin aktyor olması vacibdir?

   - İnzibati işçi aktyor olmaya da bilər. Nazirliyin xüsusi sərəncamı var ki, bu sahə üzrə təhsili olmayan insanlar teatrlarda rəhbər vəzifələrdə çalışa bilməzlər. Amma teatr rəhbərinin aktyor olması daha gözəl haldır. Çünki o rəhbər teatrın mətbəxini bilir, o yaşantılarıı yaşayıb. Bayaq siz Bakı teatrlarında baş verənlərlə bağlı sual verdiniz. Vaxtilə burda da bir-birinin dalınca yazıb-pozublar, şikayət ediblər, skandallar olub. 20-30 il əvvəl özüm burda aktyor işləyəndə belə halları gözümlə görmüşəm. 1981-ci ilin sentyabr ayının 9-dan bu teatrda işləyirəm. Ondan sonra bu teatrın bir qolu olan Poeziya teatrında işləmişəm. Teatrlar birləşəndə bura göndəriblər. Bu illər ərzində aktyorların, işçilərin yaşadıqlarını mən yaşamışam  

   - Yaradıcı heyətin bəziləriylə görüşdüm. Heyətinizdə qeyri- ixtisaslılar da var. Bu dərəcədə doğrudur?  

 - Bu gün sənət aləmində çalışan elə diplomsuzlar var ki, diplomlulardan daha istedadlıdırlar. Ələddin Abbasov orta məktəbi tam bitirməyib. Bu gün respublikada ən qocaman aktyordur, xalq artistidir. Onun sənəti hamıya bəllidir. Pərvanə Qurbanova prezident mükafatçısıdır, xalq artistidir, ali təhsili yoxdur. Orta məktəbi bitirib, mən təyinatla bura gələndə o da gəlib. Az müddətdə yaxşı rollar oynayıb, yadda qalıb, fəxri adlar alıb. Universitet istedad yox, istiqamət verir. Daha doğrusu, universiteti bitirən adam həm istedadlıdırsa, bu onun üstünlüyüdür. Bu gün savadlı aktyor hər yerə lazımdır  

   - Aktyorların məvacibinin o qədər yüksək olmadığın bilirik. Bəs sizin məvacibiniz  

   - Elə çox fərq yoxdur. Direktorun məvacibi 303 manatdır. Bu gün teatrda işləyənlər fədailərdir. Fəhləsindən tutmuş rəhbərinə qədər sözün əsl mənasında hamısı fədailərdir. 

   - Bir teatr rəhbəri kimi cəmiyyətin teatra olan münasibətindən razısınız?

   - Bu münasibət məni qane eləmir. İnsanlar həyatını, taleyini bura bağlayıb. Onun yaratdığı əsərə baxılmayacaqsa, cəmiyyətdə əksini tapmayacaqsa niyə o tamaşa üçün əziyyət çəkilir, vəsait xərclənir? 90-cı illərə qədər Gəncə teatrının hər axşam 200-250 tamaşaçısı var idi. Sonradan ölkədə müəyyən problemlər yarandı və tədricən tamaşaçı da gəlmədi.

   - Son olaraq Gəncə tamaşaçısına sözünüz.

   - Bütün yaradıcı insanlar kimi biz də işimizin dəyərləndirilməsini, tamaşalarımıza baxılmasını istəyirik. Teatra gəlmək lazımdır. Bura canlı ünsiyyət yeridir. Doğrudur elm, texnika inkişaf edib, amma teatrdakı canlı ünsiyyəti heç bir texnika əvəz edə bilməz. İnanıram ki, yenidən Gəncə tamaşaçısı teatrımıza dönəcək.

  

  

    İntiqam VALEHOĞLU

 

    Ədalət.-2012.-2 iyun.-S.22.