Bakı
Bələdiyyə Teatrı Kiyevdə
"Əli
və Nino" tamaşası nümayiş etdirildi
Azərbaycanın
Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyev Gənclər teatrında xalq
artisti, professor Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı Qurban Səidin "Əli və Nino" romanı əsasında səhnələşdirdiyi
eyni adlı tamaşasını Ukrayna teatrseverlərinə təqdim edib. Bu barədə
Trend-ə Ukrayna Azərbaycanlı Gənclər
Birliyinin mətbuat xidmətindən məlumat
verilib.
Ukraynanın Xerson şəhərində
keçirilən 14-cü beynəlxalq teatr festivalında "Əli
və Nino" tamaşasını nümayiş etdirməklə
festivalın yüksək mükafatına layiq görülən
Bakı Bələdiyyə Teatrının kollektivi növbəti
yaradıcılıq uğurlarına Kiyev Gənclər
Teatrının səhnəsində imza atdılar. Peşəkar
aktyor və aktrisalarımızın böyük ustalıqla səhnələşdirdiyi
tamaşada Azərbaycan Xalq Cümhuriyyəti dövründə
erməni və bolşeviklərin ölkəmizə
qarşı yürütdükləri
işğalçılıq siyasətinə qarşı Əlinin
apardığı mübarizə və onun gürcü
qızı Ninoya olan məhəbbəti səhnələri
ukraynalı sənətsevərlər tərəfindən
böyük maraqla qarşılanıb.
Elvin Mirzəyev və İmaməddin
Həsənovun ssenarisi əsasında səhnələşdirilmiş
tamaşada Əlinin o dövrün haqsızlıqlarına
qarşı barışmaz mövqeyi, saf və təmiz məhəbbəti
naminə üzləşdiyi məşəqqətlər,
demokratik Azərbaycanın süquta uğramaması naminə
bolşeviklərlə mübarizə apararaq şəhid olma səhnəsi
tamaşaçıların yaddaşına mübariz və qəhrəman
azərbaycanlı obrazı kimi daxil olub. Bu baxımdan
ukraynalı teatrsevərlərin əsəri böyük
peşəkarlıqla təqdim edən Bakı Bələdiyyə
Teatrının yaradıcı kollektivini hərarətli
alqışlarla qarşılaması Azərbaycan teatr mədəniyyətinin
növbəti təntənəsinə çevrilib.
Xalq artisti Amalya Pənahova belə
bir dəyərli səhnə əsərinin Ukrayna sənətsevərlərinə
təqdim olunmasını bu il 20 illiyini qeyd etməyə hazırlaşan
Bakı Bələdiyyə Teatrının növbəti
uğuru kimi dəyərləndirib.
Onu da qeyd edək ki, Kiyev Gənclər
Teatrında ilk dəfə nümayiş etdirilən "Əli
və Nino" tamaşasının ssenari müəllifi və
quruluşçu rejissoru Elvin Mirzəyev və İmaməddin
Həsənovdur. Əsas rollarda isə Nigar Həsənzadə,
Tofiq Bayramov, İlqar Musayev, Namiq Cavadov və Ramin Şıxəliyev
iştirak edib.
Ədalət.-2012.-2
iyun.-S.24.