Zaqatala: gözəlliyin və əzəmətin təntənəsi

 

  Bu yol hara aparır?

  

   Elə ki, hər iki tərəfdən hündür ağaclarla əhatələnmiş tunelə bənzər bu rahat yola çıxıb qarşı dağlara tərəf irəliləyirsən, şirin düşüncələrdən ayrıla bilmirsən. Yol boyu yaxından və uzaqdan görünən abad kəndlər, yollar, meşəliklər, tarlalar, fındıq bağları, nəhəng qoz, şabalıd ağacları... Otlaqlarin mal-qaralı təəssüratı...

   Qarşıda isə səni gözəl bir şəhər gözləyir. Özünün qaynar həyatı, qədimliyi və müasirliyi, əzəməti və bənzərsiz gözəlliyi ilə. Dağların qoynuna alıb qoruduğu, əzizlədiyi bu gözəlliyin adını düz tapdınız: Zaqatala! Ancaq belə məqamlarda bir məsələ məni həmişə daha çox düşündürür, cazibəsinə çəkir. Axı bu gözəlliyi "qolları" arsına alıb qoruyan, bəd nəzərlərdən gizlədən bu dağların özü də nə qədər gözəl və əzəmətlidir. Elə bu yerlərin insanları, ağacları kimi... Bəs bu dağların özünü qoruyan hansı qüvvədir? Belə yerdə şeirsiz də ötüşmək olmur gerçəkdən. Tək bir misra:

   Tanrı kölgəsidir bəlkə də kölgən...

   Tanrı bu rayona çox şey bəxş edib. Bayaq söylədiyim kimi dağlı-düzənli bərəkətli torpaqlar, meşələr, çaylar, bağlar... Təkrarolunmaz gözəllik! Ancaq insanların bu sərvətə, bu gözəlliyə doğma, isti münasibəti olmasaydı necə? Tamam yerinə düşür, hər mənada bütünləşir. İstər kənd, istərsə də şəhər əhalisi zəhmətsevərlikdə, doğma elə məhəbbətdə, vətənpərvərlikdə əlbir olub rayonun şöhrətini qorumağa çalışır. Burada keçmişlərin ən rahat bolluq illəri də kölgədə qalır. Rayonun iqtisadiyyatı bütün istiqamətlərdə dinamik inkişafdadır. Bu inkişafı hər tərəfdən görüb duymaq mümkündür. Təkcə keçən il görülən işləri, qazanılan uğurları isə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin 2011-ci ilin yekunlarına dair hesabat məruzəsindən bütün təfərrüatları ilə öyrənmək mümkündür.

 

   Zaqatala daha böyük uğurlar sorağında

 

   Respublikada əldə olunan nailiyyətlər Zaqatala rayonunun da sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərmiş, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Zaqatala rayonu üçün nəzərdə tutulan tədbirlərin icra olunması nəticəsində 2011-ci ildə rayonda 171,0 milyon manat məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2003-cü illə müqayisədə 3,8 dəfə çoxdur. Məhsul buraxılışı əvvəlki illə müqayisədə sənayedə 27,4 faiz, kənd təsərrüfatında 3,3 faiz, nəqliyyatda 1,0 faiz, ticarətdə 8,6 faiz çox olmuş, əhalinin pul gəlirləri 11,0 faiz, pərakəndə əmtəə dövriyyəsi 15,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 9,6 faiz, məişət xidmətinin həcmi 12,4 faiz artmışdır.

   Son 8 ildə rayonda müxtəlif istehsal, emal və xidmət obyektlərinin istifadəyə verilməsi nəticəsində 9114-ü daimi olmaqla, 13653 yeni iş yeri, 2011-ci ildə isə 714-ü daimi olmaqla 794 yeni iş yeri açılmışdır.

   2012-ci ildə müxtəlif fındıq məmulatları və quş əti istehsal edən müəssisələrin 1000 tonluq soyuducu anbar kompleksinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa rayonda kiçik su elektirik stansiyasının tikintisi üçün torpaqayırma və layihələndirmə işlərinə başlanılmış, yeni çörək zavodunun və tutumu 10000 ton olan taxıl anbarının tikintisi üçün sənədləşmə işlərinə başlanılmışdır. Bu müəssisələrin istifadəyə verilməsi rayonda yüzlərlə yeni iş yerlərinin açılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasına və sənaye potensialının daha da artmasına şərait yaradacaqdır.

   2011-ci ildə rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmış, alkoqollu içkilərin və tütün məmulatlarının satışı üçün 56 ədəd lisenziya verilmiş, 19 sahibkara 1,6 ha torpaq sahəsi satılmış, 32 sahibkarlıq obyektinin tikintisinə icazə verilmiş, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 21 layihə üzrə 636,0 min manat həcmində güzəştli kredit verilmiş, özəl sektorun ümumi məhsul buraxılışında payı 2010-cu ilə nisbətən 4,9 faiz artaraq 82,6 faizə, sənaye istehsalı isə 2,5 faiz artaraq 87,8 faizə çatmışdır.

   Rayonda fəaliyyət göstərən 9 bank filialı və 2 qeyri bank kredit təşkilatları tərəfindən isə əhaliyə və iş adamlarına ümumilikdə 27,2 milyon manat həcmində kreditlər verilmişdir ki, bu da 2010-cu illə müqayisədə 42,9 faiz çoxdur.

   2011-ci ildə rayon büdcəsinin yerli gəlirləri 2010-cu ilə nisbətən 646,0 min manat artaraq 6,1 milyon manat təşkil etmiş, proqnoz tapşırıqlar 100,4 faiz icra edilmiş, gəlirlərin 90,8 faizi qeyri-dövlət sektorunun payına düşmüş, vergi qanunvericiliyini pozan 406 sahibkarlıq subyektinə 234,0 min manat həcmində maliyyə sanksiyası tətbiq edilmişdir.

   Hesabat ilində mərkəzləşdirilmiş xərclərdən 16,3 milyon manat vəsait alınmış, büdcə xərcləri 22,2 milyon manat və ya 93,8 faiz icra olunmuşdur ki, bu da 2010-cu ildəkindən 2,4 milyon manat çoxdur.

 

   Əhalinin gəlirləri artır.

   Sosial müdafiə də güclənir

 

   Ölkəmizin hər yerində olduğu kimi, Zaqatala rayonunda da əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əmək haqlarının vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzində saxlanılmışdır.

   2011-ci ildə rayonda orta aylıq əmək haqqı 2010-cu ilə nisbətən 18,3 faiz artaraq 220 manat, orta aylıq pensiyanın məbləği 30,8 faiz artaraq 132,2 manat olmuş, əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 8,0 faiz artaraq 6,5 milyon manata, rayon ərazisində fəaliyyət göstərən bankomatların sayı 20-yə çatdırılmışdır.

   Hesabat ilində 377 pensiya işi təyin edilmiş, 17007 pensiyaçıya xidmət göstərilmiş, 4,7 milyon manat (əvvəlki ildən 126 min manat çox) məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 93,8 faiz icra edilmiş, 49 hüquqi və fiziki şəxsə qarşı maliyyə sanksiyaları tətbiq edilmişdir.

   2011-ci ildə rayonda 4074 nəfərə sosial müavinət, 1406 ailənin 6123 üzvünə ünvanlı sosial yardım verilmiş, 218 nəfər tək-kimsəsiz qocalara xidmət göstərilmiş, ünvanlı sosial yardım alanların sayı 221 ailə artaraq, hər ailəyə orta hesabla 102,0 manat vəsait ödənilmişdir.

   Əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə 2 nəfər müharibə əlilinə minik avtomaşını verilmiş, Suvagil kəndində Qarabağ əlilinə fərdi mənzil tikilmiş, 67 nəfər imtiyazlı mənzil növbəsinə götürülmüşdür.

 

   Aqrar sahədə diqqətəlayiq nəticələr

 

   Aqrar sektorda son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində, rayonda 2011-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 2,9 milyon manat artaraq 88,3 milyon manata çatmışdır.

   Rayonun 134981 hektar vahid torpaq fondunun 84354 hektarı dövlət mülkiyyətində,17554 hektarı bələdiyyə mülkiyyətində, 33073 hektarı isə xüsusi mülkiyyətdədir.

   "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" nın icrası olaraq özəl toxumçuluq təsərrüfatlarının sayı 10 -a çatdırılmış, 2396 ton kondisiyalı taxıl toxumu istehsal olunaraq fermer təsərrüfatlarına satılmışdır. Kənd təsərrüfatı işlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilməsi məqsədi ilə 609 ədəd texnikadan istifadə edilmiş, lizinq yolu ilə 20 adda texnika satılmışdır. Hesabat ilində 11746 ha payızlıq taxıl, o cümlədən 8363 ha buğda sahəsindən 19246 (+2176) ton buğda, 7822 (+1657) ton arpa əldə edilmiş, əvvəlki ildəkindən daha cox dənli və dənli paxlalı bitkilər, kartof, meyvə və giləmeyvə, tərəvəz, bostan məhsulları və yaşıl çay yarpağı istehsal olunmuşdur.

  

   (ardı gələn sayımızda)

 

 

   Məzahir Əhmədoğlu,

   Azərbaycan Respublikasının

   Prezidenti yanında kütləvi informasiya

   vasitələrinin inkişafına dövlət dəstəyi fondunun

   maliyyə yardımı ilə

 

   Ədalət.-2012.-1 mart.-S.6.