Şirvan şəhəri 2011-ci ilə yekun vurdu
Yığıncaqdan
qeydlər
Çoxumuz deməsək də
etiraf etməliyik ki, yığıncaqlar, iclaslar rəsmi tədbir
olduğundan çox zaman belə məclislərin
iştirakında sərbəst olmaq bir qədər absurddu.
1963-ci ildə Əli Bayramlı şəhəri statusu alan, 7
may 2008-ci ildə isə Azərbaycan Respublikasının
Prezidenti, cənab İlham Əliyevin Sərəncamı ilə
Şirvan şəhəri adlandırılan, haqqında
danışacağımız bu sənaye ocağında bu
ilin 17 fevralında keçirilən hesabat
yığıncağı xeyli səmimi xarakter daşıdığı
üçün necə yekunlaşdığını bəlkə
də heç kəs hiss etmədi.
Əslində
yığıncaqların belə keçirilməsi
yaxşıdır çünki, əvvələn bu şəhərdə
hansı işlərin görüldüyü, hansı
qayğıların yaşandığı demək olar ki,
hamıya məlumdur. Sonra da səmimiyyətə söykənən
belə yığıncaqlarda insanlar daha sərbəst olmaqla
fikirlərini, düşüncələrini də ifadə etməkdən
çəkinmirlər. Hesabat arxada qalan bir ildə qazanılan
uğurlara diqqət çəkməklə bərabər həm
də, qarşıdakı illərdə qayğıların,
problemlərin həllində daha fəal iştirak etmək məsuliyyətidir.
Şirvan şəhər İcra
Hakimiyyətinin başçısı Mərdan Talıb
oğlu Camalov həm də səmimi dialoq əsasında
qurduğu hesabatında uğurlardan daha çox
danışdı. Çünki, Prezident Aparatının məsul
işçisi Habil Əzənmədovun da iştirak etdiyi
hesabat yığıncağında söhbət arxada qalan
2011-ci ildə ictimai-siyasi və sosial-iqtisadi inkişaf sahəsində
görülmüş işlərdən və qarşıda
duran vəzifələrdən gedirdi.
Şəhər iqtisadiyyatı rəqəmlərin dili
ilə
Şirvan şəhər İcra
Hakimiyyətinin başçısı Mərdan Camalovun məruzəsindən
məlum oldu ki, 2011-ci ildə şəhərdə istehsal
olunmuş məhsul və xidmətlərin həcmi 2010-cu illə
müqayisədə real qiymətlərlə 22.7 faiz artaraq
366.2 milyon manata çatmışdır. Bu sənaye şəhərində
istehsal edilən sənaye məhsullarının həcmi də
xeyli artaraq 304.5 milyon manat olmuşdur ki, bu da əvvəlki illə
müqayisədə 70.5 milyon manat çoxdur. Haqqında
danışılan sahədə istehsal edilmiş məhsulun
30 faizi dövlət, 70 faizi isə qeyri-dövlət müəssisələri
tərəfindən istehsal edilmişdir.
Hər gün simasını dəyişən
Şirvan şəhərində tikinti işlərinin sürəti
azalmamışdır. 2011-ci ildə bu sahədə
aparılan işlərin həcmi 2010 -cu ildəkindən 2.2 dəfə
çox olmaqla 16.7 milyon manata çatmışdır.
Şakinlərin sosial-iqtisadi vəziyyətləri
yaxşılaşdığı üçün onlar şəxsi
vəsaitləri hesabına 3 milyon manatlıq tikinti işləri
aparmışlar. Fərdi yaşayış evlərinin
ümumi sahəsi orta hesabla 40 min kvadrat metrə
çatdırılmışdır. Şəhər nəqliyyatında
çalışan hüquqi və fiziki şəxslər tərəfindən
2011-ci ildə 434 min ton yük, 1.8 milyon nəfər sərnişin
daşımışdır. Yeni əvvəlki illə
müqayisə aparılsa bu, 10-12 faiz artım deməkdir.
Şəhərdə fəaliyyət
göstərən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki
" Telemexanika", "Araz" zavodlarında işlərin
miqyası xeyli genişləndirilmişdir. "Telemexanika"
zavodunda proqnozlaşdırılmış plan 100 faiz yerinə
yetirilmiş,4 yeni növ məhsul istehsalına
başlanmış, nəticədə 56 yeni iş yeri
yaranmışdır. Yaxın gələcəkdə
"Araz" zavodunda da 4 yeni istehsal sahəsi istifadəyə
veriləcək.
"Azərbaycan Respublikası
Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" daxilində
Şirvan şəhərində bir sıra layihələrin həyata
keçirilməsi uğurla davam etdirilmişdir. Hesabat ilində
məhəllələrə 16 kilometrdən çox asfalt
örtüyü vurulmuşdur.
Xidmət
sahələri sakinlərin xidmətində
Yəqin ki, Respublika əhalisi bu
ilin fevralındakı qarlı-şaxtalı hava şəraitini
uzun müddət unutmayacaqlar. Qeyri-sabit hava şəraiti bir
çox bölgələrdə çox ciddi fəsadlar
törətsə də Şirvan şəhərində qaz və
işıq problemləri yaşanmamışdır.
Məruzəçi də bu sahədəki
uğurlu işlərdən danışaraq bildirdi ki, təbii
qazla şəhər əhalisini daim təmin etmək
üçün "Azəriqaz" QSC tərəfindən
77.4 min p/metr müxtəlif diametrli qaz xətləri,
Hacıqabul AQRS-dən sakinlər üçün 7.5 min p/ metr
orta təzyiqli qaz kəməri çəkilmişdir. Şəhərin
Bayramlı qəsəbəsini qazla təmin etmək
üçün Kür çayının altından 245 metr
uzunluğunda qaz borusu keçirilmişdir.
"Şirvan Regional Elektrik Şəbəkəsi"
MMC öz işlərini günün tələbləri səviyyəsində
qurduğundan heç bir fasiləyə yol verməmişdir. Qarlı
qış günlərində Şirvan şəhəri bir
gün belə elektrik enerjisiz qalmamışdır. Əhaliyə
satılan enerjinin də dəyəri 108.7 faiz ödənilmişdir.
Şirvan şəhərini, eləcə
də regionu elektrik enerjisi ilə daim və daha səmərəli
təmin etmək üçün şəhərin
M.Aydınov küçəsində Sənaye və Energetika
Nazirliyinin sifarişi ilə "Dövlət Enerji Nəzarət"
idarəsinin Şirvan Regional Sektorunun 2 mərtəbəli
binası inşa edilmişdir.
2011-ci ildə şəhərin
yaşayış massivlərində 4 yeni və nümunəvi
məhəllələrdəki sosial-tikililər də elektriklə
təchiz edilməklə meydançalar sakinlərin istirahət
yerinə çevrilmişdir.
(ardı
gələn sayımızda)
Səxavət
Məmmədli,
Azərbaycan
Respublikasının
Prezidenti
yanında kütləvi informasiya
vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun
maliyyə
yardımı ilə
Ədalət.-2012.-1
mart.-S.7.