"Səndən
nə yaxşı polis çıxardı, bunları
qatardın ee qabağıva"
Seymur
Qasımbəyli: "Bakalavrda oxuyanda ATV-də mənə
yalnız bir qəzeti göstərdilər. Bu qəzetin..."
Həmkarım Seymur Qasımbəyliylə
"Azərbaycan" nəşriyyatının dəhlizlərində
gündə bəlkə 3-4 dəfə qarşılaşsaq
da, münasibətimiz "salam-sağ ol" həddindən o
yana keçməmişdi. Amma onunla real
tanışlığım, bir qədər də irəli
getsəm dostluğum jurnalistlərin İsmayıllı səfərinə
təsadüf elədi. Sən demə, yoldaş Qasımbəyli
həm də "yeyib-içən oğlan yaman olmaz" prinsipinə
riayət edənlərdən imiş. Təsadüfi deyil ki,
müsahibəmizin süfrə arxasında baş
tutmasını da o təklif elədi. Bəh-bəh...
Saciçi, həmkar söhbəti, arabir zarafatlar... "Həmkar"ın
növbəti qonaqları üçün anons bitdi. Təbii
ki, zarafatdır. İndi də Seymur özünü
tanıdır.
- 1983-cü ildə Cəlilabad
rayonunda ziyalı bir ailədə doğulmuşam. Atam cərrah,
anam müəllimədir. Orta məktəbdə müəllimlərimdən
biri də anam olub və sinifdə ilk silləni də mənə
vurub.
- Maraqlıdır. Bu necə
olmuşdu?
- Xalamın nişanı idi. Dərsimi
oxumaq əvəzinə nişana getdim və anam da bunu bilirdi.
Axşam ona dedim ki, dərsimi bilmirəm, sabah məndən
soruşmazsan. Səhəri gün sinifdə elə dərsi ən
birinci məndən soruşdu, bilmədim. Həmin vaxt həm
sillə yedim, həm də "2" aldım. Yaxşı
ki, o sillə zamanında mənə dəydi. 2000-ci ildə
orta məktəbi fərqlənməylə bitirib Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil
oldum. 2004-cü ildə ali təhsilimi başa vurub hərbi
xidmətə yollandım. Bir haşiyə çıxım.
Hərbi hissədə magistraturaya hazırlaşmışam.
Hətta hərbi hissənin komandiri gəlib görəndə
ki, oxuyuram, deyirdi, ayağa qalxma, oxu, inanıram ki, sən
magistraturaya girəcəksən. Həmin adam hazırda
Müdafiə Nazirliyində şöbə müdiridir. Bizim
çox gözəl dostluq münasibətimiz yarandı. Mən
onun timsalında əsl komandir, layiqli rəhbər, tələbkar,
məsuliyyətli və mehriban hərbçi gördüm.
Onun minlərlə əsgəri olub, lakin yalnız mənimlə
hərbi xidmətdən sonra görüşür və
bayramlaşır. Əksər hallarda mən daha tez zəng
edirəm, təbriklərimi çatdırıram. Bu gün də
ona zəng vuranda bir əsgər kimi əmrinə hazır
olduğumu bildirirəm...
2005-ci ildə əsgərlikdən
qayıdıb Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının
magistri oldum. Deyim ki, həm bakalavr, həm də magistratura pillələrində
təhsil alarkən yazdığım elmi işlərim -
diplom işlərim uğurlu olub və bu gün də ondan həzz
alıram.
- Tələbə olanda mətbuatla
əlaqələrin var idi?
- Hələ bakalavr kimi təhsil
alanda, 2002-ci ildə fakültənin "Jurnalist" qəzetinin
fəaliyyətini bərpa elədik. Sonra hər il yayda bizi qəzetlərə,
telekanallara təcrübəyə göndərirdilər.
"Yeni Azərbaycan" qəzetinə təcrübəyə
göndərildim və təcrübədən sonra da orada
yazmağa davam etdim. Sözsüz ki, o vaxt qonorar
almırdım. "Bakı" qəzetində də təcrübə
müddətində yazılarım dərc olundu. Magistraturada
oxuyanda 2005-ci ildə "Şərq" qəzetinə gəldim
və burda qalası oldum.
- İlk qonorarın nə qədər
olmuşdu?
- 15 günə 3-4 yazı
yazmışdım və o vaxtki pulla 3 "şirvan", yəni
6 manat qonorar aldım. Həmin pula konfet aldıq, redaksiyada
çay içdik. Mənim jurnalist kimi
formalaşmağımda "Şərq" qəzetinin
böyük rolu oldu.
"...getməyimə də bircə səbəb var..."
- Hətta indi də
çoxları səni "Şərq"də işləyən
bilirlər. Bəs nədən birdən-birə bu qəzetdən
getməyə qərar verdin?
- "Şərq" həqiqətən
də mənimçün bir jurnalistika məktəbi oldu. Baş
redaktor Akif Aşırlı sözün həqiqi mənasında
orada yaradıcı mühit yaradıb. Çünki
özü də yaradıcı adamdır. Yazı yazan baş
redaktorlardandır. Yadıma düşmüşkən, bir əhvalatı
danışmaq istəyirəm. Hələ bakalavrda oxuyanda
"ATV"yə getmişdim. Məndən soruşdular ki, qəzetdə
işləmisən? Cavab verdim ki, yox. Onlar mənə
"Şərq" qəzetini göstərdilər və
dedilər-bu gün Azərbaycanda ən çox informasiya verən
məhz bu qəzetdir.
- Bu sözlərdən sonra yüz
faiz səni yenidən "Şərq"ə dəvət edəcəklər...
- Bu qəzetdə mənim imzam
tanındı. Jurnalist
kimi formalaşmağıma görə "Şərq"ə
borcluyam. Orda heç vaxt mənə "bunu yazma" demədilər.
Hər qəzetin müəyyən bir kursu var. Mən də
doğma qəzetimin kursunu çox tez götürdüm. Bir
nüansı xüsusi qeyd etmək istəyirəm. Biz tələbə
vaxtı təcrübəyə getdiyimiz redaksiyalarda tələbələrə
nəsə öyrətməyə maraq göstərmirdilər,
hətta təcrübəçilərdən uzaq
qaçırdılar. Sanki kimsə nəsə öyrənib
onların yerini tutacaq. Lakin "Şərq" yeganə qəzetdir
ki, burada hər kəsi öyrədirlər. Mən orada
işlədiyim müddətdə də tələbələrə
nəsə öyrətməyə
çalışmışıq. Çünki "Şərq"in
kollektivi doğrudan da peşəkarlardan ibarətdir və bu
redaksiyadakıların kiminsə onun yerini tutacaq kimi
qorxuları yoxdur.
- Bəs niyə getdin?
- Tam səmimi deyirəm ki,
heç vaxt "Şərq"dən getmək istəməzdim.
Ordan getsəm də, nə vaxtsa geri qayıtmaq ümidiylə
yaşayıram... Hər gün redaksiyaya gələndə
maraqlı nəsə yazacağımı, sözdən
hansısa qalanı quracağımı
düşünürdüm. Orada işləmək mənə
həm də kollektiv baxımından xoş idi. Çünki
"Şərq"in kollektivi gözəl insanlardan ibarətdir.
Getməyimə də bircə səbəb var. Bu da məvacibin
azlığıdır.
- "Şərq"də nə
qədər məvacib alırdın?
- Deyəcəm... Amma əvvəlcə
onu deyim ki, burda işləyə-işləyə xeyli təkliflər
alırdım, amma "Şərq"dən ayrılmamaq
üçün həmişə imtina edirdim. Lakin sosial
sıxıntılar adamı sıxanda, edilən təkliflərin
dəyərləndirilməsinin vacibliyi haqda düşünməli
olursan. Məvacibimə gəlincə, "Şərq"də
350 manat maaş alırdım. Bu yaşamaq üçün
çox az puldur. Düzdür, son zamanlar müsabiqələrdən
də qazanırdım, bu da edirdi hardasa 400 manat.
- İndiki iş yerin?
- İndi "Rabitə
dünyası" qəzetində müxbir kimi
çalışıram.
- Bu qəzet nazirliyin strukturudur və
yaradıcılıq imkanları yoxdur...
- Sizinlə razı deyiləm.
Burada da yaradıcı mühit və gözəl şərait
var. Üstəlik, mehriban kollektiv və yaxşı
yazıları dəyərləndirən rəhbərlik var.
İndiki iş yerimdən razıyam.
- Bəs, burdakı əməkhaqqın
nə qədərdir?
- Keçmiş iş yerimdən
getməyimə dəyə bilən məbləğdir.
- 500 manat?
- Təxminən (gülür).
- Bir ara mətbuatda Bakının
baş planıyla bağlı silsilə yazıların getdi. Hətta
müəyyən rezonans da doğurmuşdu...
- Bu haqda çoxlu yazılar
yazdım. Hətta hansı proyektli binalar neçənci ildə
tikilib, hansı binaların tikilməsində məqsəd nə
olub kimi məsələlərə də aydınlıq gətirmişdim.
Çünki həmişə Bakının gözəlləşməsində,
memarlığının təbliğ olunmasında maraqlı
olmuşam. Amma binalar harda gəldi, necə gəldi tikildi və
bu şəxsən məni sıxdı. Sonradan bu
yazıları dayandırdıq.
"Məni tanımasalar da olar"
- Niyə?
- Çünki kimlərəsə
elə gələ bilərdi ki, biz kiməsə qarşı
kampaniya aparırıq. Biz sadəcə olaraq problemi gündəmə
gətirmişdik və məsələnin həll olunmasını
istəyirdik.
- Məmur dostların var?
- Çox azdır. Müdafiə
Nazirliyində, Torpaq Komitəsində şöbə müdiri
işləyirlər. Alimlər, ictimai insanlar arasında dostluq
etdiyim insanlar daha çoxdur.
- Dostluqlar
yaradıcılığa mane olur?
- Xeyr. Hətta dostumun işlədiyi
qurum haqqında da tənqid yazmışam.
- Elədiyin tənqidə görə
zənglər, tənqidlər, hədələr...
- Olmayıb. Amma kiçik
anlaşılmazlıqlar olub...
- Mətbuatda imza tanıtmaq
üçün jurnalistin hansı əsas qabiliyyəti,
üstünlüyü olmalıdır?
- (düşünür) Mənim
üçün söz oynatmaq bacarığının
olması vacibdir. Üstəlik, utanmamalısan, çəkinməməlisən.
Qapıdan öyrənə bilmədiyin xəbəri, bacadan
boylanaraq öyrənməlisən. Jurnalist olmaq
üçün ixitisas önəmli deyil. Əsas odur ki,
yazmağı və faktın üzərinə getməyi
bacarasan.
- İmzanın tanınması
yaxşı jurnalist olmaq anlamına gəlir?
- Heç vaxt imzamın
tanınmasına çalışmamışam.
Qarşıma vətəndaş mövqeyi qoyub xalqım
üçün çalışmışam. Məni
tanımasalar da olar. Təki apardığım təbliğatın
nəticəsi görünsün, kimisə düz yola gətirə
bilim.
"Boyum 190 santimetrdir"
- Nə üçün
jurnalistikanın sosial vəziyyəti bu qədər
acınacaqlıdır?
- Jurnalistikanın parlaması
üçün reklam lazımdır, reklamın olması
üçün reklam verən. Əgər bir məhsulu
ölkəyə yalnız bir şəxs gətirirsə,
heç vaxt qəzetə reklam verməyəcək.
İnhisarçılıq olan yerdə reklamdan söhbət
gedə bilməz. Onsuz da bu malı ölkəyə bir nəfər
gətirir. İqtisadçı deputat Əli Məsimli mənə
verdiyi müsahibəsində deyir ki, Azərbaycanda elə bir
sahə göstər ki, orda monopoliya olmasın, mənsə
sübut edim ki, var. İqtisadçı alim bunu söyləyirsə,
deməli, nəsə bilib deyir.
- Mətbuatda boyca səndən
hündür kimsə var?
- "Respublika" qəzetində
Müşviq müəllim var, məndən təxminən bir
santimetr hündürdür.
- Boyun nə qədərdir?
- 190 santimetr.
- Boyla bağlı yəqin ki,
hansısa maraqlı hadisəylə
qarşılaşmısan...
- Orta məktəbin doqquzuncu sinfinə
qədər bədən tərbiyəsi dərsində həmişə
cərgənin arxasında dayanmışam. Sinifdə
hamıdan balacaydım. Sonra həm basketbola getdim, həm də
turnikdə boy məşqi etdim. Valideynlərim boyca
hündürdülər. Həmişə atamla boyumu
ölçürdüm, deyirdim ki, az qalıb sənə
çatmağıma. O da deyirdi ki, çalış məni həm
də elmdə keç. Çünki o çox universal
adamdır. Tarixdən danışır, hamı elə bilir
tarixçidir, teatrdan danışır, hamı elə bilir
teatrşünasdır... Mən də həmişə onun
kimi universal olmağa çalışmışam.
- Boyla bağlı əhvalat...
- Bir dəfə jurnalist fəaliyyətimlə
əlaqədar etiraz aksiyasına getmişdim. Piketi artıq demək
olar ki, dağılmışdı. Birdən polis rəisi əlini
çiynimə qoyub "sənnən nə yaxşı polis
çıxardı, bunları qatardın e qabağıva"
(həmin polisin səsiylə danışır-İ.V) dedi.
Özü də mən altdan yuxarı baxırdı və
çox maraqlı mənzərə yaranmışdı.
Hamımız çox gülüşmüşdük onun
sözlərinə...
- Hansısa brifinqdə necə?
- Müsahibələrdə,
brifinqlərdə mənə çox rahat olub. Bir söz deyim
də. Heç vaxt görməmişəm ki, hündürboy
adam balaca olmaq istədiyini desin. Amma balacaboyların xətrinə
dəyməsin, onlar həmişə hündür
olmağı arzulayırlar...
"...zəng vurub minnətdarlıq eləmişdim"
- İdmanla aran necədir?
- Basketbolla və sərbəst
güləşlə məşğul olmuşam. Amma artıq
uzun müddətdir ki, idmanı buraxmışam. İndi hərdən
futbol oynayırıq.
- Fəaliyyətin dövründə
başına gələn hansı gülməli və kədərli
anlar olub?
- "Şərq"in
redaksiyasında siyasətçilərin birindən telefonla
müsahibə alırdım. Telefonu "selektor"a qoyub səsini
diktofona yazırdım. Birdən müsahibənin şirin
yerində müsahib qayıtdı ki, "alo, Seymur, eşidirsən?".
Mən də cavabında "eşidirəm, siz davam edin"
dedim. Müsahibə bitəndən sonra kompüterin
arxasında diktofonu çiynimin üstünə qoyub
başımla sıxdım ki, vaxt itirmədən müsahibəni
yazım. Bir az keçəndən sonra diktafonda "alo,
Seymur, eşidirsən?" səsləndi. Mən qeyri-ixtiyari
diktofonu telefon kimi qulağıma tudum "bəli, eşidirəm"
dedim. Təsəvvür edin, həmin vaxt otaqda olan həmkarlarım
buna necə güldülər... Müsahibəyə o qədər
aludə olmuşam ki, qulağımdakının diktofon
olduğunu unutmuşam.
Bir dəfə də poliklinikalarin
biri haqda informasiya yayılmışdı ki, baş həkim
hansısa qohumunun kitabını iş yerində məcburən
satdırır. Mənə tapşırıldı ki, baş
həkimi tapıb münasibətini öyrənim. Gün ərzində
bir neçə dəfə zəng edirəm, katibəsi
götürür, deyir ki, doktor yoxdur... Beləcə bir
neçə saat keçdi. Mənsə bu yazını təhvil
verməliyəm axı... Telefonu götürüb yenidən
baş həkimin otağını yığdım və
(çox qalın səslə
danışdığını izah edir-İ.V) dedim ki,
nazirlikdəndir, götür mənim mobil nömrəmi, gələn
kimi mənə mütləq zəng vursun. Üstündən
on dəqiqə keçməmiş baş həkim mənə
zəng vurdu. Lakin ondan mənim kimliyimi soruşmağa imkan
vermədim və yenə eyni tonda danışaraq "bu nə
rüsvayçılıqdır" dedim. Doktor and-aman elədi
ki, vallah-billah belə şey olmayıb, şər böhtan
atırlar. Məqsədimə çatandan sonra jurnalist
olduğumu bildirdim. O da bir az gülümsündü. Səhəri
gün yazı çıxandan sonra baş həkim zəng
vurub minnətdarlıq elədi.
"Mənim Seymurumdan bir xəbər
çıxmadı, o da uçqunun altında qalıb?!"
- Deyəsən bir başqa əhvalatın
da var idi...
- Yəqin yadındadır, 2007-ci
ildə Bakıda tikilməkdə olan bina uçdu və fəhlələr
dağıntılar altınla qalmışdı. Redaksiyadan məni
ora göndərdilər ki, hər gün xəbər
yazım. Hadisədən bir həftə keçib, ordakı
polislərdən biriylə söhbət edirəm ki, bu gün
meyit çıxıbmı... Birdən ayaqyalın,
üzünü saqqal basmış, ağlamaqdan gözü
doymuş, köynəyi şalvarının üstünə
aşmış, həyatdan küsmüş bir ağsaqqal
polisə yaxınlaşaraq "Mənim Seymurumdan bir xəbər
çıxmadı, o da uçqunun altında qalıb?!"
dedi. Bunu elə bir yanıqlı tərzdə dedi ki... Mənim
də adım, onun dağıntılar altında qalan
oğlunun da adı Seymurdur. Bir anlıq onun yerində öz
atamı fikirləşdim... Hələ indiyə kimi o
anları unuda bilmirəm...
- Jurnalist olmağın şəxsi
problemlərinin həllində rol oynayıb?
- Bəzi çox xırda məsələlərdə.
- Kirayədəsən?
- 10 il kirayədə
yaşadım. İndi Bakı kəndlərindən birində
atamın tikdiyi kiçik bir evdə yaşayıram.
Çünki mənim jurnalist məvacibim özümə mənzil
şəraiti qurmağıma yetməyib.
- Jurnalistikada qazandığın və
itirdiyin?
- Qazandığım daha çox
olub - çoxlu dostlar, vətəndaş kimi formalaşmaq,
düzgün təhlil qabiliyyəti...
- Hansı həmkarlarla dostluq edirsən?
- BDU-nun jurnalistika fakültəsi əvvəllər
bir koridordan ibarət idi. Orada oxuyan bütün kurslar da
bir-birini tanıyırdı. Ona görə də mən Azərbaycan
KİV-ində olan həmkarlarımın çoxunu
tanıyıram və bir çoxları ilə də dostluq
edirəm. İndi kiminsə adını çəkərəm,
kiminsə adını çəkmərəm, xətirlərinə
dəyər. Amma bir nəfərin adını qeyd edim ki, rəhmətlik
Ceyhun Nağıyla dost idik. Allah ona rəhmət eləsin.
- Hansı imzaları oxuyursan?
- Hər gün minimum 15 qəzet
oxuyuram, ən azı 10 informasiya saytına baxıram. Mən
yazıları imzalara görə oxumuram. Hər hansı
yazı məni cəlb edirsə, onu da oxuyuram. Kimsə ortaya
yaxşı araşdırma qoyursa, onu oxumasam, elə bilirəm
ki, nəsə çatışmır. Bir sözlə,bütün
yaxşı yazılar mənə maraqlıdır.
- Son olaraq həmkar olmaq istəyənlərə
sözün...
- Jurnalist olmaq istəyən bilməlidir
ki, yaxın gələcəkdə onun maddi şəraiti
düzəlməyəcək. Jurnalistika cavan peşəsidir.
Çünki qaçmalısan, qovmalısan, tutmalısan.
35-40 yaşdan sonra redaksiyaya lazım olmaya bilərsən. Ona
görə də, təəssüf ki, jurnalist işlədiyin
müddətdə, özünə "gün
ağlamağa" məcbursan. Bütün bunlara baxmayaraq mən
yenə də jurnalistikanı sevirəm. Bu çox gözəl
peşədir və hər şeyə rəğmən bu
peşəyə yiyələnməyə dəyər.
Özümə gəlincə, sabah bizim həyatımızda
nələrin yaşanacağı heç kimə bəlli
deyil. Alnımıza nə yazılıbsa, onu da
yaşayacağıq.
İntiqam Valehoğlu
Ədalət.-2012.-2 mart.- S.5.