ÜRƏYİNİZ
AĞRIYIRSA...
Onda vaxtında həkimə
müraciət edin ki, infarkt keçirməyəsiniz
Yaz və payız mövsümlərində
ürək-damar xəstəlikləri olan insanlar bir çox
çətinliklər yaşayırlar. Daha
doğrusu, onlar bu mövsümlərdə özlərini narahat hiss eləyir və tez-tez həkimə müraciət edirlər. Bir balaca da
səhhətinə laqeyd yanaşan
xəstələrin sonradan vəziyyəti
ağırlaşır və onlar çətin
vəziyyətdə xəstəxanalara
çatdırılırlar. Bu və ya digər məsələlərə
aydınlıq gətirmək üçün
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun
həkim-kardioloqu, tibb elmləri namizədi
Rafiq YUSİFLİYƏ müraciət etdik. O dedi:
Mövsüm dəyişiklikləri
ilə əlaqədar olaraq bir çox ürək-damar xəstəliklərinə
düçar olan insanlar həmin dövrü çox çətin
keçirirlər. Başqa sözlə demiş olsaq payız
və yaz fəsli başlayanda ilk günlərdə onların
səhhətində yenidən bir çox problemlər baş
qaldırır. Belə xəstələrin ya qan təzyiqi
yüksəlir, ya da ürəklərinin müxtəlif nahiyələrində
kəskin ağrılar hiss eləyirlər. Təbii ki, hər
bir xəstə ilk növbədə
özü-özünün həkimi olmalıdır. Yəni
ürəyində kiçik də olsa ağrı hiss edən
adam bunu soyuqqanlıqla qarşılamamalı və vaxtında
müayinədən keçməlidir. Fəsil dəyişkənliyində
ürək-damar xəstəliklərinə mübtəla olan
insanlar vaxtı-vaxtında həkim tərəfindən
yazılmış dərmanları qəbul etməlidir. Bu dərmanlar
zamanında qəbul edilməyəndə istər-istəməz
pasiyentin səhhətində müəyyən problemlər
özünü göstərməyə başlayır.
Təbii ki, yaz mövsümü
qanın qaynayan vaxtıdır və bu mövsümdə bir
çox xəstələr bayaq dediyimiz kimi, havaların kəskin
dəyişməsi nəticəsində səhhətində
müəyyən problemlər hiss eləyir. İlk növbədə
bu problemlərin qarşısını almaq haqqında fikirləşmək
lazımdır. Yəni vaxtında müalicə həkimləri
ilə əlaqə saxlamaq və onların məsləhətlərini
dinləmək çox sərfəlidir. Düzdür, bəzi
hallarda bizim pasiyentlər xəstəxanaya gedib həkimə
müraciət etməyə bir o qədər də önəm
vermirlər. Amma nahaq yerə. Çünki hər hansı xəstə
vaxtında müayinə olunanda onun müalicəsini də
aparmaq asan olur. Təəssüf ki, bizim əksər pasiyentlərimiz
zamanında həkimə müraciət eləmirlər. Bu da
müəyyən ağır fəsadlarla nəticələnir.
Yaz mövsümündə
insanlarda, xüsusən də yaşlı nəsildə
immunitet zəifləyir. Orqanizm zəifləyəndə isə
hər hansı xəstəliyə qarşı müqavimət
azalır. Yəni adi qripə və digər infeksion xəstəliklərə
yoluxmağın özü də ürək-damar xəstələrinə
çox mənfi təsir göstərir. Ona görə də
yaz mövsümündə pasiyentlər səhhətlərinə
qarşı daha diqqətli olmalı və "S" vitaminləri
ilə zəngin olan tərəvəz məhsullarını
daha çox qəbul etməlidir. Üstəlik limon,
portağal, naringi və digər meyvələrdən də
istifadə edilməsi immuniteti möhkəmlədir və
insanlarda müqaviməti artırır. İnsanın da
sağlamlığı yerində olanda hər hansı xəstəliyə
qarşı daha davamlı olmağa şərait yaradır.
Ümumiyyətlə, ürək-damar
xəstəliklərinə düçar olan insanlar özlərini
ətraf mühitin təsirindən qorumalı, küləkli
havalarda çox gəzməməli və piyada hərəkət
etməyə üstünlük verməlidirlər. Burda
düzgün qidalanmanın da böyük əhəmiyyəti
var. Bir də görürsən ki, axşam saatlarında
ürəyində problem olan pasiyent ağır yeməklər
yeyir və bundan sonra ürəyində ağrılar hiss eləyir.
Təbii ki, ağır yeməkləri yemək olar, ancaq bir
şərtlə: günorta saatlarında bu yeməklər və
qidalar qəbul olunsa, onun həzmi də gündüz
saatlarında daha rahatlıqla başa çatar. Yəni xəstə
çətin vəziyyətə düşməz və əlavə
problemlər yaşamaz. Axşam saatlarında əgər hər
hansı ürək-damar xəstəsi yemək istəyirsə,
yüngül qidalardan istifadə etməlidir. Burda qatıqdan
tutmuş, digər qidaları yada salmaq olar. Ən
başlıcası hər bir xəstənin həkimin məsləhətinə
diqqətlə qulaq asmasıdır.
Günəşli havalarda və eləcə
də maqnit sahəsinin daha çox olduğu məqamlarda
ürək-damar xəstələri yenidən bəzi problemləri
labirintinə düşür. Çünki atmosferdə
şüalanmanın çoxalması və eləcə də
digər zəhərli kimyəvi maddələrin artması
bilavasitə ürək-damar problemi olan insanların səhhətinə
pis təsir eləyir. Çünki atmosferdə olan maddələrin
bəziləri insan orqanizmində olduğu üçün
sanki bu bir-biri ilə toqquşur və yenidən xəstənin
səhhətində problemlərin baş qaldırmasına
şərait yaradır.
Bir sözlə, ürək-damar xəstəlikləri
olan insanlar daim nəzarətdə olmalı, həkimlərin məsləhətlərini
dinləməli və buna da uyğun hərəkət etməlidir.
Ən başlıcası onlar sağlam həyat tərzi
keçirməli, piyada gəzməli və təmiz havada
olmalıdırlar. Üstəlik də bu gün insanlar əsəblərini
cilovlamağı da bacarmalıdırlar. Bəzən
görürsən ki, qan təzyiqi yüksək olan pasiyentlər
bellərindən və digər nahiyələrindən qan
götürtdürürlər. Bunun bu və ya digər dərəcədə
müsbət nəticələri var. Tibbdə belə bir qayda
var ki, qan qaynayan vaxtı bəzi xəstələrin
damarından qanı çəkib onun yan hissəsinə
vururlar.
Elə bunun özü də müəyyən
profilaktikaya və xəstələrin səhhətlərində
problemlərin aradan qaldırılmasına yönəldilib. Bəzən
pasiyentlər mənə sual verirlər ki, biz spirtli içki
qəbul edə bilərikmi? Tibb elmində bu məsələyə
birmənalı yanaşılmır. Ona görə ki, bir
çox mütəxəssislər məsələhət
bilir ki, gün ərzində 50-60 qram təmiz arağın qəbul
edilməsinin insan səhhətinə heç bir təhlükəsi
yoxdur. Eyni zamanda, qırmızı şərabın qəbul
edilməsi də damarlardakı problemi müəyyən qədər
aradan qaldırır.
Sirr deyil ki, damarlarda
ateroskleroz da yarana bilər. Bunu isə
məyyən etmək
indi o qədər də çətin deyil. Düzdür, bir vaxtlar bu çətin idi. Həkimlər ancaq ürəyin
səsinə, damarların
xarici görünüşü
və sərtliyinə,
sonralar isə döş qəfəsinin
rentgen müayinəsinə
əsasən iri damarlarda, aortada ateroskleroz, bəzən isə anevrizma olduğu barədə fikir deyə bilirdilər. Bu isə damarların çox ağır zədələnmə mərhələsində
mümkün idi.
Hazırda xeyli muayinə
üsulları vardır
ki, arteriya damarlarında aterosklerozu, damarlariın daralma dərəcəsini və
sair müəyyən
etməyə imkan verir. Exokardioqrafiya müayinəsi böyük
damarların (qarın
aortası, yuxu, bud arteriyası və s.) divarların qalınlaşması,
sklerozlaşması, qan
axınının sürəti,
damar divarındakı
anevrizmaları və
s. müəyyən etmək
üçün asan,
heç bir ziyanı olmayan müayinə üsuludur.
Ən yaxşı informasiya
verən müayinə,
damara xüsusi rentgenkontrast maye vurmaqla aparılan və çoxlarının
yaxşı tanıdığı
angioqrafiyadır. Xüsusilə koronar, böyrək, aşağı ətraf damarların qaralma yerləri və dərəcəsi bu müayinə ilə dəqiq müəyyən
olunur. Müayinənin orqanizmə ciddi
ziyanı yoxdur. Demək olar ki, təhlükəsizdir.
Onun nəticəsində əsasən
diaqnozun dəqiqləşdirilməsi
və müalicə taktikası (dərman,
stent, şuntlama və
s) müəyyənləşdirilir.
Son illər
damardaxili ultrasəs müayinəsi ilə damarlardakı düyünlərin
harda yerləşməsi,
zədələnməsi və
ölçülərinin daha
dəqiq müəyyən
etmək olur. Hələlik geniş, kütləvi
istifadə olunması
da koronar damarlarının vəziyyətinin
angioqrafiya olmadan da müəyyən etməyə imkan verən üsullar üzərində tədqiqat
aparılır.
Sözümüzün canı ondan
ibarətdir ki, ürək-damar xəstələri
hər iki mövsümdə öz səhhətlərinə ciddi
yanaşmalı və
tövsiyə olunan məsləhətlərə qulaq
asmalıdır. Ən azından
ona görə ki, onlar ağır
vəziyyətdə xəstəxanaya
gətirilməsinlər.
Faiq QİSMƏTOĞLU
Ədalət.-2012.-2
mart.- S.4.