"TƏHSİL"in DAHA BİR UĞURU

 

   Beynəlxalq mükafatçıların sırasında bizimyerimiz göründü

 

   Azərbaycanda kitaba maraq, oxucunu kitaba qaytarmaq və ümumiyyətlə ömrümüzü kitablı, kitabları da ömrümüz kimi görmək istəyən, ona həvəslə, vicdanla, namusla çalışan, necə deyərlər gecəsini gündüzünə qatan tək-tək adamlar var ki, onlardan biri də "Təhsil nəşriyyat-poliqrafiya" MMC-nin rəhbəri Bəhruz Axundovdur. Heç də təsadüfi deyil ki, hamının "Təhsil" nəşriyyatı kimi tanıdığı bu cəmiyyət təkcə Sovet dönəmində deyil, ötən əsrin 90-cı illərindən bu günə qədər bütün problemləri səbrlə, əzmkarlıqla dəf edərək oturşmuş, özünü təsdiq etmiş bir sevilən ünvana çevrilibdi. Bunun da bir neçə səbəbi var.

   Öncə bu nəşriyyatda işi bilənlər, işindən zövq alanlar çalışdığı üçün burada məhsulun keyfiyyəti, poliqrafiya işi ürək açır. İkincisi bu nəşriyyat daha çox ehtiyac duyulan, milli-mənəvi dəyərlərə söykənən, böyük ədəbiyyata və ona bərabər tutulan nəşrlərə üstünlük verir. Yəni bu müəssisədə "boz" ədəbiyyat nəşr edilmir. Üçüncüsü, "Təhsil" adından da göründüyü kimi maarifçilik işini və bu sahədə olan ədəbi nümunələri, məcmuələri, eləcə də təhsillə bağlı dərslikləri çap etməkdə də yaxşı nümunə göstərib və bu gün də göstərməkdədi.

   Bütün bu yazdıqlarımın reklama ehtiyacı olmayan "Təhsil" nəşriyyatı ilə əlaqələndirməyə çalışıram. Ona görə ki, bu nəşriyyatı tanıdığım və uğurlarına bələd olduğum gündən həmişə onun əldə etdiyi nailiyyətlərə də bir oxucu, bir müəllif kimi sevinmişəm. Elə bu yazım da məhz həmin o sevincli məqamların birindən bəhs edir. Belə ki, dünən, yəni martın ilk günündə "Təhsil" nəşriyyatında mətbuat üçün bir tədbir, necə deyərlər bir növü mətbuat konfransı keçirildi. Həmin konfransın mövzusu, daha doğrusu onun təşkil edilməsinin səbəbi mənə öncədən bəlli deyildi. Yalnız tədbirə qatıldıqdan sonra öyrəndim ki, Azərbaycan poliqrafçıları, nəşriyyatçıları arasında flaqman sayıla biləcək "Təhsil nəşriyyat-poliqrafiya" MMC Madirddə keçirilən möhtəşəm bir yığıncağın qızıl medalına, xüsusi prizinə və qızıl döş nişanına layiq görülüb.

   Mətbuat üçün açıqlama verən "Təhsil nəşriyyat-poliqrafiya" MMC-nin direktoru Bəhruz Axundov vurğuladı ki, bir neçə ay öncə onların elektron ünvanına özləri üçün tanış olmayan bir ünvandan məktub daxil oldu. Təbii ki, əlaqələri olmadığı üçün həmin məktuba reaksiya verilmədi. Lakin həmin ünvan da öz israrından dönmədi və özünün xüsusi blankında bir neçə əlavə məktublar və sorğular ünvanladı "Təhsil"ə. Maraq güc gəldi və müəssisə rəhbərliyi həmin ünvanla əlaqə yaratdı. Məlum oldu ki, mərkəzi ofisi Madriddə yerləşən Beynəlxalq Ticarət təşkilatının Beynəlxalq Liderlər Qurumu özünün 90 ölkədən olan 7700 üzvünün arasında keçirdiyi sorğu nəticəsində "Təhsil nəşriyyat-poliqrafiya" MMC qaliblər sırasına çıxıb.

   Doğrusu, bu xəbər onlar üçün gözlənilməz olduğu qədər də sevindirici idi. Araşdırmalar göstərdi ki, birbaşa əlaqələri olmasa da, hətta qardaş Türkiyə poliqrafçılarının da daimi üzvü olmadığı bu qurum internet vasitəsi ilə beynəlxalq tədbirlərdə fəal olan, önəmli yerlər qazanan poliqrafiya müəssisələrinin işini izləyir və onların özünün xəbəri olmadan məhsullarını, fəaliyyətlərini qiymətləndirir. Yəni 2000-ci ildən başlayaraq artıq özünü beynəlxalq aləmdə təqdim etmək istiqamətində işini quran "Təhsil" yaxın, uzaq ölkələrdə keçirilən nəşriyyat işi ilə bağlı tədbirlərdə öz sözünü deməyə başladı. Artıq 2007-ci ildən başlayaraq nəşriyyatın bir-birindən sevindirici uğurları, yüksək mükafatları kitabsevərləri, Azərbaycan oxucusunu sevindirməyə başladı. İstər Moskvada, istər digər ölkələrdə qazanılan Qran-primlər, həmçinin diplomlar, fəxri fərmanlar, eləcə də yarışmanın ən yüksək pilləsinin mükafatları Azərbaycana gətirildi. Bu gün də həmin mükafatların sırası daha da böyüdü, genişləndi.

   İştirakçılara nümayiş etdirilən video görüntülərdən də bəlli oldu ki, Madriddə keçirlən təqdimetmə mərasimində Azərbaycanın bu ölkədəki baş konsulu Rüfət Dadaşov da iştirak edib. Yəni nəşriyyatın sevincinə, bütövlükdə Azərbaycanın sevincinə onun təmsilçisi də qatılıbdı.

   Mətbuat konfransında çıxış edən AMEA-nın müxbir üzvü, tanınmış kimyaçı alim Vaqif Abbasov, jurnalistikamızın böyük müəllimlərindən olan Cahangir Məmmədli, şair Çingiz Əlioğlu, Vaqif Bəhmənli, "525-ci qəzet"in baş redaktoru AYB-nin katibi Rəşad Məcid, "Mədəniyyət kataloku"nun baş readaktoru Leyla Əfəndiyeva, Təhsil, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, eləcə də digər qonaqlar mükafat münasibəti ilə Bəhruz Axundov başda olmaqla "Təhsil nəşriyyat-poliqrafiya" MMC-nin bütün kollektivini bu uğur münasibəti ilə ürəkdən təbrik etmiş və onlara daha böyük nailiyyətlər arzuladılar.

   Təbii ki, "Ədalət" qəzeti olaraq biz də bu uğurlara sevinir və "Təhsil"in daha böyük nailiyyətlərə imza atacağına inanaraq onlara sükanı belə saxlayın deyirik.

 

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.-2012.-2 mart.- S.4