TORPAQ GƏLİR GÖRÜŞƏ - SÜRÜŞƏ-SÜRÜŞƏ

 

   Sovet vaxtında qəribə mahnılarımız vardı: Gəl görüşək MTS-dən yuxarıda; Yar gəlir görüşə-sürüşə-sürüşə... Ay qardaş, Maşın-Traktor Stansiyası (MTS)-ın mahnıda nə işi var, yar niyə görüşə sürüşə-sürüşə gəlir, ayağı sürüşkəndi?... Beş gündü evimizin dalında dağ sürüşə-sürüşə evimizin üstünə gəlməkdədir. Bir də telekanalların maşınları parta-partnan gəlib-getməkdədir. O gəlir, bu gedir, o biri qayıtmamış bu biri gəlib həyətdə yer axtarır. Hətta JEK müdiri də həyətə gəlib. Binanın üstünə ünvan lövhəsi də vurublar. Müxtəlif təşkilatlardan gələnlər də var. Bir sözlə, məhləmiz məşhurlaşmaqdadır, hətta qonşularımız da ekrandan göyçək görünürlər...

   Rəsmi xəbərdə deyilir ki, "Bakı şəhər Xətai rayonu Əliağa Şıxlınksi küçəsilə Gəncə prospektində 3 gündür ki, torpaq sürüşməsi baş verir. ANS TV-nin məlumatına görə, qar əriyəndən sonra adı çəkilən ünvanlarda dərinliyi 2 metrə yaxın çat əmələ gəldiyi müşahidə olunub. Sürüşmə ətrafdakı iaşə obyektlərinin sahibləri üçün xüsusi narahatlıq yaradıb. Belə ki, iaşə obyektlərinin binalarında gözlə görünən çatlar müşahidə olunur. Həmçinin general Əliağa Şıxlınski küçəsi 59 və 57 saylı, Gəncə prospekti 53, 63, 65 və 79 saylı yaşayış binaları üçün də təhlükə yaranıb".

   Məni və kamera qarşısında danışmayanları yandırıb-tökən " Sürüşmə ətrafdakı iaşə obyektlərinin sahibləri üçün xüsusi narahatlıq yaradıb. Belə ki, iaşə obyektlərinin binalarında gözlə görünən çatlar müşahidə olunur" sözləri oldu. Bu obyektlərin sahiblərindən soruşan yoxdur ki, uçurumun üstündə niyə bina tikirdiniz ki, indi binalarınızı da təhlükə qarşısında qoymusunuz, dağın ətəyində olan binaların taleyeni də. Buyurun, oğlumun çəkdiyi foto-şəkilləri təqdəm edirəm; hansı ağıllı adam belə yerdə bina tikərdi. Bu torpaqları satanlar indi təbiət hadisəsindən danışırlar, görüləcək tədbirlərdən danışırlar. Rəhmətlik Müşfiq demişkən, "Adamın üzündə həya gərəkdi..."

   Bəlkə elə bilirsiniz ki, uçurum üzərində binalar tikəndə təhlükəli olacağı haqda xəbərdarlıq edilməyib? Təbiət özü xəbərdarlığı eləyib. Bu "iaşə obyektləri"nin binaları tikilməzdən çox qabaq, bu ərazidə sürüşmə hadisəsi dəfələrlə olub.Belə ki, ərazidə ən güclü sürüşmə 1989-cu ildə baş verib və həmin vaxt sürüşmə o qədər böyük olub ki, Gəncə prospekti 53 saylı binanın birinci mərtəbəsindəki evlər də torpaq qatı ilə örtülüb. Elə bilirsiniz nəticə çıxaran olub? Buyurun, müstəqilliyimiz dövründə müstəqil uçurum uzərində tikilən obyektlərin şəkillərinə bir də baxın. Hələ birinin də bünövrəsi qoyulub...

   Rəsmilərdən biri deyir ki, hazırda sürüşmənin aktivliyini müəyyən etmək üçün ərazidə ölçmə işləri aparılır. Vallah, indi ölçməkdənsə o torpaqları satanda, göz görə-görə təhlükəli zonada binalar tikilməsinə icazə verəndə ağılla düşünmək lazım idi... Əlbəttə, qazanc olan yerdə ağıllı düşünməyin yeri yox idi axı...

   "O vaxtdan da mütəmadi olaraq ərazidə tədqiqat işləri aparlıb"- Yalançının!!!

   Adı çəkilən dağın üstündə, indiki sürüşmə ərazisindən 300 metr aralıda bir vaxtlar məscid tikmək istədilər. İstədilər deyəndə, tikdilər də. Gəlib uçurdular ki, bu ərazinin altında hərbi obyekt olub, altı katakombalardı. Həm də strateji obyektlər bu ərazidən nişangaha gəlir-məscid olmaz. Sonra orada yekə bir qəsəbə saldılar. Nə hərbi obyekt yada düşdü, nə katakomba, nə də strateji obyekt... Pul olan yerdə nə məscid, nə strateji obyekt, nə katakomba, yox bir, hərbi obyekt ha... Kim satdı, kim xeyirini gördü, indi də AA seriyalı maşınlarda gəzirlər.

   ANS TV-nin müxbirinin hadisə yerində apardığı müşahidələrə əsasən, hazırda sürüşmənin ən çox müşahidə edildiyi ərazidə sürüşmənin dərinliyi 1 metrdən artıqdır və 150 metr ərazini əhatə edir". Təbrik edirəm, ANS-in müxbiri, sürüşmənin dərinliyi bəzi yerlərdə 2-4 metri də keçib, ərazisi də ikiqat genişlənib. Hələlik "Mütəxəssis rəyindən sonra gücləndirilmiş iş görmək lazımdır. İstinad divarlarını bərkitmək olar. Amma hələ ölçmə işləri aparılır". Özü də köhnə olçü nişangahları artıq torpağın altında qalıb, indi təzələrini qoymaq lazımdır ki, görək onlar nə vaxt batacaqlar...

 

 

   OQTAY SALAMOV

 

   Ədalət.-2012.-2 mart.- S.7.