Zaqatala: gözəlliyin və əzəmətin təntənəsi

 

   (əvvəli ötən saylarımızda)

 

   "Turizm ili"nin uğurları...

 

   ...2012 isə "İdman ili"dir

 

   "Turizm ili" çərçivəsində rayonda bir sıra tədbirlər keçirilmiş, tarixi mədəni irsin qorunmasına qayğı ilə yanaşılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu ildə regiona növbəti səfəri zamanı rayonun simvoluna çevrilmiş Zaqatala pilləkənlərində gedən əsaslı təmir və yenidənqurma işləri ilə maraqlanmış, öz tapşırıq və tövsiyələrini vermişdir. Hesabat ilində abidədə təmir işləri başa çatdırılaraq istifadəyə verilmiş, bir yeni klub tikilmiş, Qafqaz və digər otellərdə genişləndirmə işləri, mədəniyyət müəssisələrində cari təmir işləri aparılmışdır.

   Azərbaycan Turizm İnstitutu və Almaniya Beynəlxalq Əməkdaşlıq cəmiyyəti xətti ilə "Zaqatala rayonunun turizm potensialının öyrənilməsi" layihəsi, Avropa Şurası, Mədəniyyət və Turizm Nazirliyi və 10 rayonun nümayəndələrinin iştirakı ilə "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin I və II mərhələsinin seminar-treninqləri keçirilmiş, Zaqatala və Qax rayonlarının ekspert qruplarının hazırladığı layihələr yüksək qiymətləndirilmişdir.

   Bütün bu işlər Nazirlər Kabinetinin yığıncağında möhtərəm Prezidentimizin "Biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Mən dünya turizm xəritəsində Azərbaycanın yerini belə görürəm", fikrinin reallığa çevrilməsi istiqamətində aparılan işlərdir.

   Hesabat ilində Heydər Əliyev Mərkəzində müxtəlif mövzularda elmi-praktik konfranslar, dəyirmi masalar, tematik tədbirlər, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş film nümayişləri və ictimai-siyasi tədbirlər keçirilmiş, Mərkəzi ziyarət edənlərin sayı 4032 nəfər artaraq 22032 nəfərə çatmışdır.

   Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2012-ci il "İdman ili" elan edilmişdir. İdman ilində zaqatalalılar qarşıda duran bütün vəzifələrin icrasına səy göstərəcək,doğma vətənin daha da qüdrətlənməsi inkişaf etməsi üçün bütün qüvvə və imkanlarını səfərbər edəcəklər.

 

   Qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi

 

   "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə ilə müəyyən edilmiş səlahiyyətlər və təsir imkanları daxilində, 2011-ci ildə rayon İcra Hakimiyyətinin fəaliyyəti insan, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçiliyə və bürokratik münasibətə, bəzi məmurların laqeydliyinə və onlar tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə, vətəndaşların müraciətlərinə və problemlərinə biganəliyə qarşı yönəlmişdir.

   Rayon icra hakimiyyətinin qanunla qorunan maraqlarının məhkəmə orqanlarında müdafiəsi təmin edilmiş, əsassız olması motivi ilə qərar və sərəncamların ləğv edilməsi halları olmamışdır.

    Qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə işinin təşkili sahəsində rayonun hüquq-mühafizə orqanları ilə əlaqəli fəaliyyət təmin olunmuş, profilaktika, əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilmişdir.

   2011-ci ildə 133 cinayət hadisəsi qeydə alınmış, cinayətlərin 95,9 faizinin açılması təmin olunmuşdur. Qeydə alınmış 14 ağır və xüsusilə ağır növ cinayətlərdən 13-ü, yəni 92,9 faizi açılmışdır. Azyaşlılar tərəfindən törədilmiş 7 cinayət hadisəsinin 100 faiz açılması təmin edilmişdir.

   Hesabat ilində narkotiklərlə mübarizə sahəsində 11 cinayət faktı aşkar edilmiş, 4,757 qram heroin, 9 kq 931 qram marixuana qanunsuz dövriyyədən çıxarılmış, 11,5 ha sahədən yabanı halda bitmiş 25 ton 290 kq tərkibində narkotik maddə olan bitki aşkar olunaraq məhv edilmişdir.

   Rayon icra hakimiyyəti rayonun dövlət orqanları ilə birgə korrupsiyaya qarşı mübarizə tədbirlərini gücləndirmiş, dövlət qulluqçularının etik davranış qaydalarına dair treninqlər təşkil etmişdir.

 

   Bələdiyyələrin fəaliyyəti canlanır

 

   Ölkədə bələdiyyə institutunun yaradılmasından 12 il keçir. Bu müddət ərzində yerli demokratik təsisatların fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud qanunvericilik bazası zənginləşdirilmiş və qanunamüvafiq fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İlbəil qazanılan təcrübə və əldə olunan müsbət nəticələr rayon bələdiyyələrinin də şəhər, qəsəbə və kəndlərin sosial iqtisadi inkişafındakı rolunu artırmış, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin və yerli icra hakimiyyəti orqanlarının Əlaqələndirmə Şurasının fəaliyyəti gücləndirilmişdir. Belə ki, qəsəbə və kəndlərdə ara yolların təmiri məqsədilə RİH və bələdiyyələrin birgə reallaşdırdığı layihə rayonun 32 kəndini əhatə etmiş və əhali tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bundan başqa "Bir bələdiyyə, azı bir layihə" təşəbbüsü çərçivəsində də bələdiyyələr yerlərdə bir sıra işlər görmüşlər. Hesabat ilində rayonun Çobankol, Göyəm, Yengiyan, Muxax, Mazıx, Yuxarı Çardaxlar, Qandax bələdiyyələri və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Azərbaycan kənd investisiya layihəsi (AzKİL) əsasında kənd ara yollarının doğranmış daş və qumla örtülməsini təmin etmişlər.

 

   Qəbullar, görüşlər

 

   Rayon İcra Hakimiyyəti Respublika Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq öz fəaliyyətini daim təkmilləşdirir, vətəndaşların müraciətlərinə baxılması işinin mövcud qanunvericiliyə uyğun qurulmasına, onların qanuni tələblərinin həll olunmasına, sənədlərlə işin təkmilləşdirilməsinə daim səy göstərir.

   2011-ci ildə RİH-ə 1814 ərizə, 1500-ə yaxın xidməti sənəd və korrespondensiya daxil olmuş, 1411 nəfər RİH-də, o cümlədən 1095 vətəndaş rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuşdur. 

   2011-ci ildə RİHB-nın ayrı-ayrı yaşayış məntəqələrində, ağsaqqallar, ziyalılar, dindarlar və gənclərlə keçirdiyi 45 səyyar qəbul və görüşlərdə 7500-ə yaxın adam iştirak etmiş, 316 tənqidi qeyd və təklif irəli sürülmüşdür.

   Səyyar qəbullar zamanı vətəndaşların qaldırdıqları məsələlərin 40 faizdən çoxu artıq həll olunmuş, 21 faizinin icrası nəzarətə götürülmüş, bir çox məsələlərin "Dövlət Proqramı" üzrə həll olunacağı, bəzi məsələlərin isə rayonun daxili imkanları hesabına icra ediləcəyi barədə vətəndaşlara məlumatlar verilmişdir.

   Bir çox vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, ölkənin hər yerində həyata keçirilən möhtəşəm quruculuq işlərinə görə Respublika Prezidentinə öz dərin təşəkkürünü və minnətdarlıqlarını bildirirlər.

 

   Qarşıda duran vəzifələr

 

   İldən-ilə böyük uğurlar qazanaraq yeni zəfərlərə doğru inamla irəliləyən Azərbaycan müstəqilliyinin 21-ci ilinə qədəm qoyur. Qarşıda möhkəm təməl üzərində yerinə yetirilməli vəzifələr durur. Bu yolda aparıcı amil ulu öndər Heydər Əliyevin müəllifi olduğu, cənab İlham Əliyevin qətiyyətlə və bacarıqla həyata keçirilməsinə rəhbərlik etdiyi strateji inkişaf kursudur.

   Qarşıda duran vəzifələr barədə ölkə başçısı demişdir: "2012-ci ili də uğurla başa vurmaq üçün biz fəal işləməliyik. Bizim bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. İlk növbədə strateji istiqamətlər düzgün müəyyən edilmişdir. Bu strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmləri vardır və əlbəttə ki, peşəkarlıq. "

   P.S. Zaqatala haqqında budəfəki yazıma nədənsə poetik sərlövhə seçməzdim. İndi sadəcə bu cür: "...gözəlliyin və əzəmətin təntənəsi". Deyəsən bir az da ritorik. Ancaq yadıma düşür və cox qəribədir ki, bu bölgədə insanlara Əzəmət adı qoyulması da keçmişlərdən bu yana diqqət çəkir.

 

 

  Məzahir ƏHMƏDOĞLU,

  Azərbaycan Respublikasının Prezidenti

  yanında kütləvi informasiya vasitələrinin

  inkişafına dövlət dəstəyi fondunun maliyyə

  yardımı ilə

 

  Ədalət.-2012.-3 mart.- S.21.