BU,
ZİRƏDDİN QAFARLIDIR...
ƏDƏBİ
HƏYAT
Onun ömür qatarı
altmışa doğru baş alır. Qırx ilə
yaxındı şeir yazır, Qorki adına Dünya Ədəbiyyatı
institutunu bitirib.
Neçə şeir kitabı
çıxıb, onların sayını bilmirəm və bu, mənə lazım da deyil. Onu bilirəm ki,yazdığı
şeirlər ona
başıaşağılıq gətirməyib
Doğulduğu Tovuz rayonu,
Azaflı kəndidir. Bu kəndin adı çəkilən
kimi "qoca qartal"-Mikayıl Azaflı yada
düşür. Ustad aşıq-böyük sənətkar.
Tovuzdan Məstan Günər, Məmməd İsmayıl kimi
ustad şairlər də yetişib. Onların ardıcılları
çoxdur. Zirəddin də cavanlığında, lap elə
indinin özündə bu sənətkarların onun poeziya aləminə
gəlməyində böyük rolu olduğunu unutmur.
Ancaq tale elə gətirib ki, 17
yaşından Sumqayıtda yaşayır. Bu şəhərin
ədəbi mühitində Zirəddin də sayılan şəxslərdən
biridir. Onunla dostluğum səksəninci illərin əvvəllərindən
başlayıb və indi də davam edir. Vəfalı
insandır. Hər şeir kitabı çıxanda əvvəlcə
onun Sumqayıtda, sonra da Bakıda-"Natəvan" klubunda təqdimatı
keçirilir. Nə etmək? O da bunun azarkeşidir. Amma
keçirməyinə dəyər. Çünki Zirəddin
Qafarlı hər kitabında oxucusuna nəsə təzə
söz deyə bilir.
Şairliyi haqqında nə deyim? Zirəddinin şeirləri öz poetik səviyyəsi ilə seçilir, fərqlənir, hətta bilirsən ki, bu gün qoşma, gəraylı, hecanın müxtəlif şəkillərində yazan müəlliflər həddindən artıqdı, amma onun şeirlərinin özünəməxsus dadı, duzu var. Ona görə də, ŞAİR kəlməsini tərəddüd eləmədən onun adının qarşısında yanaşı işlətmək olar. Şeirləri barədə tənqid icmallarında, poeziya barədə yazılan məqalələrdə xəsisliklə danışılsa da, kitablarına Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Məhərrəm Qasımlı kimi tanınmış müəlliflər səxavətlə müqəddimə yazıblar.
Zirəddinin "Hardasan,
ömrüm, günüm" və "Üzümə
dayanan ürəyim" adında təzə kitabları
çıxıb və bu kitabları oxuyub başa
çatdırandan sonra poeziyamızın "xalq
şeiri" adlanan qolunun (istiqamətinin) bugünkü
durumunu və səviyyəsini müşahidə edə
bildim.Mənə əyan oldu ki, XXI əsrin poeziyasında
müxtəlif ədəbi cərəyanların və rəngarəng
poetik istiqamətlərin, meyl və tendensiyaların təsirinə
baxmayaraq xalq şeiri ənənələri yaşayır, elə
ənənələr ki,onlar hələ bundan sonra da
yaşayacaq. Heç bir "izim" bu ənənələrin
üzərinə kölgə sala bilməyəcək. Dünən
qoşma yazıb bu gün kiminsə təsiriylə
"parçalanmış nəsrə", bu gün beş-altı
hoqqabaz şairin təsiriylə yaman günə düşən
"sərbəst şeirə" keçən müəlliflərdən
fərqli olaraq Zirəddin o ənənələrə sadiqdir.
Əlbəttə, XXI əsrin qoşması, gəraylısı,
heca şeiri heç də XVIII ya XIX əsrin qoşmasına,
gəraylısına bənzəmir. Forma, struktur dəyişməyib,
amma bədii təfəkkürdə yeniləşmələr
baş verir və bu mənada Məmməd
İsmayılın, Məstan Günərin, Hüseyn
Kürdoğlunun, Məmməd İlqarın, həmçinin
Zirəddinin şeirlərində bu yeniləşməni hiss
etmək olur.Lap axırıncı illərdə
yazdığı bir qoşmasını misal gətirmək
istəyirəm:
Bu həyat qaynayan qazandı,
gördüm,
Çömçəsi isinməz,
qaşığı yanmaz.
Bizdən inciməzmi anamız
dünya,
Halına bir dünya
uşağı yanmaz.
Qorxudun, şeytanlar, bizi qorxudun,
İnsanı yaşadan elə
qorxudu.
Ocağı səngiyib Dədə
Qorqudun,
Ozanı oyanmaz,
aşığı yanmaz.
Mən özüm-özümdən
düşdüm didərgin,
Bu nə qəmli tale, bu nə hədər gün?
Eşqindən
alışa-alışa hər
gün,
Yanmazın üstünə ha şığı,
yanmaz!
Zirəddin, heç yeri arama-yurddur,
Üstündə köçdüyün araba-yurddur.
Qəlb evim kimsəsiz xaraba yurddur,
Qapısı açılıb, işığı
yanmaz!
Bu qoşma
öz forma mükəmməlliyinə
görə klassik sənətkarların qoşmalarına
çox bənzəyir.
Alim dostum Məhərrəm Qasımlının fikrinə
şərik olub deyirəm ki, Zirəddin bu tipli şeirlərində
"gidi dünyanın
olub-olacaqlarını ozancasına
ümumiləşdirməyi bacarır". Göründüyü
kimi, baba qoşmamız formaca dəyişməyib, necə
deyərlər, geyimi,
gecimi, ululuğu, qədimliyi hifz olunub,amma bu
qədimlikdə təzəlik
gözə dəyir.
Eyni fikri mən onun gəraylıları haqqında da deyə bilərə
Bir körpəcə uşaq idim,
Saçlarımda dən qayıtdım.
Əcələ
yoldaş olmadım,
Əcəl getdi, mən
qayıtdım.
Bu Yer
nədi, bu Göy nədi?
Ömür gündə bir
öynədi.
Burnumun ucu göynədi,
Gözlərimdə çən qayıtdım.
Ay Zirəddin, qəm keyimiş
Sevinc ayıq, qəm
key imiş.
Ölüm nə ucuz şey
imiş-
Öldüm, ölümdən qayıtdım.
Zirəddinin şeirlərində təkcə ənənəvi
formalara deyil, ənənəvi mövzulara
münasibətində də
o təzəliyi hiss edirsən.
Məsələn, onun ana kədəri ilə bağlı çoxlu şeirləri var, bu şeirlərin məzmunu birdir-insan anasız qalanda qəribsəyir, dünya onun üçün qəmxanəyə dönür.
Amma anaya həsr edilən hər şeirində Zirəddin fikrini ifadə etmək üçün münasib
bədii boyalar tapır:
Sənsiz bəs neynəyim
mən qərib indi?
Bu tale, bu qismət mən qəribindi.
Sənin oğul dərdin göyərib indi,
Mənim ana dərdim qarıyır, ana
Zirəddinin şeirlərində şeirbəşeir axtarış
aparıb "bəs bugünün həqiqətləri
hanı?" soruşmuruq.
Lap ilk kitablarından başlasaq, belə bir axtarış səmərəsiz qalacaq.
O,bayram-yubiley xətrinə ya ictimai-siyasi hadisələrin
təsirilə şeir
yazmayıb. Amma yurd-yuva sevgisi,
vətənçilik hissi
şeirlərindən qətiyyən
əksilmir. Burada fərdi
və ictimai duyğular birləşir,
öz taleyindən danışanda Vətəni
xatırlayır, Vətəndən
danışanda unutmur
ki, o da bu yurdun bir
oğludur.
Ən əvvəl onun
şeirlərində bir
kənd görünür.
Azaflı kəndi. Zirəddinin
şeirlərindəki saz
ahəngi,folklora bağlılıq da elə o kəndin havasından, suyundan gəlib.İndi Zirəddin
Sumqayıtın Nasoslu
qəsəbəsindəki kommunal
evində o kəndin həsrətini çəkir.
Bir şair demişkən, ora oğul ola
bilmədim, heç olmasa bir dilsiz
daşı olaydım.
İllər keçir, şair
bir-iki günlüyə
qayıdır kəndinə.
Kənd də yerindədir, onun çəməni də, çölü də, bulaqları da, qocaları da. Amma SƏN o deyilsən, a şair..
O geniş yolları uddumu torpaq?
Susdu sağsağanlar, susdu dinmədi.
Görmüşəm
cığırlar dönüb
yol olur-
Yolların cığıra dönməyi nədi?
Tək qaldın, saçını
yolma ay söyüd,
Bəsdi, həsrətinə məni
az qala!
O vaxt üz-gözümü cıran
böyürtkən
İndi ayağımdan öpür
az qala.
Bu şeir
çoxdan yazılıb.
Bəs bugünkü kəndin sosial mənzərəsi?
Kənd yollarını öz ömrü-günü sanan,
sazlı-sözlü dünyasının
əsiri olan Zirəddin "keçid dövrü" Azaflısının
durumunu seyr edə bilirmi? "Qalsa, şair
oğlun qalandı sənə" deyən şairin şeirlərindən
deyəsən, ocaq tüstüsü, boz sərçələrin qışqırığı,
yaz gecəsinin gözəlliyi azalmağa
başlayır. Bu niyyətlə
onu qınamaq istəyirdim ki, gördüm Sumqayıtın
Nasoslu qəsəbəsinin
kommunal evlərinin birindən Zirəddinin səsi gəlir:
Oxu görüm, nə
yazılıb alnıma?!
Dəyməmişdən
əl dəyibdi kalımag
Yazıq-yazıq
ağlayaydın halıma,
Ya bacıya, ya qardaşa dönəydin!
Özün oldun, bir daş-qaşın
olmadı,
Qəmdən özgə bir
daş-başın olmadı.
Bu torpaqda bir başdaşın olmadı,
Dönən baxtım, səni daşa dönəydin!
Sonra Zirəddinin şeirlərində
bir AĞRI görürəm.Əlbəttə,
bu, patoloji ağrı deyil. Həm ömründən-günündən, taleyindən, həm də dünyadan, onun gərdişindən gələn, şeirlərində
doğulan, boy atan, gecəsinə-gündüzünə qarışan bir ağrıdır. Bu ağrını içində
yaşadan şair o ağrının mənzilgahı
olan ürəyinə
xitabən deyir ki, "Nə dünyanın dərdi çəkilən deyil, nə canın ağrısı kəsən,
ürəyim! Bir qız
hədəsindən əsmədin
axı, indi misra-misra əsən ürəyim". Niyə əsir
bu ürək, dərdi nədi? Dərdi odur ki,bu dünyada
böyüklük-kiçiklik itib, sadəcə olaraq yaşamağa məhkum olan insanların sayı durmadan artır, "bir it adam tapmır
hürsün adama, İt adam dərdindən
ulduza hürür",
ölümlər adiləşibdi,
yaxşı adamların
sayı gün-gündən
azalır,günahsız ölümlər
baş alıb gedir. Üstəlik, Göyçə dərdi,
Qarabağ dərdi...
Zirəddinin sevgi şeirləri içərisində də
yaşanılmış hissləri,
duyğuları əks
etdirən nümunələr
az deyil.
Bu şeirləri oxuyanda
hiss edirsən ki,
"mövsümü" deyil. Yəni üç aydan-dörd
aydan bir "yaşanılan" sevgi macəralarının qəhrəmanı
deyil bu şeirlərdəki Sevən
İnsan. O, bu yaşında belə cavanlıqdakı o təmiz,
bakirə hissləri qoruyub saxlayıb. Və o sevgiyə layiq olan qadın dünyanı tərk edəndən sonra da unudulmayıb. Bəlkə də əsl sevgi onu itirəndən sonra başlayıb:
Sənsiz nə dincliyim, nə qərarım var,
Bir olan diləyim dönüb min olmaz!
Daha üzüm gülmür, eynim açılmır,
O daş yatağında yuxum çin olmaz!
Dünyam başdan-başa alışıb
yanır,
Amanım, fəryadım tutub
hər yanı.
Hanı o gözlərin insafı, hanı?!
Belə ömür olmaz, belə gün olmaz!
Ay ömrüm,
bilirdin, axı, bunu sən,-
Bütün arzuların sənsən sonu, sən!
Bu günə qoymusan atıb onu sən,-
Bir də Zirəddindən Zirəddin olmaz!
Beləcə, bir şairin kövrək dünyası
ilə sizi tanış etməyə çalışdım.Əlli
yaşını keçən,
bir vaxtlar Tovuzun Azaflı kəndindən ümid və arzularının arxasınca şəhərə
yollanan, ŞAİR TALEYİNİ
YAŞAYAN. Sumqayıtın Nasoslu qəsəbəsinin
bir kommunal evindən Dünyaya boylanan Zirəddin Qafarlıdan, onun şeirlərindən söz
açdım.
Vaqif YUSİFLİ
Ədalət.-2012.-3
mart.-S.9.